Arzu Nehrəmli poeziyası

XƏYALƏ ƏFƏNDİYEVA

Bildim qəmini sənin ki, çoxdu,

Qəm çəkməyə bir hərif yoxdu...

Gəldim olam qəmin hərifi

Gəl təcrübə eylə mən zəifi...

 

"Leyli və Məcnun" poemasındakı bu misralar həm o yetim Məcnuna, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna "qəmin hərifi" olmağa gəlmişdi...

Ustadım Seyran Səxavət Arzu xanım Nehrəmli haqqında "Babadan nəvəyə keçən yalan" başlıqlı yazısında onu ulu Məhəmməd Füzulinin nəvəsi kimi qələmə verəndə, o müqəddəs baba - nəvə bağlılığını izah edəndə, bəlkə də babası Füzuli kimi Arzunun da bu dünyaya "qəmin hərifi" olmağa gəldiyinə işarə edir...

Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,

Keçər kafər cəhənnəmdən, gülər əhli - əzab oynar...

-deyir Füzuli. "Bəyir" - dəvəyə deyirlər. "İncil"də də, "Tövrat"da da belə bir məqam var: "Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar." Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz - özümə. O qədər böyük ki, onu bəyirin - dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq...

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz - duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz... Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana - seçdiyi bəndəsinə - dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi övladıtək əzizlədiyinə - canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır...

... Mənim kəşf elədiyim, ruhunu oxuduğum, içimə çəkdiyim, hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Arzu Nehrəmli məhz Allahın belə seçdiyi bəndəsidi - Seçilmişlərdəndi...

Hamı kimi olmağa - dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görmədiyini görməkdi Arzu olmaq...

Bu ömrü yaşamaq həm də əzabdır və Arzu bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini bütün şərəfli, ləyaqətli ömrünü həsr elədiyi özünütəsdiq sahəsinə gətirib çıxarır. Şair ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq, daha çox əzabla yaşamaq deməkdir.

Nə qədər barışmasa da, bu, Arzunun taleyidir, ömrüdür. Bu ömrün rahatlığı, dincliyi yoxdur, bu ömrün cəfası səfasından çoxdur, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü!

 

Bu da bir ömür çağıdır,

Çöl cənnət, içim ağıdır,

Cənazəm kəfən dağıdır,

Ruhumsa bal dadır, gəlir.

 

Arzunun bitmiş dözümü

Dərdlərinin yox çözümü,

Çalışıb özü özünü

Bir sözlə aldadır, gəlir.

Və yaxud:

Yaşamaqmı, nə bilim,

Ömrüm çiçək ömrüdü.

Hər gün ölüb dirildim,

Bu kəpənək ömrümü.

 

"Kəpənək" demişkən, elə Arzunun poeziyasında məni özünə bağlayan həm də o oldu ki, O, insana, insan ruhuna, mənəviyyatına kəpənək çiçək ləçəyinə qonduğu kimi qonur, sözə son dərəcə həssaslıqla yanaşır. Arzunun fəlsəfəsinin mayəsi içimizdəki İnsandır. O, insan ki, çox zaman biz onun qədrini bilmirik. Hürufilər deyirdi ki, insan Həqdən qopmuş nur parçasıdır. Bu mənada, Arzunun poeziyası elə onun özü kimi Həqdən qopmuş nur parçasının poetik ifadəsidir.

Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacarasan!

Bir pritçada oxumuşdum ki, şükürlə, səbirlə irəliləyən ordunun qarşısında kimsə dayana bilməz. Bu ordu Ölümə şükür etdiyi, Əzrayıla gülməyi bacardığı üçün yenilməzdir. Oxuduqca Arzunun hər sətrində bu cür Allahın hər kəramətinə şükranlıq gördüm, onu bir daha ürəkdən alqışladım:

 

Sabahın xeyir, ömrüm!

Ayağı daşlı,

başı savaşlı

yaşından yaşlı ömrüm

coşğun, təlaşlı ömrüm...

bir xoşbəxt qadının şüküründən

ayağı yer alıb

yaxasından yapışıb bərk - bərk,

günü - günə calamaqla edib ərk.

