XOCALI
ŞİKƏSTƏSİ
(roman)
Ulduz Qasım
(əvvəli
ötən sayımızda)
Məryəm yorğun və kədərli baxışlarla Zəriş arvada baxsa da, onun nə dediyini kəsdirmirdi.
- Narahat olma, qızım, əgər yenə lazımdısa uşaqlara baxa bilərəm. Onsuz da bekarçılıqdı. Başım qarışar. Doğru deyirəm. Get dincəl bir az. Çox yorğunsan. Əynin-başın da su içindədi.
Uşaqları yanına alıb yuxarı qalxdı. Körpələri yedirtdi. Aysellə Vüsalın nə vaxt gəldiklərini belə duymadı.
Əynindəki yaş paltarları dəyişdi. Yazlıq, qışlıq olanı bir ayaqqabı idi, o da tamam islanmışdı. Fərqinə varmadan ayağına keçirib qapıdan çıxa-çıxa Ayselə dedi:
- Qızım, balacalar amanatı.
Dərsləri bitən kimi direktorun otağına getdi. Olanları anlatdı. Sahib müəllim çox təəssüf etdi. O da başqaları kimi təskinlik verdi:
-Balaca uşaq deyil ha. Ağlı başında adamdı. Fikir eləməyin, gələr harda olsa. Bəlkə-rayona, filana gedib. Oralarda qohum-əqrəbəsi yoxdu?
-Yox. Qohumlarının da haralarda olduğunu nə o bilir, nə də mən.
-Bəlkə polisə xəbər verək? Xəstəxanalardan da soruşmaq lazımdı. Yağışlı, küləkli havalardı, yolda-irizdə yıxılıb eləyər. Mən xəstəxanalarla əlaqə saxlayaram. Siz də mütləq polisə xəbər verin. Qoyun axtarsınlar. Əgər çatdırmasanız dərslərə gəlməyin. Rəhim müəllimdən xahiş edərəm sizi əvəzləyər.
-Allah sizdən
razı olsun!
- Fikir etməyin.
Bir də gördünuz gəldi.
Məryəm həyat yoldaşını yaxşı
tanıyırdı. Əgər Nəriman ona altdan-üsdən
bir söz deyibsə, qayıtmaz heç vaxt. Ölər, amma qayıtmaz. Onu
güclə ayağa qaldırmışdı. Bu dəfə çətin özünə gələ.
"Kaş biləydim sənə nə deyib o
alcaq? Gedib yapışardım
boğazına. Ömründə bir
qarışqanı öldürməyən mən,
gözümü qırpmadan gəbərdərdim o
alçağı. Hardan çıxdı
qarşıma, dərdim azıydımı mən bədbəxtin?"
Fərhad yataqxananın yaxınlığında diqqət
çəkməyən bir yerdə dayanıb, ailəsi qalan
otağın pəncərəsinə baxır və
düşünürdü. Bəlkə də Nəriman
düz deyir. Niyə Məryəmə
zülm edir? Onun da haqqıdı gün
görmək. Bu şikəst canıyla ona
nə verə biləcək. Bəlkə ərə
gedər. Övlad sahibi olar.
Sonra vağzala getdi. Ağlına gəldi
ki, ən yaxşısı, Bakıdan uzaqlaşsın. Onun izini tapa bilməyəcəkləri ucqar bir yerə
getsin. Bir xeyli vağzalda oturdu. Uşaqları gətirdi xəyalına. Onları düşündü, "bəs, onlar necə
olacaq? Onlara kim baxacaq? Samir
də oxuyur. Ona mənim köməyim
lazımdı. Söz vermişdim.
Əhdinə vəfasiz çıxdın, Fərhad doktor, -
deyəçək. Hələ Vüsal. Sən neyləyirsən, Fərhad? Nə fikirləşirsən? Doğrudan
başın xarabdı. Bu qədər
külfəti o yazığın üstünə atıb hara
qaçırsan? Bir düşün.
Yox, onlar böyüyəcəklər,
hamısı özünə bir həyat quracaq. Bəs Məryəm?".
Sonra ilk gördüyü avtobusun sürücüsünə
yaxınlaşdı. Hara getdiklərini soruşdu.
