XOCALI ŞİKƏSTƏSİ

 (roman)

Ulduz Qasım

(əvvəli ötən saylarımızda)

 

Bu gün görəcəklərini sabaha qoyursan. İstədiklərinə deyəçəklərini başqa zamana buraxırsan. Birdən gözünü yumub-açırsan, görürsən ki, artıq gecdi. Çox gecdi. Heç nə eləmək mümkün deyil...

Bir axşam Həmid kişi yataqxanaya gəldi. Məryəmə şad xəbər gətirdi.

-Fərhad sağ-salamatdı.

Hamı bir ağızdan şükr etdi.

-Hardan bildiniz?

-Mənə vağzalda işləyən bir tanış adam xəbər verdi. Deyir bir ay, ay yarım bundan qabaq bu nişanda bir kişi Əli Bayramlı avtobusuna minib. Sonra həmin maşının şoferi ilə danışdım. Onu son dayanacağa qədər aparıb. Orda enib.

-Bəs, demədilər hara gedib?

Həmid kişi Vüsalın saçlarını sığalladı:

-Yox, bax, onu bilmirlər. Ancaq bunu söylədilər. İndi bilmək istəyirəm, ordan hara gedə bilər? Sizin oralarda qohum- əqrəbanız, yaxın tanışınız, dostunuz yoxdu?

-Yox. Heç eşitməmişəm ki, Fərhadgilin orda kimisə olsun.

-Dostu, institut yoldaşlarından bəlkə kimsə olub?

- Eşitməmişəm, Həmid müəllim.

-Düşünmək lazımdı. Oralarda ola bilər, yoxsa o tərəflərə, yəni, Qarabağa tərəf gedə bilər.

-...

-Mən uşaqlara tapşırdım, soruşub-soraqlasınlar, görək bir məlumat bilən var, ya yox.

-Allah sizdən razı olsun! Heç olmasa, sağ-salamat olduğunu öyrəndik. Çox şükr!

Məryəm elə bil canlandı. Mətbəxə keçib masaya çay, yemək gətirdi.

-Toyuq supu bişirmişəm. Siz Allah, üzürlü sayın. İşdən macal tapammıram ki, düz-əməlli yemək hazırlayım.

-Bu nə sözdü, qızım. Daha nə olacaq? Sox sağ ol. Mən çox sevirəm toyuq supunu. Elə bil ürəyimi oxumusan.

Həmid elə siftə gündən bu adi və kasıb evdə, Məryəmin yanında özünü öz evindəki qədər rahat hiss edirdi. Uşaqlarla söhbətləşmək, müəlliməni dinləmək bu yaşlı adamın qəlbinə əməllicə dinclik gətirirdi. Elə bil o, illərlə yaşadığı tənha həyatının əvəzini çıxarmaq istəyirdi. Hər dəfə bir bəhanəylə yataqxanaya gəlirdi. Altıncı günlər Məryəmin onun evinə təmizliyə gəlməsinə baxmayaraq, arada işdən sonra onlara baş çəkirdi. Düşünürdü ki, mənim də qızım tələf olmasaydı, bu yaşdaydı indi. Qəribəsi də bu idi ki, Məryəmi gördüyü ilk gündən müəlliməylə qızı arasında bir yaxınlığın olduğunu düşünürdü. Ha özünü danlayırdısa da bu fikri başından çıxara bilmirdi. Hətta, hərdən dua edirdi, bir gün Məryəm gəlib, "mən sənin qızınam", desin. Bu dəfə Həmid kişi Məryəmgildə olanda polis gəldi.

- Bir adam tapmışıq, - dedi,-ayaqları protezdi. Sizin dediklərinizə uyğun gəlir. Gərək morqa gələsiniz bizimlə.

Məryəmin az qala dili batdı. Cavab verə bilmədi. Hətta durduğu yerdən bir addım belə atmağa taqəti qalmadı. Həmid kişi ayağa qalxıb onun qolundan tutdu.

-Özünə gəl, qızım. O, yüzdə-yüz Fərhad deyil. O sağdı. Yaşayır.

Polis işçisi səsini qaldırdı:

-Siz kimsiniz belə danışırsınız arxayın-arxayın?

-Bunu sonra danışarıq, cavan oğlan. Niyə qorxudursunuz qadını? Elə tərzdə deyin ki, o da özünü itirməsin. Odun-alovun içindən çıxıb bu insanlar.

-Mənə öz işimi öyrətməyin, xahiş edirəm.

-İşinizi doğru-düzgün öyrənməlisiniz hələ.

-Polis işçisini təhqir etdiyiniz üçün sizi şöbəyə aparmalı olacam. Siz də müəllimə, gedin, 28-ci morqa, orada meyidi göstərəcəklər.

