AZƏRBAYCAN
ƏDƏBİYYATINDA NƏSİMİ OBRAZI
Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru
Mən aşiq, soy ilandı,
Şahmar da soy ilandı.
Nəsimi
tək bu aşiq
Yolunda soyulandı.
Qədim
bir bayatıdan gələn bu səda əqidəsi yolunda edam olunan, dərisi soyulan İmadəddin Nəsimiyə-bu
dahi şairimizə həsr olunan ilk folklor nümunəsidir ki,
əsrlər keçdikcə xalqın yaddaşından silinməyib.
Klassik şeirmizdə isə Nəsiminin obrazı
- onun həyatı, şəhidlik zirvəsinə yüksəlməsi
heç bir əsərdə köklü şəkildə
öz əksini tapmamışdır. Sadəcə
olaraq, onun adı ustad kimi xatırlanmış, şeirlərinə
nəzirələr yazılmış, onun mənsub olduğu
hürufizm təriqətinə tərəf-müqabillik ifadə
olunmuşdur. Nəsimiyə müraciət
keçən əsrin yetmişinci illərindən
başlayaraq, onun anadan olmasının 600 illiyilə əlaqədar
ədəbiyyatın mövzusuna çevrilmişdir.
Xalq yazıçısı İsa Hüseynovun "Məhşər"
romanı ilə Azərbaycan nəsrində Nəsimi
obrazının ilk, mükəmməl nümunəsi yaranır. "Məhşər"ə
qədər İsa Hüseynov müharibə dövrü həqiqətlərindən,
əllinci-altmışıncı illərin mürəkkəb
və ziddiyyətli hadisələrindən söz açan
povest və romanlarını yazmışdı. Görəsən,
İsa Hüseynovu Azərbaycan tarixinin ən mürəkkəb,
ən ziddiyyətli, müharibələr, fatehlərin
qanlı toqquşmaları, bir-birinə zidd ideoloji cərəyanların
mübarizəsi ilə şərtlənən XIV-XV əsrlərə
-Nəsimi dövrünə hansı istək, hansı məqsəd
çəkib aparmışdı? Əlbəttə, İsa
Hüseynov "Məhşər"ə qədər tarixi
mövzuda "26-lar" və "Ulduzlar sönmür" bədii
filmlərinin ssenarilərini yazmışdı. Amma
bu filmlərdə (xüsusilə birincisində) İsa
Hüseynov sovet dövrünün ideoloji ştamplarından
yaxa qurtara bilməmişdi. "Məhşər"
isə tarixə sırf reallıqlar və bədii təxəyyülün,
yaradıcı yanaşmanın birgəliyindən yarandı.
"Məhşər"
(1972-1976) Azərbaycan tarixi romanının "qızıl
dövrünün" ("Pərvanə", "Dəli
Kür", "Qarlı aşırım"la başlanan,
az sonra "Mahmud və Məryəm", "Fətəli fəthi",
"Qətl günü" "Köç" romanları
ilə daha da yeniləşən) parlaq bir nümunəsi idi.
Bu romanla İsa Hüseynov şəxsiyyətinin bəlkə
də ən mühüm bir xarakteri ortaya
çıxırdı-o, tarixi bəzi romançıların
"salnamə" prinsipi ilə yanaşmamışdı,
tarixi müasirliyin gözü ilə oxumaq, incələmək
prinsipini əsas götürmüşdü. İsa
Hüseynov tarixçi deyildi, lakin tarixi canlı bir proses kimi,
mümkün qədər obyektiv şəkildə mənalandırmaq
üçün Tolstoy, Hüqo, Ordubadi və Çəmənzəminli
prizmasından yanaşmağı ən doğru yol
bilmişdi. Tarix tarixliyində qalır, lakin İsa
Hüseynovun ədəbi müəllimi Mehdi Hüseynin dediyi
kimi: "Tarixçi dövrün ümümi ictimai
münasibətlərini əks etdirirsə, yazıçı
ən çox dövrün psixologiyasını təşrih
edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər
yarana bilməz".
