"Üzüntün üzdü məni"

Adətimdi, hər həftənin şənbə günü "Ədəbiyyat qəzeti"ni alıram. Düzdü, hərdən qəzet köşklərində bu qəzeti tapmaq olmur. Köşkdəki satıcı, satılıb, deyəndə əsəbiləşirsən. Xeyli vaxt itirib, tapandan sonra bir az rahatlıq tapırsan. Əslində ciddi ədəbiyyatla məşğul olan yazı adamları Yazıçılar Birliyinin orqanları olan "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarına və "Ədəbiyyat qəzeti"nə abunə olsalar yaxşıdır. Bunu niyə deyirəm, bəzən sadaladığım nəşrlərdə bir gözəl şeir, ya da ki, hekayə, yaxud nəsr əsərini oxuyanda o qədər təsirlənirsən ki, özünü saxlaya bilmirsən və müəllifinə zəng edib, ürək sözlərini deyirsən. Qarşı tərəf deyəndə ki, hələ qəzeti və ya jurnalı almamışam, adamın qanı qaralır. Əlbəttə, mən hamını nəzərdə tutmuram. Şükürlər olsun ki, bu say çox deyil. Növbəti (fevralın 16-sı) "Ədəbiyyat qəzeti"ni gözdən keçirəndə, həmişə istedadına hörmət bəslədiyim gözəl qələm sahibi Adil Cəmilin şeirlərinə rast gəldim. Qəribədir, beş-altı ay bundan qabaq zəng edib, keyfini soruşmaq istədim. Telefonda səsi qırıq-qırıq gəlirdi. Qardaş, Türkiyədəyəm, oğlum xəstədi, buraya gətirmişəm, - dedi. Mənim səmimiyyətimə inanın, bu xəbəri eşidəndə yaman sarsıldım. Kimdeyir, desin, övlad bütün mənalarda ata-ananın ağrı yeridi. Peyğəmbərimizə sual vermişdilər ki, övlad nədir? Cavabında: Əldə beş barmağın yanında altıncı barmaqdı, kəsib atsan, səni ömür boyu ağrıdacaq, saxlasan ayıb görünər, - demişdi. O qədər duyğulandım ki, beynimdə düzdüyüm misraları kağıza köçürməyə başladım.

 

Neçə dağ keçəydim, neçə dərə mən,

De, necə özümü yetirim sənə?

Tanrım, yol , gedim Kəlbəcərə mən,

Bir az dağ havası gətirim sənə...

 

Lüğətimizdə qədər xoş sözlər varsa, Adil Cəmil o xoş sözlərin hamısına layiqdir. Tanıyanlar gözəl bilirlər ki, mənim boğazdan yuxarı danışmaqdan zəndeyi-zəhləm gedir. Yəni mənimki səmimiyyətdi. Ona görə Adil Cəmilin poeziyası yaradıcılığı haqqında ürək sözlərimi deyəcəyəm. Həm ömrünün müdriklik çağında yaşayan şairin saxta təriflə səmimiyyəti qarışıq salmasına adamın heç cür inanmağı gəlmir. Heç onun boğazdan yuxarı deyilən sözlərə ehtiyacı da yoxdur. Xeyli vaxt idi ki, ürəyimdə götür-qoy edir, necə haradan başlamağı düşünürdüm. Qırğız xalqının qəhrəmanlıq dastanı olan "Manas"ı ana dilimizə tərcümə edən görkəmli bir şair haqqında nəsə demək mənə bir az ağır gəlirdi. Bu, kişi etirafımdı. Yazını, yazı yazmaq xətrinə yazmaq olmur axı... Bu həm araşdırma tədqiqat işidir. Nəzərə alsaq ki, dəhşətli dərəcədə tənbələm tənbəlliyim bütün ömrüm boyu kölgə kimi ardımca sürünüb. Hələ 70-ci illərdə "Ulduz" jurnalında şeirlərim çap olunanda mərhum Yusif Səmədoğlu: "Sənin axı istedadın var, bu tənbəlliklə qədər yol getmək istəyirsən?" - demişdi. Ancaq bu, o demək deyildi ki, yazmaq istəmirdim, sadəcə cəsarət eləmirdim. Yaxşı ki, qəlbi işıqla dolu şairin özü yazı masama işıq saldı. Türkiyə dəftərindən olan şeirlərini oxudum. Oxumadım e... ruhuma su kimi çilədim. Bu şeirlərin hər birində fikir tutumu aşıb-daşırdı. Adil Cəmilin demək olar ki, bütün yaradıcılığına bələdəm. Hissiz, duyğusuz, həyəcansız bircə misrasına da rast gəlmədim. Mərhum şairimiz Bəxtiyar Vahabzadə şairin "Aylı gecə nağılı" haqqında yazdığı ön sözdə yazırdı: "Bəzən şeir adıyla yazılmış bir mənzuməni oxuyub görürsən sözlər ilk çəkisini ilk rəngini, yəni öz lüğəti mənasını saxlamış, rəqəmə bənzər quru sözlərdir, səni isitmir, həyəcanlandırmır. Baxırsan ki, bu yazıda şeir üçün lazım olan bütün zahiri elementlər - qafiyədən tutmuş, ölçülərə qədər hamısı var, amma şeir yoxdur. Niyə? Bəs burada çatmır? Kəlmələrin duyğu, həyəcan yükü!". Mənə elə gəlmir ki, böyük bir ustadın Adil Cəmilin yaradıcılığına qiymət verməsi təqdirəlayiqdir. Orası da var ki, Bəxtiyar Vahabzadə kimi nəhəng bir şairi heyrətləndirmək hər qələm sahibinin işi deyildi. Şairin şeiri onun haqqında yazılanları haqq etməsəydi, yəqin ki, bəzi yazı adamları kimi diqqətdən kənarda qalardı. Hansı şeirini oxuyursan, səni düşündürür. Üzüm salxımları tənəkdən sallanan kimi kəhrəba misralar adamın üzünə gülür. Görün şair "Bitirdim" adlı şeirində gözəl deyir:

