İSLAM SADIQ POEZİYASINDA VƏTƏN KƏDƏRİNİN İFADƏSİ

Nizami Tağısoy

Nədənsə mən əsil poeziya nümunələrinin sehrinə düşəndə yaddaşımın küncündə XX əsr rus poeziyasının novator nümayəndəsi Vladimir Mayakovskinin dediklərini xatırlamalı oluram. "Poeziya sənəti bilinməyən yerə səyahətdir". Burada mən heç də V.Mayakovskinin rus şeirində etdiyi novasiyalar, radikal və pozitiv dəyişikliklərlə bağlı fikir söyləməklə israrlı deyiləm. Lakin Onun dediklərinin haqqında danışacağımız şairə aidiyyatı vardır. İslam Sadığın yaradıcılığının bəzi konturlarına toxunmaq fikrindəyəm. Əlbəttə, bəhs etdiyim İslam Sadığın şeirləri əsrin poeziyada kəşfləri iddiasında olmasa da, onun yaradıcı potensialından gələn özünəxas bədii formadan istifadə, yazıb yaratdığı sosial mühit, onun istedadının xarakteri şairlə bağlı fikir söyləməyi gündəmə gətirir. İslam Sadığın yaradıcılıq nümunələri iki sosial-siyasi mühitin havasını, rənglərini canına çəkib, qanuna hopdurub. Yaşadığı epoxanın kataklizmlərini, insanlar arasında olan mənəvi-əxlaq münasibətlərini, sosial ədalətsizliyi, Vətənlə, xalqla, insanla bağlı qayğı və dərdlərini içində böyüdüb, onları öz arşını ilə ölçüb", oxuculara təqdim edib. İslam Sadığın neçə onilliklərdir ardıcıl yazdığının, bədii gedişlərinin üfüqlərindən və xətlərindən xəbərdaram.

Əlbəttə, şairin indiyə qədər ipə-sapa düzdüklərini təhlil etmək geniş və əhatəli araşdırmalar əsərlərinin müxtəlif tərəfləri ilə bağlı mükəmməl mənzərənin ortaya qoyulamasının tələb edir. Bunu nəzərə alaraq mən İslamın 2016-cı ildə "Ocağı közündən tanıyıram" (Bakı, Azərnəşr, 2016, 160 s.) kitabına daxil edilmiş poetik nümunələrlə bağlı mülahizələr bildirmək fikrindəyəm. İslam poetik fikrini (elmi-nəzəri mülahizələrini də) sistemli, ardıcıl və çin-çin oxuculara çeşidli çatdırmaqdan həzz alan söz sərraflarındandır. Əksər şeirlərini hecada qələmə alan İslam bu kitabda maraqlı rubriklarla qarşımızda dayanır. Rubrikaların özünün belə poetik biçimdə ortaya gəlməsi İslam Sadığın sözə sadiqliyinin göstəricisi təsirini bağışlayır. Bu rubrikalardan bir neçəsinin adını səsləndirmək bizə yetərincə aydın mənzərə verə bilər: "Yolunu azana ay işığıyam // Səsimi duyana çay işığıyam", "Ocağınkı odun köz alıncadı // Mənimki dilimdən söz alıncadı", "Səsini içinə salıb səsdilər // Susub səslərini niyə kəsdilər", "Qazmaqmı axtarır yad aş altından // Ya qaya çıxardır, ya daş altından" və s. Başlıqların strukturu, poetik biçimi maraqlı olduğu kimi, onlar şeirin maya və mahiyyətinə tabe etdirildikdə qeyri-adi, eyni zamanda uğurlu fikirlərin ortaya qoyulmasına şərait yaradır.

Birinci rubrikadakı şeirlərin mayasında, mətnin alt qatında valideyn, Vətən, torpaq, yurd sevgisi, etnik-milli, mədəni-mənəvi keçmişə hörmət, torpaq niskili, torpaq yarası, millət sevgisinin maştabı fərdidən milliliyə qədər uzanıb gedir:

 

Tale bir cüt qoşa zərdi, bilinməz,

Altı üzdən beşi sirdi, bilinməz.

