AXİRƏTÇÜN
XEYİRXAHLIQ
BABƏLİ
DAVUD OĞLU MƏMMƏDOVUN ƏZİZ
XATİRƏSİNƏ
Inişil xəstələnmişdim. Təcili yardım göstərməyə həkim gəldi. Ilk müayinədən "beyinə qan sızıb" dedi. Iki ay yataqdan qalxa bilmədim. Arxada qalan illər yada düşürdü, tanıdığım işıqlı insanlar, taytuşlarım gözlərimin önündən keçirdi. Qəribədir, uşaqlıqda şahidi olduğum hadisələri ən kiçik təfsilatları ilə xatırlayırdım. Sanki o illərin şəklinə baxırdım. Təəssüflə düşünürdüm: gördüklərimi, eşitdiklərimi nə üçün indiyədək qələmə almamışam. Sağalanda təəssüratlarımı yazmağa söz verdim. Allah səsimi eşitdi, şəfa tapıb ayağa durdum...
Qədim Lerik kəndinin (indi şəhərdir) təməlini qoyanlara min rəhmət. Təbiətin ürəkaçan güşəsini seçiblər. Bir yanı meşəlikdir, bir yanı təpələr. Ayağından axan kiçik şəlaləli çayın suları sal daşları yuyur. Lerikdə hər fəslin öz gözəlliyi var. Qışa qalmış şimaldan əsən soyuq küləklər qar gətirir. Noyabrda Dilləvu təpəsindən qar yavaş-yavaş aşağı enir, sular buz bağlayır. Sağlam iqlimi, min dərdin dərmanı otları buranı uzunömürlülər məskəninə çevirib. Yazı güllü-çiçəkli, yayı sərin, payızı barlı-bərəkətli olur. Şair demişkən, "Allah da bəlkə elə cənnəti uyduranda Lerikdən danışırmış".
Lerik kəndində bir neçə tayfa olub. Adamları
mehriban, əmin-aman yaşayıblar. Saltak
bu tayfalardan biridir. Sələfləri ulu
babalardan yadigar qalan adət-ənənələri qoruyub
saxlayıblar. Onlar mərd, sözübütöv, halal adam olublar. Ötən əsrin
qırxıncı illərindən tayfanın başbilənləri
Babəli Məmmədovun, Məhərrəm İmaməliyevin,
Əbdülhüseyn Bədəlovun, Nüsrət əminin, Fərzi
kişinin, Ələkbər və Ağababa Şiriyev
qardaşlarının adları həmişə ehtiramla
çəkilib. Bu gün onların
ağsaqqallıq missiyasını övladları haqq-ədalətlə
davam etdirirlər.
***
Babəli Məmmədov 1908-ci ildə doğulmuşdu. Deyilənlərə
görə, atası Davud varlı-karlı kişilərdən
olub. Kərbəla ziyarətinə gedib.
Babəlidən sonra iki övladı Xudu və
Humayə dünyaya gəlib. Kərbəlayi
Davud övladlarının dolanacağı üçün əlindən
gələni eləyib. Bir gün də bu
dünyadan çox rahat köçüb. On yeddi yaşına çatan Babəli zəhmətin
şirinliyini dadıb. Məktəbdə həm
oxuyub, həm də fəhlə işləyib, çörək
pulu qazanıb. Diribaş, hazırcavab olub,
səmimiyyəti ilə taytuşlarından seçilib. Qardaşlıq borcunu canla-başla yerinə yetirib.
Əli çörəyə çatanı
qohum-əqrabanın qayğısına qalıb, imkanı
olanda kömək əlini uzadıb. Bayramlarda
qonşuların qapılarını birinci açıb,
gözaydınlığı verib.
Cavanlığında yaxşı atminən olub. Kəndləri
gəzib, yorğa kəhərləri seçib. Atların ucbatından başına maraqlı hadisələr
gəlib. Yaxın qohumlarından biri
danışır ki, Babəli Məmmədov otuzuncu illərin
əvvəlində rayonda "selpo" deyilən bir təşkilatın
müdiri işləyib. Günlərin
birində Qosmalian kəndinə gedib. Sovetliyin
ərazisindəki mağazalardan pulları qəbul edib sənədləşdirib,
dəri çantasına yığıb. Rayon
mərkəzinə yola düşüb. Nisli
körpüsünü azca keçmiş səs eşidib:
- Dayan,
atı saxla!
