"ÇIRPINIRDI QARA
DƏNİZ", 2018 VƏ "SAYAT NOVA"
BİR DAHA ERMƏNİ PLAGİATI
HAQQINDA
Ariz ABDULƏLİYEB,
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının aparıcı elmi
işçisi, "Ənənəvi musiqi və yeni
texnologiyalar" kafedrasının dosenti
Üzeyir Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyərinin
ideoloqu, müsəlman Şərqində ilk demoktatik
respublikanın Dövlət Himninin müəllifidir. Müasir,
müstəqil Azərbaycan Respublikasının dövlət
atributlarından olan Dövlət Himninin də müəllifi
məhz Üzeyir Hacıbəylidir. Erməni
musiqiçiləri tərəfindən Üzeyir Hacıbəylinin
yaratdığı əsərlərin "erməniləşdirilməsi"nin bir səbəbi də elə budur. Başqa
sözlə, Ü.Hacıbəylinin müəllifi olduğu əsərlərə,
melodiyalara qarşı müxtəlif vaxtlarda və müxtəlif
texnologiyalar ilə plagiatlıq edən erməni bəstəkarları,
musiqişünasları, ifaçıları, erməni musiqi
kollektivləri, erməni folklorşünasları, ermənipərəst
elektron mediası, əslində bu qeyri-humanist
davranışları, professional etikaya, mənəviyyata və
beynəlxalq müəllif hüquqları normalarına zidd əməlləri
ilə özlərinin daha iri maraq və məqsədlərinə
xidmət edirlər.
Bu, məkrli
və qərəzli məqsəd, ilk növbədə, Azərbaycan
klassik professional musiqisinin banisi, Azərbaycan milli bəstəkarlıq
məktəbinin, musiqi təhsilinin təməlçisi, ilk
notlu xalq çalğı alətlərinin, Dövlət
xorunun, Dövlət Mahnı və Rəqs
Ansamblınını təşkilatçısı, Azərbaycan
Dövlət Konservatoriyasının ilk azərbaycanlı
rektoru, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin və
müstəqil Azərbaycan Respublikasının Dövlət
Himninin müəllifi Üzeyir Hacıbəylinin - Azərbaycanın
sənət dahisinin yaradıcılığını, onun
bütövlükdə musiqi irsini aşağılamaqdan, barəsində
"plagiatçı bəstəkar" rəyi
formalaşdırmaqdan, yaradıcılığını,
şəxsiyyətini və dəyərini bilərəkdən
"ciddiyə almamaqdan" ibarətdir. Unutmaq olmaz ki,
Üzeyir Hacıbəylinin əsərlərinin və müəllifliyinin
saxtalaşdırlması, şübhə altına
salınması kimi qərəzli, məqsədli fəaliyyətlərini
uzun illərdir davam etdirən erməni musiqiçiləri, erməni
sənət və mədəniyyət nümayəndələri,
erməni ideoloqları bununla Azərbaycan musiqi incəsənətini
və xalq musiqisimizi də dəfələrlə öz
saxtakarlıqlarının hədəfinə alıblar.
Üzeyir
Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov,
Niyazi, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Səid
Rüstəmov, Tofiq Quliyev, Süleyman Ələsgərov,
Cahangir Cahangirov, Rauf Hacıyev, Arif Məlikov, Aqşin
Əlizadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Ramiz
Mirişli, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Kazımi,
Ələkbər Tağıyev və b. ermənilərin
musiqi plagiatlığına tuş gəliblər. Bu bəstəkarkarın
mahnıları, əsərləri və ya əsərlərindən
melodik parçalar ermənilər tərəfindən 100 ildən
çoxdur açıq-açığına
oğurlanır, erməniləşdirilərək ifa olunur,
notlar ilə, audio və video yayım vasitəri ilə,
İnternet saytları və konsertlər ilə "erməni
musiqisi" adı altında təbliğ edilir. Üstəlik erməni plagiatlığına və
saxtakarlığına məruz qalan yüzlərlə Azərbaycan
xalq rəqslərimiz, xalq mahnılarımız, rəng və
təsniflərimiz, şikəstələrimiz, aşıq
havalarımız da var.
