Alim-Maestro
Əməkdar incəsənət xadimi
Fəxrəddin Atayevin
fikrincə dirijor da idmançı kimi
həmişə formada qalmağı
bacarmalıdır
Dövlət Musiqili Teatrının səhnəsində məşq
gedir. Əməkdar incəsənət xadimləri Əli Usubovla Fəxrəddin Atayev gənc solistlərlə görkəmli
bəstəkar Rauf Hacıyevin "Qafqazlı
qardaşqızı" operettasının
partiyaları üzərində
çalışırlar. Tamaşanın quruluşçu rejissor Əli Usubov növbəti fasilə elan edir.
Biz isə öncədən
vədələşdiyimiz kimi, teatrın baş dirijoru, Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayevlə müsahibəyə
başlayırıq. Zamanımız o qədər də çox deyil, Maestronun bir azdan orkestrlə məşqi var, sonra baş müəllim kimi çalışdığı Milli Konservatoriyaya gedəcək. Üstəlik
AMEA-nın Folklor İnstitutuna da baş çəkməlidir,
üzərində çalışdığı
elmi işini tamamlamaq üzrədir. 47 yaşlı istedadlı
musiqiçi sənətdə
əldə etdiyi uğurları elm sahəsində
də təkrarlamaq istəyir.
- Azərbaycanda dirijorluq sənətindən söhbət
edəndə dərhal
böyük Niyazi yada düşür. Yəqin sizin də bu sənəti
seçməyinizdə Maestronun
təsiri olub...
- Təbii. Milli peşəkar dirijorluq
məktəbinin formalaşması
və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Maestronun özünəməxsus
jestləri, çox mükəmməl interpretasiya
bacarığı özündən
sonra bu sənətə gələn
bütün dirijorlara
təsir edib. Düzdür,
Niyazinin rəsmi heç bir tələbəsi olmayıb,
amma buna baxmayaraq dirijorlarımız
hamısı onu özünə müəllim
sayır, ondan bəhrələndiyini deyir.
Sənət müəllimlərim də, mən özüm də Niyazinin mənəvi tələbələri sayılırıq.
- Bu gün sənətdə bəlli bir mərtəbəyə yüksələn
Fəxrəddin Atayevin
sənət müəllimlərini
tanımaq yerinə düşər...
- Əvvəlcə Bakı
Musiqi Akademiyasında nəfəsli alətlər
orkestrinin dirijoru kimi bakalavr təhsili
almışam. Müdafiə Nazirliyinin Əlahiddə
Nümunəvi Hərbi
Orkestrinin rəhbəri,
general-mayor, Xalq artisti
Yusif Axundzadənin tələbəsi olmuşam.
Sonra təhsilimi Musiqi Akademiyasının magistraturasında
davam etdirdim və bu dəfə
Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovdan
dərs aldım.
Simfonik və opera dirijoru kimi uğur qazanmağımda Yalçın
müəllimin böyük
əməyi var. O, istedadlı
musiqiçi olmaqla yanaşı, həm də gözəl və qayğıkeş pedaqoqdur. 2003-cü ildə
Akademik Opera və Balet Teatrında görkəmli bəstəkarımız
Vasif Adıgözəlovun
"Natəvan" operası
hazırlananda Yalçın
müəllim tamaşanın
musiqi rəhbəri və baş dirijoru idi, mənə
tamaşada ikinci dirijor olmağı təklif etdi və ilk dəfə müəllimimlə eyni əsərdə birgə işlədik. Dövlət Musiqili Teatrına
gəlməyim də Yalçın müəllimin
təşəbbüsü ilə olub. Yalçın Adıgözəlov 2009-cu ildə bu teatrda
hazırlanan İmre Kalmanın "İddialı
qaraçı" tamaşasının
dirijoru idi və məni də ikinci dirijor kimi dəvət
etdi. 2011-ci ildə bu teatrın
səhnəsində Qoqolun
"Evlənmə" əsərinə
quruluş verildi.
Teatrımızın direktoru, Əməkdar
incəsənət xadimi,
sənətşünaslıq doktoru Əliqismət Lalayevin dəvəti ilə Yalçın müəllim tamaşanın
musiqi tərtibatçısı,
mən isə dirijoru oldum. "Evlənmə"nin taleyi uğurlu alındı və tamaşa Mədəniyyət
Nazirliyinin "Zirvə"
mükafatını qazandı.
Çox
sevinirəm ki, son illər ustadımla müxtəlif tamaşalarda
birgə çalışmaq
mənə nəsib olub, necə deyərlər, tələbəlik
illərində olduğu
kimi müəllimimin qarşısında bu gün də imtahan verirəm.
- Akademik Opera və Balet Teatrına, Musiqili Teatra gələn tamaşaçılar
tanış mənzərə ilə rastlaşırlar-tamaşa başlamazdan
öncə orkestrin musiqiçiləri alətləri
kökləyir. Bəs həmin
vaxt dirijor çıxışa necə
hazırlaşır. Şəxsən siz özünüz dirijor pultuna keçməzdən əvvəl
nə edirsiz?
- Tamaşa və ya konsertdən öncə dirijorun nələr etməsi ilə bağlı belə demək mümkünsə, konkret bir qayda yoxdur.
