EY TORPAQ ADAMLAR, VƏTƏN ADAMLAR!

Zəka VİLAYƏTOĞLU

VAXT

Vaxt oğrunca ötüb gedir,

Aram-aram, xumar-xumar,

ömrünü qoyub ortaya,

ölümlə oynayır qumar.

Qızğın oyun gedir, hələ,

Hələki vaxt olur, udan.

Gizlindədir, hiylə, tələ,

Sənsən, hər şeyi unudan.

Vaxt gülür, səni güldürür,

Od kimi yanır, gözündə.

Günləri bir-bir öldürür,

Gülüş yorulur üzündə.

Səninlədir, yolda, izdə,

Deyirsən, hələ vaxta var,

Həyat deyilən dənizdə

Sən bir qayıqsan, vaxt avar.

***

Soyuqsan, qış kimi, eybi yox, olsun,

Üşümək xoşdur, buz nəfəsində.

izn ver, titrəyə-titrəyə gəzim,

dolaşım, eşqinin, qız, küçəsində.

Dəymə xatirinə, duyğularımın,

Onlar ürəyimdə, ətirli çiçək,

Altında qalsa da, yağan qarının,

bil ki, qarı yarıb, boy göstərəcək.

Ürək, ürək olur, arzularıyla,

olsa da, qədər cövrü-cəfası,

bir ayrı gözəldir, qış öz qarıyla,

hər zaman təmizdir, safdır, havası!

ÖMÜR BİR XOŞTƏSƏLLİDİR

Gedir, yol gedir, bu adam,

Atlana-atlana gedir,

Bəzən bir dərdin yükündən

Qatlana-qatlana gedir.

Uzanıb gedir, qəfildən

Bir yol dalana dirənir,

Uzaq olur, göz-könüldən,

Bir yol yalana dirənir.

Dalana dirənən yolun,

Geriyə qayıdışı var,

Yalana dirənən yolun,

giriş, çıxışı var.

Uçurumda bitən yolu,

Dönür, dəyişə bilirsən,

Tikan olsa da sağ-solu,

Qorxmur, döyüşə bilirsən.

Tək bircə yol var ki, sonu,

Başlanğıcından bəllidir.

Dəyişə bilməzsən onu,

Ömür bir xoş təsəllidir!..

 

QIŞ ADAM

Ey qış adam, soyuq adam, qar adam,

Heç sənin bahar vaxtın oldumu?

Açıldımı könlündə qızılgüllər,

Bir ürəkdə qızıl taxtın oldumu?

Üşüyəndə qızınmağa bir odan,

Qəmlənəndə ürəyini ovudan,

Nələr verdi, söylə, sənə Yaradan,

könlünü güldürən baxtın oldumu?

Qırov düşüb yanağına, üzünə,

Saçlar bəyaz, duman gəlib gözünə,

Sinəndəki o ürək dənizinə

Sevgin bulaq kimi axdı, doldumu?

Sevinc bir yanadır, qəm bir yanadır.

Üzündəki kədər ürək qanadır,

Bilə bilmirsən ki, yol hayanadır,

Duruxub qalmısan, sağdı, soldumu?!..

 

EY TORPAQ ADAMLAR, VƏTƏN ADAMLAR!

 

Mən qürbəti sizə görə sevmişəm,

Ey qürbət ellərdə "itən" adamlar,

Hər an "vətən" deyib, göz yaşı tökən,

Bülbül tək qəfəsdə ötən adamlar!

Ayrılmaq çətindir, isti yuvadan,

Doğma, əziz olan eldən-obadan,

Sizi ömrüm boyu çətin, unudam,

Ey ağrı adamlar, sitəm adamlar!

Ağlar, gözünüzün yaşı vətəndir,

Göynər, bağrınızın başı vətəndir,

Ömrünüzün yazı, qışı vətəndir,

Ey Torpaq adamlar, Vətən adamlar!

 

GÜLMÜ GÜLÜŞÜNDÜR, GÜLÜŞÜNMÜ GÜL?

 

Gözəldir, qəşəngdir, biri-birindən,

Gülmü gülüşündür, gülüşünmü gül?

