USTADLA 45-ci GÖRÜŞ

Mən fransız cəmiyyətinin

katibiyəm.

O.Balzak

Gəncə ədəbi mühiti daha çox poeziyaya köklənib. Görünür bunun daha çox səbəbi Kəpəz, Qoşqar mehinin Gəncəyə də çatmasındadır. Yazıçı-dramaturqlar Altay Məmmədov, Nüşabə Əsəd Məmmədli, jurnalist-yazıçı Əhməd İsayev və Qərib Mehdidən başqa qələmini nəsrdə sınayan sənətkarlar azdır.

Qərib Mehdi adı geniş oxucu kütləsinə çoxdan tanışdır. Yazıçının ilk qələm təcrübəsi olan "İşığın qəzəbi" hekayəsi 1958-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü gördü. 1967-ci ildə yazıçının nəşr olunan "İşıq" hekayələr toplusu öləzimədi. Yarım əsrdən sonra onun 45-ci kitabı - "Savaş" oxucuların ixtiyarına verildi. Kitabda yazıçının povest, hekayə, esse və məqalələri toplanmışdır. Yazıçının 45 kitabının 9-u sovet, qalanları isə müstəqillik dövrümüzün məhsuludur. Onun 15 kitabının çapına təmənnasız rəvac verən xeyriyyəçi-şair Elçin İsgəndərzadədir.

Qərib Mehdi ömrün müdriklik çağındadır, doqquzuncu onilliyə addımlayır. "Ömür atı yorulsa da, söz-qələm atı yorulmayıb". Son dövrlərdə kompüter, internet səbəbindən oxucunun mütaliə həvəsi azalması danılmaz faktdır. Ustad sənətkarın oxuculara çağırışı: "Kompüter, internet əsri səni bizdən çox uzaqlaşdırıb. Kitabı unudub, internetə, sosial şəbəkələrə könül veribsən. Unutma ki, sən kağıza-kitaba qayıdanda böyük olursan".

Qərib Mehdi: "Ədəbiyyatın partiyalılığının" tüğyan etdiyi bir dövrdə də əqidəsinə, prinsiplərinə xəyanət etmədi. "Şanlı əməkdən", "marksizm-leninizmdən", "müzəffər beşilliklərdən" yazmadı. İstehsalatın insan mənəviyyatını üstələdiyi bir dövrdə yazılarının əsas mövzusu insanın dəruni aləmi, psixologiyası, bir də həyat normamıza çevrilmiş əyintilərin mənalı gülüşə çevrilməsi oldu. "Sovet ideoloji sistemindən çıxsam da, bu şineli axıracan əynimdə gəzdirməmişəm" etirafı həqiqətdir. Onun publisistikasında ara-sıra sovet notları duyulsa da, bu bədii yaradıcılığında o qədər də hiss olunmur.

Qərib Mehdi 1979-cu ilin dekabrında Gəncədə Azərbaycan Yazıçılar Birliyinin şəbəkəsi kimi "İlham" Ədəbi Birliyini yaratdı. Birlik üzvləri Alimlər evində məskunlaşdı. Ədəbi birlik zaman-zaman əsl yaradıcılıq mərkəzinə çevrildi. Burada ədəbi nümunələr müzakirə olunur, uğurlu yazılar əvvəl yerli mətbuata, daha sonra mərkəzi qəzet və jurnallara yol açdı, üzvlərinin neçə-neçə kitabları həyata vəsiqə aldı. Qəşəm Nəcəfzadə, Musa Urud, şəhidlik zirvəsinə yüksələn Nizami Aydın, Elçin İsgəndərzadə, Aydın Murovdağlı, Xəzangül, Xosrov Natil, Sərvaz Hüseynoğlu... kimi artıq imzaları Respublikamızda tanınan sənətkarlar Qərib "şinelindən" çıxanlardır.

 

Kişilik öyrətdi o birlik bizə,

Sözü üzə demək elmi öyrətdi.

Öyrətdi - şeirin yolu yoxuşdu,

Bu yolla yerimək elmi öyrətdi.