Arxaya çevrilib, dağın döşündə
silahlı dəstə görüb. Bir nəfər aşağı enib,
amiranə soruşub:
-
Çantanda nə var?
- Yola
çörək götürmüşəm.
- Atdan
düş, aparmalıyıq.
- Mən
atdan düşsəm də, heç kəsin
yaxınlaşıb üzəngiyə ayaq qoymağa cürəti
çatmaz.
Elə bu
an qaçaqlar onu dövrəyə
alırlar. Bir qədər yaşlı kişi
sakitcə söhbətə qoşulub:
- Mən
qaçaq Əbdülhəsənəm. Biz evin
damında gizlənib bacadan səni güdürdük. Çantadakı pul da filan qədərdir (məbləğini
dəqiq deyir). Bizə pul gərək
deyil, sənin atını görmək istəyirdik.
Kişinin gərək belə atı ola.
Sür get, yolun xətasız olsun!...
Babəli Məmmədov 1939-cu ildən rayon maliyyə
şöbəsinin müdiri işləyir. Bu, məsuliyyətli
vəzifə idi. Dövlət tərəfindən
ayrılmış vəsaitin düzgün xərclənməsinə
ciddi nəzarət olunurdu. Müharibə
illərində maliyyə şöbəsi tərəfindən
ön cəbhədə vuruşan əsgərlərin ailələrinə
yardım edilir, toplanmış vergilər hesabına
maaşlar ödənilirdi. Babəli Məmmədov
büdcəni formalaşdırmaqdan ötrü özü kəndbəkənd
gəzir. O, müdirliyi dövründə rayon mərkəzinin
abadlaşması sahəsində çox iş görür. Qonşu Lənkəran və Astara rayonlarından
şam, akasiya tingləri aldırır, kiçik istirahət
parkı saldırır. Yayın isti
günlərində ağacların altında oturub nəfəs
dərənlər o insana dönə-dönə rəhmət
diləyirlər.
***
Lerikdə ilk minik maşını Babəli Məmmədovun
qismətinə düşür. Mindiyi səmənd kəhəri
satıb puluna "Moskviç" alır. Həm də
təzə ikimərtəbəli ev
tikdirir. Gözü götürməyənlər
Mərkəzi Komitəyə məktubu məktub dalınca yola
salırlar. Yoxlama komissiyası gəlir, sənədlər
araşdırılır, vəsaitin mənimsənilməsi
faktı təsdiq olunmur.
XATİRƏ. Təsadüf insanın həyatında
çox şeyi dəyişdirir. Yaxşı
yadımdadır, 1951-ci ilin qışında qar qurşağa
qədər qalxmışdı. Yollar buz
bağlamışdı. Həyətlərdə tək-tük
adam görünürdü. Belə
günlərin birində 3 kilometr yolu piyada gəldim. Lerikin Pekujə məhəlləsində kənd
sovetinə getdim. Ayda bir dəfə anamla
çox da böyük olmayan binaya gəlir, onun əmək
haqqını alıb cədvələ imza edirdim. Bu dəfə tək gəldim, pasportu təqdim elədim.
Hesabdar pulu verməkdən çəkindi.
Dil töksəm də, xeyri olmadı. Peşiman qayıdırdım. Hamama
çatanda (indi də bina durur) qarşıdan səliqə ilə
geyinmiş, əlində dəri çanta olan kişiyə
yol vermək üçün kənara çəkildim.
Ayaq saxlayıb soruşdu:
-
Oğul, hardan belə?
- Kənd
sovetinə getmişdim.
- Bu
qarda-çovğunda nə məqsədlə?
- Anam Cəngəmiran məktəbində işləyir. Özü gələ
bilmədi, maaşı almağa məni göndərdi. Hesabdar boş qaytardı.
- Gəl
dalımca, - deyə qolumdan yapışdı.
Kənd sovetinə çatıb qapını
açdı.