Sürücü:
- Əli
Bayramlıya gedirik, - dedi.
Sürücü onun əziyyətlə oturduğunu
görürdü.
- Arxa
boşdu, - dedi. Sonra Fərhadın dinmədiyini görüb əlavə
etdi: - Orda uzanın. Belə sizə əziyyət
olacaq.
Fərhad dillənmədi. Sürücü təkrar etdi:
-Dəyirəm,
əgər otura bilmirsinizsə, arxadakı yer boşdu, orda
rahat yerləşin.
-Sağ
olun.
Sonra qoltuq ağaclarına söykənə-söykənə
arxaya keçdi. Yol boyu yenə həmin fikirlər ondan əl çəkmədi:
"Döyüş meydanından qaçırsan, Fərhad həkim.
Beş uşağı necə qoyub gedə bilərsən?
Onlar səndən bunu soruşmazlar elə bilirsən?
Bəs, onda mənim gözəllər-gözəli
Məryəmim necə olsun? Onun taleyi necə
olsun? Özü də əgər Nərimanı sevirsə...
Niyə onların arasına girim? Görəsən doğru deyir? Bu neçə
ildə məni sevən adam necə birdən-birə
onu sevdi? Necə?"sonra
qışqırmağa başladı: "Yalandı!
Yalandı! Yalandı!" Sərnişinlər
mat-məəttəl qalmışdılar.
Sürücü sürəti azaltdı, dönüb Fərhada
sarı baxdı:
-Ə, bunun kirişası çoxdan gedib deyəsən. Nəyə
qışqırır bu? Qələt elədik,
yazığımız gəldı götürdük
maşına. Şikəst adamdı, yolda
qalmasın dedik. İndi yarı yolda
düşürüm?
Sürücünün
köməkçisi onu sakitləşdirdi:
-Görmürsən
nə haldadı, yəqin bir dərdi var. Çarəsiz
adamı yarı yolda buraxmaq günahdı. Dəymə,
qoy getsin.
-Adamları
narahat eləyir axı.
Bir kişi dilləndi.
-Dəyməyin,
uşaqlar. Neyləsin, əlində deyil ha.
Kim bilir, nə dərdi var.
Başqa
bir yaşlı qadın da sözə qarışdı:
-Qardaş
düz deyir. Yəqin Qarabağ əlillərindəndi.
Kefindən eləmir ha. Kim
bilir alçaq ermənilər başına nə müsibətlər
gətirib. Allah köməyi olsun! Siz də, ay bala, bir az dözümlü olun, səbrinizi basın.
-Bir
söz demirik, ay xala. Sizi narahat edir, ona görə
deyirəm.
Bizim üçün narahat olmayın. Yazıqdı.
Qoyun mənzil başına çatsın.
Yaxşı ki, Fərhad sakitləşdi. Daha
doğrusu, yuxuya getdi. Əli Bayramlıda
sürücü onu qaldırdı.
-Ay
qardaş, çatdıq. Düşmək istəmirsən?
Biz geri dönəcəyik bir saatdan sonra.
Fərhad harda olduğunu xatırlamırdı. Gözünü
açıb onu silkələyən gənc sürücüyə
key-key baxırdı.
-Çatdıq
deyirəm. Düşəcəksən?
-...
-Elə
bil lal oldu adam. Danışırdı
axı. Nə oldu buna?
Bir də
təkrar etdi:
-Əli Bayramlıdı.
Fərhad qalxmağa çalışdı. Sürücü
ona kömək etdi. Avtobusdan enib yan-yörəyə
göz gəzdirdi. Bayaqkı qoca kişinin
gözündən yayınmadı onun nabələd
davranışı. Yaxınlaşıb soruşdu:
-Deyəsən,
ilk dəfədi buralara gəlirsiniz?
-Hə.
-Xeyir ola?
-Həkiməm,
gəlmişəm iş axtarmağa, tapa bilərəm?
Kişi
alnını ovuşdurdu:
-Mən
Əli-Bayramlının kəndindənəm. Bax
elə biri biz, kəndimizdə həkim yoxdu. Amma burdan ora qışda maşın gedə bilmir.
At, eşşək arabasıyla gedirik oralara.
-Olsun, mənim
üçün daha yaxşı.
