XOCALI ŞİKƏSTƏSİ

 (roman)

Ulduz Qasım

(əvvəli ötən saylarımızda)

 

Dilarə susurdu. Yadına bir neçə gün bundan əvvəl doktorla etdiyi söhbəti saldı. "Doğrudan da onun mənimlə evlənməyə ehtiyacı yoxdu. Tanımıram-bilmirəm də barı. Bəxtiyar yaxşı ailədə böyüyüb. Tərbiyəli, başı aşağadı. Məni qoruyar. Sahib çıxarlar mənə ailəsiylə. Bu yaşıma qədər tək-tənha oturmuşam. Səməndər dayı da elə mənə ata kimi olub. Hamıdan qoruyub. Kimliyindən asılı olmayaraq cavablarını verib.Təmiz niyətli insanlardı. Doktor haqlıdı. Sağ olsun yenə. Mənə həqiqəti dedi. Sən demə düzgün adamlar hələ də var dünyada. İşi avand gəlsin. Allah köməyi olsun!". Dilarənin dinmədiyini görən Gövhər arvad sözə qarışdı.

-Bax, qızım, səni məcbur etmirik. Deyirik sənin də bir ailən olsun. Tək başına necə illərdi bir damın altındasan. Yenə yanında bacından-qardaşından olsa, başqa məsələ. Nə deyim, balaca deyilsən ha. Hər şeyi yaxşı başa düşürsən. Bəxtiyarı da azdan-çoxdan tanıyırsan. Böyüklə böyükdü, kiçiklə kiçik. Sənə qarşı da meyli var. Öz övladımdı deyə, tərifləmirəm. Eşitməmiş olmazsan, bir kənddə yaşayırıq, burda hamı bir-birinin xasiyyətini bilir, bir pisliyi olsaydı, çoxdan eşitmişdin.

Dilarə utandığından bilmirdi nə desin. "Kaş qarşımda atadan-anadan bir böyüyüm olaydı! Məni bu vəziyyətdən çıxardardılar, yazıqlar da elə dil tökürlər ki, elə bil, şahın qızına elçi gəliblər, qarımış bir qıza deyil. Hələ mən bir qurban kəsim ki, Bəxtiyar kimi bir oğlan məni bəyənir. Varım yox, deyəm ona gül olub, vəzifəm yox, deyəm ona susuyub. Özündən də neçə yaş böyüyəm. Dinib-deməyib valideyinlərinə ki, nəyimə lazımdı o yurdda qalmış mənim. Məndə də az yoxdu. Başımı qaldırıb üzlərinə belə baxmıram. Bu da Səməndər dayının etdikləri yaxşılıqların əvəzidi? Gövhər xala hələ danışırdı. Onun danışığına Səməndər dayı son qoydu:

-Ay Gövhər, çox deməyin nə adı var? Qoy qız da düşünsün-daşınsın. Bazardan alma almırıq ha. Gedək, qızımız bir yolla xəbər göndərər bizə.

Dilarə elə bil yuxudan ayıldı. Başını qaldırmadan dedi:

-Səməndər dayı, zəhmət çəkməyin. Mənim sizə əziyyət verməyə haqqım yoxdu. Kaş mənim sizin kimi ya bir atam olaydı, ya da əmidən, dayıdan bir sahiblənənim. Ömrü boyu sizə minnətdaram. Səməndər kişiyə elə gəldi ki, qız razı deyil, ona görə dil-ağız edir. Öz-özünə dedi: "Xeyrlisi nəsə, Allah onu versin! Nə etmək olar. Bu könül məsələsidi". Ancaq Dilarənin cavabı onu çaşdırdı:

-Mənim bu kənddə böyüyüm sizsiniz. Nə haqqımdı ki, sözünüzü yerə salam, o qədər yaxşılıqlardan sonra? Sağ olun ki, məni sizin kimi ailə özünə gəlin istəyir. Bağışlayın, qarşınızda belə danışıram. Amma bilirsiniz, bir kimsəm yoxdu. Ona görə buna məcburam.

Gövhər arvad qızı qucaqladı.

-Ay sənin dilinə qurban olum! Sən də sağ ol ki, bizim sözümüzü yerə salmırsan, ağıllı balam.

-Mən kiməm, sözünüzü yerə salam?!

Səməndər kişi də sevincək oldu.

-Dilarə, qızım, sənin çox gözəl ürəyin var. Qəlbin də özün kimi gözəldi.

