"ƏLLƏRİMDƏ TALE YAZIM"

Bu kitab barəsində fikirlərimi bölüşməmişdən öncə bir məqama diqqıt yetirmək istəyirəm. Yəni kitabın qəhrəmanı haqqında həmişə ürəyimdən, ağlımdan keçirdiyim fikri dilə gətirərək oxuculara çatdırıram ki, Kamal müəllim mənim uzaq illərdən tanıdığım, necə deyərlər, bir bölgədə, bir ağrını, acını çiyin-çiyinə yaşadığım qələm dostumdu. Bir az da məsələnin dərin qatlarına işıq salsam, onda deyə bilərəm ki, Kamal Alışoğlu Cəbrayılda doğulub, vətən həsrətini, yurd nisgilini bütün yurd həsrətli insanlarımızla birlikdə yaşayıb və yaşayır. Amma onun bu yaşamaq amacı digərlərindən köklü şəkildə fərqlənir. Çünki o, ruh adamıdı, söz adamıdı. Həssaslığı, duyğulara könül verməyi onu digərlərindən daha çox ağrılarla baş-başa qoyub. Və o da Cəbrayıllı günlərini, xatirələrini misralayır, şeirə, publisist yazılara çevirir.

Təbii ki, Kamal Alışoğlunun poetik dünyası oxucular kimi, elm adamlarının da, ədəbiyyatşünas alimlərin də diqqətindən kənarda qala bilməzdi. Elə barəsində söhbət açdığım kitabın müəllifi də , tanınmış alim, fəlsəfə doktoru, dosent Allahverdi Eminovdu. "Ədalət"in oxucularının da yaxşı tanıdığı Allahverdi müəllim özünün "Əllərimdə tale yazım" adlı kitabını şair-publisist, yazıçı-jurnalist Kamal Alışoğlunun yaradıcılığına həsr edibdi. Elmi monoqrafiya üslubunda işlənmiş bu kitab həm də oxucuya essevari janrı da xatırladır. Yəni oxucu təkcə Kamal Alışoğlunun sözünübu sözə münasibəti oxuyub tanış olmur , görmür. O həm də kitabın qəhrəmanı ilə həmsöhbət olur. Bax, belə bir ədəbi üslubu seçmiş Allahverdi Eminov öz qəhrəmanının həm yaradıcılığını, həm doğulduğu bölgəni və mühiti, həm də Kamal Alışoğlunun bədii sözə münasibətini böyük ustalıqla oxucu diqqətinə təqdim edə bilibdi.

Monoqrafiyada maraqlı məqamlardan biriondan ibarətdir ki, Allahverdi Eminov müqayisəli təhlilə də üstünlük veribdi. Və nəticədə Kamal Alışoğlunun yaradıcılıq imkanları oxucu üçün bəlli olubdu. Bu da həm müəllifin bədii yaradıcılığının gücünü, təsirini və imkanlarını, həm də bütün bunların önəmini üzə çıxarmaq deməkdi. Bu monoqrafiyada yer alan bir məqamı da diqqətə təqdim etmək istərdim. Yəni müəllifin Kamal Alışoğlu ilə dialoqu təkcə müsahibə deyil, o həm də iki yaradıcı insanın üz-üzə oturub ədəbi düşüncələri bölüşməsi, söz məkanına işıq salmasıdı. Mən bu dialoqu gözdən keçirərkən bir anlıq özümü də həmin söhbətin iştirakçılarından biri hesab etdim.

Barəsində söhbət açdığım monoqrafiyanın son bölümündə şair Kamal Alışğlunun seçmə şeirlərindən nümunələr də verilibdi. Onun xalq şairi Zəlimxan Yaquba hələ sağlığında ünvanladığı şeirində deyilir ki:

 

Bu millətin yaraları dərindi,

Qan qoxulu meyvələri dər indi,

Hara baxdın şərəfsizlər göründü,

Qeyrət varmı hər insanda Zəlimxan?!

 

yaxud:

 

Bizi hər havaya oynadıbdılar,

Çox gözəl bilirik oynamağı biz.

Sənin oynamağın göylərdən gələn,

Tufanlı havada kükrəyən dəniz.

 

Mən qələm dostum, Vətən nisgilli ortağım Kamal Alışoğlunun yaradıcılığı barəsində belə bir müfəssəl elmi monoqrafiyanın oxucu auditoriyasına təqdim edilməsindəmn çox məmnun oldum. Elə bu məmnunluq duyğularımı da Kamal müəllimin öz misralarıyla yekunlaşdırmaq istəyirəm. Kamal Alışoğlu yazır:

 

Bir kimsəyə çatmadı harayımız, hayımız,

Əlimiz sinəmizdə naçardan naçar olduq.

Nizamidən Sabirə yollar gəldik, öyündük,

qazandıq, ay Kamal, son anda biçar olduq.

P.S. Zənnimc, daha doğrusu, sözünə özünə inandığım Kamal Alışoğlunun söz dünyasına bələd olduğuma görə demək istəyirəm ki, o bütövlükdə biz hamımız heç ümidsiz deyilik. Sadəcə, Kamal biçar olduğumuzu şair sözü kimi deyibdi!..

Ədalət.-2019.-21 fevral.-S.8.