 

(Sərvaz Hüseynoğlu)

Qəribin oxucu kasadlığı olmayıb, amma təəssüf ki, ədəbi müzakirələrdə lazımınca təmsil edilməyib. 45 kitabı işıq üzü görən ustad sənətkar haqqında 45 səhifəlik sanballı fikir ortaya qoyulmayıb (Tənqidçi, ədəbiyyatşünas Vaqif Yusifli istisna olmaqla). Ədibin 1973-cü ildə nəşr olunan "Rast" povesti haqqında "Azərbaycan kommunisti" jurnalında sifarişli, qərəzli təhqirli (tənqidi yox) yazı verildi. Hələ 1930-cu illərdə

 

Oxumu tar, oxuma tar,

İstəmir proletar səndə çalınsın "Qatar".

 

deyənlər indi də "Göylərdən dərin mənası olan (B.Vahabzadə) "Rast"a hücuma keçdilər. Bəlkə də, bu cür qərəzli yazıların nəticəsi idi ki, Qəribin növbəti kitabı yeddi ildən sonra işıq üzü gördü.

Amma yazıçının məhək daşı ayrı-ayrı fərdlər yox, geniş xalq kütləsidir. Şəkili Səbuhi oxucu təşkilatı yaratdı. "Rast"ın motivləri əsasında film çəkmək fikrinə düşdü. Kustar üsulla "Rast"ın surətini çıxartdırıb qədirbilən oxuculara payladı. Titul vərəqinə isə "Rast"ı ekranlaşdırmaq üçün yardım istədi. Bu istək baş tutmasa da, yazıçı-oxucu münasibətinə bir stimul oldu.

Şübhəsiz, bir yazıda ustad sənətkarın geniş yaradıcılığına nəzər salmaq imkan xaricindədir. Biz yazıçının "Savaş" ("Vektor" Beynəlxalq nəşrlər evi. 2018) kitabına nəzər salacayıq.

"Nehrə" povestində elmdən dayaz, tamahdan dərin iki professorun "fəaliyyətindən" - yay istirahətini ucqar bir kənddə keçirmələrindən danışılır. Tərlan Tülək professor Ağayar Qamışlının hesabına professor adı ala bilib. Tərlan üzdə Ağayara özünü sədaqətli kimi göstərsə də, məqam gözləyir ki, onu üstələsin. Yəqin ki, Ağayar da bu üsulla professor adına yiyələnib. Bu "səbət üsullu" professorlar Cəfər Cabbarlının tipi Mirzə Səməndərin varisləridir. Onların yeganə məram və məqsədləri yalnız şəxsi mənfəətləridir.

Müəllif bu iki "alimə" qarşı orta ixtisas təhsilli, uzun müddət kənddə müəllim işləyən, bu şərəfli adı uca tutan, təqaüdə çıxmağına baxmayaraq gündəlik mütaliədən qalmayan Ərkinaz nənəni qoyur. Ərkinaz nənənin zəngin kitabxanası var, mütaliə etdiyi əsərlər haqqında mətbuatda çıxışlar edir. Professorlar sabiq kənd müəlliməsinin bilik dünyasının astanasındadırlar. Qarı professorların yazılarındakı səhvləri redaktə edir. Tərlan Tüləyin etirafı: "Ədalətə qalsa, biz professor diplomumuzu orta ixtisas təhsili olan bir adamın vəsiqəsi ilə dəyişməliyik. Bu gedişlə qarı çörəyimizi kəsə bilər".

Professorların müsabiqəsinə qarı öz nehrəsini çıxarır. Bunun rəmzi mənası var. Çünki nehrə qatığın yağını yağ, ayranını ayran kimi ortaya qoyur.

Lakin müəllif mənfi tiplərinin təsvirində bəzən ifrata varır. Professor Ağayar xörəyi səliqəsiz yediyi, üstünə tökdüyü üçün hamamda çılpaq halda yeyir ki, üst-başı bulanmasın.

"Ax, bu sərçələr" povestində müəllif əksər əsərlərində olduğu kimi kreslo hərisliyinin törətdiyi bəlalardan danışır. Müəllifin gəldiyi qənaət: Devin canı şüşədə olduğu kimi, vəzifə sahibinin də gözü kreslodadır. Kreslo heçi var, varı heç etmək sehrinə malikdir. Mənalı, düzgün, təmiz yaşamaq sözü əksər idarə rəhbərlərinin lüğətində yoxdur.