Bütün bunlara baxmayaraq, indiyə qədər erməni
tərəfi bu qədər plagiatının birini də
boyununa almayıb və Azərbaycan xalqından bu və digər
şəkildə üzr istəməyib.
Artıq
bir addım qalıb Qara Qarayevin, Musa Mirzəyevin, Vasif
Adıgözəlovun, Tofiq Bakıxanovun, İsmayıl
Hacıbəyovun, Firəngiz Əlizadənin, Azər
Dadaşovun, Aydın Əzimovun, Sərdar Fərəcovun, Cəlal
Abbasovun, Səyavuş Kəriminin, Ceyhun Allahverdiyevin və b. əsərlərini
də qondarma erməni müəlliflərinin adı ilə nəşr
və ifa edib, bu bəstəkarları əks məntiqlə
"plagiatçı" kimi göstərsinlər. Əgər bu ədalətsiz, məsuliyyətsiz,
qeyri-humanist və etikasız davranışı Üzeyir
Hacıbəyli kimi sənət dahisinə qarşı on illərlə
ediblərsə, deməli, bundan sonra istənilən bəstəkarımıza
qarşı da asanlıqla edə bilərlər. Tarixin dərslərindən nəticə
çıxarmalıyıq.
Nəhayət, bu yönümdə Ü.Hacıbəyliyə
qarşı son məqsədyönlü-qərəzli
addımlardan biri də atıldı. Üzeyir Hacıbəylinin
bəstələdiyi məşhur
"Çırpınırdı Qara dəniz"
mahnısı 2019-cu ildə İnternet resurlarına Abraam Russo
adlı erməni müğənninin ifasında
"Kamança" adı ilə yerləşdirildi.
Bu xüsusda bir qədər də uydurma
"Kamança" mahnısı haqqında.
Üzeyir
Hacıbəylinin "Çırpınırdı Qara dəniz"
mahnısını erməni müğənniləri yalandan
XVIII əsrin şairi Sayat Novaya aid edərək,
"Kamança" adlı uydurulmuş mahnı kimi sovet
dönəmlərində də oxuyublar.
Mən qətiyyətlə
bildirirəm ki, bu mahnı Sayat Novanın bəstəsi deyil və
ola da bilməz. Sayat
Novanın yaradıcılığını Zaqafqaziya
xalqlarının arasında milli münaqişə vasitəsinə
və Azərbaycan musiqisinə qarşı təxribata
çevirmək hec cür bəraət qazana bilməz. Həm də bu mahnının Sayat Novaya məxsus
olmadığını sübut eləmək
üçün dərin nəzəri təhlillərə elə
də ehtiyac yoxdur. Əvvəla, XVIII əsrdə
yaşayan, erməni ədəbiyyatşünaslarının
yazdığı kimi, təhsili və savadı olmayan, əlyazılarında
çoxlu qramatik və orfoqrafik səhvlərə yol verən,
üstəlik də Azərbaycan musiqiçilərindən
kamança çalmağı öyrənən bu
şair-musiqiçi iki yüz il əvvəl (!) belə melodik
quruluşda və üslubda, belə melodik inkişaflı, bu
cür ritmik fiqurasiyalı instrumental girişə və
intermediyalara malik mahnı yarada bilməzdi. Bəli,
qətiyyən yarada bilməzdi. Mahnının lad-məqam
quruluşu da XVIII əsrin ənənəvi musiqi-melodiya
tiplərinə, lad məntiqinə uyğun deyil. Əgər
ermənilər S.Novanı qusan və aşıq kimi təqdim
edirlərsə, "Kamança" mahnısı XVIII əsrdə
Zaqafqaziyada təşəkkül tapan Azərbaycan aşıq
sənətinin havalarına da uyğun deyil. Bu mahnıda XVIII əsr üçün səciyyəvi
olan Şərq, Qafqaz musiqi üslubu və bu dövr
üçün tipik olan vokal, instrumental melodiya tərzi, ifa
manerası və musiqi forması yoxdur və deməli, onun
XVIII əsrdə yazılması tamamilə
mümkünsüzdür.
