Əbülfət
MƏDƏTOĞLU: GÖRÜNƏN VƏ
GÖRÜNMƏYƏN GERÇƏKLİK
Sən məni məndən
yaxşı görürsən
Hələ köhnə kişilərin
zamanında belə bir fikir işlədilirdi ki,
"ömür bir karvan yoludur". Təbii ki,
bunu deyən kişilərin zamanında yolların sahibi
karvanlar imiş. Daha dəqiq
ifadə etsək, yollara iz salan, toz qoparan karvanlar imiş.
İndi həmin o karvanlar bir xatirəyə çevrilib, bir
nağıla çönüb və buradaca onu da əlavə
edim ki, həmin o karvanlar yaxşı insanlar və
yaxşı atlar kimi dünyanın xeyir-bərəkətini
də özü ilə aparıbdı. Sürət
əsri, elektrotexnika fontanı-püskürmələri
dünyanın dadını, duzunu qaçırıb. Və təndirə yapılan çörəyin, nə
bostandan dərilən tərəvəzin əvvəlki ətri,
dadı qalmayıb. Düşünə
bilərsiniz ki, yəqin biz insanların da damağının
dadı qaçıbdı. Buna şübhə etmirəm,
ola bilər. Axı indi
insanların nə boy-buxunu, nə cüssəsi, nə də
dizinin, qolunun gücü əvvəlki deyil. Bu yerdə adamları da qınamıram. Ona görə ki, ana südü
"malış" olub, ana laylası da zarafatla desəm,
"nu, poqodi". Və yaxud da analardan çox dayələrin
oxuduqları genimizə, soy kökümüzə yeddi ağac
uzaqdan gələn qeyri millətlərin sınıq-salxaq
şəkildə dilimizə çevrilmiş
nağılları...
Bəli,
belə böyüyən uşağın da qazancı ancaq
sürət ola bilər. Çünki
yedikləri kimyəvi məhsullardı. Əgər
yanılmıramsa, kimya elminin bir xüsusiyyəti də
reaksiyalar, hüceyrələrin parçalanıb
bölünməsi və s. və ilaxırdı. Deməli, kimyəvi reaksiyalar bizə sürət
verir, amma istiqamət göztərilmir. Hara
qaçacağımızı mənzilbaşına
çatanda bilirik. Bu məqamda unudulmaz
şairimiz Rəsul Rzanın bir misrasını xatırlatmaq
ürəyimdən keçir. Böyük şair
yazıb ki:
Adam var
ki,
tut
ayağından
at dalına
-
ağzı hara düşə, düşə...
Bəli, indi bütün bu dediklərimin
işığında məni daha çox çəkən
ömür yolunun ləngərləri, dolayları və bir də
bu ləngərli, dolaylı yolun sakinlərinin mənəvi
durumu, mənəvi məsuliyyəti, mənəvi kimliyidi. Əslinə
baxanda bu dediyim üç halın üçü də əslində
hər birimizin özündə formalaşır, daha dəqiq
desəm, formalaşmalıdır. Bu bir təbii
zərurət olsa da, bir çox hallarda həmin
üçlüyün bizdə tamlığını görə
bilmirik. Necə deyərlər, biri olanda
ikisi olmur, ikisi də olanda biri. Nəticədə
bir qüsur, bir kasadlıq, bir şikəstlik yaranır.
Bu şikəstlik də həyatımıza
zaman-zaman nüfuz edir. Nəticədə həyatımız
da qüsurlu olur, günümüz-güzəranımız
da, hətta sevgimiz də. Belə olan halda
suallardan qaçmaq mümkünsüz olur. Axı suallar
ədalətli və yerində verilmiş... Elə
qüsurlar da yerindədi, amma ədalətli deyil. Qüsurların yerində və ədalətsiz
olması isə dediyim o yolların karvansız qalmasından,
bizim meylimizi sürətə salmağımızdan
qaynaqlanır. Bu yerdə yenə yadıma böyük Cəfər
Cabbarlının bir misrası düşür:
- Öz cəzandı,
çək, Balaş!
Hə, öz cəzamız olan kökdən
uzaqlaşmaq, dəyərlərə laqeydlik,
başımıza min bir olay gətirir və bu olayların
davamlı olacağı da heç bir şübhəyə
yer qoymur. Nəticədə zərbələr də bizə,
xüsusilə ürəyimizə dəyir. Ürək
demişkən... Söz-sözü çəkir
və yadıma bir vaxtlar yazdığım "Ürəyimizə"
şeirim düşür. Yazmışdım ki:
Şəhər
yatır, işıqlar
Pərən-pərən,
dağınıq...
Ömrün
bax bu anında
İşıqlardan
yaxınıq -
Ürəyimizə...
Yuxu
görən uzaqda
Uzaq
görən yerində...