"Nəfəsi candan, ürəyi qandan ayrı təsəvvür etmək mümkün olmadığı kimi, Şəvəlləri də kreslosuz təsəvvür etmək mümkün deyil".

Şəvəl müəllim müəssisə rəhbəridir. Özündən böyük müdir Şaxgəldiyevin muti quludur, öz fikri, ideyası yoxdur. Şaxgəldiyev ona müəssisədə ideal təmizlik yaratmağı, ağaclara, quşlara qarşı diqqətli olmağı tapşırır. Fəqət "adamlar - işçilər amanatı" deməyi unudur.

Kreslo sahibi qadınları ahənrüba kimi özünə çəkir. Amma Şəvəl müəllimin qızı yaşında Ülviyyə xanım üçün yox. O, Şəvəlin eşq toruna düşmür, daş qayaya rast gəlir.

"Əzraildən yaxşılıq xahişi" essesində daha belə bir vəzifə sahibi ilə rastlaşırıq. Əzrail onun canını almağa gəlir. Vəzifə sahibi Əzraildən xahiş edir ki, mənim canımı yaxınlarımın yanında yox, kreslonun ağuşunda al.

"Persona non qrata" hekayəsində müdir-işçi problemləri qabardılır. 500 nəfərlik alim-ziyalıya rəhbərlik edən direktor hakimi-mütləqdir. Onun "düz müstəvidə çəkdiyi əyri xətti" hamı düz görməlidir. Çünki Allaha daş atmaq olar, müdirə yox, Allah göydə və uzaqda, müdir isə yerdə və yaxındadır.

Yazıçı görkəmli alim, müdrik ağsaqqal Surxay Sanballa direktoru qarşılaşdırır. Bir iclasda direktor təhqirə yol verir. Təhqir cavabsız qalır. Yalnız Surxay bu təhqirə dözə bilmir, rəhbərin cavabını verir, ancaq "dostları" səslərini onun səsinə qatmırlar. Öz təhlükəsizliklərini təmin etmək xatirinə ondan uzaq gəzirlər. Gör-götür zəmanəsində çayçı Tağı da Surxay çayxanada olduğu müddətdə müştərilərinin azaldığını görüb qəti qərarını bildirir: Müdirə cavab qaytaran müştəriyə onun çayxanasında yer yoxdur və o, Surxayı "persona non-qrata" - arzuolunmaz şəxs elan edir. Günün reallığıdır. "Sınmış kart" hekayəsində eşqinə sadiq əsl Azərbaycan qadınının obrazı yaradılmışdır. A.P.Çexovun "İnsanda hər şey gözəl olmalıdır" kəlamı sanki elə Ayda xanım üçün deyilib. Tanrı onu həm zahiri gözəllik, həm də yüksək mənəviyyatla mükafatlandırıb. Ayda xanım jurnalistdir, iki övlad anasıdır. Həyat yoldaşı digər elmi müəssisədə çalışır. Ayda xanımın devizi: "Evdə lider bir olar. Bizim evin lideri bizim evin kişisidir".

Bu gözəl qadın alınmaz qaladır, qarasınca uçanlar çoxdur. "Aşiqlər" dəstəsinə işə yeni qəbul olunan Cabir də qoşulur. Yazıçı, Cabiri birtərəfli məhəbbətində təqsirləndirmir: "Məhəbbət hansı tərəfdən gəlir? Vədəsi, vaxtı varmı? Məhəbbət uyarlıq tanıyırmı? Bu suallara hələ də dəqiq cavab verən olmayıb".

Ərinə əbədi sadiq olan Ayda sədaqət rəmzidir. Ərinin ürəyi xəstədir. Cərrahi əməliyyata ehtiyacı var. Ayda sarsılıb. Əməliyyatın uğurla nəticələnməsi onun əvvəlki şuxluğunu özünə qaytarır.