-Düz deyir Səməndər dayın. İndi məsləhətləşək, görək toyu nə zaman edirik. Qoy Bəxtiyarla da danışaq. Yəqin yazda, İnşallah. Sağlıq olsun.

-Siz necə istəsəniz, elə olsun.

-Hörmətin artıq olsun, bala!

Gövhər arvad təkrar Dilarəni qucaqladı.

-Şükür Allaha, indi mənim həm qızım, həm də gəlinim var. Xoşbəxt olun!

Səməndər kişi əlini göyə qaldırdı:

-Amin, ya Rəbbim. Balalarım xoşbəxt olsunlar! Hələlik sağlıqla qal. Səhər gələrik təkrar.

-Siz də sağlıqla gedin.

Onları yola saldıqdan sonra Dilarə anasının şəklinin qarşısına keçdi. Göz yaşlarını saxlaya bilmədi:

-Bu günləri görmədin, ana. Ailə həyati qururam. Sözünü eşitmədim vaxtında. Məndən nigaran getdin. Rahat ol indi. Görürsən, ərə gedirəm. Həmişə özün deyirdin Səməndər kişi yaxşı adamdı. Gövhər arvad da. Kaş yanımda olaydın. Gəlinlik geydiyimi görəydin. Məsləhət verəydin. Saçlarıma bircə kərə əlini çəkəydin. Onda elə bilərdim cənnətdəyəm.

Göz yaşlarını sildi, - yox, bu gün ağlamaram. Şad günümdü bu gün. Söz vermişəm özümə, ağlamayağam.

Bəxtiyar da Fərhadla elə bu məsələni dartışırdı:

-Yox, doktor, razı olmaz Dilarə. Onu bilirsiniz necə oğlanlar istəyib. Hamısını geri çevirib. Çox qürurludu.

Fərhad ona ürək-dirək verirdi:

-Canını sıxma, qardaş, nə olub ki? Dilarə ağıllı qızdı. Bir qəşəng "hə" deyər.

Onların başı söhbətə necə qarışmışdısa, Səməndər kişinin gəldiyini hiss etməmişdilər.

-Salam, ay uşaqlar...

Hər ikisi ayağa qalxdı və bir ağızdan onun salamını aldılar.

-Görürəm, söhbətiniz yaman şirindi.

Bir-birinin üzünə baxdılar.

-Heç soruşmursuz necə oldu məsələ?

Bəxtiyar başını aşağı saldı. Fərhad soruşdu:

-Necə oldu, Səməndər dayı?

-Necə olacaq. Allaha qurban olum, razı oldu qız. Səhər qalan məsələləri danışmağa gedəcəyik.

Bəxtiyar sevincək olsa da, başını qaldırmadı. Atasından utandı. Fərhad onu yüngülcə dürtmələdi.

-Təbriklər, qardaş! Allah bir yastıqda qocaltsın! Necə sevindiyimi bilməzsən. Çox ağıllı qızdı Dilarə. Düz qərar verməyi bacarır, deməli.

Bəxtiyar güclə eşidiləçək səslə dedi:

-Sağ ol, qardaş.

-Qonaqlıq nə zamandı?

Səməndər kişi oğlundan əvvəl diləndi:

-Sənə hər şey qurbandı, oğul. İstədiyin zaman de, ürəyin nə istəyir hazırladım.

-Bəxtiyar, oğlum, evə get, ananın sənə sözü var.

-Çox gözəl övlad yetişdirmisiniz, maşallah. Qızıl kimi oğlandı.

-Sağ ol, ay oğul, nə bilim. Çox gec evləndim. Başqa övladımız olmadı.

-Biri min budaq olsun!

-Amin!

-Qapı döyüldü.

-Gəlin.

Səməndər kişi ayağa qalxdı:

-Mən də gedim. Sənə mane olmayım, işində ol.

-Nə danışırsınız, oturun. Hər kimdisə, yola salıb söhbətimizi davam etdirərik.

-Yox, yox. Gedim. Səhər inşallah Dilarəyə razılıq üçün getməliyik. Görüm komandir nə deyir. Bilirsən, belə işlərdə əmri onlar verirlər.

Gövhər xala oğluyla evin ağsaqqalını gözləyirdi. Səhərki plandan danışdılar. Şirniyyat, hədiyyələr hazır idi. Üzük də vardı. Gövhər arvad gənclikdən saxladığı qırmızı qaşlı üzüyü gəlinə aparmağa qərar vermişdi.

