İki hekayə
İNƏYİN
GÖZ YAŞLARI
İl quraqlıq keçdiyindən Qədir kişi yetərincə ot-ələf yığıb-yığşıra bilməmişdi.O,bir yandan yemin azlığı,bir yandan da ehtiyac üzündən inəyinin hələ bir yaşı düz-əməlli tamam olmamış balasını sövdələşib qəssaba kəskiyə vermək fikrinə düşdü.Belə razılığa gəlindi ki,dana qapıda kəsilib qapana qoyulsun.Pulu da çəki hesabı ilə ödənilsin.
Səhər erkən bir motoreller doqqazda dayandı.Ev yiyəsi Qədir kişi və qəssabın köməkçisi dananı damdan bayıra çıxardılar.Kəndirindən çəkə-çəkə onu damın böyründəki tut ağacının dibinə gətirdilər.Bu zaman inək böyürməyə başladı.Cavab olaraq dananin böyürtüsü də qəmgin bir səhnə yaratdı.Hər iki böyürtü sanki gəlib çatıran bir fəlakətin əks-sədası idi...
Qəssab dananı boyunlayıb barmaqlarından ikisini onun burnuna soxdu...Çox asanlıqla dananı yanıüstə aşırdı...Köməkçisi əlində tutduğu kəndirlə əvvəlcə dananın qabaq ayaqlarını,sonra isə arxa ayaqlarını bağlayıb bir-birinə çal-keçir elədi.Qəssab dananın boğazına bıçaq çəkərkən tut ağacının dibində qandan alqırmızı gölməçə əmələ gəldi...
Qəssabla köməkçisi dananı dəridən çıxarıb,ətini ayrı-ayrı hissələrə böldükdən sonra qapanda çəkdilər.Pulu ödəyib və əti motorellerə yükləyib getdilər.
...Qədir kişi inəyi damdan çıxardı ki, arxda sulasın.İnək bayıra çıxan kimi özünü balası kəsilən yerə çatırdı.Hələ də torpağa tam hopmayan qanı yalamağa başladı.Qanı yaladıqca gözlərindən yaş süzülürdü...
Qədir kişi son günlər inəyi qartlanmaq üçün bozaqlığa buraxırdı.Amma inək bozaqlıqda bənd almır,qaçıb gəlirdi balası kəsilən yerə-tut ağacının dibinə.Gözlərindən yaş süzülürdü...
Həftələr,aylar bir-birini əvəz etməkdə idi.İnəyin doğmağına sanılı günlər qalırdı.Qədir kişi bir gün hiss etdi ki,inəyin ağrısı tutub.Buna görə də kəndiri boğazından açıb onu sərbəst buraxdı.Çünki inək başı bağlı olsaydı balasını ayaqlaya bilərdi...
İnək həyətdə var-gəl edir, ağrıdan fırfıra kimi fırlanırdı.Qədir kişi inəyə bir qədər göz qoyduqdan sonra evə keçib bir stəkan çay içmək istədi...
Aradan on-on beş dəqiqə ancaq keçmişdi...Qədir kişi bayıra çıxdı və inəyi bayaqkı yerində görmədi.Ətrafa göz gəzdirdi.Birdən inəyi damın böyründəki tut ağacının dibində təzəcə doğduğu balasını yalayan gördü...
Başı yenicə dünyaya göz açan balasını yalamağa qarışan inəyin bu üç-dörd ayda ilk dəfə idi ki, tut ağacının dibində gözlərindən yaş süzülmürdü...
İÇİLMƏYƏN
ARAQ
Sahə aqronomu işləyən Aslan günorta qapıdan içəri girər-girməz həyat yoldaşı yenə də başladı deyinməyə:
-Gündə gedib pambıq şaxlarının arasında fırlanmaqdan başqa əlindən heç bir iş gəlmir.Payız da gəlib çatdı...Dediyimi elə qulaqardına vurursan.Ağacın budağı pəncərədən az qalırkı gözümüzə girsin...Yazda,yayda bulud kimi kəsir pəncərənin qabağını...Özümüz bir yana,bu balaca tifillər də həsrət qalır gün işığına...
-Sənubər,bar ağacını kəsməzlər axı...Qoy pəncərəyə toxunan budaqlarını darayım,bu, bəs eləyər...
-Yox...Yox... Ya ağacı kəsməlisən,ya da mən bu evdə oturmayacağam!..