Görəndə oynayır, ağlım yerindən,

Gülmü gülüşündür, gülüşünmü gül?

Gözlər var, işıqda qaranlıq gəzir,

Abad olan yerdə viranlıq gəzir,

Gözlərimdə sənə heyranlıq gəzir,

Gülmü gülüşündür, gülüşünmü gül?

Gözlərin ömrümün nuru, işığı,

Tanrım qorusun bu duru işığı,

Gülüşün, üzünün gül yaraşığı

Gülmü gülüşündür, gülüşünmü gül?

Zəkanın ömründən yol salır illər,

Beləcə dəyişir, ötür fəsillər,

Güləndə, könlündə açılır güllər,

Gülmü gülüşündür, gülüşünmü gül?

QƏFƏSƏ

Ürək bir qızılquş kimi,

Salınıb, bədən qəfəsə,

Bədənsiz yaşamı yoxsa,

Sığışmır nədən, qəfəsə?

Hey çarpışır, yerlə-göylə,

Xilasa can atır, böylə,

Üsyan edir, min cür səylə,

Onu ram edən qəfəsə!

Boşa çıxanda inadı,

Itir həyatın xoş dadı,

Əzilir zərif qanadı,

Çırpılır hərdən qəfəsə!

Yaraları eşqdən isə,

Özü bir quş, eşq dən isə,

Söyləyin, o Ay bənizə,

Səpələsin dən, qəfəsə!

 

BİZDƏ QALDI

Çox gəzib dolaşdı, göyün üzündə,

Yoruldu, bu gecə Ay bizdə qaldı.

Gəldi görüşünə çox uzaqlardan,

Axdı şırıl-şırıl, çay bizdə qaldı.

Bu gecə başqa bir gecəydi, sonam,

Hər şey sevgiyəydi, eşqəydi, sonam

Yanağını mənə Eşq əydi, sonam,

öpdüm, busələrim ayüzdə qaldı.

Od yandı ürəkdə, od yandı başda,

Odlandı ürək , odlandı baş da,

Qorxdu bu alovdan, bu oddan qış da,

Beləcə bir ömür yay bizdə qaldı!

 

BİR EŞQ

 

Çıxır yaylaqlara, yay olan kimi,

Seyrə, tamaşaya, başlayır, bir eşq!

Zərif gül-çiçəyin xoş qoxusunu,

Duyub, məst olmağı xoşlayır, bir eşq!

Ucadır, gözəldir, boyu, buxunu,

Qovub gözlərimdən şirin uxunu,

Çəkib öz yayını, iti oxunu,

Bir gözəl ceyrana tuşlayır, bir eşq!

Yolu qəribliyə sarı düşəndə,

Yamyaşıl bəxtinə sarı düşəndə,

Qəfildən həsrətin qarı düşəndə,

Mənim ürəyimdə qışlayır, bir eşq!

 

DƏLİ OLMAĞA

 

Ağıllı adamlar, sizə əlvida,

Gedirəm mən daha, dəli olmağa,

Ruhumda səslənir, sirli bir nida,

Gedirəm mən daha, dəli olmağa!

Həqiqət bildiyim yalana çıxır,

Yəhər sandıqlarım palana çıxır,

Yollarım həmişə dalana çıxır,

Gedirəm mən daha, dəli olmağa!

Məni ovutmadı, hər şirin nağıl,

Dağıl, ey xoş xülya, başımdan dağıl,

Xilas eyləmədi, dünyanı ağıl,

Gedirəm mən daha, dəli olmağa!

 

KÜSÜR

Bu, necə olur, axı, heç anlamıram,

Səni küsdürdüyüm gün, Ay məndən küsür?!

Gedirəm sahilinə, nəğməsini dinləyəm,

Dönür susquna, lala, çay məndən küsür!

Bilirəm, qısqanırsan, çiçəyə, gülə,

Hər yanağı göyçəyə, hər şirin dilə,

Başqaları bir yana, buna bax, hələ,

Qəfil dönüb qış olur, yay məndən küsür!

Gecələr səhər olmur, hey gözləsəm ,

Açılmır qızılgüllər, hey bəsləsəm ,

Oyanmır xatirələr, hey səsləsəm ,

Vermir səsimə haray, hay, məndən küsür!

