Ağalar Bayramov - Səs teatrı

Qəşəm Nəcəfzadə,

Əməkdar Mədəniyyət İşçisi

 

İnsan oğlu ilk dəfə dünyaya səsi ilə gəlir, səsi ilə salam verir, səsi ilə salam alır. Buludlar, çaylar, sular hamısı səs olur. İnsan oğlu bu səslərə səsini qatır. Ağamaq, çağırmaq, səsləmək səsini. Səs heç vaxt adamı aldatmır, səsin içindəki titrəyiş əslində ürəkdir. O, səni necə aldada bilər? Gözəl şairimiz Nüsrət Kəsəmənli deyir: "səsin həmin səsdir, baxışın ogey". Bəli, həmin səsi istəsən də, dəyişdirə bilməzsən. Sözlər yaranmamışdan qabaq, yəni dünyanın səs vaxtı müharibələr yox idi. Elə ki, səsdən istifadə azaldı, müharibələr başladı. Analar balasını ilk dəfə səsindən tanıyır. Kürrüklənən körpəni bir anın içində ananın səsi sakitləşdirir. Eşitdimi, uşaq anasını tanıyır və sakit olur.

Get - gedə dünya dəyişdi, səslər yerini sözlərə verdi. Sözlər ünsüyyət vasitəsinə çevriləndə ilk dəfə adamlar aldanmağaaldatmağa başladılar. Sözlər adamı aldada bilir, amma səs yox. "Adamın hansı yuvanın quşu" olduğunu səsindən yaxşı bilirsən, sözləri səni bəzən aldadır. Ona görə də insanlar ilk dəfə səsdən ayrıla bilmirdilər. Söz yaransa da, ilk olaraq sözün üstündə nəğmə yaratılar ki, heç olmasa bir az insanlara inam qalsın. Nəğmə də adamı aldatmır. Axırda insanlar sözləri səslə ayağa qaldırdılar, sözü dildən qoparıb səsə çevirdilər.

Indi bu gün şeirimiz də səsə qayıdır, təbiəti, yağışı, meşəni, küləyi, at kişnərtisi, pələng nəriltisini insan indi - indi yamsılayır. Şeirdə alterasiya güclənir. Alterasiya nədir?- Səs. Nəyə görə bu gün müğənnilər şairdən daha pobulyardır? Səbəb -səsdir. Bu gün kitabdakı şeirlər çətin oxunur, ya da heç oxumur. Amma onu səsə çevirəndə ürəkləri ovsunlayır, insanların əqlini, ruh yaddaşını oyadır, çünki biz əvvəl səs idik. Ruhumuzun mayası səsdir, elə ki, ona toxuna bildin, qalib gələcəksən. Əzan səsə yüklənmiş gizli bir koddur. Alim Qasımov hər şeydən əvvəl səsdir. Bu səsə gizli kosdlar, ağıl, yaddaş, ürfan elementləri yüklənib.

Bu gün Azərbaycanımızda yeniorjinal bir səs müəllifi də var - Ağalar Bayramov. Onun səs muğamı, səs estradası, səs alsambılı tarixi keçmişiminzin sirləri ilə, gələcəyin açılmamış qatları ilə doludur. Mübarizəmizi, laylamızı, Qarabağ atlarının şahə qalxan səslərini, Qurbanın tarını, Habilin kamanını öz qədim səsinə yükləyib yol gedir gələcəyə Ağalar Bayramaov. Birdən -birə təsəvvür edəndə ki, səsmizin Ağalar Bayramov mərhələsi yoxdur və olmayıb, onda səsin sükütu başlayır, şeirlər kif vərəqlərə qayıdır, atlar qaçış sürətindən düşür, durnalar telini salır.

Baxın, Allah -Təala Koroğluya hər cür gözəllik: boy- buxun, misri qlınc, şairlik, güc, Qırat, bükülməyən qol verib. Yenə bu gözəlliyin başında dəli nərə - səs dayanır. Bu dəli nərə döyüş meydanlarında düşməni sarsıdır, haqq mübarizlərini ayağa qaldırır. Bax həmin səsin bir tərəfi də Ağalar Bayramovun səs tellərində və həm də təfəkkür və ağlında doğulan min illik mədəniyyət tarixmizdən baş qaldıran səsdir.

Əslində lap qədim zamanlarda dövlətçiliyimizi möhkəmlədən atributlardan biri də səs olub. Bu dağdan o dağa, o səngərdən bu səngərə uçan qanadlanan səs bu günAğalar Bayramovun ifasında yaşayır. Ulu babalarımız düşmən üstünə səslə gedib, səslə qələbə çalıb. Tək əldən səs çıxmaz - deyib babalar. Niyə məhz səs!

