ELİNİN SƏDAQƏTLİ OĞLU

MƏMMƏD ŞİRİYEVİN 80 YAŞINA

Lerik cənub bölgəsində abidələrlə zəngin diyardır. Hər kənddə, hər obada tarixin daş yaddaşı qalır. Türbələr və pirlər insanların inanc yeridir. Mağaralar, qalalar, yeraltı sığınacaqlar insanların bu mahalda qədimdən məskən saldığından xəbər verir. Orand ərazisi də abidələri ilə tanınıb. Ölkə əhəmiyyətli Qız qalası, Oğlan qalası, Kəla türbəsi bu torpaqdadır. Ərazidəki Şinəband, Orand, Nuravud, Zərdəbərə, Sorsçay, Kekoni kəndlərinin tarixi də abidələritək qədimdir.

Zərdəbərə (talışca Sarıyer deməkdir) kəndi Oğlan qalasından azca aşağıda, təbiətin dilbər guşəsindədir. Qəribə təbiəti var. Yazda cənnəti xatırladır, dörd yanı yamyaşıl olur. Yayı baharından seçilmir. Yamacların gül-çiçəyi gec solur. Payızı isə qısa olur, yerini qışa tez verir. Dörd-beş ay yolları qar örtür.

Bu elin ağsaqqalları, igid, mərd övladları həmişə tanınıb. Soykökü bizim tərəfdən olan kişilər aranda dost qazanıblar, torpaq alıb yurd salıblar. Muğanda mahalın adət-ənənələrini qoruyub saxlayan Zərdəbərə oğulları da var. Onlar öz adlarına layiq işlər görüblər, hörmət sahibi olublar.

Zərdəbərənin ağsaqqallarından söz düşəndə gözlərimin önünə Ağaxan əmi gəlir. Hündürboy, enlikürək, rəhimli, vüqarlı, ağayana kişiydi. Rayon mərkəzinə kəhər atın belində gələrdi. Adamlarla salamlaşa-salamlaşa Məşədi Xəlilin həyətinə gedərdi. Oğlu Ataxan məsul vəzifədəydi.

Ağaxan əminin böyük ailə sahibi olduğunu 1955-ci ildə Məmmədlə tanış olanda bildim. Mən səkkizdə oxuyanda Məmməd doqquzuncu sinifdəydi. Balacaboy, çəlimsiz, təbiətcə sakit oğlan idi. Taytuşlarına qaynayıb qarışmazdı. Yaxşı oxuyurdu, müəllimlər əlaçılar cərgəsində onun da adını çəkirdilər.

O dövrdə orta məktəbi bitirənlər iki il istehsalatda, idarə və müəssisələrdə çalışıb staj qazanmalıydı. Məmmədi rayon icraiyyə komitəsində işə qəbul elədilər, texniki katib işlədi. Belə mötəbər idarədə çalışmaq məsuliyyətliydi. Sənədləri uçota alıb ünvanlara çatdırmağın, əlyazmalarını səliqəyə salmağın öhdəsindən gəldi. Səriştəsi ilə işçilərin etibarını qazandı.

 

***

1958-ci ilin isti avqust günləri. Ali məktəblərə sənəd qəbulu başlanır. Ağaxan əmi atını yəhərləyib rayon mərkəzinə gəlir, Ataxanla görüşür. Məmmədi yola salmağa hazırlıq görülür. Ata xeyir-duası ilə Gəncəyə gedir, sənədlərini Kənd Təsərrüfatı İnstitutunun qəbul komissiyasına təqdim edir. Imtahanların vaxtını öyrənir. Zahirən sakit görünsə də, narahatlıq keçirir. Bu, müvəqqəti olur, özünə inanır.

Imtahanlar başa çatır. Abiturientlər qəbul komissiyasının qərarını gözləyirlər. Nəhayət, nəticələr elan olunur. Məmməd qəbul vərəqini alıb danışıq məntəqəsinə gəlir "Məni təbrik edə bilərsiniz" deyə evə zəng vurur. Beləliklə, qaynar tələbəlik illəri başlanır. Beş il arxada qalır, alim-zootexnik ixtisasına yiyələnir. Təyinatla Lənkəran Məhəlli İstehsalat İdarəsinə göndərilir. O, burada ilk əmək fəaliyyətinə başlayır. Idarənin tapşırığı ilə Masallı, Astara, Lerik, Yardımlı rayonlarında kənd təsərrüfatı işlərinin gedişi ilə tanış olur, rəhbərliyə vəziyyət barədə obyektiv məlumatlar verir.

