DƏMİRQAPI DƏRBƏNDİM

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(Rus işğalı, yoxsa... farsların əlindən nicat?)

Niyə Dəmirqapı Dərbənd? Məğər başqa şəhər-qalaların qapıları dəmirdən olmayıb? Nə vaxt bu adı alıb? Kim qoyub bu adı? Kim və nə vaxt tikdirib Dərbənd qalasını? Memarı kim olub? Qədəm qoyan anda dərhal məchul suallar adamı çulğalayır. Fikirləşə-fikirləşə qalırsan. Düşüncələr burulğanında ha çabalayırsan, bir tərəfə çıxa bilmirsən. Xəyalən, Dədə Qorqud əyyamı göz önündən keçir, ancaq bununla da qane olmursan. Fikir-xəyal daha qədimə aparır səni... ağlın dərk etmədiyi, şüurun nüfuz edə bilmədiyi ZAMANa və MƏKANa. O yerə ki, hələ daş-daş üstə qoyulmayıb, nə qala var, nə şəhər. Sadəcə qoca təbiətin yaranışından bir insanlardı bir də... ucsuz-bucaqsız təbiətin yanında çox kiçik görünən dağlarla dənizin arasında qalmış kiçik bir keçid, dar bir bərə....

***

DƏRBƏND - azərbaycanlıların ulu əcdadlarının tunc dövründə məskən saldığı və bu günçoxluq olaraq bir çox xalqlarla dostluq, həmrəylik şəraitində yaşadığı Rusiya tabeli qədim Azərbaycan şəhəridir.

Dərbənd - Dağıstanın mərkəz tabeli qədim mədəniyyət və sənaye şəhəridir, arxeoloqların, tarixçilərin və elm adamlarının ən çox müraciət etdiyi qədim insan məskənidir, Avropa ilə Asiyanın kəsişdiyi coğrafi məkandır.

Dərbənd - bütün türkdilli xalqlar üçün ən müdrik ozan, ağsaqqal obrazında yaradılmış Dədə Qorqud diyarıdır, onun danışıq tərzini günümüzədək qoruyub yaşadan diyardır.

***

Dəmirqapı Dərbənd haqqında ilk məlumatım uşaqlıq illərimə təsadüf edir. O vaxtlar "Cırtdan", "Məlikməmməd" nağıllarını mütailə edib qurtaran kimi dastanları oxumağa başladım, özübirbaşa "Koroğlu" dastanını. Aşıq lovğalığı ilə bürünmüş dastan tez qavranılırdı deyə təkrar-təkrar oxuyurdum. Elə həmin dastanın "Koroğlunun Dərbənd səfəri" qolundan bu müqəddəs şəhərin varlığından xəbər tutmuşdum. Koroğlunun Dərbəndə gəlməsi, Möminə xatunla evlənməsi, sonradan bir oğlu olması, tezliklə cəngavər kimi böyüməsi, Koroğlunun bir də gələndə onu tanımaması, meydanda qurşaq tutub cəngə girmələri, yerə yıxıb başını kəsmək istəyəndə qolbağını görüb tanıması və digər hadisələr aşıq dili ilə elə təsvir olunur ki, elə bil Dərbəndin mərkəzi meydanında baş verənləri öz gözlərinlə müşahidə edirsən.

İkinci məlumatım yuxarı siniflərdə oxuyanda oldu. Dünya şöhrətli dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığında da Dərbənddən bəhs olunur. Dərbənd hakimi Seyfəddin Müzəffərə bir qəsidə yazıb göndərən Nizami sarayda çox yüksək qiymətləndirilir. Seyfəddin Müzəffər özünün ram edə bilmədiyi Afaq adlı çox ağıllı və savadlı kənizini Nizamiyə peşkəş edir, bağışlayır. Afaq ağlı, fərasəti ilə Nizaminiheyran edir. Odur ki, böyük Nizami onu cariyə məqsədilə istifadə etmir, külliyyatını qaydasına salmaq üçün xəttatların işinə nəzarəti ona tapşırır. Bütün gəzintilərdə Nizaminin yanında olan, təbi gəldikcə şairin söylədiyi qəzəlləri, məsnəviləri yazıya alan Afaqla Nizami arasında məlhəm münasibət yaranır və Göygöl gəzintisi zamanı Nizami Afaqa aşiq olur...