Yazıçı bu saf qadının zəngin mənəvi aləmini daha qabarıq nəzərə çatdırmaq üçün maaş kartından bir vasitə kimi istifadə edir. Maaş verilən gün Ayda nigarandır. Səbəb əyilib əri Vasifin ayaqqabılarının bağını bağlayarkən xalatının cibindəki maaş kartınıın ikiyə bölünməsidir. Cabirin tənəsinə Ayda ərinin qulluğunda durmağı vəfa borcu saydığını bildirir. Onun mənə "əyilməyi imkan verməyənin qarşısında əyilmək nə qədər də xoşdur" deyimi digər qadınlar üçün də örnək olmalıdır.

Yazıçı "Dilbaz" hekayəsində əksər əsərlərində rast gəldiyimiz müdir-işçi münasibətlərini yenidən qabardır. Müəssisə rəhbəri Ədalət Səmənli işinin öhdəsindən gəlməyə çalışır. Amma hegemonluq hissi ona da yad deyil. Ənvər könüllü işə qol çəkməkdən imtina etdiyinə görə ona töhmət verir. Ənvər haqsız cəzaya dözməyib yuxarı təşkilatlara şikayət ərizəsi yazır. Nazir şikayətə reaksiya verir, vəziyyəti araşdırmaq üçün özü müəssisəyə gəlir. Bu məqamda oxucu buqələmun təbiətli, yaltaq, külək kimi hər tərəfə əsən şöbə müdiri İsbat Küləkliyevin maskalı təbiətini görür. Heç kəs rəhbər üçün sinəsini sipər etmək qabiliyyətində onu üstələyə bilməz. Məhz bu keyfiyyətlərinə görə "Dilbaz", "Dilavər" ləqəblərini qazanıb.

Müəssisə rəhbəri daha çox Küləkliyevin müdafiəsinə bel bağlayır. Bilmir ki, marığa yatıb məqam gözləyən bu tipin əsas məqsədi müdir kreslosunda əyləşməkdir. Nazirin gəlişi ilə əlaqədar müzakirədə Küləkliyevin maskası yırtılır, əsl xisləti üzə çıxır. Ədalət xarakterinə görə Küləkliyevin soyadını Kələkliyevlə əvəz edilməsini məsləhət bilir.

"Oxucu" sənədli povestində əsl ziyalı, sənətinin vurğuna, Qərib əsərlərinin fanatı, orta məktəb müəllimi mərhum Elxan müəllimin enişli-yoxuşlu, daşlı-kəsəkli həyat yolu səhifələnir.

"Şikayət" hekayəsində əli böyüklər ətəyində olan Elmidar müəllimin elm üçün heç bir əhəmiyyəti olmayan elmi əsərinin müzakirəsində tərif yağışı başlayır. Yalnız Çərkəz müəllimdə tərifi tənqidə çevirmək cəsarəti olur. Bunun nəticəsində Elmidar müəllimin təhqirlərinə məruz qalır. Öz şəxsiyyətini uca tutan Çərkəz müəllim təhqir edilməsi ilə bağlı polis rəisinə şikayət ərizəsi yazır. Ancaq ərizənin doğruluğuna sübut üçün şahidlər lazımdır. Şahidlərsə susur. Məhz kollektivlərdə işçilərin belə liberallığı, qorxaqlığı nəticəsində müəssisə rəhbərləri sağa-sola at çapırda bilirlər.

İnsanların idarə rəhbərlərinə inamı itib. Hansısa müdir müəyyən bir iş görmək müqabilində həm pulunu alır, həm də səni get-gələ salır. Bəzən də nə işini düzəldir, nə də pulunu qaytarır. Amma kommunal xərclər üçün hazırlanan dəmir qutu "bacarmadığı" pulu qəbul etmir. ("Vicdanlı dəmir qutu" hekayəsi).

Sağlam rəqabət "Bir gün" hekayəsinin əsas leytmotividir. İki mehriban qonşunun oğulları idmanla məşğuldurlar. Təsadüf elə gətirir ki, bu iki övlad mühüm yarışda bir-birinin rəqibinə çevrilməli olur. Ələkbər müəllimin oğlunun qalib gəlməsini məğlubun atası Yunis kişi şəninə sığışdıra bilmir. Beləliklə, iki qonşu arasında soyuq yellər əsir.

