Gəncənin gənc alimlərinin
növbəti uğurları
Gənclər günü ilə bağlı Bakı şəhərində ölkəmizin gənc alim və mütəxəssislərinin Ümumrespublika elmi konfransı keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasında baş tutan toplantıda paytaxt Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrini təmsil edən gənc alimlər, tədqiqatçılar iştirak etmişlər. Respublikamızda ilk dəfə olaraq keçirilən bu elmi tədbirdə Gəncə şəhərinin gənc alim və mütəxəssisləri də fəallıq nümayiş etdirmişlər.
Şəhərimizi təmsil edən və Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universitetindən olan gənc alimlərin də qatıldıqları bu elmi toplantıda AMEA Gəncə Bölməsinin gənc tədqiqatçısı, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov konfransın həmsədrlərindən biri seçilmiş və elmi konfransın bölmə iclaslarında moderatorluq etmişdir.
Ümumilikdə gənc alimlərin elmi konfransında 30-a qədər müxtəlif universitetin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat İnstitutlarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri olan gənc tədqiqatçıların iştirakı qeydə alınmışdır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, gənc alimlərin elmi konfransında təqdim edilmiş əsas məruzələr multidissiplinar, daha doğrusu elmlərin, fənlərin qarşılıqlı əlaqələrini özündə əks etdirən tədqiqat işləri ilə bağlı olmuşdur. Əksər çıxışlarda son illərdə gənc alimlərin apardıqları və innovativ səciyyə daşıyan, yeni elmi nəticələri olan tədqiqatların təqdim edilməsi diqqəti cəlb etmişdir.
Elmi konfransın gedişində xüsusi olaraq vurğulanmışdır ki, görkəmli alimlərin iştirakı ilə əvvəlcədən təşkil edilmiş konfransın elmi-təşkilati komitəsi tərəfindən bir ay ərzində konfransa təqdim edilmiş bütün məruzələr diqqətlə nəzərdən keçirilmiş, daha yüksək elmi dəyəri, yeniliyi və ən əsası isə tətbiqi əhəmiyyəti olan tədqiqat işləri məruzə edilmək üçün seçilmiş və nəşrə təqdim olunmuşdur. Bundan əlavə, konfransın təşkilat komitəsi daha çox elmi qrant layihələrində qalib olmuş tədqiqat işlərinə həsr edilən mövzulara xüsusi yer vermiş və bu elmi işlərin müəlliflərinə konfransda məruzəçi qismində iştirak etmək hüququnu təmin etmişdir.
Ümumilikdə, konfransda edilmiş məruzələrin əksər qismi məhz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Prezident yanında Bilik Fondunun qrant müsabiqələrində qalib olmuş layihə müəlliflərinə məxsus idi.
Bir məqamı da qeyd etmək lazımdır ki, konfrans məruzəçiləri ilə yanaşı, konfransın iclasları üçün həmsədrlərin (moderatorların) seçimində də gənc tədqiqatçılar sırasında daha çox nüfuzlu impakt faktorlu elmi jurnallarda əsərləri nəşr edilmiş gənc alim və mütəxəssislərə üstünlük verilmişdir. Məhz bu səbəbdən şəhərimizin təmsilçiləri bu elmi konfransın bölmə iclaslarına həmsədr seçilmiş və moderatorluq etmişlər. Gənc alim və mütəxəssislərin konfransında məruzələr əsasən, iki cür təqdim olunmuşdur. Əksər çıxışlar slayd təqdimatları əsasında hazırlanmış, digər məruzələr isə poster (şifahi) təqdimatları ilə edilmişdir. Hər bir məruzəçinin çıxışına on dəqiqə vaxt müəyyən edilmiş, çıxışlar bitdikdən sonra isə konfrans iştirakçıları və təşkilat komitəsinin üzvləri tərəfindən verilmiş suallar cavablandırılmış, məruzələr ətrafında müzakirələr aparılmışdır.
Konfransın sonunda ən fəal gənc alimlər sertifikatlar və diplomlarla mükafatlandırılmışlar.
Yaşar NƏBİYEV
Ədalət 2019.- 8 fevral.- S.5.