-Yaxşı,sabah kəsərəm.İnd bir az yorğunam.
-Dedim yox,qurtardı getdi...Səni tanımıram!? Sənin sabahın vurub çıxacaq bir ilə!.Ağacı bu gün kəsməlisən!..
Aslan uzatmağın faydasız olduğunu hiss etdi. Susub fikrə getdi.Arvadının haytasına yaxşı bələdiydi.Bir də gördün uşaqları da vurub qoltuğuna üz tutdu atası evinə.Aslan bir xeyli götür-qoy etdikdən sonra əyləşdiyi yerdən qalxıb dilləndi:
-Sənubər,onda sən bir beçədən,çolpadan tut gətir, kəsib gedim bir kömək axtarmağa.Axır ki,dədəmin son nişanəsinin də axırına çıxırsan!.. Ağac çox yoğundur.Onu kəsmək tək adamın işi deyil...
Sənubər cəld hinə sarı getdi.Toyuqları düdüləyib birini tutdu:
-Di gəl kəs,özü də bir az əlli tərpən,günün bir durumu yoxdu...Bir də gördün axşam oldu...
Aslan toyuğu kəsib əlini yudu və üz tutdu kəndin ortasına sarı. İlk qarşısına çıxan Meyxoş Səlim oldu.Kənddə bu adı Səlim elə-belə qazanmamışdı...Bundan ötrü çəllək-çəllək araq-çaxırın axırına çıxmışdı.Amma kənd ona hörmət edirdi.Nə qədər içsə də bir kəsin xətrinə dəymir,əksinə,daha mehribanlaşır,daha mülayimləşirdi.Kim bir iş görürdüsə bir qulpundan da o,yapışırdı.Kəndin xeyir-şərinə də əl atırdı.Amma kənddə eləsi vardı ki,ayda-ildə bir-iki dəfə içirdi-içmirdi,bir pəstəha çıxarırdı ki,gəl görəsən...Beləsinin də adını qoymuşdular alkaş...
Aslan Səlimlə görüşüb hal-əhval tutandan sonra qarnının dərdini ona açdı. Səlim bir kəlmə də danışmadan qoşuldu Aslana...Onlar həyətə girdilər.Səlim Aslanın kəsmək istədiyi tut ağacına baxb dilləndi:
-Ay qardaş,qırx ilin ağacıdır...Hayıfın gəlsin,kəsmə...
Aslan acizliyini açıb qoydu ortalığa:
-Onda gərək ailəmiz dağıla...Arvad heç cür ipə-sapa yatmır.Mütləq kəsməliyəm...Başqa bir yolum yoxdur...
Onlar işə girişdilər.Baltanı
bir-birinə ötürə-ötürə,
ara vermədən dayandılar tut ağacının
qəsdinə.Axır ki,ağacın
yanını yerə gətirdilər.Qol-budaq eləyib
yığdılar həyətin
bir küncünə.Əllərini
yuyub üst-başlarını
təmizlədilər.Sonra əyləşdilər
bayaqdan Sənubərin
açdığı süfrənin
başında.Çolpanın əti lap lalə kimi qızarmışdı...Tikələrdən götürüb
boşqablarına çəkdilər...Aslan süfrəyə qoyulmuş butulkanı götürüb qədəhlərə
araq süzdü,Hər
ikisi qədəhləri
əllərinə qaldırdılar.Aslan
dedi:
-Qardaş,bu araq
sənin o içdiyin
araqlardan deyil.Xalis tutovkadır.Özüm çəkmişəm.Özü
də bu indi axırına çıxdığımız tut ağacının məhsuludur...Aslan sözünün arxasını daha gətirə bilmədi.Gördü
ki,Səlim qədəhi
yerə qoydu...O dilləndi:
-Ayə,rumkanı qaldır,niyə yerə qoydun?
Səlim
etiraz etdi:
-Aslan, arağın acı suyu da olsa içərdim,amma indi bacarmıram,vicdanım yol vermir... İncimə, mən başını kəsdiyim ağacın barını dada bilmərəm!..
-O nə deməkdir?
-Başa düşmədin?..Boğazına bıçaq çəkdiyin inəyin südünü içərsən,Aslan!?
Aslan da
özündən asılı olmayaraq qədəhi
yerə qoydu.Meyxoş Səlimin sözləri
artıq Aslanı içməmiş kefləndirmişdi...
Əlioğlu Ələsgər
Ədalət.-2019.-21 fevral.-S.8.