Dərdindən ölənin dərdi bilinməz,

De görüm dərdini açımmı, Vətən?!

Gəlib budağına qonub sarı indi,

Bu qədər incitməz yarı yar indi,

Mənim səndən əziz kimim var indi,

Atammı, anammı, bacımmı, Vətən?!

 

Elə zənn edirəm ki, nümunə gətirdiyimiz parçalar İslam Sadıq üçün Vətənin nə olduğunu qeyd-şərtsiz açıq-aydın sübut edir. Şairin daxili iztirabları, içinin hıçqırtısı hər bəndin sonuncu misrasında daha təsirli effekt yaradır. Şair sanki həmin sualları özünə yox, hər bir oxucusuna verir və sanki Vətənlə oxucunu mükaliməyə çağırır.

Napoleon Bonapartın belə bir fikri vardı: "Vətənə məhəbbət - sivil insanın ən mühüm ləyaqət göstəricisidir". Perifraz edərək demək istəyirəm ki, şeirində Vətən İslam Sadığın fərdi, şəxsi, ictimai düşüncəsinin ləyaqət kodu kimi özünü göstərməkdədir. Vətən İslam Sadıq üçün heç də Tovuzun Samanlıq kəndi, ətraf bölgələr, Qarabağ, Şirvan, Şəki, Muğan və s. deyil, Vətən otaylı, butaylı Azərbaycandır.

Amma bu Vətənin, bu torpağın bəlaları da özündən çox-çox böyükdür. Və İslam Sadıq da müşahidəli təfəkkür sahibi kimi bütün bunları yaxşı görür. Yəqin "Yaralı torpağım, yaralı könlüm" şeirinin də düzümə gəlməsi şairin bu hissləri yaşaması ilə bağlı olub:

 

İçimiz od tutub, duyanımız yox,

Bir içim suya da qiyanımız yox.

Bircə arxamız yox, hayanımız yox,

Yaralı torpağım,

Yaralı könlüm !

 

Yadların başımda gəzdiyi bəsdi,

Bağrının başını əzdiyi bəsdi.

Bu qədər dərd-sərə dözdüyün bəsdi,

Yaralı torpağım,

Yaralı könlüm!

İslam Sadığın bu şerini oxuyarkən yadıma ABŞ-nın ən humanist və reformator prezidentlərindən olan Con Kennedinin maraqlı aforistik ifadəsi düşdü. "Ölkənin sənin üçün nə etdiyini soruşma, öz ölkən üçün nə edə bilmisən onu de". İslam Sadığın da şeirindən təxminən belə bir nəticə ortaya çıxır. "Torpaq" dedim gözlərim önündə qədim türk xalq inanclarında onunla yanaşı həyatın su, hava və odla bərabər bu dörd ünsürlə bağlı olduğu canlandı. Torpaq həm də həyatın müxtəlif tərəflərinin və onun yüzlərlə susmuş mənzərələrinin, peyzajının, portretinin, görünüşünün fikrimizdə özünə yer almasıdır.

İslam Sadıq taleyimizə yazılmış bəlalarda və faciələrdə ölkənin hər bir vətəndaşını, cəmiyyətin hər bir üzvünü suçlayır. Bu baxımdan müəllifin "A şair" rədifli əsəri kifayət qədər ibrətamizdir:

 

Soyuq çadırlarda yesir deyilmi

Ömründən, günündən küsür, deyilmi?!

Düşmənin əlində əsir deyilmi

Qohumun, qardaşın, atan, a şair.

"Şöhrət" ordenindən utan, a şair.

 

... Bir zaman deyərdin canım Qarabağ,

Şöhrətim Qarabağ, şanım Qarabağ.

Şöhrət yaxandadı,

Hanı Qarabağ ?!

Kimdi bu torpağı satan, a şair

"Şöhrət" ordenindən utan , a şair.