-Onda
gözlə, indi uşaqlar gələcəklər məni
götürməyə. Gedərik bərabər.
Doğrudan həkimsən?
-Həkimin
yalançısı da olur?
-Bağışlayasan,
ay oğul. Hər cür adam var bu
dünyada. Qarışıq zamanadı. Elələrinə də rast gəldik. Gəlib adamları aldatdı kənddə. Sonra öyrəndik ki, həkim deyilmiş.
-Haqlısınız.
Ancaq mən həkiməm, lakin üzü qara
olsun müharibənin. Başımıza gəlməyən
qalmadı.
-Elədi,
müharibənin gətirdikləri müharibəylə bitmir.
Onun ağrısını insanlar ömrü
boyu çəkirlər, oğlum. Kimin-kimsən
yoxdumu?
-Yox...
Fərhad ona bu cür doğma münasibət göstərən
insana yalan dediyi üçün utandı. Amma məcbur
idi. Başqa çıxış yolu
yoxdu.
Səməndər
kişi Fərhadın gözündə
çox gizli mətləbin yazıldığını oxudu.
Ancaq sual vermədi. Oğlunun at
arabasıyla bir az aralıda durduğunu
gördü:
-Hə, gəl
doktor, gəl. Gəldi bizim mersedesimiz.
Fərhadla
Səməndər kişi at arabasına
mindilər.
-Ancaq
yolumuz uzundu. Aclığın varsa,
ayından-oyundan yeyək. Ə, Bəxtiyar,
nəyin var arabada?
-Dədə,
nənəm pendir-çörək qoyub. Al,
torbanın içindədi.
Səməndər
kişi oğlunun ona uzatdığı
çit torbadan pendir, təndir çörəyi
çıxartdı.
-Bəri
dur, həkim. Allah verəndən yeyək.
Dünən günortadan Fərhadın dilinə bir
şey dəyməmişdi. Təndir çörəyinin
arasına pendir qoyub yedilər. Sonra da
termosdakı kəklikotulu çaydan içdilər.
Anasının təndirdən çörək
çıxardığı günlər yadına
düşdü. Təzə buğda çörəyinin ətri
bütün kəndə yayılardı. Fərhad
elə təndir başındaca isti çörəyin
arasına nehrə yağı ilə motal pendirini doldurub ləzzətlə
yeyər, toqqanın altını bərkidərdi. Bu, ona görə dünyanın ən ləzzətli
yeməyi idi.
-Nə
fikrə getdin, oğul, çayını soyutma, iç.
-Çoxdandı
belə ləzzətli şey yeməmişdim. Qurban
olum kəndin nemətinə. Çox sağ
olun!
-Hə,
oğul, kəndin hər neməti dadlıdı. Halal xoşun
olsun! Sən haralardansan?
-Adı
qalmış Xocalıdan.
-Ağsaqqal
bayaqkı sualını təkrar etdi:
-Hmm.
Kimin, kimsən yoxdu?
-Dedim ki
sizə... Yaxınlarımın
hamısını itirdim. Uzaqlar da
düzü, heç bilmirəm hardadılar? Hərə bir yerə dağılıb pərən-pərən
düşüb. Başım öz dərdimə, öz
ağrılarıma qarışıb deyin kimsədən xəbər
tuta bilməmişəm.
-Allah
köməyin olsun!
-Sağ
olun!
Kəndə çatanda gecədən xeyli
keçmişdi. Doğrudan da yollar həm çətin, həm
də qorxulu idi.
- Səməndər
dayı, insanlar qorxmurlar? Bu yollarla necə gedib-gəlirlər?
-Neyləyək,
ay bala, olanımız budu.
Sonra da
oğluna döndü:
-Anana gəldiyimizi
xəbər ver, süfrə hazırlasın.
-Gecənin
bu vaxtı gərək yoxdu, əziyyət verməyin.
-Var,
oğlum, var. Çöldə deyilik ha. Allah verəndən
nə varsa, bir loxma yeyərik.
Süfrə
yığışılan kimi Səməndər kişi yenə üzünü oğluna tutdu:
-Anana denən,
qonağa yer hazırlasın.
-Yaxşı,
dədə.
-Sizə
də zəhmət verdim.