Bu
baxımdan, XX əsrdə yaşamış Üzeyir Hacıbəylinin
mahnı və melodiya üslubunu, konkret mahnısını
XVIII əsrdə yaşayıb-yaratmış S.Novanın
yaradıcılığına zorla yapışdırmaq ən
azı məsuliyyətsizlik, savadsızlıq, saxtakarlıq və
vicdansızlıqdır, həm də şairin özünə
qarşı hörmətsizliklidr.
Onu da nəzərə alaq, erməni
musiqişünası R.Atayanın "Erməni xalq
mahnısı" kitabında S.Novanın
mahnılarının həm XVIII əsr Tiflis ənənəvi
musiqisindən, həm də qusan və aşıq musiqisindən
qaynaqlandığı qeyd olunur. Amma
"Kamança" mahnısı üslub cəhətdən
bu ənənələrin də heç birinə uyğun
deyil. Mahnını dinlədikdə nisbətən
yaxın musiqi tarixinin məhsulu olduğu açıq
eşidilir. Bu həqiqətə baxmayaraq,
ermənilər sənətdə oğurluğa və yalana
könüllü gedirlər, çünki məqsədləri
var.
İkincisi, ermənilərin "Kamança" adı
ilə illərlə təqdim elədikləri mahnıya -
plagiata sovet donəmlərində Azərbaycan bəstəkarları,
müğənniləri, musiqişünasları tərəfindən,
nədənsə etiraz olunmayıb. Mahnının
Üzeyir Hacıbəyliyə məxsusluğu, onun erməni
musiqiçiləri tərəfindən plagiata məruz
qalması və ya "səhv olaraq mənimsənilməsi"
sovet illərində Azərbaycan Bəstəkarlar
İttifaqı, yaxud nüfuzlu bəstəkarlarımız tərəfindən
ədalətli həllini tapmayıb. Bu kimi
faktlara "sovet xalqlarının və mədəniyyətlərinin
dostluq və qardaşlıq münasibətləri" fonunda
məhəl belə qoyulmayıb. Odur ki,
"Çırpınırdı Qara dəniz"in təqdiminə
1990-2000-cı illərdən etibarən
başlamışıq. Onun son ən
yaxşı ifaçıları arasında Azərbaycan
muğənniləri Azərin, Araz Elsəs, Şəmistan
Əlizamanlı və bir çox Türkiyə müğənnilər
var.
"Çırpınırdı Qara dəniz"
mahnısının şəksiz müəllifi birmənalı
olaraq, Üzeyir Hacıbəylidir.
Dahi bəstəkarımızın
bu mahnını yazmasının konkret tarixi, səbəbi və
məqsədi var. Türkiyənin Qafqaz İslam Ordusunun Azərbaycan
əsgərləri ilə birlikdə paytaxt Gəncəni,
paytaxt Bakını, Qarabağı, Şamaxını,
Naxçıvanı, Dərbəndi, Qubanı,
Xaçmazı, Saylanı, Göyçayı, Ağsunu,
İsmayıllını və başqa bölgələrimizi
xalqımızın siyasi düşməni və cəlladı
S.Şaumyanın başçılıq etdiyi
daşnak-bolşevik hərbi dəstələrindən,
onların qarşıdakı işğal, terror,
soyqırım planlarından xilas etməsi Ü.Hacıbəyli
tərəfindən "Çırpınırdı Qara dəniz"
mahnısının yazılmasına səbəb olmuşdur. Bu mahnını məzmun və ideyasına görə
tarixi və siyasi mahnı kimi səciyyəndirmək olar.
Çünki konkret tarixi və siyasi hadisə
ilə bağlı olaraq, yazılmışdır. Belə
ki, Üzeyir Hacıbəyli bu mahnını Türkiyənin
Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi qəhrəmanlığına,
Türk əsgərinin Azərbaycanın azadlığı
uğrunda şəhidliyinə, xalqımızı
qarşıdakı erməni terrorlarından qurtarmasına
ithaf etmişdir.