Gənc mütəxəssis komsomol işinə irəli çəkilir. 1964-cü ildə Lerik Rayon Komsomol Komitəsinin ikinci katibi seçilir. Moskvaya oxumağa göndərilir. Respublika komsomolu Mərkəzi Komitəsinin etimadını doğruldur. Lerik rayon komsomol təşkilatının növbəti konfransında birinci katib seçilir. Bu vəzifədə çalışdığı dövrdə gənclər təşkilatının fəaliyyətində dönüş yaranır, təşəbbüslər irəli sürülür. Oğlan və qızların tarlalara, fermalara axını başlayır. Sərhədçilərlə əlaqə möhkəmlənir. Lerikli gənclərin sorağı hərbi məktəblərdən gəlir. Güzəştlə institutlara və texnikumlara qəbula imkan yaranır. Xidmət müəssisələrində qızların sayı ilbəil çoxalır.

Məmməd Şiriyevin komsomol təşkilatına səriştəliklə rəhbərliyi onun ictimaiyyətdə nüfuzunu artırır. Rayon partiya komitəsinin büro üzvü, rayon sovetinin deputatı seçilir. Raykomun plenumlarında, sessiyalarda gəncləri düşündürən problemləri qaldırır, həllinə təşəbbüs göstərir. Gənc idmançılar zona yarışlarına, respublika turnirlərinə vəsiqə alırlar. Orta məktəblərin bir neçəsində komsomolçuların iştirakı ilə idman meydançaları yaradılır.

Rayon təşkilatının təşəbbüsü ilə respublikada tanınmış gənc yazarlarla, incəsənət xadimləri ilə görüşlər keçirilir, sərgilər təşkil olunur. Gənc istedadların üzə çıxarılması sahəsində görülən tədbirlər səmərəsini verir. Lerikli məktəblilər baxış-müsabiqələrdə yer tutub diplomla qayıdırlar.

 

***

1969-cu ildə Məmməd Şiriyev Bakı Ali Partiya Məktəbində mandat komissiyasında söhbətdən keçir. Hazırlıqlı, geniş dünyagörüşünə malik ziyalı olması komissiyanı razı salır və müsbət rəy verirlər. Məktəbdə bir qrupda oxuyan müdavimlər onu yaxından tanıyıb dostlaşırlar. Astaradan Kamil Şıxov, Lənkərandan Ramiz Hüseynov, Masallıdan İsmayıl Şükürov, Naxçıvandan Həmid Cəfərov, Bakıdan Furman Bağırov Məmmədi özlərinə yaxın dost seçirlər.

HAŞİYƏ. Məmməd Şiriyevin dostluqda etibarlı, sədaqətli adam olduğuna bir misal. Respublika Komsomol təşkilatının tanınmış simalarından biri Mahirə xanım Fərəcova idi. Sonralar məsul vəzifələrdə işləmişdi. Həyat yoldaşı tanınmış filoloq, institutda kafedra müdiriydi. Yeganə qız övladları vardı. Mən də bu ailəni tanıyırdım. Yayda Bakıdan uzaqda, sanatoriyaların birində görüşmüşdük. Mahirə xanım respublika maarif nazirinin müaviniydi. Məni rayon təhsil şöbəsinin müdiri vəzifəsinə məsləhət gördülər, nazirliyə təsdiqə getdim. Mahirə xanım Məmmədi soruşdu, "mənim etibarlı qardaşımdır" dedi. Qızının toyuna dəvət almışdıq. Ehtiramla qarşılayıb yola saldı. Bir gün ailəsi ilə Lerikə gəlib Məmmədin qonağı oldu.

Ali Partiya Məktəbini bitirdikdən sonra Mərkəzi Komitə Məmmədi Cəlilabad Rayon Partiya Komitəsinin sərəncamına göndərdi. O, bu təşkilatda iki il təlimatçı işlədi. Kurasiyasına daxil olan təşkilatlara əməli köməklik göstərdi, məsləhətlər verdi. Raykomun bürosuna partiya işinin mühüm sahələrinə dair məsələləri müzakirəyə çıxartdı, qərarların icrasını yoxladı.

Məmməd Şiriyev 1973-cü ildə doğma diyara qayıtdı. Rayon partiya komitəsində məsul vəzifədə çalışdı. O dövrdə rayonun iqtisadiyyatını qaldırmaqdan ötrü islahatlar aparılırdı. Geridə qalmış kolxozların bazası əsasında dövlət təsərrüfatlar-kolxozlar yaradılırdı. Partiya təşkilatlarının işi bu istiqamətə yönəldilmişdi. Təşkilatlarla əlaqə sahəsində təcrübə toplamış Məmməd Şiriyevin tövsiyyələri səmərəsini verirdi, gənc kadrlara etimad özünü doğruldurdu.

