Bir qoca ilə
bir qarı vardı
Hekayə
Tanınmış yazıçı Fazil İsgəndər
1929-cu ildə Abxaziyanın Suxumi şəhərində anadan
olub. 1938-ci ildə gələcək
yazıçının iranlı atası SSRİ-dən
deportasiya olunub və oğlunu bir daha görməyib. Uşağı abxaz olan anasının Çegem kəndində
yaşayan qohumları böyüdüb. Əsərlərinin
bir çoxunda hadisələr yazıçının
uşaqlığının böyük bir hissəsini
keçirdiyi məhz həmin kənddə cərəyan edir.
Əsərlərini
rus dilində qələmə alan F.İsgəndər
1957-ci ildə "Dağ cığırları" şeirlər
kitabı ilə ədəbiyyata qədəm qoyub. 1962-ci ildən isə nəsr əsərləri
yazmağa başlayıb. 1966-cı ildə
çap olunan "Kozlotur bürcü" əsərindən
sonra yazıçı kimi böyük şöhrət
qazanıb.
F.İsgəndərin əsərləri, demək olar ki,
bütün Avropa dillərinə tərcümə olunub, əsərlərinin
motivləri əsasında bədii filmlər çəkilib.
Bir sıra
nüfuzlu ədəbi mükafatların laureatı olan
yazıçı 2016-cı il iyul
ayının 31-də 87 yaşında Moskva şəhərində
vəfat edib.
***
Çegemdə bir kənd qarısının əri vəfat
etdi. Kişi hələ ikinci dünya müharibəsində
yaralanıb ayağının yarısını itirmişdi.
Elə həmin vaxtdan ta son nəfəsinə
kimi o, qoltuq ağacında gəzirdi. Amma əlil
olmasına baxmayaraq kişi işləməkdə
davam edirdi. Xasiyyətcə də qətiyyən
dəyişməmişdi. Müharibəyə
qədər necə şən, zarafatcıl, qonaqpərvər
idisə, ondan sonra da elə bu cür qalmışdı.
Bayram şənlikləri zamanı qurulan
içki məclislərində cavanlardan heç də geri
qalmırdı. Qonaqlıqdan evə
qayıdarkən onun qoltuq ağacları sanki uçurdu.
Heç kim kişinin sərxoş və
ya ayıq olduğunu ayıra bilmirdi. Çünki
istər sərxoş olanda, istərsə də ayıq
başla o, həmişə əvvəlki kimi şad və
xürrəm görünürdü.
İndi isə qoca dünyasını dəyişmişdi. Mərhumu
lazımi qaydada ehtiramla son mənzilə yola saldılar. Dəfn mərasiminə bütün həmkəndliləri,
eləcə də qonşu yaşayış məntəqələrinin
sakinləri təşrif buyurmuşdular. Bu
da təsadüfi deyildi. Çünki
qocanın hamının yanında xətir-hörməti
vardı. Qəm-qüssəyə
batmış qarı da qocasından ötrü yas tutmuşdu.
Dəfndən cəmi dörd gün sonra qarı yuxusunda
qocanı gördü. Kişi hansısa dağlara yol gedən
cığırda bir ayağı üstə dayanaraq
tullanıb atılır, yalvarışla qarısına
deyirdi:
-Sən əziz
canın, Allah eşqinə mənə qoltuq
ağaclarımı göndər. Onlarsız mən
heç cür cənnətə gedib çata bilmirəm.
Yuxudan ayılan qarının qocasına
yazıqlığı gəldi. Ağlından yüz
cür fikir keçirdi. Axı, nədən
belə yuxu görür? Bir də ki, qoltuq
ağaclarını nə təhər, hansı yolla qocaya
göndərmək olar?
Növbəti gecə də qarı eynən əvvəlki
gecədəki yuxunu gördü. Qoca yenə də ondan
qoltuq ağaclarını göndərməyi xahiş edirdi.
Çünki onlarsız o, heç vəchlə
cənnətə gedə bilmirdi.
- Ay Allah,
mən qoltuq ağaclarını ona necə göndərim
axı?- deyə yuxudan ayılan qarı
fikirləşirdi. Nə qədər
daşınıb-düşünməsinə baxmayaraq o,
heç bir çıxış yolu tapa bilmirdi. - Əgər bir daha yuxuma girib, qoltuq
ağaclarını istəsə, bu işin öhdəsindən
necə gəlməyin yolunu onun özündən xəbər
alaram, - deyə qarı düşündü.