 

İslam Sadığın bu poetik nümunələrində şairlik heç də öz deklarativ və nominativ xarakteri ilə ortada deyil. Onunçün "şair" və "vətəndaş" leksik baxımdan kök sözlər olmasa da, aralarında eynilik, oxşarlıq daha çox hiss olunandır.

Burada Vətən, Qarabağ, torpaq obrazı ilə şair vətəndaş arasında simbiozluqdan daha çox uçurum olması göz önündədir. "A şair"də İslam Sadıq vahid, bitkin poetik formadan istifadə etməklə, şairi öz torpağından, xalqından, elindən, obasından qopuq kimi təsvir edir. Əlbəttə, ədəbi dairələrdə bu şeirə münasibət bəlkə də kifayət qədər ziddiyyətli ola bilər. lakin mövcud durumumuzun halının, vəziyyətinin də belə olduğu nəzərdən qaçırılmamalıdır. Şairin doğma torpağın taleyi ilə bağlı düşüncələri onun mövzunu dərki üçün əsaslar verir. Daha doğrusu, müəllifin fikirləri dünyadan kənarda qalıb, perik düşmür, əksinə dünyanın özünün içində boy verib böyüyür. Mənə elə gəlir ki, "A şair" şeiri yuxarıda adını çəkdiyimiz kitabın əvvəlki səhifələrinə təsadüf etsə də, bu nümunə bütünlükdə bu nəşrin leytmotivi kimi nəzərdən keçirilə bilər. Burada İslam Sadığın poetik nəfəsi, qayəsi qeyri-adi gücü ilə fərqlənən orkestri xatırladır.

Bu şeir müəllifin dövrlə bağlı bütün ağrı-acılarını yığmaqla, nəinki İslamın müraciət etdiyi şairin, həm də vətəndaşın ümumbəşəri əzablarını əks etdirir. İslam Sadıq torpağın dərdini uğurlu metaforik ifadələrlə oxucunun qulağına pıçıldamaqdan daha çox üsyankarlıqla çatdırmağa meyillidir. Şeirin heç bir misrasında hər hansı bir sentimentallıq görmürük, əksinə burada vətənpərvərlik hissinin xüsusi əks-sədasının ilğımı içində vətən hissi daşıyanların sir-sifətini qarsır. "A şair" şeirində İslam Sadıq doğma torpağın dərdindən danışma nəinki mənəvi, həm də fiziki səviyyədə hiss olunur. Çünki torpaq bizim şəxsiyyətimizin, mənliyimizin danılmaz hissəsidir, axı bizim hamımız dünyamızı dəyişdikdən sonra canımız həmin torpağın ağuşuna tapşırılacaqdır.

Böyük rus liriki Sergey Yesenin necəsə demişdi ki, "Mən doğma torpağın kədərini daşıyanam". İslam Sadıq da öz içini doğma vətənin kədərçisinə, qüssə daşıyanına "hədiyyə" edibdi. İslam Sadıq poeziyası, belə demək mümkünsə, bütün rəngi, çaları və xüsusiyyətləri ilə öz yaşadığı epoxasına bağlı olmaqla, dövrün problemləri ilə xeyli baxımdan əlaqədədir. İslam Sadıqda özündən kənarlaşma sanki yenidən özünə qayıdışdır. İslam hər şeydə, hər yerdə tamlıq və harmoniya axtarışında olur. Onun lirik düşüncəsində təzə tərlik, təbiilik, insan hissinin zənginliyi, sözlərlə oyun qurmasının başqa aləmi var. İslam Sadıq hal-əhval şairidir. O, varlığın bütün tərəflərinə, mənzərələrinə öz bucağından baxmağı bacaran şairdir. Onun qələmə aldıqlarından əzab, kədər, ağrı-acı elə bil şairin içindən baş qaldırıb adamın üstünə gəlir.