Nəsimi
və onun həyatı, hürufiliyin banisi Nəiminin fikir,
ideya dünyası, onun faciəli qətli, "rəncbər
şah" Şirvanşah İbrahim, fateh Teymurləng, dini
etiqadların qulu olan Şeyx Əzəm-bu tarixi obrazların hər
birinin çılğın ehtirasları, fəlsəfi
dünyabaxışların mübarizəsi, müharibələr,
qırğınlar-bir romanda bütün bunları kəskin
münaqişələr, bir-birinə zidd və
barışmaz münasibətlərlə canlandırmaq sənətkardan
doğrudan da, əsl ədəbi hünər tələb
edirdi və İsa Hüseynov ilk tarixi romanında bu
missiyanın öhdəsindən gələ bildi.
Ordubadi
Qılıncın və Qələmin vəhdətini əks
etdirmək istəmişdi, amma onun romanında Qələm
Qılıncdan daha kəsərli nəzərə
çarpırdı, Nizaminin şairliyi Qızıl
Arslanın və Fəxrəddinin qılıncından
üstün görünürdü, Nizami dühası
bütün problemlərin önündəydi, "Məhşər"də
isə gah Qılınc, gah da Qələm qalib gəlir. Sonuncunun qələbəsi təfəkkürün
-hürufi ideyalarının qələbəsiydi.
Əsərə
yazılan ön sözdə (Əzizə xanım Cəfərzadə)
oxuyuruq: "Məhşər" islam dini
əleyhinə yazılmış romandır. Yalançı
etiqadlar, din və xurafat, müharibə, qan-qırğın,
istibdad, istismar əleyhinə yazılmışdır. İnsanı alçaldan bütün
xırdalıqları nadanlığı, cəhaləti
qamçılayır". Bu fikirdə
yalnız birinci cümləyə qəti etiraz etmək olar.
"İslam dini əleyhinə
yazılmış" bu romanda İslam əleyhinə
heç nə yoxdur. Yoxsa Fəzlullah Nəimi edam ərəfəsində deməzdi ki:
"Dinləyin, burda icra edilən hökm həq-təalanın
öz hökmüdür". Hərçənd ki "din
kitablarında bir olan Allah hüzurunda məhkəmə kimi qələmə
verilən məhşərin, cəmi bəşərin
ölüb yenidən diriləcəyi barədə
iddiaların yalanlığını Fəzl çoxdan
sübut edib, cümlə aləm-xaliq əbədidirsə, demək,
bəşər də əbədidir"-bu, heç də
İslamı tənqid etmək deyil.
"Məhşər" gərgin konfliktlər,
üz-üzə duran qüvvələrin həm mənəvi,
həm də cismani qarşıdurmasını əks edirən
bir əsərdir. Ancaq romanda Nəsimi-Teymur
qarşıdurması bu mənada ən kulminasion nöqtədir.
"Məhşər" haqqında
çox-çox əvvəllər bir məqalə
yazmışdım və orada müəllifə
iradımı bildirmişdim ki, tarixi sənədlərdə Nəsimi
ilə Teymurun görüşü barədə heç bir məlumat
yoxdur və bu, taritxi reallığa ziddir. İsa
müəllim o məqaləni oxumuşdu. Rastlaşanda
söylədi ki, sən nə bilirsən Teymurla Nəsimi
görüşməyiblər, mən iki fatehi
görüşdürmüşəm. Doğrudan
da, İsa müəllimə haqq qazandırıram. Tarixdə belə bir görüş olmayıbsa da,
romanda onların üz-üzə gəlməsi labüd idi.
Qılınc, müharibə fatehinin söz
fatehi ilə, qorxu, zülm "fəlsəfəsi" ilə
humanizm, Allahı insanda görmək ideyası öz bədii-fəlsəfi
dərkini tapmalıydı. Nəsimi deyir: "Qorxu
törətməklə sən özünü məhv edirsən,
Əmir! Teymurun sifəti göm-göy kəsilmişdi.
İyirmi beş ildən çox idi ki, o
öz əliylə adam öldürməmişdi. Amma indi əli öz-özünə silaha uzanıb,
arxadan yüyürən bahadırın
qılıncını qından çəkdi. Çox
pis axsaya-axsaya, tövşüyə-tövşüyə
yeriyib, Nəsiminin iki addımlığında dayandıqda
yalnız Allah xofuna inamı və özünün törətdiyi
qorxuya etiqadı, qarşısındakı müdhiş itaətsizin
boynunu vurmaqdan əvvəl nə isə deməyə ehtiyac əmələ
gətirdi" . Az qala
bütün dünyanı öz qılıncına
tapındıran Teymurun "fəlsəfəsi" isə
güc və qüvvətin -qorxubilməz inadın məntiqini
sübut edir: "Xırda həşərat iri həşəratdan
qorxur. Gücsüz adam güclüdən.