 

var ki, səhrada gül bitirməyə,

Mən daşın üstündə daş da bitirdim.

Gözlərdən gizlətdim dolan gözümü,

Solğun yanağımda yaş da bitirdim.

 

Daxili qafiyələrin gözəlliyinə fikir verin: "sevgimi", "ev kimi" qafiyələri ancaq Adil Cəmil kimi sözün qədrini bilən, onu necə gəldi işlətməyən bir şairin qələmindən süzülə bilər. "Üzüntü" şeiri həddindən artıq duyğulu həssas olduğuna görə sözün birbaşa mənasında məni üzdü. Türkə əlli lirə verən Adil Cəmilin qarasına əlli dəfə deyindim. Hər şey normasında olmalıdır. Adamı bu qədər kövrəltməzlər axı... (niyəsini bilərsiniz). Məndə ürək gəzir... Sözün düzü, çoxdan idi ki, məni belə tərpədən, silkələyən bir şeir oxumamışdım. Əvvəla, onu deyim ki, bu şeirin ruhu, mayası böyük bir romanın mövzusudur. Dərdini qoltuğuna vurub, çarəsini qardaş ölkədə , Türkiyədə axtarmağa gedən Adil Cəmilin qəribə mənzərəylə rastlaşdığının şahidi oluruq. Ömür-gün yoldaşı ölüm ayağında olan bir türkün, uşaqlarını köydən götürüb, anaları ilə görüşdürmək üçün imkansızlıq ucbatından telefonunu satmaq istəməsivə bu zaman şairin ona əlli lirə verməsi çox təsirlidir. Qardaş ölkə olsa da, qərbin soyuqluğu aydın hiss olunan bir məmləkətdə, özün dərdin ağuşunda ola-ola bir kimsəyə əl tutasan. Bu, kişiliyin insanlığın ali məqamıdır. Verməyə bilməzdi, şair ürəyidi axı... "Üzüntü" şeirində kövrək duyğularını baxın, necə ustalıqla dilə gətirir:

 

Bu zaman zəng gəlir ona

Kövrələ-kövrələ danışır

- , qızım, gözləyin,

gələcəyəm,

sizi ananıza yetirəcəyəm...

Amma daha mənimlə

danışa bilməyəcəksiniz,

çünki bir azdan

telefonumu satacağam...

Əlli lirə uzadıram ona,

Satma telefonunu, - deyirəm

Zatən mən deyiləm

Zənginlərdən birisi,

Allaha əmanət olsun gerisi...

 

"Darıxdım" şeirində şairin yurd sevgisi, vətən həsrəti adamı kövrəldir. Şair "Ata-anamın Masazırdakı qoşa məzarı üçün..." darıxdığını desə də, böyük anlamda Kəlbəcər üçün, onun uca dağları, səfalı meşələri, şiş qayaları, sərin bulaqları, qonaqları heç zaman əskik olmayan gedimli-gəlimli küçələri üçün darıxdığını demək istəyir. Adil Cəmil ciddi şairdi. Bu, onun xasiyyətindən və xarakterindən doğur. Əks təqdirdə əsərləri sevilə-sevilə oxunmaz, dünyada tanınmazdı, sözün qısası, Adil Cəmil olmazdı. Bu təvazökar şairin ürəyi şüirlə döyünür, nəfəsi sözlə gedib-gəlir. Ulu Tanrı ürəyindən üzünə işıq yolu çəkib. İşığı adamın üzünə düşəndə adam yaşamaq istəyir. İllah da ki, bu işıqdan səxavətlə doğmalara pay ayıranda ürək dağa dönür.

İşığın, nurun bol olsun, əziz qələm dostum! Bir əsrə yaxındı ki, misraların əlində qamçı, söz kəhərinin üstündəsən. Hələ bundan sonra da neçə-neçə əsr yol gedəcəksən sözün işığına qənşər. Mən sənə nə arzulayım? Heç özüm də bilmirəm! Vahid Əzizin "Mənə yüz il ömür arzulamayın" şeiri düşdü yadıma. Mənə elə gəlir ki, bizim Qarabağdan böyük arzumuz yoxdur, sənin də, mənim də! Bu arzunun içində gümrahlıq da var, ömrün intəhasızlığı da... Kəlbəcərdə görüşmək arzusu ilə...

 

Hörmətlə: Fəxrəddin Teyyub

Bakı, 18 fevral 2019

P.S. Adil Cəmilin şənbə nömrəsində çap olunan şeirlərindən təsirləndim.

Ədalət  2019.- 23 fevral.- S.11.