-Ay kişi, deyirəm bax, bunu aparaq. Sən nə fikirləşirsən?

Səməndər kişi xeyli fikirləşdi. Nələrisə xatırladı. Sonra həyat yoldaşına döndü:

-Doğrusu, mən belə, şeylərdə özün bilirsən, çox geridə qalıram, Bəxtiyar bilər. Onun başı çıxar belə şeylərdən. Gənclər daha irəli getmiş olurlar.

Üzünü oğluna çevirdi, onun utandığını görürdü. Ancaq özünü o yerə qoymadı:

-A bala, buna sən qərar verməlisən. Bu, sənin xeyir işindi. Biz daha qocalmışıq, çox şeylərdən başımız çıxmır. Uşaq deyilsən ha, irəli dur. Ananla açıq ol. Nə istədiyini, nə istəmədiyini ona de.

-Siz necə məsləhət görürsünüzsə, elə olsun. Sizin bəyəndiyinizi mən də bəyənirəm.

Dilarə hazırlıq görürdü. Anasının sandığını tökmüşdü. Nəyi götürəcəyini, nəyi qoyacağını götür-qoy edirdi. Ev-eşiyi səliqəyə salırdı. Sabah Bəxtiyar da gələcək. Həyəcanlanırdı. Onları necə qarşılayacaq, necə süfrə acacaq? Bəxtiyara necə müraciət edəcək? Hansı hissləri keçirəcək?

İşini-gücünü yekunlaşdırıb fikirlərlə gecə yarısı yatağına uzandı.

Oyananda hava işıqlanmışdı. Bəlkə yatıb qalıb? Saata baxdı. "Şükür Allaha! Elə bildim yatıb qalmışam". Mətbəxə keçdi.

Havadandı, tutduğu işdəndi, ailə intizarındandı, ya bəlkə canındakı yaraların təsirindəndi, hər nəsə, bu gecə də Fərhadın ağrıları dözülməz həddə çatmışdı. İndi də zorla yatağından qalxıb məntəqənin həyətinə çıxanda elə bildi ayaqlarının (olmayan ayaqlarının) hər birindən yalan olmasın on kiloluq daş asıblar.

Bayır ağappaq qara bələnmişdi. Dərindən nəfəs aldı. Sanki ecazkar çöllərin təmiz havasının cəmini ciyərlərinə çəkmək istəyirdi. Gözünün önündə keçmiş günləri canlanırdı. Budur, Məryəm qarşısında dayanıb. "Yuxu görürəm mən? Deməli, heç nə baş verməyib. Hamısı yuxuymuş. Sənə şükr, ay Allah! Məryəm sənsən? Bəs Fuad hanı? Pəri hardadı?" Fərhad irəli yeriyib qadına toxunmaq istədi.

-Neynirsən, a bala?

Qəribə xəyalat bir anda yox oldu. Fərhad sanki yuxudan ayıldı. Demək, qarabasmaymış.

-Yaxşısanmı, Fərhad? Gözümə birtəhər dəyirsən, oğul. Məryəm kimdi?

Fərhad udqundu:

-Heç, heç...

-Bəlkə qızdırman var, doxdur, sayıqlayırdın.

-Səməndər dayı, narahat olmayın, hər şey yaxşıdı. Gözümün önünə gəldi keçmişlər.

-Dərdin nə qədər çox da olsa, unutma ki, beş günlük dünyadı, oğul. Gəlmişdim səni də cağıram. Axı bu gün Bəxtiyarın "həsinə" gedirik. Dedim elə ələlbaş eləyib birdəfəlik nişanı da yola verək.

-Nə gözəl gündü. Qardaşımın bu xoş günündən qıraqda qalmaq günahdı.

Fərhad yol boyu bu ağsaqqal kişinin alicənablığını düşünürdü: "Gör, insanda ürəyə bax! Yetim, kimsəsiz Dilarəni necə də el qaydasıyla, ucaldaraq istəyir oğluna. Kim onun yerində olsa, gedər tutub qolundan gətirərdi. Ancaq bu ailə onu necə də ucaldır. Necə də hörmət edir. Allah belələrini ucaltsın. Saylarını çoxaltsın. Belə ağsaqqalların ömrünü Tur dağı etsin!".

-Niyə susursan, doktor?

-Heç...

(ardı var)

Ədalət.-2019.-21 fevral.-S.6.