Mahnı 2018 və 2019-cu ildə bir daha erməni plagiatçılığına
məruz qaldı. Niyə? Bu
mahnının Ermənistanda məhz "2018-ci ilin
mahnısı" seçilməsi təsadüfdürmü?
Xeyr, həmin plagiat faktına məruz qalanların heç
biri - mahnı da, Üzeyir bəyin müəllifliyi də,
mahnının Sayat Novanın adına yazılması da,
"2018-ci ilin mahnısı" kimi qiymətləndirilməsi
də ermənilərin sadəcə növbəti mədəniyyət
olayı və konsert layihəsi deyildir.
Bu plagiat faktı ilə bağlı bəzi təhlill və
nəticələrimizi oxucularla bölüşürük. İlk olaraq, 1918-ci ildə
mahnı ilə bağlı olan mahiyyətli hadisələrə
diqqət edək:
- 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin rəsmən
elan olunduğu ildir.
- 1918-ci il paytaxt Gəncənin, sonra paytaxt
Bakının və Azərbaycan müxtəlif bölgələrinin
erməni daşnaklarının terror və soyqırım məqsədlərindən,
əməllərindən xilas olunduğu ildir.
- 1918-ci il Üzeyir Hacıbəyli tərəfindən
"Çırpınırdı Qara dəniz"
mahnısının yazıldığı tarixdir.
1918-ci ildə bu hadisələrə görə
"Çırpınırdı Qara dəniz"
mahnısının yazılması ermənilərin
daşnak-bolşevik birliyinə və Azərbaycana
qarşı məqsədlərinə vurulan ideya-mənəvi
zərbə idi.
"Çırnırdı Qara dəniz"
mahnısı da, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət
Himni də Üzeyir Hacıbəyli tərəfindən
şair Əhməd Cavadın şeirlərinə bəstələnmişdir.
Bu
mahnı yazılandan sonra, təəəsüf ki, Azərbaycanda
az ifa olundu. Bunun da real siyasi
səbəbləri var idi. Çünki fərqli siyasətə
və ideologiyaya malik olan SSRİ adlı imperiya
yaranmışdı və Azərbaycan bütün
yaradıcı şəxsiyyətləri, sənət, elm, mədəniyyəti
irsi, milli-mədəni dəyərləri ilə birlikdə bu
"qırmızı imperiya"nın tərkibinə
daxil olan respublikalarından biri idi. Qara dənizin
bir hissəsi Türkiyənin və bir hissəsi SSRİ-nin sərhədlərinə
məxsus idi. "Çırpınırdı
Qara dəniz, baxıb Türkün bayrağına"
mahnısının - Türk İslam Ordusunun
xilaskarlığına, qəhrəmanlığına, şəhidliyinə
həsr olunmuş musiqinin səhnə, efir, konsert ifası
artıq mümkün deyildi. Çünki
tarix də, tarixə münasibət də, millətin gələcəyinə
yönələn siyasət də kökündən dəyişmişdi.
Artıq sovet xalqlarının dostluğu siyasəti
həyata keçirilirdi, "proletar mədəniyyəti və
incəsənəti" qurulurdu. Siyasi məramlı
mahnılar, rəqslər, şeirlər, romanlar, dramlar,
kitablar, operalar, kantatalar, oreatoriyalar, simfoniyalar, kamera əsərləri
yalnız və yalnız kolxozu, sənaye quruculuğunu,
pambığı, mazutu, komsomolu, nefti, taxılı, sovet
xalqını, əmək qəhrəmanlığını,
sovet qardaşlığını, şura hökumətini,
böyük rus xalqını, Lenini, Rusiyanı tərənnüm
etməli idi. Milli respublikarda yaradıcı
şəxslər dini, din adamlarını, milli
düşüncələri, "keçmişin
qalıqlarını", "feodal və burjuy ünsürlərini"
tənqid və ifşa etməli idilər. SSRİ-də Qara dəniz Türkün yox,
bolşevik partiyasının, sovet dövlətinin
bayrağına baxıb çırpına bilərdi.
