"YAĞIŞDAN
SONRA"KI YAŞILLIQ
Dr. Həyat ŞAMİ
Şair-publisist
"Axşamkı yağışdan sonra azadlığa çıxmaq həvəsim birə beş artdı, dünya ürəyimə daha da yatdı" yazmışdı içəridə yatanda. Yağışdan sonrakı aydınlıq və yaşıllıq onun ürəyinə bir az sərinlik gətirmiş və yolunun açılacağı günə yaşıl işıq yandırmışdı bəlkə də. Yaşılı sevmişdi, arzulamışdı, yaşamışdı. O yağışdan aylar keçdi, yaşıl işığı yandı. Onu içəri atan da, içəridən çıxaran da, ruhundakı bütün haqsızlıqlara dözümsüzlüyü və həqiqətpərəstliyi olmuşdu. Hər insan hər yerdə doğruları söyləməyi bacarmır, buna cəsarəti çatmır, amma "Yağışdan sonra"nın müəllifi bu cəsarəti edib, edir və edəcək. Hər insan həm yaxşı şair, həm yaxşı yazıçı, həm yaxşı dost, həm yaxşı ailə başçısı, həm yaxşı insan ola bilmir. Amma, o, bütün bu yaxşıları özündə birləşdirir və bunları şeirlərinin də ruhuna hopdurmağı bacarır. Yaxşılıq etməyi sevib və sevdirib insanlara. Yaxşılıq da yaşıllıqdan gəlir elə bil. İmanlı, inamlı və könlü rahat olanların rəngidir yaşıl, məncə.
Yağışdan sonra aydınlıq olur. Yağışdan sonra hava təzələnir, təmizlənir. Yağışdan sonra duruluq, saflıq, yaşıllıq olur. Yaşıllıq yaxşılıqlar gətirir, yeni şeirlər cücərdir, yeni şeirlər yeni kitablar demək olur. Bəlkə elə buna görə də, kitabının adını "Yağışdan sonra" qoyub.
Müəllif dənizçidir. Dənizçi
üçün suyun
nə qədər vacib ünsür
olduğunu nəzərə alsaq, kitabına qoyduğu
ada da bir
o qədər haqq
qazandıra bilərik. Yağış, yağmur,
su. Yağışdan keçib,
yağmurda islanıb, suda
durulub, dənizdən nəfəs alan şeirlər cəm olub
onun bu son
statistik kitabında. Statistika demişkən, hər insanın bir statistik, bir də dinamik taleyi olur. Onun taleyinin
statistik tərəfi azərbaycanlı, cəlilabadlı,
Balabəylilərdən olmasındadırsa,
dinamik taleyində Vətənsevər, dənizçi,
suya bağlılıq,
şeirə-ədəbiyyata sevgi, bütün bunlarla bərabər isə yaxşılığa
və yaşıllığa
bağlılıq var. O, ədəbiyyat
sevdalısıdır. Kitablarının sayca çoxluğu da burdan qaynaqlanır:
"Eh, ayrılıq nə
yamansan!", "Kəsilməyən
həyəcan fiti",
"Sənə yazılan
şeirlər", "Burda
darıxmaq olmaz",
"Yaşıl yuxulu
dəniz", "Bayıldan
bayıra". Kitabların adları
da müəllifin dinamik taleyinin real göstəriciləridir. Bu
göstərici həm
də onun həyat yolunun, yaşantılarının, başına
gələn olayların,
böyük duyğularının,
təfəkkürünün, düşüncəsinin əksidir.
Hər kəs özünü yazır axı, hər kəs dilinin altında gizlənir axı! Çox sevirəm bu
ifadələri tez-tez
işlətməyi. "Yağışdan sonra"nın müəllifi
də yazdıqlarının
altında gizlənib,
təzə oxucusu üçün sadəcə
onları oxumaq və müəllifin kimliyini kəşf etmək qalır.
Kimlik isə bəllidir. "Yağışdan
sonra" və Faiq Balabəyli adı. Bu ad çoxlarına çox söz deyir. Bu ad Azərbaycan coğrafiyasında
tanınmış addır.
Bu adın sahibi
millətçi və
vətənpərvər şair,
ictimai siması olan sosiallaşmış azərbaycanlıdır. Milli birlik,
vətəndaş həmrəyliyi,
azərbaycançılıq onun əqidəsinin qayəsini təşkil edir. Bu özəllikləri
ara-sıra şeirlərində
əks etdirir, özü də bilmədən:
Elə istəyirəm ki,
Sənin
üçün ölümə
gedəm,
Buna görə yaşamaq istəyirəm,
Yaşamaq, Vətən!
Vətən üçün yaşayanlardandır
Faiq, yaşamaq üçün Vətəni
sevənlərdən deyil. Özünə
gündəlik hesabat verirmiş kimi bir şeirində deyir: "Səhəri diri açdım, Yata bilmədim...Aranı dağa, dağı Arana "daşımadım".
Bu günü silirəm
təqvimdən! Bu günü
boşa verdim, yaşamadım!" . Bu şeirdən göründüyü
kimi, aydın hiss edilən faydalı yaşamaq, faydalı insan olmaq məsuliyyəti
var onun qanında və canında.
Faydalı yaşayanların ömrü
daimi olur. Onlar bu dünyanı tərk etdikdən sonra da millət üçün, xalq üçün sevilən
və daim yad edilənlərdən olurlar.