Bundan sonra qoca demək olar ki, hər gecə
qarının yuxusuna girib, qoltuq ağaclarını ona
göndərməyi xahiş edirdi. Amma tərslikdən
qarı yuxuda özünü itirdiyindən qocadan söz
soruşmağa macal tapa bilmirdi. Nəticədə
yuxu dağılıb gedirdi. Bir gecə axır ki,
özünü ələ alan qarı
qocasına ağız açmağa belə imkan vermədən
soruşdu:
-De
görüm, qoltuq ağaclarını sənə necə
çatdırım?
- Kəndimizdə
birinci ölən şəxslə! - deyə
qoca cavabında qətiyyətlə bildirdi. Sonra
da bir ayağı üstə atılıb-düşərək
elə cığırın üstündəcə yerini
rahatladı. Kişisinin vəziyyəti
qarını elə təsirləndirdi ki, hətta yuxuda ikən
gözləri yaşardı.
Amma qarı elə ki, yuxudan oyandı, əhval-ruhiyyəsi
şənləndi. İndi o, nə etməyin yolunu bilirdi.
Çegemin ətraf ərazisində daha bir qoca
yaşayırdı. Bu qoca hələ qarının ərinin
sağlığında ikən onunla dostluq edirdi. Kişilər tez-tez bir yerdə oturub söhbətləşər,
çox hallarda hətta yeyib-içərdilər.
-Sən
içməyin təhərini yaxşı bilirsən, - deyə
bu qoca qarının qocasına deyərdi. - Nə qədər
içsən belə yenə öz ayıq qoltuq
ağaclarına söykənib vəziyyətdən
çıxırsan. Vay mənim halıma!
Çaxır ayaqlarımdan vurub məni yerə
yıxır.
Qocalar hər dəfə beləcə oturub
zarafatlaşar, bir-birinə məzəli, duzlu əhvalatlardan
söz açardılar. İndi isə bu qoca da ağır xəstə
idi, həmkəndliləri oturub onun nə vaxt öləcəyini
gözləyirdilər.
Qarı qocanın yanına gedib onunla sövdələşmək
qərarına gəldi. Məqsədi qoca öləndən sonra ərinin
də qoltuq ağaclarını onun tabutuna qoymağa
razılığını almaq, o biri dünyada köhnə
dostlar bir-birilə rastlaşdıqları təqdirdə qoltuq
ağaclarını ona çatdırmaqdan ibarət idi.
Səhər vaxtı o, fikrini evdəkilərlə də
bölüşdü. Evdə qarı ilə birlikdə oğlu,
gəlini və həddi-büluğa çatmış nəvəsi
yaşayırdı. Elə ki, o, ürəyinin
dərin guşəsində gizlənmiş sirri onlara
açdı, hamı şaqqanaq çəkib güldü.
Qarının savadlı, onuncu sinfi yenicə
bitirmiş nəvəsinin şaqraq qəhqəhəsi isə
bəlkə də bütün kəndi başına
götürmüşdü. Əslində
gəlin də, baxmayaraq ki, onuncu sinfi bitirməmişdi,
oğlundan geri qalmırdı. Zalım
qızı uca səslə elə şaqqanaq çəkirdi
ki, hətta evin divarları tərpənirdi.
Gülüşünə
bir qədər ara verən gəlin dedi:
- Axı,
yaxşı çıxmır, sağ-salamat adama necə deyəsən
ki, gəl indi mütləq öl, mən də öz
qocamın qoltuq ağaclarını sənin tabutuna qoyum.
Qarı
bir qədər fikirləşərək cavab verdi:
-Mən
ki, ondan elə bu saat ölməyini xahiş etməyəcəyəm.
Haçan vaxtı çatar, qoy elə o zaman da
ölsün. Təki qoltuq
ağaclarını özü ilə götürməyə
razılıq versin.
Evdəkilər nə qədər qarını dilə-dişə
tutub, qərarından əl çəkməyə cəhd etsələr
də, bunun heç bir faydası olmadı.
Elə həmin gün qarı içi dolu zənbillə
qocanın evinə gəldi. Qoca yuxarı otaqda
çarpayıda uzanmışdı, ağır nəfəs
almasına baxmayaraq elə hey gildən qayrılmış
çubuğunu sümürürdü.
Onlar bir az oradan-buradan danışıb, həyat məsələrindən,
dolanışıqdan, gün-güzərandan söz
açdılar. Qarı isə utancaqlıqdan
xahişini heç cür qocaya çatdırmağa söz
tapa bilmirdi. Bir də axı, onların ətrafında
qocanın gəlini ilə yanaşı, daha bir neçə
yaxın adamları əyləşmişdi. Xoşbəxtlikdən xəstə qoca qarıya
xahişini dilə gətirməkdə özü köməkçi
oldu. Kişi qarının əri barəsində xoş
sözlər söylədi, onun mehriban yoldaş, sədaqətli
dost olduğunu xatırlatdı. Bütün bunlardan sonra o, ah
çəkərək, əlavə etdi:
-Görünür
ki, mən də tezliklə ora gedib ərinlə
görüşəcəyəm.