Yaxşı yadımdadır, on il bundan öncə Azərbaycan Dövlət Filarmoniyasında Ağalar Bayramovun dediyi "Vətən" şeiri bütün zalı ayağa qaldırdı. İlk anda düşündüyüm bu oldu: Ağalar Bayramovun kitabdan əzbərlədiyi şeirə verdiyi səs və nəfəs adamları elə bir başa Şuşaya aparmaq gücünə malikdir. İlkin variantda "vətən" şeiri kitabın bir səhifəsində səssizdi. Amma Ağalar Bayramov o şeirə odlu nəfəs, səs verir, qulaq, göz, işıq verir, kağızdan qoparır, ayağa qaldırır, onu Azərbaycanın qəhrəmanına çevirir.

Ağalar Bayramovun səsi bu günün, dünənin səsi deyil. Ağıla dolan ağıllaşan, ağır- ağır ləngəriylə ahillaşan səsdi. Bu səs bir istiqamətli deyil, zəngüləli, çox gedişli xaotik, xaotkliyin içində harmoniya təşkil edən, zamanla ayaqlaşan, yaşa dolan bir səsdir. Bu səs Ağaları alov kimi bürüyür, barmaqlardan, gözlərdən, çiyinlərdən işıq şüaları hərəkətə gəlir. Elə bil alov rəqs edə - edə çox obrazlı dramaturgiyaya, ordan da səhnəyə çevrilir. Burda səsin Ağalar Bayromov bəhri başlanır. Şaquli yox, yaylım dialaqlıar ortaya çıxır. Səsin içində mənfi və müsbət qəhrəmanlar üz - üzə gəlir. Dərin dramatizm, ekpozisiya, zavyaska, kulminasiya, razviyazka, final mərhələləri bir- birini əvəz edir. Səs teatrı yaranır.

Ağalar Bayramov bütov bir yaradıcılıq ittifaqıdır. O, hara getsə, deyək ki, Şəkiyə, Qubaya, Almaniyayaya Polşaya, harda olsa, o səs teatrının repertuarında bütün Azərbaycan ədəbiyyatı yazılır və bu yazılanlar səsin Ağalar Bayramov bəhrində gözəl də oynalılır.

Bu gün dəyərli şairlərimiz M. Füzuli, İ. Nəsimi, M. Ə. Sabir, S. Ə. Şirvani, Aşıq Ələsgər, Aşıq Şəmşir, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, M. Müşfiq, A. Şaiq, H. Cavid, M. Şəhriyar, B. Vahabzadə, Heyran Xanım, Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca, Musa Yaqub, Cabir Novruz, Zəlimxan Yaqub, Məmməd Aslan, Əjdər Ol, Ramiz Qusarçaylı, Antanas Venslava (Litva ) , Aleksandr Markov, Yevgeni Yevtuşenka(Rusiya) , Aoalı Takombayev, Çingiz Aytimatov (Qırğızıstan), eləcə də 20-ci əsrin böyuk dühalari- Cəlil Məmmədquluzadə , Üzeyir Hacıbəyov və digər şair və yazıçıların şeir və felyotonları, esseləri Ağalar Bayramovun səs teatrında ölməzlik qazanmış və tamaşaçıların

 

yaddaşında dərin iz buraxmışdır.

Mühüm dövlət tədbirləri -Ulu öndər, Umumilli lider Heydər Əliyevin doğum və anım günləri, 20 yanvar , 26 fevral Xocalı faciəsi , 31 mart soyqrım , 15 iyun Qurtuluş , 31 dekabr Həmrəylik günü , 30 may Sabir Poeziya günləri onun səsinin ecazkar bəhrində tamaşaçı və dinləyiciləri milli ruha kökləyir, gələcəyə səsləyir, könüllərdə yaşayıb yaratmağa bir ümid tonqalı yandırır. Cəbhə bölgələrində əsgərlər qarşısında oxuduğu şeirlər, Aprel döyüşlərində şanlı ordumuzun qazandığı qələbələr haqqında söylədiyi fikirlər onun ifasında daha məhtəşəm səslənir, eşidənlər bu səsin hikmətinə yenidən valeh olurlar.