İslam Sadığın şeirlərindən gətirdiyimiz fraqmentar parçalar onun hansı və necə hisslər daşıyıcısı olduğunun görümlü mənzərəsini yaradır. İslam bəziləri kimi yazdıqlarını gözə soxub özünə ucuz reputasiya qazananlardan, imic formalaşdıranlardan deyil. Lakin yazdıqlarının ləngəri, deyim tərzi, fikri yoğurmaq bacarığı göz önündədir. O, heç populyar ictimai fikir yaratmağı da qarşıya məqsəd qoymur. Lakin poeziyasının ictimai motiv və obrazları onun varlıqla bağlı, Vətən dərdi ilə bağlı yazdıqlarını oxucuya qaytara bilmə bacarığını ustalıqla düzənləyir.

İslam Sadığın şeirləri ölçü baxımından kifayət qədər lakonik olmaqla, onların mühüm və dərin ideyası hər hansı verilmiş bir bənddə öz təsir qüvvəsini əks etdirə bilir: Bunu "Adamın saxtası" şeirindən yaxşı görmək olur:

 

Səhərin sazağı,

Günortanın odu,

Axşamın şaxtası.

Hava kimi gündə

Üç dəfə dəyişir

Adamın saxtası.

 

Bu nümunədə özünəməxsus bədii kontrastların köməyi ilə ifadə yığcamlığı və məna məzmununun qloballığı və hədəfə tuşlanması bir arada olub uğurlu fikir yükü ilə seçilir. İslam Sadıq lirikasının lakonikliyi özünü müxtəsər aforistik ifadələrdə, fəlsəfi mühakimələrdə, həyatın, insanın, vətənin hər hansı bir anının canlandırılmasında göstərir. İslam Sadıq şeirlərindəki lakonizm, ilk növbədə, onunla bağlı olur ki, o, ətraf aləmi, mənəvi münasibətləri heç də bütün hallarda ətraflı təsvir etmir, detal vasitəsi ilə verdiyi obrazı kiçiyin köməyi ilə iri planda təsvir etməyə müvəffəq olur.

İslam Sadığın yaradıcılığı ilə bağlı panoramlı fikir bildirməyə məni onun "Ulduz" jurnalının (№ 12, 2017-ci il) səhifələrində yer almış nümunələr sövq etmişdir.

Yeri gəlmişkən bildirim ki, İslam Sadıq nəinki "Ulduz", "Ədəbiyyat qəzeti", "Azərbaycan" jurnalı, həm də digər çoxsaylı dövrü mətbuat orqanları ilə yaxından əməkdaşlıq edib, poetik düzümlərini oxuculara tez-tez hədiyyə edən şairlərimizdəndir. Onun şeirlərinin struktur-kompozisiya, ideya-məzmun palitrasına nəzər saldıqda müəllifin yaradıcı ruhunun mifologiya, tarix, folklor, aşıq yaradıcılığı, xalq şeiri ilə sıx bağlılığını görmək mümkündür. Bizcə, bu, heç də təsadüfi deyil. Çünki İslam Sadıq şeirdən mifologiyaya, epik və etnik təfəkkürə, folklora, tarixin dolanbaclarına, fəlsəfi-psixoloji ovqata, ədəbiyyatın meyar və ölçülərinə, oradan da şeirə qayıdış etməklə, öz deyim, duyum damarının orijinallığını yarada bilib. İslam Sadığın təfəkkür tərzi əcdadlarımızın ruhuna bələnibdir. O, türklərin geneologiyasını tarixi, mifoloji, psixoloji, fəlsəfi, folklor düşüncəsini, dilin alt qatlarındakı leksik-semantik laylarını təbəqə-təbəqə, qat-qat qaldıraraq, türk izini, baxışını, mənəvi dünyasını əbəs yerə özünün