Bu
sözlərdən sonra qarı sanki cana gəldi.
-Yeri gəlmişkən
bildirim ki, - deyə o, yuxusunda gördüklərini, ərinin
qoltuq ağaclarını kənddə birinci olən şəxslə
ona göndərmək barədə xahişini qocaya
danışmağa başladı.
- Yox, yox,
əstəğfürüllah, mən səni əsla tələsdirmirəm,
- deyə qarı əlavə etdi. Şayət
bu baş tutacaqsa, onda icazə ver qoy qoltuq ağaclarını
sənin tabutuna qoysunlar. Çünki
onlarsız mənim qocam cənnətə gedə bilmir.
Dişlərində çubuq tutmuş və ölməyə
hazırlaşan bu qoca acıdil olmaqla bərabər, həm də
çox qonaqpərvər idi. Amma özü ilə
tabutunda özgənin qoltuq ağaclarını daşımaq
ona çox ağır gəlirdi. Bəlkə də qoca
utanırdı, ya da qorxurdu ki, öləndən sonra camaat onun
adına min cür şəbədə
qoşa bilər. Deyərlər ki, əlil
olduğundan özü ilə qəbrə qoltuq
ağacları götürür. Amma birdən-birə
qarının xahişini rədd etməyə də cürət
etmirdi. Qorxurdu ki, qəlbi sına bilər.
Elə buna görə də o, qarı ilə siyasi söhbətlər
etməyə qərar verdi.
-Axı,
bolşeviklər cənnətə gedən yolu
bağlayıblar. Bəyəm xəbərin
yoxdur? - deyə qoca qarıdan
yaxasını çəkməyə cəhd etdi.
Amma
qarı da az aşın duzu deyildi. O, daha tədbirli
və bacarıqlı idi. Bu qoca ilə ərinin
qoltuq ağaclarını ona göndərmək istəyindən
heç cür əl çəkmək istəmirdi.
- Yox, əşi,
bu, heç də sən düşünən kimi deyil, - deyə
qarı ciddi-cəhdlə qocanı inandırmağa
çalışdı. - Bolşeviklər cənnətə
gedən yolu necə bağlaya bilərlər? Buna
onların heç cürəti də çatmaz. Çünki Lenini Mavzoleydə saxlayıblar. Hər kəsə qismət olmayan şərəfdir.
Belədə qoca qarıdan zarafatyana yaxasını
qurtarmağa səy göstərdi.
- Eh, sən
də söz danışdın ha! Yaxşısı
gəl mənim tabutuma əla keyfiyyətli çəçə
arağından qoy. Biz orda sənin qocanla
görüşəndə içib əylənərik.
-Sən
zarafat edirsən, - deyə qarı dərindən ah çəkdi.
- O, isə yol gözləyir və hər gecə məndən
qoltuq ağaclarını göndərməyi xahiş edir.
Qoca başa düşdü ki, yaxasını bu
qarıdan heç də asanlıqla çəkə bilməz. Əslində
isə onun ölmək fikri yox idi və özü ilə
tabutunda kiminsə qoltuq ağacının qoyulmasını istəmirdi.
- Bilirsən,
mən onsuz da sənin ərinə heç cür çata
bilmərəm,- deyə qoca
düşünə-düşünə ürəyindəkilərini
ipə-sapa düzməyə başladı. - O, artıq bir
aydır ki, vəfat edib. Əgər məni hətta
onun durub gözlədiyi cığıra tərəf də
göndərsələr, bundan fayda aşmaz.
Çünki mənim günahlarım çoxdur...
- Mən
sənin günahlarını yaxşı bilirəm, - deyə
qarı onunla heç razılaşmaq istəmədi. - Mənim
də qocamın günahı az deyildi. Amma gördüyün kimi onu cənnətə
yolladılar. O ki, qaldı sənin ona
çatmağına, vallah, gəl adamı güldürmə.
Mənim qocam tək ayaqla uzağa çox gedə bilməz. Əgər sən lap elə
sabah da ölsən gedib ona çatarsan. Hərçənd ki, mən səni tələsdirmirəm.
Sabah olmasın, birisi gün olsun. Onsuz da o,
səndən heç yerə qaçıb gedə bilməz...
Qoca dərin fikrə daldı. Bu yerdə bayaqdan
onların söhbətinə kənarda durub qulaq kəsilən
qocanın gəlini qarışdı.
- Əgər
orada doğrudan da nəsə varsa, - deyə o,
dodaqlarını sıxaraq dilləndi, - onda biz sənin
tabutuna bir kisə qoz qoyarıq. Mənim yazıq rəhmətlik
qardaşım necə də qoz yeməyi sevirdi...
