OXU
MARAFONUNUN QALİBİ
(esse)
Qərib
MEHDİ
Adətən oxucular şair və
nasirlər haqqında yazır, onların əsərləri
barədə fikir və arzularını bildirirlər.
Yazarların çoxaldığı, oxucunun
azaldığı bir dövrdə yerdəyişməyə
böyük ehtiyac duyulur. Mən bu sıradan olan ikinci
yazımla gerçək narahatlığı bir az
ovundurmağa çalışdım.
İlk baxışda tərəflərin
öhdəsinə düşənlər aydın
görünür. Yəni, yazıçı oxunmalı, oxucu
oxumalıdır. Bu vəzifə bölgüsünü
heç də ədalətli saymaq olmaz. Yazıçı da
oxucu - mütaliəçi olduğunu ortaya qoymalıdır.
Bu hal ancaq və ancaq onların xeyrinədir. Seyid cəddinə
arxayın olan kimi, qələm sahibi də yalnız
istedadına ümidli olmamalıdır. Zövqün
itilənməsi, mənəviyyatın zənginləşməsi,
dünyagörüşün genişlənməsi, müqayisə
etmək, ustalığı cilalamaq qabiliyyətinə yiyələnməsi,
nədən yazıb, nədən yazmamaq şansının
qorunması üçün yazı adamı da qədərincə
və gərəyincə oxumalıdır. Təəssüf
ki, bunu sənətçiyəm deyən hər kəsdə
görə bilmirik.
Müşahidələrim mənə
bu sözü deməyə ixtiyar verir: Xalq
yazıçısı Elçin böyük
yazıçı olduğu kimi, həm də böyük
oxucudur. Mən bu fikri onun haqqında yazdığım
yazıların birində söyləmişəm. Nümunə
götürmək faydalı olar. Təəssüf ki, xoş
arzunun əksinə olaraq başqa mənzərənin də
şahidi oluruq. Bəzi yazarlarımız heç bir-birinin əsərlərini
belə oxumurlar. Bu hal acı da olsa, gerçəklikdir.
Çörək mədənin,
kitab beyinin qidasıdır. Müqayisəyə varılsa, nəticə
sözün xeyrinə olar. Hətta yaxşı
bişirilmiş çörək də boyatıya bilir. Ancaq
yaxşı söz boyatımaqdan, köhnəlməkdən
uzaqdır. Yaxşı söz, həmişə təzədir.
İnsanı ucada saxlayan nəsnələrdən biri də
sözdür, kitabdır. İnsan kitabı oxuduqca zəkasını
zənginləşdirir, ruhunu təzələyir.
Kitabın da yolu şahrah
olmayıb - xüsusilə son zamanlar. Mədəniyyətin bir
az geniş mənzərəsində bir az gəlişməyə
diqqət edək. incəsənətdə, ədəbiyyatda
janrların hegemon dövrləri olub. həm də bu
hegemonluğu saxlamaq üzrə kəskin, güzəştsiz
mübarizə olub. Yeniliklə "köhnəlik"
arasında üstünləmə savaşı bu gün də
davam edir. Kinonun icadı "qan qohumu" olan teatrı
küncə sıxışdırdı. Qisas almış
kimi, televiziya də kinoya zərbələrini əsirgəmədi.
İndi İnternet əsridir. İnternet də kitabın
üstünə düşüb, əməlli-başlıt
onun oxucularını əlindən alıb. Görəsən,
bu sıxışdırmaların axırı necə olacaq?
Kitab ilkindir, kitab babadır.
"Nəvələr" babanı tam təslim edə biləcəklərmi?
Ağrılı hal var. Ancaq tam təslimçilikdən
söhbət gedə bilməz. Uca dağlar ətəklərini
istiliyə təslim etsə də, ağ çalmalı
qarı başında tac kimi saxlayır. Müvəqqəti
geri çəkilmək, hələ təslim olmaq demək
deyil. Nə qədər ki, Zahir Seyidov kimi kitab aşiqləri,
mütaliə vurğunları var, büdrəyən kitab
yıxılmayacaqdır.