Ağalar Bayramovun ssenarisi və iştirakı ilə çəkilmiş dövlət televiziyasının fondunda qorunub-saxlanılan "Atamın kitabı " - Məmməd Araz. (1996), "Zamandan kənarda" - Fikrət Qoca.(1997), "Heç demirsən Ələsgərim hardadı?"- Aşıq Ələsgər(1997),"Qoca bəxtim" - Aşıq Ələsgər (1998), "Bilsin Göyçə mahalı "- Aşıq Ələsgər (1998), "Elindən xəbərin varmı ?"- Aşıq Ələsgər (1998), "Ələsgərəm hər elimdən halıyam" -Aşıq Ələsgər (1998), "Dərsi azlar Ələsgərdən dərs alsın "- Aşıq Ələsgər (1999),"Mərd sözün üzə söylər"- Aşıq Ələsgər (1999),

"Yol ayrıcında söhbət "- Məmməd Araz (2000),"Vətən desin!"-Məmməd Araz, Əjdər Ol (2000), Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu" povesti əsasında Aztelefilmin çəkdiyi "Oyun" filmləri bu gün mədəniyyətimizin ən parlaq səhvləri sayılır.

O, keçən illər ərzində müxtəlif səpgili dövlət əhəmiyyətli tədbirlər vasitəsi ilə dünyanin neçə-neçə şəhərlərində - Köln, Ottava,Oslo , Kopenagen, Brüssel, London, Stokholm, Moskva, Sankt-Peterburq, Riqa, Alma-ata, Dərbənd, Yaroslavl, İstanbul, Antaliyada dövlətimizi, müstəqil Azərbaycanimızı Allahin bəxş etdiyi ecazkar səsiylə təbliğ və tərənnüm edib.

1983-cü ildən bu günə qədər o, bədii qiraət sənətinin layiqli təmsiliçisi kimi böyük şöhrət qazanıb. Halbuki bu sənətin daşıyıcıları başqa sənət xadimlərindən fərqli olaraq say etibarı ilə çox azdır: Kazım Ziya , Müxlis Cənizadə , Həsən Əbluç, Mikayıl Mirzə , Əminə Yusifqızı , İlham Əsgərov və Ağalar Bayramov...

Ağalar Bayramov 1983 - ildən bu günə kimi Azərbaycan Televiziyası və Radiosu, elecə də özəl tele-radio kanallarının ədəbi bədii verlişlərinin daimi iştirakçısıdır.

1991ci ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetndə "Səhnə danışığı" kafedrasında dosent vəzifəsində çalışır, tələbələrə səhnə danışığının sirlərini böyük ustalıqla öyrədir. Yuxarıda qeyd etdiyim kimi, onun "Səs teatrı" vətənimizə, dövlətiminzin möhkəmlənməsinə, mədəniyyətimizin çiçəklənməsinə xidmət edir.

Bu yazını yazarkən son illər onun haqqında yazılmış 70 qədər şeirlə tanış oldum. Yazı sahibləri Fikrət Qoca, Musa Yaqub, Məmməd Aslan, Musa Ələkbərli, Flora Xəlilzadə, Əjdər ol, Ramiz Qusarçaylı və başqaları onun yaradıclığında səs, istedad, sənət,vətən, Azərbaycan sevgisini dönə- dönə qeyd edirlər, vətən və xalq qarşısında xidmətlərini xüsusi ilə vurğulayırlar. Məsələn, gözəl şairimiz Musa Yaqub bir şeirində Ağalar Bayramova müraciət edir və həmin şeirin rədifi (Nə deyim?) əslində nə varsa -bütün həqiqətləri açıb tökür.

 

İl ağacın nə mübarək böyüyür,

Yarpaq-yarpaq, dənə - dənə, nə deyim?!

Bir şeirimdə, sözümdə yarımcan olsa,

O sözümü dirildənə nə deyim?!

 

Sənət durmur, bir ölçüdə, vəzndə,

Öz çəkim var sənət tərəzisində.

Sözün rəngi cilvələnir səsində,

Söz incidi, söz dürdanə, nə deyim?!

Bu gün poeziyamızı səsə çevirən, öz səsində onu cilvələndirən və gözəlləşdirən Ağalar Bayramovu şairlərimiz tək qoymur. Tanınmış şair Ələmdar Quluzadə deyir:

 

Zamanın dərsini kimsə unutsa,

Yükünü xurcuna yerləşdirəcək.

Bu millət bu səsin ruhunu tutsa,

Bu para vətəni birləşdirəcək.

Ona həsr edilən şeirlərdə əsas obraz səsdir. O səs ki, insanı vüsala qovuşdurur, ayrılıqları bitirir, ikiyə bölünmüş Azərbaycanı bir görür. Şair Ayaz Arabaçı bu səsin çeşidlərini sayır, bu səsdə Laçının, Xocalının daha nələrin olduğunu misralara düzür:

Bu səsdə düz min illik,

Şirinim var, acım var.

Qızıl saçlı qopuzum,

Zümrüd qaşlı tacım var.

Hansı üzünə desən,

Həsrətim var, acım var.

Könlü dağlı anam var,

Gözü yaşı bacım var.

Düyün düşmüş taleyi,

Bəyazlaşmış saçım var.