Hesabdar yanan peçin yanında ayaq üstə
dayanmışdı. Talışca
çox kəskin danışdı. Hesabdar
sakitcə dəmir seyfi açdı, pulu sayıb mənə
uzatdı. Sonra öyrəndim ki, bu xeyirxah
insan Babəli əmidir. Onu sonralar daha yaxından
tanıdım, xeyirxah işləri ilə tanış
oldum.
***
1952-ci ildə Babəli Məmmədovla rayon rəhbərliyi
arasında münasibətlər soyuyur. Ərizə
yazıb işdən çıxır. Əmanət
kassasının müdiri təyin edilir. Iki il bu müəssisədə
çalışmalı olur. Burada əhaliyə,
xüsusilə müharibə və əmək
veteranlarına, çoxuşaqlı analara xidmət göstərilirdi,
onlara çatan pensiya və müavinətlər aybay ödənilirdi.
Yaşlı nəslin nümayəndələri
danışırlar ki, Babəli əminin əmanət
kassasında işlədiyi dövrdə bir nəfər də
olsun narazı qalmayıb. Xeyirxahlığını
burada da davam etdirib. Kiməsə nimdaş
kostyumlarını verib, kiminsə cibinə pul salıb, ərzaq
alıb evinə göndərib.
Vaxtilə rayonda ən nüfuzlu təşkilatlardan biri
istehlak cəmiyyəti idi. Əhalini ərzaq və
sənaye malları ilə təmin eləyirdi. Istehlak cəmiyyətinin sədri birinci katibdən
sonra nüfuzlu vəzifə sayılırdı. Hər bir kənddə müəssisəi vardı.
Sədr seçilmək üçün dəridən-qabıqdan
çıxanlar az olmurdu. Ancaq
səmimiyyəti ilə seçilən Babəli Məmmədov
heç vaxt bu stola göz dikməmişdi. 1954-cü ildə rayon rəhbərliyi götür-qoydan
sonra onun razılığını alır. Payçılar namizədi bəyənib səs
verdilər. Həm də yaxşı bilirdilər ki, kişi tamahsız adamdı.
Babəli Məmmədov istehlak cəmiyyətində
ciddi intizam yaradır. Vəzifəli şəxslərin,
xüsusilə inzibati orqan işçilərinin anbarlardan
ayağını kəsir, məhsulları kəndlərə
əhalinin sayına görə göndərir. Malların öz qiymətinə satılmasına, vəsaitin
vaxtında dövlət bankına daxil olmasına nəzarəti
artırır. Əlbəttə, bu
özündən başqa heç kəsi tanımayan prokuror
Cəbrayılovu razı salmır, hər vasitə ilə Babəli
Məmmədov üçün nöqsan axtarmağa
çalışır. Sədr rayon partiya komitəsinin
plenumunda prokurorun iç üzünü açır, onun
stolunun dayağlarını laxladır.
1956-cı ildə rayonda məsul vəzifədə
çalışanların bir qrupu geridə qalan kolxozlara sədr
seçilir. Babəli Məmmədov da partiya komitəsinin qərarı
ilə Əliabad kəndindəki "Kommunizm" kolxozuna
göndərilir. Rayon partiya komitəsinin
katibi Aslan Hüseynov təsərrüfatdakı vəziyyət
barədə ona məlumat verir, çıxış
yolları barədə məsləhətləşir. Kolxozun kəndlərinə, mütəxəssislərinə
az-çox bələd olan Babəli Məmmədov geriliyi
aradan qaldırmaqdan ötrü təkliflərini söyləyir,
işlərin qaydasına düşəcəyi barədə
katibdə ümid yaradır.
Beş kəndi birləşdirən təsərrüfatda
qüvvələr səfərbərliyə alınır, əkinə
yararlı torpaqlara taxıl, paxlalı bitkilər səpilir,
yığımda texnikaya meydan verilir, itkilərin
qarşısı alınır. Heyvandarlıq təcrübəli
adamlara tapşırılır. Yem tədarükünə
diqqət artırılır. Daxili imkanlar hesabına
fermalarda binalar tikilir, burada çalışanların iş
şəraiti yaxşılaşdırılır. Birinci ilin nəticələri dönüşdən
xəbər verir. Növbəti illərdə
kolxoz geriliyin daşını atır. Babəli Məmmədovun
səhhəti ailəsindən uzaqda yaşamağa imkan
vermir...