Bu gün kitabdan üz döndərilməsinə,
təfərrüata varsam da, bir ağrılı misal da
çəkəcəyəm. Öz başıma gələn
bu əhvalatın ağrısı yaddaşımda hələ
də səngimir.
Təzə kitabım
çıxmışdı. Onu yaxın bildiyim adamlara (nəmərli
və ya nəmərsiz) avtoqraflı imza ilə verirdim. Qərara
aldım ki, mənimlə xoş münasibəti olan, xətrimi
istəyən professor Fərzəli müəllimə də
(ad şərtidir) kitab təqdim edim. Sonra eşidər, onu
yaddan çıxardığım üçün məndən
inciyər. Qalın cildli, nəfis şəkilli
kitabımı götürüb professorun otağına gəldim.
Görüşdük, hal-əhval tutduq. Gözünün ucu
ilə əlimdə tutduğum kitaba baxdı, nə baş
verdiyini duydu, ancaq özünü o yerə qoymadı. Gəlişimin
səbəbini soruşdu:
- Sifətinizdə sevinc həyəcanı
var. Xeyir ola?
Mən xoşməramlı gəlişimin
məqsədini açdım:
- Təzə kitabım
çıxıb. Dostlara vermişəm, istəyirəm birini
də sizə təqdim edim.
Fərzəli müəllim
özünü o yerə qoymadı. Ona uzatdığım
kitabı aldı, içini açmadan üzünə və
arxasına diqqət yetirdi. Hətta adını da oxudu. Və
yenə soruşdu:
- Kitab nədən bəhs eləyir?
Sualını cavabsız
qoymadım:
- Povest və hekayələrimi bu kitaba toplamışam. Yəqin götürəcəksiniz?
Professor:
- O nə sözdür deyirsiniz, heç sizi əliboş
qaytarmaq olar?
- Onda avtoqraf yazım...
Fərzəli müəllim bir əlini qələmli
əlimin üstünə qoydu, o biri əlini cibinə
salıb pul çıxartdı. Nəməri kitabın üstünə qoyub hər
ikisini mənə doğru itələdi:
- Mübarəkdir! - qayğısını
nəzərə çatdırmaq üçün səsinin
tonunu qaldırdı. - Nəmərinizi də
götürün, kitabınızı da. Kitaba
müəllif imzası atıb korlamayın, bir
başqasına bağışlayarsınız.
Professorun etikadan uzaq qərarından təəccübləndim. Hətta incidim də:
- Sizi başa düşmədim.
O, məni "başa saldı":
- Kitabı götürsəm, bir aydan sonra gəlib
soruşacaqsınız ki, orada nə yazılıb? Mənim əsərlərim barədə nə fikirdəsiniz?
Gəncliyimdə etdiyim səhvi indi - professor
olandan sonra düzəltmişəm. Mən
daha kitab, xüsusilə bədii ədəbiyyat oxumuram.
O, müəllifə təşəkkür edər, sonra
da kitabı alıb bilinməz bir yerə tullayardı. Özünü qayğıkeş, mədəni
ziyalı kimi göstərə bilərdi. Belə
olsaydı, onun hərəkəti daha ağrılı
olardı. Hər halda qəbahətini
etiraf etməyə gücü çatdı. Bir daha kitabı aşağılayıb professora
kitab təqdim etmək fikrinə düşmədim.
Nəhayət, gəldik mətləb
üstünə. Əvvəldə dediyim kimi, böyük
yazıçı və böyük oxucu Elçindən
vaxtilə bacardığım qədər bəhs etmişdim.
İndi isə növbə böyük oxucu,
kitaba sədaqətli oxucu Zahir Seyidova çatır.
