Qaraqoyunlu dövləti
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
XIV əsrin sonu - XV əsrin əvvəlləri Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası və bu uğurda mübarizəsi kimi tarixə daxil olmuşdur. Azərbaycanda Monqolların ağalığına son qoyulmuş, eyni zamanda Orta Asiyadan yeni təhdit Teymurilərin hücumları başlanmışdır. Bu gərgin dövrdə xalqımızın azadlığı, dövlətçilik ənənələrinin bərpası kimi ağır missiyanı Qaraqoyunlu tayfaları öz üzərlərinə götürmüşdür.
Qaraqoyunluların mənşəyi:
Tarixi qaynaqlardan məlum olur ki, bu tayfa (Qaraqoyunlu, həmçinin də Ağqoyunlu) birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub olub. Bu frazanın yaranması ilə bağlı müxtəlif fikirlər var. Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də xalacları "türk manənd" (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən-türkman" ifadəsi meydana çıxmışdır. Tarixçilər isə bu ifadənin yaranmasın başqa cür izah edirlər. V.V.Bartold bu barədə yazır: "Türkmən" bu söz XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklər "oğuz", ərəblər "quzz" mənasında işlətmişdir. "Türkmən" istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" və yaxud "türkmaniy-yun" şəklində xatırlanmışdır. "Türk manənd" ("Türkman") - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir. Mahmud Qaşğari yalnız oğuzlan deyil, qarluqların da özlərini "türkman" adlandırdığın qeyd edir. Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara "türkmən və ya türkman" deyilmişdir. Bu barədə V.V.Baritold yazır: "müsəlman oğuzlar həmçinin :::türkman" (türkmənlər) adlandırılmağa başlandılar. V.İ.Jirmunski qeyd edir: :::Türkmən" etnik istilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur. Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin məlumatlarına əsaslanmış və "türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir. Faruq Sümer də Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara "türkman" deyildiyini qəbul edir". Digər tərəfdən "türkman" sözünün hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyini göstərmişdir. Tarixi mənbələrdə oğuzların islamı qəbul etməsi X əsrə təsadüf edir ki, bu halda VIII əsr Çin ensiklopediyasında "Türkman" ifadəsinin işlənməsi yuxarıda qeyd edilən fikirlərlə ziddiyyət təşkil edir. Bu fakt hələ də aydınlaşdırılmamışdır. Bununla bərabər müasir tarixşünaslıqda "türkmən" sözü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi qəbul olunur. "Türkmən" istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. Müasir Azərbaycan dilində "tərəkəmə" kəlməsinin mövcud olması bununla əlaqələndirilir. Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən" adı ilə təqdim etmişdir.
Qaraqoyunluların oğuzların hansı boyuna mənsub olması ilə bağlı yekdil fikir yoxdur. Faruq Sumer XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olduğunu bildirir. Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu ilə Qaraqoyunluların nəsli qohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunu Qaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvə damğasına bənzəməsi ilə əsaslandırırlar.
Qaraqoyunluların Azərbaycanda məskunlaşması:
XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar təşkil etmişdir. Bu tarixə III (həmçinin sonuncu) türk axını kimi düşərək Azərbaycan xalqının formalaşmasını başa çatdıran hadisə hesab olunur. Bu axında Ağqoyunlu və Qaraqoyunlu tayfalarının da olduğu və həmin tayfaların Azərbaycana X-XI əsrlərdə məskunlaşması qeyd edilir. Türk dünyasının ən qədim epik abidələrindən biri sayılan "Kitabi-Dədəm Qorqud" eposuna diqqət yetirsək boylarda ağqoyunlu və qaraqoyunluların yaşam tərzinin tam əks etdirildiyini müşahidə edərik.
Nəzərə alsaq epos oğuzların islamiyyətdən öncəki, islamiyyətin ilk çağlarındakı və sonrakı dövrləri əhatə edir və bu hadisələrin mütləq əksəriyyəti Azərbaycan və Şərqi Anadoluda baş verir, ona demək olar oğuzlar (qaraqoyunlular və ağqoyunlular) Azərbaycanda III Türk axınından qabaq mövcud olublar. Görkəmli alimlərimiz Z.Bünyadov və O.Əfəndiyevin "ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar" fikri yuxarıda qeyd etdiklərimin dolayısı ilə doğru olması anlamına gəlir. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XI əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır. Bu versiyanı gücləndirəcək digər fakt isə türk tarixçisi F.Kırzıoğlunun qaraqoyunluların mənşəyini "Kitabi-Dədəm Qorqud" eposuna əsaslanaraq III əsrdə Şərqi Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirməsidir. Eyni zamanda VIII-IX yüzilliklərdə yaşamış Əbuməhəmməd Əbdülməlik ibn Hişam adlı ərəb tarixçisi Kitabül-tican fi mülük himyər (Himyər hökmdarları barədə taclar kitabı) adlı tarixi əsərində beşinci ərəb xəlifəsi I Müaviyə (661-680) ilə çağdaşı olan Übeyd ibn Şəriyyə əl-Cürhumi haqqında maraqlı yazı vermişdir.
Müaviyə söhbət əsnasında Übeydə müraciət edərək, Azərbaycan haqqında onu fikrini öyrənmək istəyərək deyir: "Sən allah, Azərbaycan haqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir?"
Übeyd ibn
Şəriyyə belə cavab verir: Ora türk
torpağıdır. Onlar oraya
cəmləşərək bir-biri ilə
qarışmış və təkmilləşmişlər.
(ardı gələn
sayımızda)
Ə.
MƏDƏTOĞLU
Ədalət 2019.- 13 fevral.-
S.7.