Həmid kişi üzünü polisə tutdu:

-Düşün qabağa, gedək. Əvvəlcə xanım meyidə baxsın, sonra sizinlə danışarıq.

-Mənə hədə-qorxu gəlirsiniz?

-Xeyir! Elə şey heç ağlıma da gəlməz. Sadəcə, əvvəlcə qadını intizarda qoymayaq. Onun hər saniyəsi stresidi. Bayaq dedim, bu insanlar dəhşətin içərisindən çıxıblar. Belə xəbərləri eşidəndə təkrar o anları yaşayırlar. Bunu bilmənizi istəyirəm.

-Mən də sizə dedim, mənə işimi öyrətməyin.

Məryəmin narahatlığını görən Həmid kişi polislə dəhlizə çıxdı:

-Qızım, əynini qalın geyin, soyuqdu. Bərk külək əsir. Uşaqlar, siz də rahat olun. Bir azdan ananızı gətirəcəm. Samir, uşaqlara nəzarət elə.

-Baş üstə, Həmid müəllim.

Morqa çatanda Məryəm ayaq üstə dura bilmir, tir-tir əsirdi. Bunu görən Həmid kişi dedi:

-Qızım, qoluma gir.

Məryəm fikirləşmədən onun qoluna girdi. Anladı ki, başqa cür ölüxanaya keçə bilməyəcək. Buna onun nə gücü çatacaq, nə də cəsarəti.

-Bax, özünü ələ al, mən sənə dedim, Fərhad sağdı.

Polis işçisi onları tələsdirdi.

-İçəri ancaq qadın keçə bilər. İkinci adama icazə yoxdu.

Həmid sakitcə ona yaxınlaşdı:

-Baxın, o qadın ayaq üstə dura bilmir. Gərək ona kömək edəm. İcazə verin içəri keçim. Sonra nə istəsəniz, edərsiniz.

-Buna icazə verə bilmərəm. Qanun var, qayda var.

Məryəmin dili güclə söz tuturdu:

-Həmid müəllim, mən birtəhər gedərəm. Siz özünüzü yormayın.

O dinmədi. Deyəsən Məryəm də onun sözlərindən sonra özündə güc tapmışdı. Polislə bərabər otağa girdi.

-Hazırsınızsa açım.

-Açın...

Məryəm əliylə üzünü örtdü.

- Baxa bilərsiniz.

Allahhh! - Məryam fəryad elədi. Üz çevirib ildırım sürətilə meyidxanadan çıxdı. Heç bilmədi Həmid müəllimi necə qucaqladı:

-O deyil, Fərhad sağdı, yaşayır, mən sizin dediyinizə inanıram. Qoy məni tərk eləsin, ona da razıyam, təki salamat olsun.

Yarpaq kimi əsən qadın qəfildən kökündən qopan ağac kimi səndirlədi. Həmid kişi onu qolları arasına aldı. Məryəm huşunu itirmişdi.

-Sizə dedim axı. Eşitmədiniz. Gör yazıq qadını nə hallara saldınız. Axı biz insanıq. Niyə bir-birimizin dərdinə qala bilmirik. Həkim çağırın. Burda həkimlər var. Tələsin, zəhmət olmasa.

Polis yaşlı bir qadın həkimlə qayıtdı. Həmid kişi Məryəmi qucağına alıb içəri apardı, çarpayıya uzandırdı. Həkim Məryəmə sakitləşdirici iynə vurdu.

-Çox həyəcanlanıb. Bir müddət yatacaq. Nə zaman ayılacağını deyə bilmərəm.

-Eybi yoxdu, doktor, ayılanacan duraram yanında.

-Nəyisiniz?

Həmid kişi fikirləşmədən dedi:

-Atası.

-Nəzərə alın ki, qızınız həddən artıq zəifdi. İndi də güclü stress keçirib. Gərək müalicə alsın.

-Siz narahat olmayın. Nə lazımsa, edərik.

Zəhmət olmasa adını, familyasını deyin, qeydiyyat vərəqini yazım.

O, Məryəmin familyasını bilmirdi. İndi nə desin. Gözü onun əl çantasına sataşdı. Pasport çantadaydı. Həmid kişi toxdadı. Pasportu açanda arasından şəkil düşdü. Şəkli yerdən qaldıranda gözünə inanmadı. Dönə-dönə baxdı. O idi, özü idi, şəkildəki. Keçmiş həyat yoldaşı. Bu Məryəmdə nə gəzirdi? Yoxsa... Dur, Həmid, neyləyirsən? Hardan bilirsən niyə bu şəkil onun çantasındadı. Dur, təlaşlanma. Bəlkə bir tanışıdı, bir qohumudu. Qoy oyansın hələ. Bir yolla soruşarsan.... O, təkrar gözünü silib şəkilə baxdı. Özündə olmadığını hiss etdi. Üzünü həkimə tutdu:

-Zəhmət olmasa, mənə də bir sakitləşdirici verin.