Qazandın, ömrüm!

Bir günün də mübarək!

Bu ötən səhərimdi

Gecən xeyrə qalsın!

Sabaha Allah kərimdi!

 

Haqqın nemətidir, haqqına şükür,

Sevinc də, kədər də onun əsiri.

Yağışlı günlərdən çən - duman çökür,

Bir işıq gizlədir gecənin sirri.

 

Bu misraları oxuduqca Arzunun dəyanətli, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu görürük. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, ali mərtəbəyə ucalır:

 

Haqqın nemətidir, haqqına şükür,

Sevinc də, kədər də onun əsiri.

Yağışlı günlərdən çən - duman çökür,

Bir işıq gizlədir, gecənin sirri.

Yaxud:

Əlim qulağımda, çatmaqda vaxtım...

Ölümün astarı üzündən baha.

Bu günə min şükür, şükürlü baxtım,

Gələn sabahlara, kərim Allaha.

 

"Ölümün astarı üzündən baha..." deyir Arzu. Hələ də içində istisinə isindiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya - doya yaşamağa qoymayıb araya qəfil hicran salan vaxtsız ölümdən... yazır. Yazır ki, bəlkə ürəyi boşala... Yazır ki, bir az səbbi alına... Yazır ki, unuda yaşadıqlarını... Amma "unutmağı öyrənmək" istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə - Sözə çevirir. Nakam sevgisi və ... və... Ölüm...

Təkcə Arzunun yaradıcılığında yox, geniş mənada düşünəndə, bəlkə də "Sevgi və Ölüm" mövzusu olmasaydı, heç ümumiyyətlə, poeziya yaranmazdı. Yaransaydı da, "Ölümün yaratdığı" poeziya səviyyəsində olmazdı.

Platon "Hər bir yaradıcılıq öz gücünü ölümdən alır" - deyirdi. Hər bir əsl şeir Ölümlə təmasdan yaranır, Ölümün "canından" qopur. Əsl sənət nümunəsi əslində, o ucsuz - bucaqsız qaranlığa - Ölüm adlı əbədiyyətə açılan pəncərədi.

"Ölüm - Haqqdır" - Ölüm Tanrının ən çox yazdığı və heç vaxt yazmadığı həqiqətdir...

Arzunun şeirlərinin bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü "qarğımır, daş-qalaq eləmir", onu alnına yazılan yazı kimi qarşılayır,hətta qovuşmaq üçün ölməyə də razı olur:

 

Sevdalanmış Arzuyam,

Bəxti qara yazıyam.

Ölməyə də razıyam,

Unutmağa gücüm yox.

Yaxud:

Səndən sonra ölmədim,

Ölmədim, yaşayıram.

Sənsizliyi qəlbimdə

Yük kimi daşıyıram.

 

Çox gözləsəm də onu

Yaxın gəlmədi ölüm.

Yaxasından tutmağa

Uzalı qaldı əlim...

 

İnsan həyatı bir çevrədir. Mahiyyət etibarilə, dünya özü bir çevrədir. Çevrə sonsuzluqdur. Arzunun şeirlərinin hərəsi bir çevrədir, düz xətt üzrə deyil. Ona görə bu şeirləri xətkeşlə ölçmək mümkün olmur. Bu şeirləri hiss edirsən, duyursan, içində yaşayırsan, yanırsan, göz yaşların dinmək bilmir, amma izah etmək məqamı gələndə kəlmələr çox aciz gəlir adama. Çünki bu şeirlərin başlanğıc nöqtəsi ilə, son nöqtəsi iç - içə, üst - üstədir.

İnsan həyatı da bir çevrədir. İnsan doğulur - bununla çevrə başlayır, böyüyür, gəncliyini yaşayır, yaradır, ailə qurur, övlad sahibi olur, dostlar qazanır, dünyada gedən prosesləri görür, müdaxilə edir, dünyanı dərk etməyə çalışır, hər gün addım - addım Ölümə doğru irəliləyir... və bir gün Haqqa qovuşur... Bununla çevrə qapanır. İnsan həyatı harda başlayırsa, orda da bitir.