Yaradıcı şəxsiyyətlərimizi, milli
ziyalılarımızı bu yeni siyasi və dövlət
quruculuğunun hər cür yalançı şər və
böhtanlarından, təxribatlarından, "içimizdə
düşmən" axtarışından, kütləvi
qığınından, repressiylardan, təhqir və təhdidlərdən,
siyasi qətliamlardan qorumaq lazım idi...
Bu mahnı yazıldığı ilk vaxtlardan Türkiyədə
maraq doğurdu, populyarlaşdı. Bir Türkiyəli həmkarımın
bildirdiyinə görə, Atatürk də bu mahnıdan təsirlənmiş,
onu dəfələrlə dinləmişdi. Sonradan qarşıdakı illərdə mahnı
xüsusilə milliyyətçi ziyalılar, sənətçilər
arasında, orduda rəğbət qazanmışdı. Mahnı o qədər populyarlaşmışdı
ki, müəllifinin kimliyi tədricən unudulmuşdu. Amma Üzeyir bəyin mahnısı Türkiyədə
və Avropada mühacirətlik yaşayan Azərbaycan siyasət
və mədəniyyət xadimlərinin də sevmlisi
mahnısı oldu. Onlar bir yerə
toplaşanda bu mahnını birlikdəŞ qürurla
oxuyurdular və mahnı müəllfinin Üzeyir bəy
olduğunu da bilirdilər.
Sonra nə
baş verdi? Necə oldu ki,
Üzeyr bəyin milli qürur və vətənpərvərliklə,
səmimi duyğu və sevgi ilə yazdığı bu
mahnı birdən-birə ermənilərin uydurduğu
"Kamança" mahnısına "çevrildi"?
Bu gün
bizlərdə haqlı etiraz, qəzəb, ədalətli rəy
yaradan bu acınacaqlı hadisənin öz tarixi var.
Ü.Hacıbəylinin "Çırpınırdı Qara
dəniz" mahnısının "Kamança" adı
ilə erməni musiqiçiləri tərəfindən
plagiata məruz qalması çox maraqlı tarixçəyə
malikdir. Bu tarix barədə
araşdırmamızı və əldə etdiyimiz bir
çox yeni faktları ayrıca məqalə kimi
qarşıdakı vaxtlarda oxuculara və musiqi ictimaiyyətinə
təqdim etmək fikrindəyəm.
Hələlik isə bu plagiatın əleyhinə
haqlı olaraq hərəkətə keçən, ədalətli
etiraz edən Azərbaycan oxucularına, Üzeyir bəy musiqisinin
pərəstişkarlarına, mütəxəssislərə
başqa bir mahiyyətli faktı açıqlaya bilərəm.
Ü.Hacıbəylinin
"Çırpınırdı Qara dəniz"
mahnısı niyə "Kamança" adı ilə Ermənistanda
məhz "2018-ci ilin mahnısı" elan olundu? Bunun səbəbini ən
azı 5 arqumentlə əsaslandıra bilərəm:
1. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyidir.
2. 2018-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən
"Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi və
respublika Prezidenti bu barədə rəsmi sərəncam
imsaladı.
3. 2018-ci
il - mahnının ithaf olunduğu Qafqaz İslam Ordusunun erməni
daşnaklarını darmadağın etməsinin, Gəncəni,
Bakını, Qarabağı, Naxçıvanı,
Şamaxını və bir çox bölgələrimizi,
bütövlükdə Azərbaycanı yeni erməni-daşnak
terrorundan və soyqırımından xilasının 100
illiyidir.
4. 2018-ci
il Üzeyir Hacıbəyli tərəfindən Türkiyənin
Qafqaz İslam Ordusuna, onun qəhrəman əsgərlərinə,
Nuru Paşanın igidliyinə, Türk əsgərinin şəhidliyinə,
Türk milli həmrəyliyinə ithaf olunan
"Çırpınırdı Qara dəniz"
mahnısının yazılmasının 100 illiyidir.
5. 2018-ci il Dağlıq Qarabağ Muxtar Vilayətində
ermənilər tərəfindən Azərbaycana qarşı əsassız
ərazi iddialarının, milli münaqişənin
başlanmasının 30-cu ildönümdür.
