Faciəyə düşən
işıq
Xocalı dəhşətlərindən zaman baxımından uzaqlaşdıqca faciənin vurduğu yaralar sağalmaq əvəzinə, daha da dərinləşir, qövr edir, düşmənin amansızlığı üzə çıxır, xüsusən də o müdhiş gecə bədii əsərlərdə təcəssüm etdirildikcə. O qanlı-qadalı günlərdən söz açan kitabların sayı zaman keçdikcə artır, rəssam və heykəltəraşların əsərləri də faciənin görünməyən tərəflərinə işıq salır. Bu günlərdə "Azərkitab" kitab təbliğatı mərkəzində təqdimat mərasimi keçirilən "Xocalı şikəstəsi" romanı da faciənin bədii ifadəsi hesab edildi.
Azərbaycan və Anadolu türkcəsində çapdan yenicə buraxılan "Xocalı şikəstəsi" romanının ədəbi və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatında yeni nəşrin redaktoru, Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli bildirdi ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən, ötən əsrin 80-90-cı illərində mətbuatda publisistik yazıları, kiçik həcmli hekayələri ilə çıxışları ilə yadda qalan Ulduz Qasım taleyin hökmü ilə Moskvaya köçüb: "Aradan ötən 30 il müddətində o, nə Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. "Mən aşiqəm Qarabağda", "Tələbə gündəliyi", "Açılmayan sirlər"in müəllifi olan Ulduz xanımın "Qürbət Zöhrəsi" kitabı isə İstanbulda türk dilində çapdan çıxıb. Müəllif qürbət ellərdə yaşamasına baxmayaraq, əsərlərində ilk növbədə göstərir ki, o, təbiətindəki yenilməz milli qürur hissini, yurda, ana dilinə, valideynlərinə, adət-ənənələrə, İslam inancına bağlılığını qoruyub saxlayıb. Elə bu səbəbdən də "Xocalı şikəstəsi" kimi romanı da yaza bilib".
Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova romanın ideya-məzmun xüsusiyyətlərindən söz açaraq bildirdi ki, "Xocalı şikəstəsi" faciəni və hadisələrin sonrakı inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə bir ailənin timsalında dolğunluqla əks etdirən əsər kimi maraqlıdır...
Milli Məclisin deputatı Tahir Rzayev çıxışında vurğuladı ki, Xocalı haqqında bədii keyfiyyətindən asılı olmayaraq, bütün yazılanlar tarixdir.
Əsəri Türk dilinə çevirən İmdad Avşar isə tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışdı. O, bu baxımdan "Xocalı şikəstəsi"nin müxtəlif dillərə tərcümə olunmasını lazım bildi.
Yaxın tarixi
keçmişimizə işıq salan əsərə
görə müəllifə minnətdarlığını
bildirən Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, "1992-ci il fevralın 25-dən 26-na keçən gecə
xocalılar dərdlərinə yalnız özləri
ağlayırdı, bu gün
isə Azərbaycanın hər yerində
Xocalı faciəsi anılır" fikirlərinin müəllifi,
əslən Xocalıdan olan şair Ələmdar Quluzadə isə
"...bütün azərbaycanlılar
Xocalı dərdinin başına toplaşıb, çünki "Xocalı şikəstəsi"
yurd həsrətli insanların
romanıdır",-dedi və əlavə etdi
ki xocalılar onların dərdinə
yananları çox sevirlər:
"Xocalıdan 3 min kilometr
uzaqda yerləşən Moskvada
yuxusuz gecələr hesabına
yazdığı bu əsərə
görə Ulduz xanıma bütün
xocalılar adından təşəkkür edirəm". "Kredo" qəzetinin baş redaktoru,
tanınmış şair-publisist Əli Rza Xələfli, şair
Əjdər Ol, yazıçı-publisist
Zemfira Məhərrəmli, "Ədalət"
qəzetinin baş redaktor
müavini, şair-publisist
Əbülfət Mədətoğlu, "Ədəbiyyat"
qəzetinin baş redaktoru
Azər Turan, "Qarabağa
aparan yol" qəzetinin
baş redaktoru,
Əli Mahmud, "Azərkitab" Kitab Təbliğatı
Mərkəzinin rəhbəri Sabir Hüseynov və digərləri əsər
haqqında fikirlərini bölüşdü,
gənclərin vətənpərvərlik ruhunda
tərbiyəsi, tariximizin təbliği üçün belə əsərlərin əhəmiyyətli
olduğu vurğuladılar. Sonda romana verdikləri dəyərə görə
tədbir iştirakçılarına minnətdarlığını
bildirən, Xocalı hadisələrinin hər bir
azərbaycanlının yaralı yeri olduğunu söyləyən
yazıçı Ulduz Qasım romanın
real hadisələr əsasında
yazıldığını da
xatırlatdı.
Ədalət.-2019.-26 fevral.-S.5.