 

***

Respublika hökuməti dağ rayonlarının iqtisadiyyatını qaldırmaqdan ötrü yeni təsərrüfat sahəsinə-üzümçülüyün inkişafına qərar verdi. Torpaqşünas alimlər Lerikə üz tutdular, sovxozlardakı əkin yerlərini nəzərdən keçirib sənədlər hazırladılar. Dağ yamaclarında bağlar salmaq üçün güclü texnika lazımdı. Rayon texnika birliyinin imkanları məhdud idi. Vəziyyətdən çıxış yolu arandı Birliyin rəhbərliyini möhkəmləndirmək məsələsi götür-qoy edildi. Bu vəzifəyə üç namizəd vardı. Məmməd Şiriyev məsləhət görüldü. Respublikanın əlaqədar təşkilatları ilə danışıqlar aparıldı, təqdimat yazıldı. 1980-cı ildə təsdiq olunub əmr aldı.

Birliyin yeni rəisi ilk növbədə texnikanın təmiri üçün emalatxananın tikintisini ön plana çəkdi. Məsələ daxili imkanlar hesabına həll olundu. Avadanlıqlar, təmir maşınları alınıb quraşdırıldı. Texniki-peşə məktəblərində mexanizatorlar, çilingərlər hazırlandı. Emalatxana işə salındı, təsərrüfatlardan sifarişlər qəbul edildi. Gətirilən texnikanın keyfiyyətlə təmirinə nəzarət gücləndi.

Birliyin sifarişləri əsasında təsərrüfatlar üçün növbə ilə traktorlar, yük maşınları alındı. Bağlardan yığılan məhsulu emal etmək üçün zavodlar aqreqatlarla təmin olundu. Məmməd Şiriyev kollektivi səfərbərliyə alıb birliyin texnika parkını qaydaya saldırdı, binalar əsaslı təmir edildi. Bütün bu işləri görmək heç də asan başa gəlmədi. Bəzən maneələrlə üzləşsə də dözdü, iradəsi bədxahlara qalib gəldi.

On altı il böyük bir müəssisədə kollektivin ağsaqqalı missiyasını təmkinlə yerinə yetirən Məmməd Şiriyev rayon üçün çox iş gördü. Birlik ləğv olunandan sonra müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirdi. 2007-ci ildə Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti yarandı. O, Lerik filialının direktoru təyin olundu. Istər səpində, istərsə də biçində fermerlərə yaxından əl tutdu, məhsul itkisinə yol verilmədi.

 

***

Məmməd Şiriyev məsul vəzifələrdə işləsə də, dəbdəbədən uzaqda durub, sadə həyat yaşayır. Halal qazancı ilə tikdirdiyi birmərtəbəli evdə ömür-gün dostu Zərifə xanımla xoşbəxt ömür sürürlər. Onlar dörd övlad ərsəyə çatdırıblar. Altay ali təhsil alıb, Bakıda yaşayır. Nadir bir neçə rayonun hərbi komissarlığında qüsursuz işləyib, təqaüdə çıxıb. Təranə də, Sədaqət də pedaqoji institut bitiriblər, Bakı məktəblərində dərs deyirlər. Hərəsi bir evin xanım gəlini, qayğıkeş anadır. Nəvələrin Lerik şəhərinə dönməsi Məmməd baba, Zərifə nənə üçün toy-bayram olur. Allah bədnəzərdən qorusun...

Bu günlərdə Məmməd Şiriyevin 80 yaşı tamam oldu. Yaxınlardan, uzaqlardan qohumları, dostları, tanışları təbrikə gəlmişdilər. Hər biri ürək sözlərini, arzularını söylədi, keçdiyi mənalı, çoxlarına örnək olan həyat yolundan danışdı, xatirələr yada salındı. Yubiliyara həsr olunmuş şeirlər səsləndi, göndərilən hərarətli təbrik məktubları, teleqramlar oxundu, zarafatlar xoş ovqat yaratdı.

Dedilər ki, Məmməd Ağaxan oğlu soyadını daşıdığı nəslin işıqlı nümayəndəsi, el ağsaqqalı, dəyərli ziyalıdır. Həyatı hər birimiz üçün, xüsusilə ona yaxın insalar üçün məktəbdir. O, qulluq etdiyi dövlətə, dövlətçiliyə həmişə sədaqətli olub, övladlarını da bu ruhda tərbiyələndirib. Biz qohum-əqrabaya, dosta-tanışa ehtiram və hörməti Ataxan və Məmməd qardaşlarından öyrənmişik.

Məmməd öz adından, çoxsaylı ailə üzvləri adından yubileyin təşkilatçılarına, gələn qonaqlara ehtiram və minnətdarlığını bildirdi. Biz də fürsətdən istifadə edib təbriklərə qoşulduq, sevinc dolu günlər, sağlam ömür dilədik.

Ədalət  2019.- 23 fevral.- S.13.