Bəs ermənilər bu yubiley tarixlərimizə necə
reaksiya verdilər? Göründüyü kimi, erməni tərəfi
onların tarixi, milli və siyasi kimliyini ifşa edən bu
yubileyləri Sayat Novanın müəllifliyinə
yazdıqları uydurma "Kamança" mahnısı ilə
"qeyd etdi".
Ü.Hacıbəylinin
"Çırpınırdı Qara dəniz"
mahnısının ermənilər tərəfindən
S.Novanın "Kamança" adı ilə
oxunmasını, mahnının Ermənistanda "2018-ci ilin
mahnısı" elan olunmasını Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinə, Türkiyənin Qafqaz
İslam Ordusu tərəfindən Azərbaycanın növbəti
erməni təxribatlarından, terror və soyqırım
planlarından xilasının 100 illiyinə, Üzeyir Hacıbəylinin
igid Türk əsgərinin qəhrəmanlığına və
şəhidliyinə ithaf etdiyi "Çırnırdı
Qara dəniz" mahnısının 100 illiyinə və
bütün bu hadisələrin əsl tarixi, siyasi mahiyyətinə
qarşı ermənilərin düşünülmüş
siyasi aksiyası və informasiya müharibəsi kimi qiymətləndirirəm.
Daha bir məsələ.
Hazırda
Rusiyada, Avropada və Amerikada "Sayat Nova" adlı
restoranlar şəbəkəsi fəaliyyət göstərir.
Moskada, Moskva ətrafı rayonlarda və
Rusiyanın iri şəhərlərində bu restoranlar şəbəkəsinin
fəaliyyəti var. Onu işlədən qrupa Bakı və
Qarabağ erməniləri də daxildir. "Sayat
Nova" restoranlar şəbəkəsi erməni iş
adamlarının beynəlxalq biznez layihəsidir.
"Sayat
Nova" restoranlar şəbəkəsi
"Çırpınırdı Qara dəniz"
mahnısının Sayat Novanın müəllifliyi ilə
"Kamança" adı altında məhz 2018-ci ildə -
mahnının 100 illiyində, işğalçı və
terrorçu erməni-daşnak hərbi dəstələrinin
məhv edilməsinin 100 illiyində, AXC-nin 100 illiyində,
DQMV-də qaldırılan etnik münaqişənin 30 illiyində
- yeni aranjimanla ifasını bir layihə kimi sifariş
vermiş və onu maliyyələşdirmişdir.
Mahnının Ermənistdanda məhz "2018-ci ilin
mahnısı" elan olunması da "Sayat Nova"
restoranlar şəbəkəsinin başında dayanan erməni
iş adamlarının siyasi sifarişi və maliyyət dəstəyi
ilə reallaşıb.
Yeri gəlmişkən,
Yerevanda Ermənistan, Rusiya və Fransa erməni iş
adamları tərəfindən 2017-ci ildə "Sayat Nova
Konyak Evi" yaradılıb. Bu, "brend
mal" istehsal və realizə edən böyük bir şirkətdir.
Niyə məhz 2017-ci ildə və niyə məhz
"Sayat Nova"?
Çünki
2017-ci il Sayat Novanın anadan
olmasının 305-ci ildönümüdür.
Elə isə niyə onlar saxta "Kamança" mahnısını 2017-ci ildə "Ermənistanın 2017-ci il mahnısı" elan etmədilər və bu məkrli layihəni məhz 2018-ci ildə həyata keçirdilər?
Çünki 2018-ci il ermənilərin tarixi, siyasi, milli məramlarına vurulan ifşaedici zərbənin 100-cü ildönümüdür. Bu tarixin isə Üzeyir Hacıbəylinin "Çırpınırdı Qara dəniz" mahnısına - müstəqillik tariximizin, müstəqil dövlətçilik uğrunda milli azadlıq mücadiləmizin, milli kimlik və qürurumuzun, tarixi Türk qüdrətimizin, Azərbaycan-Türkiyə qardaşlığının ayrılmas parçası, himni, musiqili tərənnümü olan bu sevimli mahnımıza və onun müəllifinə çox böyük aidiyyatı var.
Ədalət.-2019.-9 fevral.-S.5-6.