Cəmi bəşər də bir olan Allahdan qorxur!- dedi. Qorxu üstündə bərqərar
deyilmi dünyamız?". Nəsimi isə
humanizm və kamillik ideyasından çıxış edir:
"Güclü, gücsüz insan yoxdur, əmir! Cahil var, kamil var. Cahilin tərzi-həyatı
heyvanların tərzi-həyatına uyğundur. Çünki hər ikisi idrakdan məhrumdur. Həqqə qovuşan kamillər isə dünyada
qorxunun səbəblərini öyrənirlər. O kamillərdən
birisi sənin hüzurundadır, bax gör üzündə
qorxudan bir əlamət taparsanmı, əmir?" Nəsimi Teymuru inandırır ki, Fəzlullah hərb
niyyətində deyil, çünki Fəzlullah cümlə bəşəri
həqq səltənətində birliyə
çağırır. Fəzlullah Nəimi
yaşadığı dövrün ən aparıcı, ən
mütərəqqi bir ideyasını ifadə edirdi, amma Nəsimisiz
bu ideyaları insanların ruhuna aşılamaq, ölüm
qorxusu altında belə diz çökməmək inadı
mümkün olmazdı. İsa Hüseynov tarixin ona təlqin
etdiyi belə bir həqiqəti romanda əks etdirir: Teymur
ölkələr fəth edir, özündən də
güclü olan başqa bir fatehi-İldırım Bəyaziti
məğlub edir, tezliklə ona dünya şöhrəti
qazandıracaq ən böyük qələbəsinə nail
olur, lakin "Mənəm Allah" deyən qorxunc qüvvə
ilə üz-üzə qaldığını bilincə,
özünü məğlub sayır. Nəimi edam
olunur, amma Nəimilik yaşayır və bütün Şərqi
dolaşıb hürufizmi yayan Nəsimi də az sonra edam
olunacaq (Nəsiminin ölüm səhnəsinin təsvirinə
İsa Hüseynov ehtiyac duymasa da), amma Nəsimilik də
yaşayır.
Bəxtiyar
Vahabzadənin "Fəryad" mənzum dramında da elə
bu həqiqət təsdiq olunur: "İki dünyaya
sığmayan" Nəsiminin mənəvi varlığı
yaşayır, nəsimilik onun ölümündən sonra da həm
bir təlim kimi, həm də özünü dərk etmək,
ölümə qalib gəlmək ideyası kimi
yaşamağa qadirdir. Yaşar Qarayev yazırdı ki: "Mənəm
Allah" deyən Nəsimi, doğrudan da öz müasirləri
arasında Allah məqamına ucalandan sonra "Nəsimi"
və "Allah" sözləri eyniləşir, sinonim olur,
sonrakı nəsimilər daha "mənəm Allah" yox,
"mənəm Nəsimi" deyirlər. Çingiz
Aytmatov da yazırdı ki, "Tarixi də müasirlik qədər
yaşada bilmək, "keçmişə görə əzab
çəkmək" prinsipi Bəxtiyar Vahabzadənin bu
şərti-bədii üsulunda özünün qabarıq əksini
tapıb". İnsan niyə
öz-özünü Tanrı elan edir? Çünki
yaşamaq, haqq sözünü demək üçün real
həyatda heç bir şərait, heç bir mənəvi
qayğı görünmür, odur ki, insan bu heçliyə,
bu boşluğa üsyan edir, Nəsimi ideyalarına
tapınır, onu Allahla eyniləşdirir. Pyesdə Allah
adına söylənilən bu fikirləri
əslində, Nəsimi öz şeirlərində də ifadə
etmişdi:
Allah!
Bilirik, cisim deyil, bəs nədir allah?
Ən
yüksək olan haqda, həqiqətdədir allah.
Dondunsa təkamül
və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir
allah.
Vəhdət nə demək? Gizlidir hər zərrədə
vəhdət.
Bir zərrə
ikən küllə qovuşmaq ulu niyyət!
Gördüklərimiz
zahiridir, bətnə nüfuz et!