-Dilinizin altına qoyun.

-Sağ olun!

Məryəm özünə gələndə Həmid kişini başının üstündə gördü. Utandı. Qalxmaq istədi.

-Məni bağışlayın. Mənə nə oldu birdən-birə?

-Huşunu itirmişdin. Qorxma, ciddi bir şey yoxdu. Həkim elə indi getdi.

-Sizi də işinizdən, gücünüzdən elədim.

-Eybi yoxdu, qızım, təki canın sağ olsun, amma yaman qorxutdun ha, məni...

Məryəm nə deyəcəyini bilmədi. Nə qədər heysiz olsa da özünü toparlayıb ayağa qalxdı.

-İndi yaxşıyam, - dedi - gedək. Uşaqlar da yəqin qorxudan birtəhər olublar.

- Samir yanlarındadı. Yekə kişidi. Narahat olma.

Dəhlizdə gözləyən polis işçisi də ona dil-ağız elədi. Sonra da Həmid kişiyə döndü:

-Gərək mənimlə bölməyə gedəsiniz.

-Nə üçün?

-Məni təhqir etmisiniz.

-Al pasportumu bilgilərimi yaz. Səhər özüm gələrəm. Mən gərək müəlliməni evinə aparam. Onu belə halda tək buraxmaq olmaz. Həm də gecənin bu vaxtında. Elə deyilmi?

-Ancaq unutmayın. Səhər sizi gözləyəcəm bölmədə.

-Baş üstə!

Balacalar yatmışdılar. Aysellə Samir isə gözləyirdi. Məryəmi görən kimi ikisi də bir ağızdan soruşdular:

-Məryəm ana, nə oldu?

- Qorxmayın, mənim canlarım. Şükürlər olsun! O deyilmiş.

Aysel anasını qucaqladı.

-Allaha şükür, biz də burda ürəyimizi yedik.

-Hə, qızım, elə mən də. Sağ olsun Həmid müəllimi. Nə yaxşı ki, o vardı. Yoxsa, birtəhər olmuşdum.

Həmid kişi gedəndən sonra bacı-qardaş yatmaq üçün o biri otağa keçdilər.

Səhəri gün tezdən Gülzar gəldi. Fərhaddan xəbər olub-olmadığını soruşdu.

-Vallah, Sahib , mən də bu işə görə çox pis olduq. Bir aydan çoxdu gecə-gündüzünüz yoxdu...

-Sağ olun, çox razıyam sizdən.

-Əlimizdən də heç nə gəlmir.

-Neyləyə bilərsiniz? Biz özümüz nə etdik ki? Polisə xəbər vermişik. Axtarırlar.

-Müəmmalı işdi, vallah. Adamın hər işi qaydaya düşmüşdü. Xəstəxanada işə düzəlmişdi. Əhvalı da yaxşılaşmışdı. Niyə belə eləsin?

-İnanın, mənim də beynimi bu fikirlər yorur. Hər şey yolundaykən onun qəfil yoxa çıxmasını anlaya bilmirəm. Son vaxtlar lap yaxşılaşmışdı. Elə sevinirdim ki...

-Üzülməyin bir faydası yoxdu. Onsuz da yükünuz ağırdı.

-Elədi. Amma əhvalımı qaydasında saxlamaq əlimdə deyil. Başa düşürsünüz? Övladlarımdan sonra onu da itirsəm necə olaram? Çox ağırdı bu yükü daşımaq. Mənə çox ağırdı. Lap çox...

-Anlayıram. Düzünü desəm, anlamağa çalışıram. Ən azı körpələrə görə möhkəm olmalısınız. Bunların sizdən savayı kimsəsi yoxdu.

-Bilirəm. Elə mən də bunlara görə çabalayıram.

-Xahiş edirəm, Məryəm, bizim köməyimiz dəyəcək bir şey varsa, çəkinməyin.

- Sağ olun, Gülzar xanım, gəlib yoxladınız, bu bizə bəsdi.

Məryəm qonağa çay-çörək təklif elədi. Gülzar oturmadı. Uşağı anasının yanında qoyub gəldiyini, təcili gedəcəyini bildirdi.

O, gedəndən sonra Məryəm ertədən bişirdiyi xörəyi gətirdi, qazanı boşqablar düzülmüş masanın üstünə qoyub dedi:

-Bu gün iki saat dərsim var. Vaxta qalıb hələ, yeməyinizi verim, çıxaram. Aysel, qızım, sonra qardaşını yedirdərsən. Yeməyi hazırdı. Ağzını örtmüşəm ki, soymasın.

(ardı var)

Ədalət  2019.- 13 fevral.- S.6.