Həsədi
var bu anda
Göyün
də, lap yerin də -
Ürəyimizə...
Səs
işıqdan qaçaraq
Dua
çatdırır göyə...
Ay sanki
dil açaraq
Gülür,
xoşbəxtsiz! - deyə
Ürəyimizə...
Gecənin
bu çağında
Tanrım
da yerə ensin...
Kimin nə
var ağlında
Eşq
duası tək desin -
Ürəyimizə!..
***
Neçə gündür bir suala cavab, bir məsələyə
çözüm axtarıram. Əslinə baxsam bu məsələ
də, bu sual da konkret halda mənə heç bir isti-soyuqluq
yaşatmır. Yəni məsələ və
yaxud sual bütövlükdə bir ictimai məzmun kəsb
edir və insanın düşüncəsini,
dözümünü, kimliyini, əqidəsini və ətrafa
baxışını bir müstəvi üzərinə gətirir.
Sən də o müstəviyə, yəni müstəvinin
üzərində olana baxa-baxa düşünürsən:
- Bu nə
deməkdi? Və bununla nəyi göstərmək
iddiası qabardılır? Və
ümumiyyətlə, bunlara ehtiyac varmı?
Hə, bir oxucu olaraq siz də maraqlana bilərsiniz ki, bu
suallar nəyə işarədir, söhbət nədən
gedir? Mən çox da dərinliklərə sizi çəkmədən
elə özüm də alt qatlara enmədən birmənalı
şəkildə deyə bilərəm ki, söhbət
başqalarını avam, anlayışsız, türklər
demiş, gerizəkalı hesab etməkdən gedir. Olanı, olmuşu, baş verəni daldalamaq, onu nəyəsə
büküb başqa bir formaya salmaqla iz itirmək heç də
ağıllı, çoxbilmiş olmaq demək deyil. Onsuz da dədələr demiş, "xoruzun
quyruğu koldan görünür". Deməli,
özünə zəhmət vermək burda faydasızdı.
Düzü düz, olanı olduğu kimi demirsənsə,
susmaq daha yaxşıdı. Onda hər kəs
öz gördüyü kimi görər, öz
anladığı kimi düşünər. Və necə deyərlər, babal da səndən yan
keçib gedər, yəni günaha batmazsan.
Bax, elə mənim də baş verən olaylara,
danışılan sözlərə, yayılan bilgilərə
olan münasibətim də və onlardan doğan suallar da sonda
gəlib həmin o milli lətifələrimizdən birində
deyildiyi kimi, küftənin kələmə bükülüb
dolmaya çevrilməsinə bənzəyir. Burda məzmun
bir adda dəyişilir, bir də görüntüdə.
Yəni bütün halda söhbət
döyülmüş, çəkilmiş ətdən gedir.
Çox qəribə bir mənzərə yaranıb. Adamlar sanki
özlərini gizlətməkdən, öz içlərini
bükülü saxlamaqdan zövq alırlar. Amma unudurlar ki, bu özünü gizlətmə
etimadsızlığa, etinasızlığa,
soyuqqanlığa gətirib çıxarır. Nəticədə qarşılıqlı güvənc
azalır, ortaya düşən soyuqluq bütün vücudu
bürüyür və nəticədə də
özünü gizlətmə özündən uzaqlaşmaya
aparıb çıxarır. Belə bir halda da dərdin,
kədərin əli-qolu açılır, sürəti
artır və özündən, öz içindən
uzaqlaşdırdıqların sənin hayına
çatmır, sənə ən azı məsləhətçi
ola bilmir. Və...
Və mənim
də yadıma yenə özümün özümə
yazdığım misralar düşür:
Gör nə
qədər kədər var
Qalıb
ortada, ortada...
Dünyaları
olun dar -
Vallah,
orda da, ordada...
Oxşamaq
səbb alammır
Bir
ümidə calamır...
Heç belə
çabalamır -
Balıq torda da, torda da.
Düçünmə
ki, dadacaq
Siqar kimi
atacaq...
Tikan
üstə yatacaq -
Qəlbim
gorda da, gorda da...
Çöp
qoymadın dil altda
Şeh
üstədi, gül altda...
Xatirə
var kül altda -
Qalan qorda
da, qorda da...
***
Hər ötən gün özüylə birlikdə nələrisə
aparır və yaxud da nələrisə gətirir. Deməli, boşalan
dünyanın dolan tərəfi də, yəni
çıxışı olduğu kimi, girişi də var. Və
biz insanlar da bunu bilə-bilə əməllərimizdən
çəkinmirik, başqasının haqqını mənimsəmək,
başqasına quyu qazmaq, başqasının kədıərinə
qol götürüb oynamaq adi bir hala çevrilir bizim
üçün... Bu məqamda bizim necə, nə cür məxluq
olduğumuz da ortaya çıxır?!..