Batindəki,
cövhərdəki fitrətdədir allah.
Son məqsəd "Ənəlhəq"mi. Dilək
sözdən umulmaz.
Ən yüksək olan zirvəyə mütləq demək
olmaz.
Bir pillədə
durdunsa, "Ənəlhəq" demək olmaz,
Ülviyyətə
çatmaqdakı niyyətdədir allah.
"Fəryad"
fəlsəfi-psixoloji dramdır-Yaşar Qarayev də bu pyesi məhz
həmin aspektdən təhlil edir və gəldiyi nəticə
budur ki, B.Vahabzadə sanki sınamaq istəyib ki, Nəsimi təliminin
aynasında müasirləri narahat edən fikir, hiss və
duyğular görünürmü? B.Vahabzadənin
bir çox poemalarında Həyat və Ölüm fəlsəfi
problemi bədii şəkildə, özü də uğurla
öz həllini tapıb və "Fəryad"da da
"ağrılı, narahat, fəal həqiqət hissi"
ilə diqqəti cəlb edir. Pyesdə Nəsiminin
özü görünmür, lakin özünü Nəsimi
elan edən iki Nəsiminin -həllacı Musanın və
Turalın simasında nəsimiliyin varlığı,
ölümsüzlüyü təsdiq olunur. Nəsimilik təkcə sadə xalq arasında deyil, zülm
və haqsızlıq ocağı saraylarda da beyinlərə,
şüurlara hakim kəsilir. Əmirin etirafı:
"Hürufi məsləki tutub ölkəni, Tərki-silah
etdi öz balam məni!".
Məncə, XX əsr Azərbaycan şairləri
içərisində də öz fəlsəfi-poetik
düşüncəsinə, təbliğ etdiyi fikirlərinə
görə, Nəsimiyə ən çox yaxın olan məhz
Bəxtiyar Vahabzadədir,-desək, yanılmarıq. Nəsimilik
onun şeir və poemalarında, həmçinin pyeslərində
özünün yeni mərhələsini yaşayır.
Amma təbii ki, XX əsrin poetik təfəkkürü
formasında.
Nəsimi
haqqında mənzum romanın müəllifi isə Xalq
şairi Qabildir.Ədəbiyyatımızda Nəsimidən və
Nəsimi obrazından söhbət açanda Qabilin "Nəsimi"
poemasını xatırlamamaq olmur.Qabil bu poemaya
ömrünün beş ilini həsr edib.
Heç
kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
Qabil də mümkün qədər bu "quş dilini" öyrənməyə səy etmiş, Nəsiminin yaşadığı dövrü, o dövrün ictimai-siyasi hadisələrini, ən başlıcası isə şairin mənsub olduğu hürufilik təriqətinin mahiyyətini öyrənə-öyrənə Nəsimi əsrinə gedib çıxmışdır. Tarixi şəxsiyyətlərdən əsər yazan bir çox müəlliflər bəzən "müasirləşdirmə" yolu ilə gedirlər. Bir də görürsən ki, tarixdən bizə məlum olan şəxsiyyət (şair, sərkərdə, şah) sanki bu günün, bu dövrün adamıdır. Təbii ki, həmin tarixi şəxsiyyət "müasirləşdiriləndə" öz sanbalını itirir. Tarixi şəxsiyyəti, xüsusilə, klassik sənətkarı zorla "müasirləşdirmək" olmaz! Belə demək mümkünsə, klassikə doğru getmək, onu mahiyyətcə dərk etmək lazımdır. Çünki müasirliyin kökü və mənşəyi də klassikadan, ənənədən gəlir. Qabil də məhz bu yolu seçmişdir.
Mərhum prezidentimiz Heydər Əliyev Qabilin 70
illik yubileyində demişdi: "Qabilin Nəsimi haqqında
yazdığı mənzum roman mənim yaxşı xatirimdədir.
Doğrudan da o, çox böyük bir iş
idi və Qabil bu işi gördü. Bu həqiqətən
Dövlət mükafatına layiq bir əsərdir.
Çünki Nəsimi haqqında belə böyük,
sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum
roman yazmaq hər adamın, şairin,
yazıçının işi deyil. Qabil bunun öhdəsindən
gəldi".
(ardı var)
Ədalət 2019.- 23 fevral.- S.15.