XEYİRXAHLIĞIN ÜNVANI - DAYANDUR SEVGİN

Dayandur SEVGİN - 60

Qərib MEHDİ

Yubilyar haqqında Qəşəm Nəcəfzadənin yazdıqlarından: "Filologiya elmləri dok-toru Sona Vəliyeva və tənqidçi Əsəd Cahangirin kitaba (Dayandur Sevginin "İkinci addım" kitabı nəzərdə tutulur - Q.M.) yazdıqları ön sözü oxuyandan sonra mən ayrı bir yol başladım"

Bu yazının müəllifindən:

- Elə mən də...

Zaman-zaman sənətçilərlə bağlı bir mübahisə davam edir: yaxşı sənətkarın yüksək insani keyfiyyətlərə malik olması vacibdirmi? Buna "hə" deyən da var, "yox" deyən də. Məncə, ən düzgün çıxış yolunu aqillərimiz ortaya qoyub. O kişilərin birindən soruşanda ki, qardaş yaxşıdır, yoxsa dost? Cavab arifanədir: qardaş da dost olsa yaxşıdır. Bu hikmətli fikrin işığını şair Dayandur Sevginin üzərində dayandıranda son nəticə ilə barışıram: Dayandur Sevgin həm yaxşı şair, həm də yaxşı, xeyirxah insandır.

Bu yazımda mən Dayandurun şəxsiyyətilə bağlı məsələləri önə çəkəcəyəm. Bu, o demək deyil ki, şairin poeziyası haqqında sözüm yoxdur. Var, özü də qədərincə var. Fikrimi bildirməkdən də yan durmayacağam. Ancaq mən həddimi, səlahiyyətimi bilən bir qələm sahibi, bir nasirəm. Zənn edirəm ki, şairin yaradıcılığı haqqında təhlili yazıları tənqidçilər və şairlər yazmalıdırlar. Necə ki, yazırlar. Mənim kimi nasirə isə ancaq fikir bildirmək qalır.

Dayandur Sevgin çağdaş poeziyamızın aparıcı nümayəndələrindən biridir. Bədii məhsullarına mətbuatdan bələdəm. İki il əvvəl Mərdəkanda veteranların xəstəxanasında müalicə olunduğum. Bundan xəbəri olan Dayandur mənə baş çəkməyi, halımı sormağı özünə vicdani borc bilmişdi. Bu gəlişində yenicə çapdan çıxmış şeirlər kitabını da gətirmişdi. Ona sayğısı üçün təşəkkür etdim. Həkimlərimlə də görüşüb məni dönə-dönə tapşırdı. O getdi. Ərməğan etdiyi kitabı isə yanımda qaldı. Azərbaycan vətəndaşını bu gün hansı məsələlər düşündürürsə, o vacib məsələlərin hamısını bu kiçik kitabda tapdım. Onun seirləri səhhətimə həkimlərin dərmanlarından da artıq müsbət təsir göstərdi. Özünə zəng edib yazıları barədə xoş təəssüratımı bildirdim.

Gəncədə uzun illər "İlham" Ədəbi Birliyinin rəhbəri olmuşam. O Birlik gəncəlilərlə kifayət-lənmirdi. Müxtəlif ali məktəbləri təmsil eləyən istedadlı rayonlu tələbələr də bu Birliyə axışırdılar. Hər həftənin şənbə günü Birlikdə yeni yazılar oxunur, qızğın müzakirələr keçirilirdi. Bəyənilən şeirləri, hekayələri yerli qəzetdə səhifə şəklində dərc etdirirdim. Rayonlu gənclərin arasında İmişlidən olan Qəşəm Nəcəfzadə, Sərvaz HüseynoğluValeh Bahaduroğlu fərqlənirdilər. Mən İmişlidə olmamışam. Amma gələcəkləri olan bu üç istedadlı gənc mənim üçün İmişlinin loqosu - rəmzi idi. Onların şəxsində İmişlini qədərincə təsəvvür edirdim.

