Alimsayağı sual
Azad Müzəffərli
(hekayə)
Bir qrup istedadlı şagirdi akademiyaya dəvət eləmişdilər. Məqsəd onları elm yoluna kökləmək idi. Alimlərlə görüş məktəblilərdə zəngin təəssürat doğurmuşdu. Onlar akademiklərin çıxışlarına hayıl-mayıl qalmışdılar. Bəzilərinin çöhrəsindən artıq bəlliydi; elmin zirvələrinə yetmək üçün ilk dəfə uçmağa hazırlaşan bala quşlar təkin qanad çalmaqdaydılar.
Növbə sual-cavaba yetişdi. Bu dəfə alimlər şagirdlərin bir-birindən kəsərli, maraqlı suallarına heyran qalmışdılar. Bircəcik sualdan başqa bütün digər suallar cavablandırıldı.
- Böyüdülərək çərçivəyə salınan istənilən şəkilin önündə dayanın - fərq etməz, bu, dünyasını dəyişənlərin və ya sağ olanların şəkilidir. Portretdəki şəxsin şəkil çəkdirərkən başını və gözlərini hansı istiqamətə yönəltməsindən asılı olmayaraq, siz hansı tərəfdən ona tamaşa etsəniz, o, mütlıq qaydada başını sizə sarı çevirəcək və gözlərini də sizə zilləmiş olacaq. Lap divarın dibinə sıxılsanız belə yenə də portertdəki kəsin başı və gözləri həmişə tam dəqiqiliyi ilə sizi izləyəcək. Maraqlıdır, cansız şəkildəki insanın kəlləsi və gözləri əks istiqamətə necə dönür?!
Alimlərin arasına dərin sükut çökmüşdü. Bu gözlənilməz sualın qarşısında susmaqdaydılar. Nəhayət, alimlərdən ən diribaşı həmin sualı elə şagirdin özünə yönləndirdi:
- Bəs, sən özün necə, bu sualın cavabını bilirsənmi?
- Təəssüf, hələki yox. Amma çalışacam ki, alim olana qədər həmin sualın cavabını tapım.
Ədalət 2019.- 19 fevral.- S.7.