Mənim oxucu dostum Zahir müəllim Gəncənin
qərb səmtində, yaxın kəndlərdən birində
- Yeni Qızılcada yaşayır. Uzun illər dil-ədəbiyyat müəllimi
işləyib. Tez-tez Gəncəyə gəlir
- əsasən kitab almağa. Məşhur
Cümə Məscidinin önündə bir kitab
köşkü var. Nizami şəhərinin Nizami adlı
övladı qoynunda böyük fikir xəzinəsi saxlayan
köşkün satıcısıdır. Zahir müəllim əvvəlcə Nizami ilə
görüşüb alacağını alır, sonra
müştərisi olduğu Əbilinin çayxanasına
yollanır. Bilir ki, nahar fasiləsində Gəncənin
şair-şüaraları Əbilinin çayxanasına
toplaşıb intizarla onun yolunu gözləyirlər. Təkcə söhbət üçün yox, həm
də içilən çayların pulunu ödəmək
üçün. Cibdən yuxa olan sənətçilər
yaxşı bilirlər ki, Seyid olan yerdə (Seyid şəcərəsinə
bağlandığı üçün ona həm də
"Seyid" deyirlər) heç kim əlini
cibinə sala bilməz. Hamı yerini tutandan
sonra, ədəbiyyatdan, təzə nəşr olunmuş
kitablardan maraqlı mübahisələr başlayır. Fikrini sübut etmək üçün misal çəkmək,
sitat gətirməlisən. Burada Zahir
müəllimin heyrət doğuracaq dəmir yaddaşı
işə düşür. Gərək oxuyasan,
oxuduğunu təhlil edə biləsən ki,
qarşıdakına ağ bayraq
qaldırmağa gücün, qüdrətin çata. Oxucu dostumun bir şakərinə də diqqət
yetirilməlidir. Hamı ona ya "Zahir
müəllim", ya da "Seyid" deyə müraciət
edir. O isə özünü "Kənd müəllimi"
ayaması ilə təqdim etməkdən zövq alır. Kim bilir, bəlkə də şəhərli "rəqiblərini"
asanlıqla üstələmək, yuxuya vermək
üçün bu fənddən istifadə edir?!
Dostluq, sevgi və kitab bir müstəvidə
yer alır. Dostluq kitabdan keçəndə daha möhkəm
olur. Haqdan gələn sevgi kitabdan keçəndə,
süslənəndə daha ecazkar olur. Yəqin
buna görə Seyid kitaba bu qədər bağlanıb. Çoxlarının kitabdan yan keçdiyi bir vaxtda
bu qırılmaz bağlılığın sirri hardan
qaynaqlanır? Sualın cavabını
axtara-axtara reallıqdan əl üzüb gümana üz
tutursan. Adama elə gəlir ki, Zahir müəllim
anadan olanda ümumi-bioloji hal sayılan ağlamağı bir kənara
qoyub başqa yol tutub. Onun ağzı qida mənbəyinə:
- anasının döşünə - "süd
bardağına", baxışı isə bir az aralıda
dayanan kitaba doğru can atıb!.. Yoxsa bu qədər
insan - kitab bağlılığı hardan ola
bilərdi?!
"Kənd müəllimi"nin
ev-eşiyindən, bağ-bağçasından
ağızdolusu danışır. Hələ
ki, bu barlı-bəhrəli mənzərəni seyr etmək,
meyvələrinin tamına baxmaq mənə nəsib
olmayıb. Bu kəsiri aradan qaldırmaq üçün
günlərin birində qəhrəmanım dilə gəldi:
- Mənim həyətyanı təsərrüfatımı
seyr etmək istəyirsinizmi?
Tərəddüd etmədən dedim:
- Yox!
- Niyə?
- Taleyimin özünəməxsus özəlliyi var.
Obrazlı deyəcəyəm: Ənam lazım olanda
başqasını, edam lazım olanda məni
axtarırlar.
Sözün deyilişindən ləzzət alan Zahir müəllim gülümsünüb
dedi:
- Mən seyidəm, təklifimi qəbul etsəniz, ənənəni
pozarıq, ənamı önə çəkərik. Sizə təmiz, şirəli kənd tutu yedirdəcəyəm.
Vəd cazibəli olsa da, hələ ki,
yaxın məkana səfəri reallaşdırmamışam. Astagəlliyim tamahıma
üstün gəlib.