Yox, rəqəmlərin sayında yanıldım. Sonra təsadüf elə gətirdi ki, bir nəfər də bu üçlüyə qoşulub dəstənin sayını dördə qaldırdı. Bu, "İlham"ın məzunu olmayan, çoxsaylı oxucu kütləsinə malik "Kaspi" qəzetinin şöbə müdiri, İmişlidə doğulub Bakıda fəaliyyət göstərən Dayandur Sevgin idi. Mehribanlığı, istiqanlılığı bizi dərhal yaxınlaşdırdı. Sonralar o mənə deyəcək:

"Qərib müəllim! Qəşəm, Sərvaz, Valez sizin rəhbərlik etdiyiniz "İlham" ocağının məzunlarıdır. Onların ölkə içində və xaricdə qazandığı uğurlarda sizin danılmaz əməyiniz var. Xahiş edirəm, məni də imişlili doğmalarınızdan ayırmayasınız". Təklifdən mən çaşacam: "Axı...". Dayandur fikrini əsaslandıracaq: "Bilirəm, nə demək istəyirsiniz. Dostlarım və yerlilərim "İlham" məktəbinin əyani tələbələri olublar. Zənn edin ki, mən də həmin məktəbin qiyabi məzunuyam". İstək bildirən belə səmimi təklifdən boyun qaçırmaq olardımı? Əlbəttə, yox.

Dayandur Sevginin daxili aləmini açan gözlənilməzliklər bununla bitmir. Sirr pərdəsini qaldırdığım hadisə daha əvvəl olub. Onda mən Dayandur adlı şəxslə ilk dəfə tanış olurdum. Elə Dayandur da məni əyani olaraq ilk dəfə görürdü.

Azərbaycan Yazıçılar Birliyinin 9-cu qurultayına gəlmişdim. Hər dəfə paytaxt Bakıya gələndə məni yetirmələrim Qəşəm və Sərvaz qarşılayar (Valeh Bakı həyatı ilə "dil" tapa bilmədiyindən rayona qayıtmışdı), gəlişimlə gedişim arasında olan narahatlıqları yoluna qoyardılar. Bu dəfə də fərqli hal baş vermədi. Yetirmələrim müəllimlərini qarşıladılar.

Əvvəlcə kafeyə getdik. Oturub menyu ilə tanış olduq. Təklif olunanların birinin üstündə dayanıb sifariş verdik. Elə bu an Qəşəmin, bəlkə də, Sərvazın telefonu səsləndi və dərhal sorğuya cavab verildi:

- Dayandur, məlum yerdə oturmuşuq, tez gəl.

Bir azdan arıq, hündürboy, 35-40 yaşlarında olan bir nəfər gülə-gülə kafeyə daxil oldu.

- Mənsiz?

- Onsuz da zəng edəcəkdik. Yaxşı oldu ki, özün qabağa düşdün.

Mən gələni tanımadım, gələn də məni. Tanışlıq başlandı:

- Ustadımız Qərib Mehdidir. Qurultay iştirakçısıdır. Dayandur Sevgin də "Kaspi" qəzetinin əməkdaşıdır. Yazıçılar Birliyində də işləyir. "Kaspi"də ədəbi materialların razılıq doğuran seçimi xeyli dərəcədə Dayandurdan asılıdır. Qərib müəllim, Dayanduru tanıyırsınızmı?

Adımı eşidən Dayandur Sevginin gözlərində maraq işıq kimi şəfəqləndi. Belə hal arzulanan məqam ələ düşəndə baş verir. Deyəsən, Dayandurun sirr boxçasını açmağa şərait yaranmışdı. Bu sirrin açımına kim səbəb olmuşdu? Hiss etdim ki, şair indi onu deyəcək və həm də xeyli vaxtdan bəri gəzdirdiyi yükdən azad olacaqdı. Mənim cavabımı gözləmədən sözə başladı:

Qərib Mehdi imzası mənə çoxdan tanışdır. Şadam ki, indi də sizinlə şəxsən görüşdüm. Yazılarınızı bəyənirəm. "Ədəbiyyat qəzeti"ndə gedən "Toyda" hekayəsi daha çox xoşuma gəldi. Hekayədə cəmiyyətimizin çağdaş durumu ustalıqla açılmışdır. Gənclərə vətənpərvərlik ruhu aşılanır.