Yad əllərdə qıvrılan,

Xocalı var, Laçın var,

Bu səsdə yoxdu ki...

Tanınmış şair Vahid Əziz səsin "tərkibi"nə üz tutur, onu naxışlı çəmənə bənzədir. Burada "toxumaq" sözü şeirin baş cümləsidir. Şeirdəki bütün detallar; əriş, arğac, ip, xallar (səs xalı - xalça xalı) hamısı "toxumaq" sözünə bağlanır.

 

Bəyənməsən, parçala at,

(Şairlik bir azar)

Bu şeirimdən əsər yarat,

Mən oxusam anlamazlar.

Hər şeirimi özün oxu,

Əriş məndən, arğac məndən.

Naxışları çəmənimdən,

Misralardan olan iplər yarayarsa,

Söz mülkinin xallarını özün toxu.

 

Şair Eldar İsmayıl bu səsin təbiətini Atillanın zəhminə, Zərdüşdün fəhminə, Koroğlu nərəsinə, Qorqud yanğısına bənzədir. Həm bu səs qeybdən gəlir. Şeirin adı da "Qeybdən gələn səs"dir. Dinimizdə "Qeyb" sözü müqəddəs sözdür. Şair qeyd edir ki, o səsə söykənib zamana baxanda ayağa qalxdım. Ayağa qalxmaq fiziki mənada ayağa qalxmaq deyil. Bu, ruhun oyanışıdır.

 

O səsə söykənib zamana baxdım,

Koroğlu nərəsi, Atilla zəhmi.

O səsin hökmündə ayağa qalxdım,

Bu Qorqud yanğısı, bu Zərdüşd fəhmi.

 

Tanınmış şair Səadət Buta Ağalar Bayramovun səsini eşq Günəşinə, sevda yağışına bənzədir. O səs sözə möhür vurur, qayaları bölür, daşları əridir nəticədə hikmət yaranır. Sonda insanlar bu hikmətə bələnir.

 

Sözə möhür-möhür vurdu naxışı,

Oldu eşq günəşi, sevda yağışı.

Böldü qayaları, əritdi daşı,

Mən hikmətinə bələndim, Allah!

 

Almaniyanın Münhen şəhərində yaşayan gözəl şairimiz, dünya işığına həsrət Simax Şeyda Ağalar Bayramovu hər dinləyəndə, - gözlərimə nur gəlir, işıq gəlir - deyir.

 

Hələ var başımda sevda havası, Ağalar!

Cana can məlhəmidir eşqin səfası, Ağalar!

 

Qürbətdə Simax Şeyda dinləyir tez - tez səsini,

Nura həsrət gözünün artır şəfası, Ağalar!

 

Tanınmış şair Məcnun Göyçəli Ağaların səsini ərzi titrədən səs adlandırır. Şair deyir ki, əgər bu səs yatan ruhlarımızı oyatmasa, onda heç atılan toplar da bizi oyatmayacaq.

 

Oxu , Ağalar, oxu,

Səsin tirətsin ərzi.

Səsinlə oyanmasaq,

Toplar oyatmaz bizi.

 

Filologiya Elmlər namizədi Fəridə Ləman şeirində Ağalar Bayramovun səsinin yanğısından söz açır sonda haqlı bir qərara gəlir.

 

Bu səs yandırdı, Allah,

Yaxdı, yandırdı Allah.

Tale söndürən şamı,

Bu səs yandırdı Allah.

Vaxtı ilə Ağalar Bayramovun ifasında klassik şairlərimizin şeirlərini dinləyən Akademik Tofiq Hacıyev demişdi: "Ağaların dadı, duzu özündədir, onu heç kim unutdura bilməz".

Kəlbəcər həsrətinə dözə bilməyən unudulmaz şairimiz Məmməd Aslan Ağalar Bayramova qulaq asanda "yurd həsrətinə od vuran səsdir bu səs - söyləyirdi.

Bu il bu səsin sahibinin 65 yaşı tamam olur. Düz 17 il bundan öncə 2002 ci il 24 dekabrda Ağalar Bayramov Respublikanın Əməkdar artisti adına layiq görülüb. Bu 17 il ərzində görkəmli sənətkarımız öz yaradıcılığını daha da inkişaf etdirmiş, daha da püxtələşdimiş, öz səsi, qiraəti, müəllimliyi, vətənpərvərliyi, aktyorluğu ilə mədəniyyətimizi dünyada təbliğ etmiş, şair yazıçılarımızı dünya xalqlarına tanıtmışdır.

Xalqımız, dövlətimiz sizi çox sevir, əziz dostum Ağalar Bayramov! 65 yaşın mübarək, böyük sənətkar!

Ədalət.-2019.-5 fevral.-S.8.