Bir də Aran və dağ
həyatını paralel
yaşayanların Vətənin
hər daşını,
torpağını qarış-qarış
gəzdiyindən sevənlərin
ruhu var onun şeirlərdə. Onun canında və qanında vətənpərvərliklə
yanaşı, türkçülük
və tanrıçılıq
da var, deyərdim
ki! Vətən üçün hər an
ölməyə hazır
olan şair başqa bir şeirində deyir:
Gözü qara bulaq üstə,
De sözünü varaq üstə,
Səndən ötrü ayaq
üstə
Öldüm, bir kimsə bilmədi.
Vətən üçün daim
ayaqda və ayıq-sayıq olmaq ehtirasları onun "Vətənə ağı"
adlı bölümdəki
bütün şeirlərində
hiss edirik. keşikçi
xarakteri var onda, bir kişilik
məktəbi keçmişlərin
mərdlik ruhu var onda. 20 yanvar hadisələrində
bir dənizçi kimi qanlı hadisələrin canlı şahidi olub. Onun "Kəsilməyən həyacan
fiti" əsərini
oxuduqca yaşadığı
sarsıntıların, Vətəninin
azadlığı uğrunda
sinəsini sipər etmiş qəhrəmanlarla
bir sırada durduğunun şahidi oluruq. Tale işidir
bu, kimisi şəhid olur, kimisi şahid. Vətənin, Torpağın, Ana-bacılarının, mill-mənəvi
dəyərlərimizin keşikçisi
olub hər zaman. Bu gün
də öz fəaliyyətində və
yaradıcılığında bu faktların əksini görməkdəyik.
Ana-bacı demişkən,
Faiq Balabəylini ilk tanıdığım illərdə
(1998-99-cu illərdə) mənə
şairlər içərisində
də "bacı"
deyənlərdən birincisi
olub. Həm də sonralar
etiraf etdi ki, həyatında önəmli və qutsal olan qadınların
(anası, bacısı,
həyat yoldaşı
və qızının)
içərisində mənim
də özüməməxsus
və müqəddəs
yerim varmış.
"Nə mutlu bana!". Doğrudan da,
böyük qiymət
və dəyərdi
bu. Bu dəyər üçün
də hər zaman minnətdar olmuşam ona. Bu yazını yazmaq
da onun kitablarını
oxuduqdan sonra qardaş şairin yaradıcılığındakı doğmalıqları sizlərlə
bölüşmək oldu.
2016-cı ilin aprel hadisələri zamanı yazdığı bir şeir az
müddətdə dillər
əzbəri oldu. Sosial şəbəklərdə
müzakirə mövzusuna
çevrildi:
Nə müddətdir sapsarıdır
yaşılım,
Tez əmr ver, düşmənimlə
savaşım.
Qoy vurulum, torpağıma qarışım,
Vur da, komandir, vur!
Yenə də "yaşıl"
ornamenti, bu şeirdə də yaşıllıq və azadlıq rəngi gördüm.
Qarabağımızın düşmən tapdağı
altında olan torpaqlarını azad etmək ehtirasından doğan döyüşkənlik
ruhunu gördüm.
Tanrı, Allah sevgisi, gördüyü ədalətsizliklərdən yorulanda
isə Allaha xitab notları var onun yazdıqlarında. Ən çətin və kövrək anlarında isə yenə Tanrı çatır onun dadına:
Nə deyim sənə, ilahi,
Nə deyim ki, eşidəsən?
əlimi necə
qaldırım
əlimdən tuta biləsən?
***
Ayağımın ucundayam, Allah,
əlim yenə sənə çatmır.
Susmuşam, eşidirsən?
Onun könlündən
keçənlər - azad
Azərbaycanımızın gələcəyi, müstəqilliyinin
əbədiliyi və
sarsılmazlığından, doğma Qarabağımızın
azad olunacağı gündən keçir. Onun üçün
bütün yaradıcılığı
boyu öncə Vətən, Torpaq, Millət, sonra eqosu gəlir. Onun eqosu çoxlarından fərqli Vətən, Torpaq, Millət sevgilərini üstələmir,
əksinə bu sevgilər bütün sevgilərin fövqündə
durur.
Faiq Balabəyli
bir müddət həbsdə yatdı. Adı gələndə
hər kəsdə dəhşət yaradan məkan - içəri ona çox şey yazdırdı.
İçəridə nə yaşadı,
nələr gördüsə
hamısını qələmə
aldı.
Bir sözlə,
orda da mütaliəsindən,
yazmasından, qələmindən,
düşünməsindən qalmadı. Onun ən gözəl
şeirləri içəridə
yazılan şeirlər
oldu.
Buna görə də,
ona içəri şeirləri üçün
"içəriyə düşməyə
dəyərmiş" deyənlər
çox oldu.
Azadlıqdan məhrum olduğu illərdə "Burda darıxmaq olmaz" adlı kitaba daxil etdiyi azadlıq
eşqli şeirlərini
yazdı.
Bu şeirlər onun yaradıcılığının üstqatını təşkil
edir:
Sənsizlikdən darıxıb,
dərindən ah çəkirəm,
Mən şeir yazmıram ki,
sözlə günah çəkirəm.
Vətəndaş şair,
azadlıqsevər insan, dostcanlı, hər
kəsin çağrığına yetişməyi
özünə davranış kredosu seçmiş Faiq Balabəyli,
yeni kitabın xeyirli-uğurlu,
əlin hər daim qələmli, dilin sözlü, şeirli, ürəyin var
olsun! Səni oxuduqca
"Yağışdan sonra" təzələnən
hava kimi təmizlənir
insanın ruhu.
Ədalət.-2019.-21 fevral.-S.5.