***
1958-ci ildə Babəli Məmmədova rayonda kommunal
obyektlərin tikintisi ilə məşğul olan müəssisəyə
rəhbərlik tapşırılır. Müəssisə
həmçinin qəsəbə statusu almış rayon mərkəzində
yaşıllıqlar salır, evlərin su ilə təchiz
olunmasına da baxırdı. Xidmət
çoxsahəli olduğuna görə Babəli Məmmədovun
qayğılarını artırmışdı. Hər
bir iş nəzarəti altında, məsləhəti ilə
görülürdü. Kommunal evlərində təmir
işləri aparmaq üçün ayrıca briqada
yaradılmışdı. Inzibati
binaların işıqlandırılması sonralar bu müəssisənin
fəaliyyətinə daxil edildi, təsərrüfat hesabı
ilə işləməkçün ilk addımlar
atıldı.
Ahıl çağında Babəli əmi işsiz
dayana bilmirdi.
Bir müddət Lerik qəsəbəsində
çörək sexinin müdiri işlədi. Sonra rayon yol idarəsində müdirin müavini
oldu. Kəndara yolların təmirində məsləhət
verdi, işlərin keyfiyyətli
olmasına müvəffəq oldu.
Bütün çağırışlarda Lerik kənd
sovetinə (sonra qəsəbə sovetinə) deputat
seçildi. Uzun illərdən bəri qüsursuz fəaliyyəti
orden və medallara, Fəxri Fərmanlara layiq
görüldü. 1973-cü ildən yerli əhəmiyyətli
pensiya alırdı. Xeyriyyəçi kimi Lerikdən ali məktəblərdə, texnikumlarda təhsil
alan tələbələrə maddi yardım göstərirdi.
Evinin bir otağını uzaq kəndlərdən
gələn orta məktəbin yuxarı sinif şagirdləri
üçün ayırmışdı. Ildə
3-4 nəfər mənzildən, yataq dəstlərindən
pulsuz istifadə edirdi.
***
Babəli
Məmmədov Lerikə gələn ədəbiyyat və incəsənət
xadimlərini evinə dəvət edib stol
açırdı. Bu evdə kimlər
olmayıb? Müharibə illərində Lerikə üz
tutan Əliağa Vahid diyara həsr etdiyi qəzəlin ilk
misralarını Babəli əmiyə oxuyub
Könlüm
vurulub bir gülü-reyhanə Lerikdə,
Bülbül kimi gəldim yenə əfqanə Lerikdə.
Şair Novruz Gəncəli də bu evdə bir neçə
dəfə duz-çörək kəsib, şeirlərini
oxuyub.
Aşıq Pənah, aşıq Qurbanxan, aşıq Şakir
evdə qonaq olub saz çalıblar. Lənkəran
qarnizonunun rəisi general-mayor Nikolay Zaxarovic Qalay Babəli əmiyə
avtoqrafla şəklini bağışlayıb. Şəxsi arxivində minnətdarlıq məktubları,
ad günlərinə dəvətnamələr qorunub
saxlanılır.
***
El ağsaqqalı Babəli əmi Fatimə xalayla birgə ömür sürüblər. Yeganə övladları Rahim yadigar qalıb. Ali məktəbi bitirdikdən sonra Lerikdə müəllim işləyib, Arzu xanımla evlənib. Bakı şəhərində yaşayırlar, Babəli əminin dörd nəvəsini boya-başa çatdırırlar. Babalarının yurdunda xoşbəxt yaşasınlar, ocağını gur yandırsınlar.
Babəli Məmmədov 1981-ci il sentyabrın 9-da haqq dünyasına qovuşdu. Doğulduğu torpaq qoynuna aldı. Şərəfli ömür borcunu yaşadı, əməlisaleh insan kimi xeyirxah əməlləri yaddaşlarda , işıqlı xatirəsi qəlblərdə qaldı.
Həmzə Vəliməmmədov,
Əməkdar
jurnalist
Ədalət.-2019.-9
fevral.-S.12.