Bəli, bu təəssüf doğuran məqamı
ağıldan keçirməyin özü də əzabvericidi. Və mən
bu əzaba qatlaşıb ömrüm boyu
iştirakçısı olduğum, gözümün
önündə baş vermiş və yaxud da barəsindıə
eşitdiyim çox-çox halları, hadisələri
xatırlayıram. Ürəyimin necə göynədiyini
hiss edirəm. Və həmin anda ürəyimdə
sənin də göynədiyini, sənin də
sıxıldığını hiss edirəm. Həmin hissiyyat da məni məcbur edir ki,
özümə çəkilim, özümə
qayıdım... özümü öz günahlarımın
ayağından asım. Ən böyük günahım
olan sevginin önündə boynumda ağ kəfən
dayanım...
... Hər
bir yazısı ola bilsin ki, nəyisə təkrar
edirəm, nəyəsə yenidən qayıdıram. Bunu günaha yazmayın. Heç
qüsur da saymayın. Ona görə ki,
öncə təkrar yaddın ömrünü uzadır, sonra
da mən kimsəni deyil, özüm-özümü təkrarlayıram.
Deməli, sözün bütün mənalarında
mənim yazdıqlarım mənim yaşamımdı və mən
də göz önündəyəm. Odur
ki, göz önündə olanın gizlənməsi
uğursuz bir cəhddir mənə görə. Gec-tez bu gizlənənin pərdəsi qalxacaq və
kimin hardan çıxdığı bəlli olacaqdır.
Ramiz Rövşənin təbirincə desək, gecə
günəş doğsa, hər kəsin kimliyi gün
işığında görünəcək...
Hə, bütün olanlara rəğmən mən də
sözümü uzatmadan, eləcə olduğum və
göründüyüm kimi, qarşınızda və Onun
qarşısında dayanmışam. Dayandığım məqamda da sizə
də ona da üz tutub deyirəm:
- Yəqin
ki, bu mənzərə çoxunuza tanışdı. Elə Sən də bu mənzərəni göz
önünə gətirə bilərsən. Mənim
boynumdakı o iki arşınlıq ağ
parçanın nı demık olduğunu anlayarsan və
yadına düşər ki, bir vaxtlar sənə
yazmışdım və sən də oxuyub demişdin ki... Nə dediyini bəyan etmirəm, amma nə
yazdığımı yenidən dilə gətirirəm.
Səni
düşünürəm, indiki anda
Həyat
da, ömür də, hər an da sənsən...
Hələki
ayaqda dayanan canda -
Döyünən
ürək də, bir qan da sənsən...
Şəkillər
önündə xəyala dalıb
Gördüm
ki, arxada bir ömür qalıb...
Şair
ürəyimi ovcuna alıb -
Oxşayan
da sənsən, yaran da sənsən...
Mənim
üz tutduğum, qiblə saydığım
Nəfəsin
ömrümə nur tək yaydığım...
Bütün
aydınlardan daha aydınım -
Sevgimə
yaylaq da, aran da sənsən...
Nələr
düşünürəm tək Allah bilir
Mən nələr
çəkirəm tək, Allah bilir...
Nələr
çəkdirirsən çək, Allah bilir -
Mənim
and yerim də, Quran da sənsən...
Bəli, bu yazının mayasında mənim bir Allah bəndəsi
olaraq düşündüyüm bir məntiq və bir sual
dayanmışdı. O da bundan ibarətdir ki, biz İNSANıq. Bizi yaradan bizim ilkinliyimizlə yanaşı,
kimliyimizi də müəyyənləşdirib. Belə
olan halda yaxşılardan, yaxşılıqlardan, lap elə
özümüz-özümüzdən niyə
qaçırıq?
Əsrin adını sürət sözüylə şərəfləndirib
hara tələsirik belə? İlkinlərdən,
yəni yaranışda necə olublarsa, bu cür olanlardan
süni, peyvənd yollarla, qazandıqlarımızın əsl
mahiyyətində nələr dayanır? Bununla
nə demək istəyirik? Robort
Sofiyaları və daha nələri yaratmaq aramızdakı
manqurtlardan guya çoxmu fərqlənir? Ümumiyyətlə,
suallar çoxdu. Məntiq isə birdi.
O da şəxsən mənə deyir:
-
Özün ol, özün kimi ol!
Və mən də özümü,
özüm olanın sevdalısıyam. Sən bu sevdadan və
bu sevdalıdan hansı sürətlə istəsən də
qaça bilməzsən. Çünki məni sevdalı edən
mənim Tanrımdı. O Tanrının bir adı da
SEVGİDİR!
Əbülfət
MƏDƏTOĞLU
madatoglua@mail.ru
Ədalət.-2019.-9 fevral.-S.8.