"O YURD MƏNİM YURDUM
İDİ"
Adətən yeni şeir kitabları, poeziya nümunələri ilə tanış olanda gözüm, könlüm təzə fikirlər, təzə ifadələr, təzə yanaşmalar axtarır. Və açığını deyim ki, axtardığımı tapanda da necə deyərlər, çiçəyim çırtlayır, itirdiyim vaxta təəssüflənmirəm. Və düşünürəm ki, oxuduğum təzə tər fikirlər təkcə yaddaşımın deyil, həm də könül rahatlığımın bir simsarıdı. Onunla baş-başa qalıb müəyyən bir məsafəni qət etmək olar...
Barəsində siz oxuculara bilgi vermək istədiyim kitabın müəllifi Ələsgər Talıboğludu. Kitabın redaktoru isə tanınmış şairimiz Kəmaləddin Qədim. Elə buradaca onu da vurğalıyım ki, kitaba ön sözü ədəbiyyatşünas alim,
"Ədalət"in oxucularının yaxşı tanıdığı Vaqif Yusifliyazıbdı. Və Vaqif müəllim vurğulayıb ki,
"vətən sevgisi Ələsgər Talıboğlunun bütün şeirlərinin ruhuna hopub. O, nədən söz açırsa, bu sevginin misralarına səpələyir". Bax, bu təqdimatın özü artıq oxucu üçün ipucudur. Həmin ipucundan başlayaraq, mən də masamınüstündəki kitabı vərəqləyirəm və diqqətimi çəkən:
Can deyəydim güləndə də,
Dərd üstə dərd gələndə də.
Elə bir gün öləndə də,
Bir ovuc Vətən olaydım.
Bu arzu təkcə şair diləyi, şair istəyi deyil, bu həm də bir vətəndaş sevdasıdı, bir vətən oğlunun ürəyindən dünyaya səslənən etirafdı. Və bu yerdə böyük Məmməd Arazın vətən daşı olmaq kimi müqəddəs deyimi özü-özlüyündə yaddaşımda təzələnir. Həmin təzələnəndeyimin işığında mən Ələsgər Talıboğlunun "Bu vətəndə" şeirini də oxuyuram. Şair yazır ki: bu vətəndə hər şey, ağrı da, acı da, sevinc də, kədər də, sönən od-ocaq da, itirilən yurd yerləri də bizimdir. Çünki ürək vətənin bütün coğrafiyasını, ümimiyyətlə isəbütünlüyünü özünə köçürüb, özündə yerləşdirib. Yəni ürək də Vətən olubdu. Ona görə də:
Vüsalın eşqiylə odlanıb yandıq,
O tayda Bakımız, bu tayda Təbriz.
Əgər bu ürək birsə, Vətən də birdi,
Əlbət, o gün gələr, bir olarıq biz.
Deməli, əvvəldə söylədiyim fikrin, yəni Vətən sevdasının şair qəlbinə hakim olmasının bir nümunəsini də yuxarıda təqdim etdiyim misralardan yəqin ki, oxucularımız aşkar şəkildə hiss etdilər.
Deməli, bir söz adamı olaraq Ələsgər Taliboğlu qələmiylə vətənin rəsmini çəkməyə, onu şeirləşdirməyə çalışır. Və onu da qeyd etmək yerinə düşər ki, müəllif əksər məqamlarda bu istəyinə qovuşa bilir. Oxuculara təqdim olunan "O yurd mənim yurdum idi" kitabındaşair təkcə vətənə, onun təbiətinə, onun gerçəkliklərinə deyil, həm də insani duyğuların tərənnümünə də xeyli yer ayırıbdı. Yəni bu dünyanın əbədi mövzusu olan sevgi, həyat, ölüm və digər mövzularla bağlı kitabda yer almış şeirlərin hər birində müəllifin səmimipıçıltılarını, səmimi hisslərini aydın şəkildə izləmək mümkündür. Müəllif yazır ki:
Dilimin ucunda cilvəli sözlər,
Az qala ürəyim çıxsın yerindən.
Şeirə susamış şair könlüm də,
Heç doymaq bilməyir çiçək selindən.
Və yaxud:
Talıboğlu, bu dərd,
kədər,
Bir gün gəlib, bir gün gedər.
Bəsdir, ömrü vermə hədər,
Mənzilə az qalan yerdə.
"O yurd mənim yurdum idi" kitabındakı şeirlərin oxucu marağı qazanacağına yəin ki, təqdim etdiyim nümunələr özü-özlüyündə bir işarə vurur. Mən də az-çox sözü anlayan bir oxucu kimi Ələsgər Talıboğlunu bu uğurlu kitaba görə təbrik edir və ona yeni yaradıcılıquğurları diləyirəm.
Mədətoğlu, Əbülfət.
Ədalət 2019.- 8 fevral.- S.5.