-Nə zəhməti,
həkim? Qonağımızsan. Evə gələn müsafir başımızın
tacıdı. Evimiz, eşiyimiz Allah
qonağına qurbandı. Heç bu haqda
düşünmə. Gecələr soyuq
olur. Əlavə yorğan var yükdə.
Bilirsən, kəndlinin nəyi olmasa da,
yorğan - döşəyi bol olur, götürərsən.
-Narahat
olmayın, Səməndər dayı. Biz də
kənddə böyümüşük, kənd
adamıyıq.
-Bəxtiyar,
həkimə yatağını göstər.
-Baş
üstə, dədə.
Məryəm polosə gedib ərizə yazdı. Sahib müəllim
Səhiyyə Nazirliyinin əliylə xəstəxanalara
sorğu göndərtdi. Evdə demək olar ki, heç kim dinib-danışmırdı. Hamının
zehni Fərhadın yoxa çıxmağının xofu ilə
dolu idi. Balacalar da sanki evdə nəsə baş verdiyini
hiss etmişdilər. Səsləri
çıxmırdı. Məryəm bu dəfə
Həmid kişinin evini yığışdırmağa bu dəfə
getməmişdi. Daha doğrusu, gedə
bilməmişdi. Ev sahibi nigaran qalıb xəbər
tutmağa gəlmişdi. Məryəm onun
gəlişindən narahat oldu. Daha
doğrusu, utandı. Həmid kişini görən kimi əl-ayağa
düşdü:
-Bağışlayın,
bu dəfə gələ bilmədim. Yəqin,
narahat oldunuz.
Məryəm başına gələni
danışdı. Həmid kişi təəccübləndi:
-Doktor pis
adama bənzəmir. Niyə belə iş tutsun? Səbəb nə
ola bilər? Çox qəribədi.
Mən onu bir dəfə görmüşəm.
Amma bu bir dəfə yetdi ki, adamı
tanıyım. Burda ciddi nəsə var. Mən
də kömək edərəm axtarmağa. Bəlkə vəziyyəti pisləşib. Xəstəxanalara sorğu göndərməliyik, elə
birinci bundan başlamaq lazımdı.
-Sahib müəllim söz verib xəstəxanalarla məşğul
olmağa, siz zəhmət çəkməyin.
-Nə zəhmət
var? O boyda adam yoxa çıxıb. Biz nəsə eləməliyik. Polis
gərək operativ işləsin.
-Gedib
bildirdim. Nə dedilərsə, yazdım.
-Yaxşı
eləmisən. Mən də nə lazımsa, edərəm.
-Sizin
işiniz çoxdu, zəhmət çəkməyin.
-Qızım,
bu nə sözdü danışırsan? Sənə
bir köməyim dəysə, çox rahat olaram. Səni qızım bilirəm.
Məryəm Nərimanın etdiklərindən sonra, elə
bil heç kimə güvənmirdi. Ancaq qəlbinin dərinliklərində
Həmid kişiyə qarşı nəsə bir
doğmalıq duyurdu. Özünü danlasa da,
bacarmırdı: "Niyə onu görəndə sevinirəm.
Elə bil hardasa görmüşəm, həmişə
elə yanımda olub. Yaxın bir qohumumdu.
Çox qəribədi. Niyə
bunları düşünürəm? Axı, bizim
aramızda nə əlaqə ola bilər? Bir yaxınımız olsaydı, bilərdim. O
hara, mən hara. Bəlkə yaxşı insan
olduğuna görədi bunlar. Deyəsən,
ağlım gedir lap...". Həmid kişi elə bil onun ürəyindən
keçənləri oxudu.
-Bax, qızım, insanlar bir-birinə kömək əlini uzatmalıdı. Biz ki yad deyilik. Mən səni öz övladım bilirəm. Ağlına özgə şey gətirmə. Doğrudur, zamanə elə olub ki, hər gördüyunə inana bilməzsən. Ancaq mənə güvənə bilərsən. Bunu açıq ürəklə deyirəm. Nə çətinliyin varsa, çəkinmədən söylə. Əgər bilsəm nəyəsə ehtiyacın var, demirsən, küsərəm səndən.
(ardı var)
Ədalət 2019.- 8 fevral.- S.6.