Sonralar - yetkinlik yaşına çatanda bu məsələ məni daha çox düşündürürdü: "Azərbaycan xalqının həm qolu zorlu pəhləvanı (Koroğlusu), həm də başı dərrakəli mütəfəkkiri (Nizamisi), nədən Dərbənd gözəlini seçsinlər? Nədir bu Dərbənd gözəlindəki heyranedici cazibə?"

Rusiya ilə sıx əlaqələrim orta məktəbi bitirdikdən sonra başladı. Ali məktəb illəri, gənc mütəxəssis kimi bir müddət işləmək 1984-1992-ci illərə təsadüf etdi. Həmin illər ərzində, bəlkə də on dəfə, bəlkə də çox Rusiyaya gedib, geriyə qayıtdım. Təyyarə ilə getdiyim iki-üç dəfəni çıxmaqla qalan vaxtlarda dəmiryolu nəqliyyatından istifadə edirdim. Xoş təsadüfdən gedəndə də, gələndə də Dərbənddən gecə ilə keçirdimbu gözəl şəhəri bir dəfə də olsun doğru-dürüst görə bilməmişdim. Dərbənd haqqında yalnız tarixi məlumatlara malik idim.

Dərbənddə ilk insan tunc dövründə məskən salıb. Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Uzun müddət şimaldan gələn hücumlara sipər olub, Azərbaycanı basqınlardan, qarətlərdən qoruyub. Bir müddət Quba xanlığının tabeliyində olub. 1722-ci ildə Böyük Rus imperatoru Pyotr Dərbəndə qədəm qoyub. 1735-ci ildə Ordu sərkərdəsi və şahın vəliəhdi Nadirqulu xanın sayəsində baş tutan Gəncə müqaviləsinə əsasən yenidən mərkəzi Azərbaycan hakimiyyətinin tabeçiliyinə qaytarılıb.

Sonuncu dəfə 12 oktyabr 1813-cü ildə bağlanan Gülüstan müqaviləsinə görə yerləşdiyi coğrafi əraziyə əsasən Rusiyanın tabeçiliyinə keçirbu günRusiya Federasiyasının ən cənub şəhəri hesab olunur.

Dərbənd Azərbaycanın paytaxtı Bakı şəhərinin 250 kilometrliyində yerləşir. Üzü şimala sağdan Xəzər dənizi, soldan isə Böyük Qafqaz sıra dağlarından Calqan dağ silsiləsi ilə əhatə olunur. Çox güman ki, DƏRBƏND etimologiyaya görə DAR və BƏRƏ, yaxud DAR və BƏND sözlərinin birləşməsindən əmələ gəlib, dilin diffuziyası sayəsində Dərbənd kimi formalaşıb. İstər şimaldan cənuba, istərsə də cənubdan şimala yürüş etmək üçün hökmən bu DAR BƏNDdən keçmək məcburiyyətində qalıblar.

DAR BƏRƏnin dağ divarları haqqında məlumat yazılı mənbələrdə VI əsrdə öz əksini tapıb. Böyük Qafqaz səddi adlanan həmin divarlar Dərbənd qalası (Narın qala) ilə birlikdə möhtəşəm müdafiə sistemi təşkil edib. Narın qalanın cənub-qərb küncündən başlayaraq qərbə doğru 40 kilometr məsafədə uzanan həmin divarların indi yalnız 20 faizi qorunub saxlanır.

Dərbənd, əslində ikidir - yuxarı və aşağı, həm də köhnə və yeni olaraq. Köhnə Dərbənd zəhmətkeşdi, yeni sahibkardı. Köhnə Dərbənddə doqquz məhəllə mövcuddu, yeni Dərbəndi məhəllələrə bölmək, nəyi isə müəyyənləşdirmək mümkünsüzdü. Köhnə Dərbəndin məhəllələri ayrı-ayrılıqda hərəsi bir kənddi, sanki başqa-başqa kəndlərdən köçüb bura gəliblər, məhəllə-məhəllə məskunlaşıblar. Hər məhəllənin özünün məscidi, mollası, ağsaqqalı, öz adət-ənənəsi var.

 

(ardı gələn sayımızda)

ƏLİ BƏY AZƏRİ

Ədalət.-2019.-26 fevral.-S.7.