Zahir Seyidov parta arxasından tutmuş indiki
zamana qədər - pensiyaçı "titulunu"
daşıyanadək oxumaqdadır. Onun kitabla bağlılığı həqiqətən
sevdalı bir haldır. Kitabxanasındakı
kitablarının, yaddaşındakı şeirlərin, kəlamların
sayını dəqiqləşdirmək çətindir.
O, çoxlarını oxuyub və yenə də
oxumaqdadır. Fikrimi çatdırmaq
üçün ancaq nümunələr çəkməklə
kifayətlənəcəyəm. Özü
də yaradıcılığına müraciət etdiyi
müəlliflər fərqli mövzulara və üslublara
malikdir. Dilində Avropa yazarlarından
Viktor Hüqonun, Mayn Kidin, Aleksandr Dümanın, Konan Doylun...
adları daha çox səslənir. Rus
yazıçı və şairlərindən Lev Tolstoydan,
Dostoyevskidən, Turgenevdən, Puşkindən danışanda
heyrətini gizlədə bilmir. Azərbaycanlı
yazarlara daha çox heyranlıqla yanaşır, Nizami Gəncəvinin,
İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin,
Molla Pənah Vaqifin, Mirzə Ələkbər Sabirin, Səməd
Vurğunun, Bəxtiyar Vahabzadənin, el şairlərindən
Tufarqanlı Abbasın, Dirili Qurbaninin, Xəstə
Qasımın, Dədə Ələsgərin, Bəhmən Vətənoğlunun
xəzinələrindən dürr çıxarmaqdan yorulmur.
Nasirlərimizdən Mirzə Cəlilin, Haqverdiyevin,
M.S.Ordubadinin, Mirzə İbrahimovun, İsa Muğannanın,
İsmayıl Şıxlının, Elxan Elatlının... əsərləri
onun stolüstü kitablarıdır. Zahir müəllim
ciddi ədəbiyyatla birlikdə, macəra-dedektiv janrlara da
eyni dərəcədə maraq göstərir. Bu qiymətli söz yükü ilə onu toylara, məclislərə
dəvət etməmək mümkündürmü? Xeyr. Toyları idarə etmək
onun üçün Azərbaycan ədəbiyyatını təbliğ
etmək fürsətidir. Zahir müəllim
məharətli bir masabəyi kimi bu təbliğ
tribunasından gərəyincə yararlanır.
O, çağdaş Gəncə ədəbi
mühitinin yetirmələrinin yaradıcılığına
da tez-tez müraciət edir. Bahadur Fərmanın, Aydın
Murovdağlının, Sahib İbrahimlinin... yaddaşında
olan saxlanclarını vaxtaşırı dinləyicilərin malı etməyə çalışır.
Oxuduğuna fikir bildirmədinsə, iş
yarımçıq sayılır. Zahir müəllim
əli çatdığı, telefon aça bildiyi yerli
müəlliflərlə tərif-tənqid müstəvisində
mübahisələr açmağı sevir. Hətta yeri gələndə çəkindirici ədəbi
notalar da verməkdən yan durmur. Qələm
sahibləri onun qərəzsiz tərif və tənqidlərini
maraqla dinləyirlər. Dəlil göstərməyəndə
inanmaq çətin olur.
Zahir müəllim günlərin birində
şair-alim Sahib İbrahimli ilə görüşür. Əhval-pürsanlıqdan əvvəl
dostunun fiziki çatışmazlıqdan əziyyət çəkən
şairə Ofelya Mədətqızına həsr etdiyi
şeirini əzbər söyləyir:
Min ürək asılıb bircə telindən,
Nə gördün taleyin dəli selindən?
Alıb bir kədərin, qəmin əlindən,
Sevincin qoynuna atarıq səni.
A dərdli bənövşə, kola sığınma,
Daha olan olub, belə sıxılma.
Yox, bir də büdrəmə, bir də yıxılma,
Yıxılsan, göydəcə
tutarıq səni.
(ardı gələn
sayımızda)
Ədalət 2019.- 23 fevral.- S.10.