Biz dünyaya gələndə ağlayırıq. Bəlkə də bir gün yaşayacağımız ölümü duyub yenidən geriyə - ana bətninə qayıtmaq istəyirik. Bələklərlə bələnirik, pal - paltar geyinirik, evcik - evcik qururuq, evcik qura - qura ev tikməyi öyrənirik, ev tikirik, yuva qururuq, şeir yazırıq, şeirlərimizdə qafiyə sistemi yaradırıq - bəlkə də bütün bunların hamısı isə biz bu aləmdə ana bətnini yenidən özümüz üçün yaratmaq istəyirik...

Evcik qura - qura həyat qurmağı öyrənirik, gəlinciyimizin saçını daraya - daraya gəlin olmağı... O zaman dünya o qədər buludsuz, çəhrayı rəngdə olur ki, bir alma şəkəri bəs edir ki, bizi dünyanın ən xoşbəxti eləsin...

Arzunun şeirlərinin içində məni ən sarsıdan "Evciyim" şeiri oldu. Bu dünyada hamıdan incimək olur - atadan, anadan, dostdan, yardan, yoldaşdan, lap bədəbəddə adam bəxtindən də inciyir, Allahdan da küsür... Amma Arzu nə Allahdan küsür, nə də bəxtindən... Elə olsaydı o da olardı hamı kimi, xorda oxuyan sıra nəfərlərindən biri - Amma Arzu bənzərsizdi axı... Küskünlüyü də özü kimidi.

Həyat dolu uşaqlığını, gözlərində günəş çıxıb ay doğduğu günlərini xatırlayan Arzu özü kimi ərköyün gəlinciyindən, evciyindən küsür:

 

Qonaq - qaralı evciyim,

Şah əsəri gəlinciyim.

Gəlinciyim mənim kimi

ərköyündü, uşaq idi.

Mənim qədər olmasa da

O da yaman qoçaq idi.

Anlamazdıq dərddən - sərdən

Düşünməzdik acı - acı

Düşünə bilsəydik belə

Çözüb bulardıq əlacı

Məni onun qədər heç vaxt

Anlamazdı ana - bacı.

Gəlinciyim, heç demirsən,

Uşaq dostum, sirr yoldaşım,

harda qalıb?

Arzuları, ümidləri

Dünya boyda evciyində

Orda qalıb.

Durum səndənmi inciyim,

Daha qalmayıb dincliyim

Küsdüm səndən gəlinciyim!

Elə səndən də evciyim!

 

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucu qəlbinə gedən yoldur. Arzu xanım bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının "ilk" dövrü, ya "yetkinlik" mərhələsi adlı şey yoxdur. Ədəbiyyata gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı - istisiylə ürəklərə yol tapır - Arzu xanım kimi...

Haqqında oxudum ki, Arzu xanım Kazımqızı Nehrəmli bədii yaradıcılığı ilə yanaşı həm də alimdir, tarix elmləri üzrə fəlsəfə doktorudur. 2008-ci ildə elmi əsəri işıq üzü görüb.

1997-ci ildə "Əbədi sevgi", 2001-ci ildə "Tənha qu nəğməsi", 2017-ci ildə "Unutmağı öyrənirəm" adlı şeir kitabları ilə oxucuların görüşünə gəlib. Sözlərinə 50-yə yaxın musiqi bəstələnmiş Arzu xanım həm də nəğmələrdə ürəklərə yol tapır. Amma bütün bu sadaladığım alim, şair, sənətkar kimi keyfiyyətlərdən daha uca, ali mərtəbədə dayanan obraz gördüm - sevgisi, sədaqəti, dəyanəti, ləyaqəti, mərdliyi, qeyrəti ilə heç kimə bənzəməyən Qadın - Ana obrazı...

Hər misrasında, hər sətrində mən Arzunun ürəyinin böyüklüyünə heyran qaldım və bir övlad kimi Onun Analığı, Qadınlığı, Böyüklüyü, Müqəddəsliyi qarşısında baş əydim.

Ədalət  2019.- 23 fevral.- S.14.