Sərvaz Hüseynoğlu:

- Qəşəm "Azərbaycan" jurnalında işləyir, mən "Ədəbiyyat qəzeti"ndə. Müəlliminizin hər iki dərgidə yazıları çap olunur, amma bizdə daha çox. Sən isə elə danışdın ki, sanki Kolumb olub Amerika qitəsini kəşf etmisən.

Dayandur Sevgin mənalı-mənalı dostunun sözlərinə gülümsündü:

- Bəlkə də, mənim hünərim Kolumbunkundan üstündür.

Qəşəm:

- Söylə görək.

Məni də maraq bürümüşdü. Hiss edirdim ki, onun riski mənimlə bağlıdır. Dayandur dedi:

Bu sirrin bumeranq kimi əks zərbəsi ola bilərdi. Ona görə sirri heç kimə açmırdım. Hətta ən yaxınlarım olan sizə . Daha məqam yetişib. Sirrə səbəb olanın özü - Qərib müəllim bizimlə birgə burada oturub. Bundan o yana sirr saxlamağa dəyməz.

Qurtar görək, üzmə bizi...

Dayandur:

"Toyda" hekayəsi o qədər xoşuma gəldi ki, onun "Ədəbiyyat qəzeti"ndə dərc olunmasına əməlli-başlı qısqandım. Fikirləşirdim ki, gərək belə gözəl hekayə "Kaspi"də çap olunaydı. Özünüz bilirsiniz ki, bir qəzet eyni yazını başqa qəzetdən götürüb çap etmir ki, nüfuzuna xələl gələr. Çox istəyərdim ki, "Toyda" hekayəsi "Kaspi"də çap olunsun, ancaq onun təkrar nəşr olunduğu bilinməsin. Bilinsə , məsuliyyət müəllifin üzərində qalsın.

oldu? "Toyda"nı "Kaspi"də verə bildinmi?

Dayandur:

Verdim.

Qəşəm:

Necə verdin? Çıxış yolunu necə tapdın?

Dayandur:

Fikirləşib riskli bir variant tapdım. Əslində, bu hərəkətimlə redaktoruma da "xəyanət" etmiş oldum. Hekayəni qəzetdən götürüb yenidən yığdırdım. Onu bir zərfə yerləşdirib "Kaspi"yə -Dayandur Sevginə ünvanladım. Guya məktubu müəllif - Qərib Mehdi göndərib. Beləliklə, hekayəni ustalıqla redaktordan adladıb çapına nail oldum.

Məharətlə qurulan bu əməliyyat xoşuma gəldi. Bu hadisə mənim yaradıcılığımda daha bir uğur idi. Əlbəttə, şəxsən tanımadığım xeyirxah Dayandur Sevginin sayəsində. "Qərib müəllim, Dayanduru tanıyırsınızmı?" sualının cavabını indi verdim:

, mən Dayandur Sevgini tanıdım!..

Onun xeyirxahlıq estafeti mənim həyatımda sonralar da davam etdi. "Kaspi" qəzetinin böyük qələm sahiblərinin yaradıcılığına dair kitablar nəşr etməsi bir ənənəyə çevrilmişdi. Növbəti möhtəşəm kitab xalq şairi Məmməd Arazdan söz açacaqdı. Dayandurun təşəbbüsü ilə mənim "Həmişəyaşıl karandaş" xatirə yazım "Haqqın var yaşamağa" kitabına daxil edildi.

İllər keçir, Dayandur Sevginin ədəbi xasiyyəti dəyişmir. Üzümü ona tutub hansı yazını göndərsəm, ya kiminsə xahişini etsəm, Dayandur səmtdən "Kaspi"nin qapısı açıqdır. Əlbəttə, şərt var. Yazı yaxşı olsa, yaşıl işıq həmişə yanacaq.

Dayandur Sevgin 40 yaşında da bu xasiyyətin yiyəsi olub, 50-də də, 60-da da. İndi ayılıram ey... Qələm dostumuz, gözəl insan və maraqlı şair Dayandur Sevginin 60 yubiley yaşı çatıb? Çatıbsa, qoy bu yazı təbrik əvəzi olsun. Yüz yaşasın!!!

15 yanvar 2019-cu il

Ədalət.-2019.-5 fevral.-S.6.