Müəyyən məşğələlər
var ki, mən
də hər tamaşadan əvvəl onlara əməl edirəm.
Bizim sənət
intellektlə bağlı
olsa da, burada əzələlərin
də müəyyən
önəmi var. Ona görə də dirijor da idmançı
kimidir, daim formada olmalıdır. Bədən, əllər və mimika dirijorluğu ifadə edən vasitələrdir, bunlarsız
mümkün deyil.
Ən əsası odur ki, dirijor orkestrin
önünə hazır
çıxmalıdır, əks
halda uğurlu işdən danışmağa
belə dəyməz.
Orkestrin önünə çıxan
dirijor beynində artıq son nöqtəni görməyi bacarmalıdır.
- Rəhbərlik etdiyiniz orkestrin səviyyəsi sizi qane edirmi?
- Əlbəttə razıyam,
orkestrimizdə gənc
və istedadlı musiqiçilər var. Yeri
gəlmişkən deyim
ki, son illər səviyyəli gənclərimiz
yetişir, özlərini
sübut etməyə
çalışırlar. Teatrımızın rəhbərliyi də belə gənc musiqiçilərə hər
cür şərait yaradır. Bu gün istedadlı musiqiçilər
yaxşı başa düşürlər ki, öz üzərlərində
yorulmadan çalışsalar,
özünü sübut
etməyi bacarsalar dünyanın hər bir yerində iş tapa bilərlər.
Çünki yaxşı
musiqiçiyə hər
yerdə ehtiyac var. Düzdür, xaricə köçən sənətkarlarımızın
yerini doldurmaq asan olmur, axı
musiqiçi yetişdirmək
1-2 günlük iş
deyil.
- Maestro, musiqiçinin istedadı,
yoxsa nizam-intizamı sizə görə daha önəmlidir?
- Motsart kimi dahi
bəstəkar heç
vaxt nizam-intizama əməl etməyib, və yaxud da
müasirimiz Yuri Başmet.
Amma dünyada heç kim
onların istedadsız
olduğunu iddia edə bilməz. Dünya şöhrəti qazanan Mstislav Rostropoviç isə həm böyük istedad sahibi idi, həm
də işinə həddindən artıq ciddi yanaşırdı.
Orkestr rəhbəri
kimi bu məsələyə
kompleks yanaşmağın
tərəfdarıyam. Yəni musiqiçinin
həm istedadı olmalıdır, həm də o, nizam-intizama əməl etməlidir, işinə tələbkar
yanaşmağı bacarmalıdır,
kollektivi çətin
durumda buraxmamalıdır.
15 ilə yaxındır
ki, həm də pedaqoji fəaliyyətlə məşğulam,
hər zaman orkestr üzvlərini də, tələbələrimi
də istedadlı və işinə məsuliyyətlə yanaşan
bir insan kimi görmək istəmişəm.
- Bir az da tamaşaçıların
məsuliyyətindən danışaq.
Tamaşanın gedişində eşidilən
telefon zəngləri pult arxasındakı dirijor kimi sizə
necə təsir edir?
- Arxamda hansısa tamaşaçının telefonla
danışdığını hiss edəndə əsəbiləşmirəm,
çünki əsəblərim
möhkəmdir. Amma işimizə
mane olduğu üçün
təbii ki, narahatlıq keçirirəm.
Nə etmək olar, təəssüf ki, dediyiniz mənzərə günümüzün reallığına
çevrilməkdədir.
- Bayaq "Qafqazlı qardaşqızı" tamaşasının
məşq idi, deyəsən yeni ifaçılar var?
- Yeni mövsüm başlayandan əvvəllər
repertuarımızda olan
tamaşalar üzərində
yenidən işləyirik,
yeni ifaçılar cəlb edirik. "Arşın mal alan",
"Mənim günahım",
"Amerikalı kürəkən"
atıq tamaşaçılara
təqdim olunub. İndi də "Qafqazlı qardaşqızı" üzərində
çalışırıq. İstəyimiz odur ki, tamaşalarımızın keyfiyyəti
daha da artsın.
Bu mövsüm təbii ki, yeni tamaşalar da hazırlanacaq.
- Masanızın üzərində təkcə not dəftərləri deyil, məqalələriniz toplanan qovluq da gördüm. Deyəsən elmi iş yazırsınız...
- Bayaq qeyd
etdiyim kimi, Milli Konservatoriyada müəllim
kimi çalışıram. Həm sənətdə,
həm də elmdə uğur
qazanmağı qarşıma məqsəd qoymuşam.
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün
yazdığım dissertasiyanı tamamlamışam.
"Göyçə aşıq məktəbinin
ifaçılıq xüsusiyyətləri"
mövzusundakı elmi işim
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasında müzakirə ediləcək.
Bu gün elmi rəhbərim folklorşünaslıq və
sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli
ilə görüşüb müəyyən
məsləhətləşmələr aparacam,
məsləhətlərini dinləyəcəm. Elmi işimin alimlər
arasında maraqla
qarşılanacağına əminəm. İstəyirəm ki, Azərbaycan elminə də müəyyən
töhfə verim.
Ədalət.-2019.-9 fevral.-S.10.