"Şumerdə izim var" monoqrafiyasında çözələməyib, İslam əski türk fikrinin semantik strukturunu poeziyada da uğurla yoğura bilib. Dayanıb durmadan böyük zəhməti hesabına yüksək- filologiya üzrə elmlər doktoru rütbəsinə yiyələnib. İslam Sadığın poeziyası özü və ruhu kimi milliliklə nəfəs alır. Ona görə də həmişə olduğu kimi, bu dəfə də "Ulduz"da təqdim etdiyi şeirlərdən də millilik ruhumuzla bir araya gəlib hisslərimizə sığal çəkir, bizi maraqlı bir dünyanın sakininə çevirir. Onun "Xan ağlayır", "Mən, sən...", "Bizik, biz", "Deyil","Gülür", "Bu gecə yağışlar yudumu görən", "Söznən başımı qatıram" kimi qoşmalarının hər birinin öz rəngi, öz ilməsi var. İslam Sadıq sözü istədiyi qiyafəyə, istədiyi libasa salır, söz onun təsəvvüründə mum kimi, yay kimidir: sıxılır, bükülür, dartılır, nə bilim, min bir hala düşür. Sözün istənilən modifikasiyaya salınması İslam üçün olduqca rahatdır. Hər söz, ifadə, ibarə İslam üçün Koroğlunun dəliləri kimidir. İslam komanda verdi, onlar da şairin qarşısında "səf-səf", vüqarla düzülür. Amma İslam öz "söz dəliləri", sözlərlə güclə danışmır, onlarla onun qarşılıqlı ülfəti, ünsiyyəti, səmimiyyəti var. İslamın şeirlərinə kalamburlar, təkrirlər, məcazlar da xüsusi rəng qatır. Lakin onlar nə gözü, nə də qulağı yormur. İslam sözdən elə söz tutur ki, onun mayası da milliliklə yoğrulur. Belə rəvan, yapışqanlı ifadə imkanları nümayiş etdirmək nadir poetik fikir sahiblərinə qismət olur:

 

Mənə nələr demir o qaş, o qabaq,

Dərd sini-sinidi, qəm tabaq-tabaq.

Öldürəndən qabaq, öləndən qabaq

Öldürəndə gülür, öləndə gülür.

 

yaxud "Bizik, biz" şeirindəki cinaslara nəzər salaq:

 

Bu körpünü yelli-yelli ötənnər,

Nə bilirlər qalan nədi, itən nə?

Vətən eşqi ürəyində bitənnər

Barmaq bizik, üzük bizik, qızıl biz!

 

İslam Sadıq dilimizin leksik fondunda çoxdan yuva salmış ifadələri (qərəz, mərəz, sini, tabaq, nökər, arşın, xurcun, yelli-yelli, kilid, köz, çara və s.) nə qədər yerli yerində uğurla işlətməyi bacarırsa, onlar oxucu düşüncəsində o qədər də atalar sözü, zərbi-məsəl assosiasiyası yaradır:

 

Məndə sən olanda,

Səndə mən olanda,

Xurcunun sağ gözü,

Solla tən olacaq.

Onda ikimizdən

Bir vətən olacaq!

 

İslam Sadığın "Ulduz"da təqdim olunmuş şeirlərindən Azərbaycanımızın rəngləri sanki gözümüz qarşısında dayanır. İslam müəllimin milliliyi ilə azərbaycançılığı sanki onun bütün əsərlərinin çöhrəsinə hopur.

İslam Sadıq üçün vətən çoxçalarlı semantikası ilə özünü əks etdirir.Vətən onun üçün heç də yaxınları, qohum-əqrabaları deyil, Vətən onun içini, qəlbini, düşüncəsini, hisslərini riqqətə gətirən, onun insanları, təbiəti, tarixi, qəlbinə rahatlıq gətirən, içini balanslaşdıran, xalqının zəngin keçmişinə, bugününə, sabahına bağlayan bağdır. Mərd və istedadlı insanların özünü vətən naminə qurban verməsidir. Vətən insanın harada olmasından asılı olmayaraq, onun daim can atdığı məkandır. Vətən İslam Sadığın ürəyinin özəyidir. Buna görə də o, Vətəni olduğu yox, ola biləcəyi qədər əzəmətli görüb, onu öyməkdən usanmır.

Ədalət  2019.- 13 fevral.- S.7.