Yazıçı iki qonşunun münasibəti timsalında Ələkbər müəllimin dili ilə bildirir ki, idmanda güzəştsizlik insanı mübarizləşdirdiyi üçün düşmənin meydanında məğlubiyyətini asanlaşdırır.

Sosializm cəmiyyətinin törətdiyi bəlalar, qorxu xoyu "Mauzer Məmməd" hekayəsinin əsas mövzusudur. Hadisələr Böyük Vətən müharibəsindən sonrakı dövrlərə təsadüf edir. Repressiya küləyi hələ də səngiməyib. Repressiyanın qorxulu kölgəsinin bariz nümunəsi kənd sovet sədri Mauzer Məmməddir. O, göstərişləri sözlə yox, güc vasitəsilə həyata keçirir. Sevdiyi kəlam "Əlim tətikdədir ha!.." hədəsidir. Ona mauzerini şəxsən Stalin özü bağışladığı üçün kəsdiyi başa sorğu-sual yoxdur.

Müəllif istehsalata göstərilən qayğının insanlara şamil edilmədiyini incə ştrixlərlə oxucuya çatdıra bilir. Səpin vaxtı Hətəm sevdiyi qızı qaçırmışdır. "İşin qızğın vaxtında sevgiyə yaşıl işıq yandırmaq olardımı?" Sevgi də mövsümi olmalı idi. Mauzerin vahiməsi tezliklə hər iki sevgini geri - istehsalata qaytarır. Hətta elə etmək lazım idi ki, analar uşaqlarını işin qızğın vaxtında - yazda, yayda yox, payızda, qışda dünyaya gətirsinlər. Tarlada ömrünü tapşıran Sənəm qarını gündüz dəfn etməyə Mauzer Məmməd icazə vermir. Axı adamları işdən ayırmaq olmazdı. Mərhumun gecə - çıraq işığında dəfninə icazə verilir. Hakimi-mütləq hətta Allaha da asi olur. Pambıq yığımı vaxtı yığımın davam etməsi üçün yağışı güllələməklə dayandırmaq istəyir.

Stalinin ölümündən sonra cəmiyyətdə yumşalma közərtiləri duyulur, bir az cəsarət dərmanı içilir. Kimsə anonim sədrdən Moskvaya kənd sovet sədri haqqında şikayət ərizəsi yazır. Ərizəyə reaksiya verilir. İvanov yoldaş Moskvadan kəndə ezam olunur. Ərizənin müzakirəsi zamanı Mauzerin səsi hələ qulaqlarından getməyən kənd əhli sədri tərifləmək üçün növbəyə düzülür. Yalnız gənc Fərrux sədrin əsl xislətini balabanda qandıra bilir. Təklif edir ki, "işgüzar" sədr yerində qalsın, amma kolxozçular başqa kəndə köçürülsün. İvanov belə qənaətə gəlir ki, kənd əhlinin ağılları olsa da, cəsarətləri yoxdur.

Əsərin sonunda yazıçı 1990-cı ilin qanlı 20 Yanvarını xatırladır və göstərir ki, hər öldürən qalib sayılmadığı kimi, hər ölən də məğlub hesab edilmir.

"Balaban" hekayəsində müdirin qərarına "veto" qoya biləcək Azad Həmkarlar Təşkilatı sədrinin işçilərin hüququnu qorumaq əvəzinə müdirin əlavəsinə çevrilməsi tənqid olunur.

İclas. Mövzu "İnsan əməyinin dəyərləndirilməsi". Əttökən çıxışlardan sonra bir nəfər görkəmli alimə qayğı göstərilməməsindən danışır. Başçının kinayəsi: "O necə məşhur alimdir ki, dünya onu tanıyır, ancaq mən tanımıram?". Təklif verənin replikası: "tanımaq üçün oxumaq lazımdır". Başçının daxili monoloqu: "Başçı oxusun, mütaliə etsin?.. Zalım oğlu mənə pislik etmək üçün ayrı silahın yox idimi?" ("Təklik" hekayəsi)

"Aman təklik əlindən" povesti nistəbən zəifdir, inandırıcılıq azdır. Gənclik dövründə ayrılan sevgililərin 75 yaşınadək subay qalmaları, yalnız bu yaşda bir-birlərinə qovuşmaları qeyri-real görünür. Povestdə həm də Qərib Mehdi qələminə xas olmayan uzun təfərrüatlar var. Əsəri yığcam bir hekayə şəklində də vermək olardı.

