OXU MARAFONUNUN QALİBİ

 (esse)

Qərib MEHDİ

(əvvəli ötən sayımızda)

- Siz bu misralarınızla Ofelya xanımın bütün ağrı-acılarını unutdurmusunuz. Sağ olun!

Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ Azərbaycanın köksünə açılmaz bir qıfıl-xəncər kimi saplanmışdır. Dünyadan bu qıfılın açarı sorulur. Hamı barmağını Rusiyaya doğru uzadır. Problemin həll açarını Putindən sorulmağı bildirilir. Bu sorğunu şair Aydın Murovdağlı da səsləndirir. Özü də necə!.. Şeir-sorğunu oxuyan Zahir Seyidov Aydına telefon açıb bir vətənpərvər oxucu kimi şeirdən nümunələr çəkir, sonra da münasibətini bildirir:

 

Cənab Putin! Böyük rus xalqın var sənin,

Öz xalqını qorumağa haqqın var sənin,

Sən fələksən, fırlatmağa çarxın var sənin,

Daha bəsdi, öz hökmünü - qərarını ver!

Cənab Putin! Qarabağın açarını ver!

 

...O yarıtmaz ATƏT-lərə tapşırma bizi,

Siyasətin zirvəsindən aşırma bizi,

Səbrimizin kasasından daşırma bizi,

Bu millətə qış veribsən, baharını ver!

Cənab Putin! Qarabağın açarını ver!

...Vətən dərdim neçə parça-bölükdü, cənab,

Qətnamələr uşaq çalan düdükdü, cənab,

Mənim haqqım bu dünyadan böyükdü, cənab,

Demirəm ki, millətimə öz varını ver!

Cənab Putin! Qarabağın açarını ver!

 

- Qələminə qüvvət, Murovdağlı! Konkret tələb qoyulmasa, Kremldən açarı almaq mümkün olmayacaq. Cəsarət nümayiş etdirəndə oxucu şairlə bir nota köklənir.

Maraqlı yazılar müəllifi yazıçı Zaur Həkim özünəməxsus bir təəccüblə söyləyir:

- Gecə saat 12 idi. Şirin yuxuya dalmışdım. Aramsız çalınan zəng nəhayət, məni bal yuxumdan ayıltdı. Hirslə telefonu götürüb açdım: "Vaxtsız-vədəsiz gecənin bir məqamında kimdir məni narahat edən?" Sorğuma şirin ləhcəli cavab gəldi: "Kənd müəllimi"dir. Zaur müəllim, " hunday" hekayənizi indicə oxuyub bitirdim. Macəra-dedektiv janrı sizdə yaxşı alınır. Ləzzət elədiyi üçün isti təbrikimi sabaha saxlayıb soyutmaq istəmədim. Bivaxt zəngə görə acığınız tutmasın. Niyyət xoş olanda qəbahəti bağışlayırlar". Bu sözlərdən sonra nəinki hirsim soyudu, hətta xoşhal oldum.

Oxu marafonunun azsaylı öncüllərindən biri Zahir müəllimi çoxdan tanıyıram. Ancaq kitablı əlaqələrimizin ömrü o qədər də uzağa getmir. Amma bu sıx yazıçı-oxucu münasibətləri nə vaxtsa baş verməliydi. Verdi də...

Tələbkar oxucuya qarşı ilk debütüm - ilk addımım yeganə şeir kitabım olan "Bulanma, könül çayım"la başladı. Aradan günlər, həftələr keçdi. Oxucumun kitabım barədə reaksiyasını hiss etmədim. Yəqin ki, oxumamış deyildi. Ancaq susurdu. Bəlkə də, atacağı addım barədə düşünürdü. Nəhayət, təsadüf bizi görüşdürdü. Səbirsizlik məndən başladı:

- Deyəsən, kitabımı oxumusunuz?

Mövzuya qatıldığımdan sanki sevindi. Sözünü deməyə şərait yaratmışdım. Əlini saçına səkib dərindən nəfəs dərdi:

- Yox, oxumuşam. Elə şey olarmı ki, sizin kitabı oxumayım.

- Adətinizin əksinə olaraq, fikir bildirməyə tələsmisiniz. Zövqünə inandığım oxucunun fikri mənim üçün maraqlıdır.

İçini arıtlayıb deyəcəyi fikri sözə çevirdi:

- Tənqidi həzm edə bilirsinizmi?

- Haqlı tənqidi hə...

- Elə isə fikrimi deyərəm. Mən sizi maraqlı nasir kimi tanıyıram. Şeirlərinizdə bir nasirlik var. Bəlkə....

Nə demək istədiyini duydum. Onun fikrini özünə səsləndirdim:

- Bir daha poeziya ilə məşğul olmayacağam. Açıq danışdığınız üçün təşəkkür edirəm. Elə müəllifin qənaəti ilə oxucunun fikri üst-üstə düşür. Bu şübhənin səbəbindən şeir kitabımın sayını artırmadım.

Sonra "Kənd müəllimi"nin kitabxanasına nəsr kitablarımın transferi başladı. Güzəştsiz təəssürat ala-bəzək oldu. Oxucum müəllifi gah tərif, gah da tənqid buketlərinə qərq edirdi. Səmimi olduğu üçün onun tərifi , tənqidi mənə xoş idi.

Bu da növbəti kitab: "Skripka üçün Mi simi". O qədər iri olmayan yeni povestimdə günümüzün ağrılı məsələləri - atası erməni girovluğunda olan məktəbli Nicatın keşməkeşli taleyindən söz açılırdı.

Elə həmin günün axşamı telefonum səsləndi. Sorğuçunu səsindən tanıdım - "Kənd müəllimi" idi. Görəsən, baş vermişdi? Yoxsa kitabı oxumuşdu, fikrini müəlliflə bölüşmək istəyirdi? Yəni belə tez?

- Eşidirəm, əziz oxucum, - deyə onu salamladım.

O, mənim xoşqılıq sözümə əhəmiyyət vermədən öz məqsədinin ardınca gedib gözlənilməz sualla:

- Mənə deyin görüm, özünüzü möhkəm adam hesab edirsinizmi?

Sualın məğzini başa düşmədən onun istəyinə tabe oldum:

- Xaraktercə xeyli möhkəməm.

Onun səsində ciddiliklə kövrəkliyin qarışığını hiss etdim. Sözünə davam etdi:

- Mənim möhkəmliyimə söz ola bilməz. Bu xasiyyətim çox sarsıdıcı hadisələrin imtahanından çıxıb. Kimsə bu halımı qəbahət saya bilər. Ancaq mən olanı deyəcəyəm. Sözlərimə yaxşı qulaq as. Atam öləndə ağlamamışam. Anam da dünyasını dəyişəndə gözlərimdən yaş çıxmayıb. Əziz qohumlarımla vidalaşanda dəsmalımı gözlərimə aparmamışam. Ancaq "... Mi simi" povestindəki məktəbli Nicatın taleyi məni ağlatdı. Özü necə ağlatdı !.. Bu əsər düşmənə nifrətimi birə min artırdı! Bax, bu uğurdur.

Təşəkkür etməyə tələsmirdim. Düzünü deyim ki, onun təəssüratından məmnun qalmışdım. Deməli, ahdan ox düzəldə bilmişdim.

Ertəsi gün oxu marafonumun qalibi yenə şəhərə - Nizami yurduna gələcək. Əvvəlcə kitab köşkü ilə, sonra kitab əhli ilə - bizimlə görüşəcək...

Ədalət.-2019.-26 fevral.-S.5.