Küsmə, çevir üzünü, azacıq bəri,

Vaxt da keçmir, fırlanır boşuna pəri,

Ömrümə darı kimi səpir, günləri,

Deyir, otur beləcə, say, məndən küsür!

 

MƏNİ

Şair dostum Əbülfət Mədətoğluna

"Səndən gileyim var, sənə", - deyirsən,

Günahkarsam, cəzalandıraq, məni!

Heç mənim xoşum gəlmir özümdən,

Ataq, tonqallara, yandıraq, məni!

Bəlkə gileyli tək sən deyilsən,

Başqaları da var, kaş bilə bilsəm?!

Çox qorxuram, əyilməkdən, bilirsən,

Güc verək, qəfildən sındıraq, məni!

Dost olar, söykəyi dost kürəyinin,

Əzəldən doğrudur, düzdür, təyinin,

Səni unutmuşsa, gəl, ürəyinin,

Qoyaq, buz gözünə, donduraq, məni!

Yoruldum, dünyanın bu qaç-qovundan,

Qurtara bilmədim, qəm tilovundan,

Könlün odlanmırsa, od - alovumdan,

Yanar ocaq kimi söndürək, məni!

 

QALARDIM

 

Mən bu qızı çox istəyirəm, Allah,

Əlim yetsə, saçlarını yolardım,

Od yandırıb ürəyimin başında,

Tutub, yandırdığı oda salardım!

Bu qız çoxdan çatıb sevgi yaşına,

Eşq qarışıb, gözlərinin yaşına,

Bir tac kimi qoyardım da başıma,

Sevənlərin padişahı olardım!

O, Tanrının bir gözəllik tablosu,

Sevgilərim bu gözəlin tabusu,

Açılsaydı, ürəyinin qapısı,

Girib, orda bir ömürlük qalardım.

 

GƏL, SƏNƏ ÖMRÜMÜ VERİM

Gəl, sənə ömrümü verim,

götür, kefincə xərc elə,

İnan, ləldən qiymətlidir,

Kimlə istəsən, mərc elə.

Xərc elə son quruşacan,

Küsüyəcən, barışacan,

Son vida, son görüşəcən,

Acıtmaz, səni hər çilə.

Sevirəm, üzün seyrini,

Gözlərim görməz qeyrini,

Mənim bu sevgi şerimi,

Öz ürəyində dərc elə.

 

KEÇİRƏM

Mən Günəşə varmaq üçün,

dumandan, sisdən keçirəm,

bir yaxşını bulmaq üçün,

min cürə pisdən keçirəm!..

Qəm gizlənir, künc-bucaqda,

yatır sinədə, qucaqda,

yanıram, odda-ocaqda,

tüstüdən, hisdən keçirəm!

Anlamıram, kiməm, nəyəm,

sığışmıram, yerə, göyə,

dönürəm, kamana, neyə,

yanıqlı səsdən keçirəm!

 

ÖLÜM MƏŞQİ

 

İnsan yaman tələsir,

Dünyaya gəlmək üçün,

Min cür əzabdan keçir,

Bircə yol gülmək üçün!

Gecə-gündüz ah edir,

Gecəni sabah edir,

Bəzən yüz günah edir,

Bir günah silmək üçün!

Yat-oyanla yaş gedir,

Yuxu, ölüm məşqidir,

Hər gün gecə məşq edir,

Bir dəfə ölmək üçün!

 

OLURMU

Sənin nazın vardır, mənim sazım,

nazı vəsf eyləmək sazsız olurmu?

Sən ki, bir çiçəksən, ətri doyulmaz,

 

olsun, amma çiçək yazsız olurmu?

Sən ayrı biçimdə, sən ayrı donda,

eşqinin şərabı dövr edir, qanda,

qorxuram, ağlımı itirəm, sonda,

bu könül badəmə az süz, olurmu?

Söylə, məramını eşidim, bilim,

əlinə uzalı qalıbdır, əlim.

Elə haldayam ki, söz tutmur dilim,

bu eşqin nəğməsi sözsüz olurmu?

 

Ədalət  2019.- 9 fevral.- S.14.