Qəribin publisistikasında da əsl vətəndaş mövqeyi, vətəndaş məsuliyyəti, vətəndaş harayı duyulur. O, Dağlıq Qarabağın işğalının əsl səbəbini açıqlaya bilir. "Silah-sürsat, dəstək Ağ ayıya, vuran əl erməniyə məxsus idi".

Müəllif göstərir ki, Kəlbəcər və onun timsalında digər rayonlarımız xonçada düşmənə təqdim edilməyib, igidlərimiz arxalı düşmənlə ölüm-dirim savaşı aparıb.

Qərib Mehdi erməni xislətini zərgər dəqiqliyi ilə belə səciyyələndirir: "Şərəfsizlik, qucaqdan-qucağa atılmaq, istənilən dəyirmanın alt daşı olmaq erməni həyat tərzinə məxsusdur".

Ustad sənətkarın dili lakonik, məzmunludur. Xalq deyim və ifadələrindən məqamında istifadə etməklə bərabər, özünün də bəzi ifadələri atalar sözü məqamındadır: "İnsanda ağıl, heyvanda hissiyyat güclüdür", "Müharibələr sülhlə, hadisələr pulla sonuclanır", "Çəpəri olmayan bağdan bar dərmək çətin məsələdir", "Hər əziyyətin içində bir sevinc tumurcuqlanıb", "Dilinə haram söz gəlməyən düzgün adamın gizlənməyə ehtiyacı yoxdur", "Ürək təcrübə sahəsi deyil" və s. kimi ifadələr fikrimizə sübutdur.

Qərib Mehdi əsərlərində oxucu bədii zövqlə yanaşı, həm də müəyyən adlarla əlaqədar düşünməyə, adın kimliyi haqqında məlumatını dərinləşdirməyə çalışır. Bu baxımdan "Savaş" kitabında toplanan əsərlər də müstəsna deyil. Kitabda Nəmruddan Çörçillə, Servantesdən Aytmatova, Nizamidən Aqil Abbasa, Dostoyevskidən Şoloxova qədər yüzdən artıq görkəmli elm və sənət adamlarının, dövlət xadimlərinin, görkəmli şəxsiyyətlərin adları məqamında xatırlanır.

Zənnimizcə Qərib Mehdi Azərbaycan nəsrinin sonuncu mogikanıdır. Təltifləri çoxdur. Bunları sadalamaq çox vaxt aparar. Nədənsə, əyalətdə yaşayan sənətkarlara qarşı müəyyən biganəlik var. Bakıdan kənarda yaşayan heç bir sənətkar "Xalq yazıçısı" və "Xalq şairi" adına layiq görülməyib. Axı Gəncə əyalət deyil. Nizami yurdudur, Respublikamızın ikinci böyük mədəniyyət mərkəzidir.

Yəqin ki, Qərib Mehdi "Xalq yazıçısı" adından kənarda qalmayacaq.

Ustad sənətkarın Fərdi Prezident təqaüdünə layiq görülməsi Qəribsevənlərin arzusudur. Qərib Mehdinin azı 10 cildlik seçilmiş əsərlərinin nəşri də vacibdir.

Üzündən uşaq təbəssümü əskik olmayan, asta addımlarla Gəncə şəhəri Abdulla Şaiq 14-dən 23 saylı avtobus dayanacağına gələn, həmin marşrutla geriyə qayıdan ustad sənətkarımıza cansağlığı, səbr, yeni-yeni yaradıcılıq uğurları diləyirik.

 

Fəxrəddin SALAHOV,

Füzuli RÜZİGAR

Ədalət.-2019.-9 fevral.-S.13.