Bütün gəlinlər eyni xasiyyətdədir, - deyə
qarı fikirləşdi. - Hər yerə burunlarını soxurlar.
- Siz deyəsən
mənim tabutumdan araba qayırmaq istəyirsiniz! - deyə qoca çığıraraq qarıya
üzünü tutaraq əlavə etdi. - Bir həftədən
sonra gələrsən. O vaxt mən sənə son
cavabımı verəcəyəm.
- Bir həftə?
Bəyəm gec olmaz? - deyə
qarı soruşdu. - Hər halda mən səni tələsdirmirəm.
- Yox, gec
olmaz, - deyə qoca inamla cavab verib, çubuğun
tüstüsünü havaya üfürdü.
Bu cavabdan sonra qarı çıxıb getdi. Evə
axşama yaxın döndü. Mətbəxə
girərkən tamam başqa mənzərənin şahidi oldu.
Onun çoxgülən nəvəvəsi
ayağını babasının qoltuq ağacına
bağlayaraq mətbəxin tən ortasında
dayanmışdı.
- Sənə
nə olub belə? - qarı nəvəsindən
soruşdu.
Sən demə, qarı ölüm ayağında olan
qocanın evinə gedərkən, nəvə qoz
ağacına çıxaraq meyvələrini
çırpmağa başlayır. Onun
ehtiyatsızlıqdan ayağının birini ağacın quru
budağının üstünə qoyması ilə yerə
düşməsi bir olur. Güclü zərbədən
oğlanın ayağı bərk zədələnir.
- Qoltuq
ağacları mənə gərəkdir, - nəvə bəyan
etdi, - baba daha bir ay da gözləməli olacaq.
Qarı
öz qocasını sevirdi, amma çoxgülən nəvəsini
də az sevmirdi. O, düşündü
ki, qoltuq ağacları indi daha çox nəvəsinə
lazımdır. Bir ay nədir ki? Əlbəttə gözləmək olar. Cənnətə gedən yolda isə hava korlanmaz.
Həm də ki, bayaq yanına gedib baş çəkdiyi qoca
da çox güman ki, hələ bundan sonra bir ay, bəlkə
bir az da çox ömür sürəcək.
Çubuğundan alov püskürdən qoca
heç belə tezliklə ölərmi?
Ən təəccüblüsü isə, sən demə,
hələ qabaqda imiş. Bu hadisədən sonra
qoca bir daha qarının yuxusuna qoltuq ağaclarını ona
göndərmək xahişi ilə girmədi. Elə bil hayandasa gizlənmişdi. Bəlkə də durub nəvəsinin
ayağının sağalmasını gözləyirdi.
Qarı isə səhərlər
yuxularını xatırlayarkən doluxsunurdu. Nəvə artıq qoltuq ağaclarını
atmışdı, amma bununla belə qoca daha heç cür
qarının yuxularına gəlmirdi. Qarının
qənaətincə, kişisi yəqin ki, yoldakı
kol-koslardan tuta-tuta cənnətəcən gedib
çatmışdır. Bu fikirlərlə də o, həmişəlik
rahatlanmağa qərar verdi.
Siz hələ bu əhvalatın ardına qulaq asın. Ölüm
yatağında olan qoca heç kimin gözləmədiyi halda
sağalıb ayağa durdu. Özgənin
qoltuq ağaclarını özü ilə tabutunda aparmaq fikri
ilə heç cür razılaşa bilmirdi. Axı, necə də buna razı olsun? Ömründə bir dəfə də axsamayan şəxs
tabutun içərisində qoltuq ağaclarının
yanında rahat uzana bilərdimi? Qoca indi də
sağ-salamatdır, hərçənd ki, həmin vaxtdan nə
az, nə çox, düz beş il
ötmüşdür. Keçilərini
qabağına salıb meşədə otarır, cavan qoz
ağacının budaqlarından kəsərək onların
qabağına qoyur və belədə çubuğunu
heç ağzından kənara qoymur.
Qoca ağaca balta çaldıqca çubuğundan çıxan tüstü havaya ucalır. Balta səsı... Çubuğun tüstüsü... Odur hey, şeytan uzaqdan durub dişlərini qıcayaraq qocaya tərəf baxır. Onun könlündən bu dünyanı partlatmaq istəyi keçir. Amma qoca öz çubuğu ilə şeytanın heç bir əməlinə onsuz da əhəmiyyət verən deyil! "Onda gözləmək lazım gələcək, - deyə şeytan fikirləşir. - Qoy keçilər doyub qurtarsın"...
Nə qədər ki, biz sağıq, nə qədər ki, qoca var, balta səsi ara vermir, çubuğun da tüstüsü kəsilmir. Keçilər isə heç vaxt doyub qurtarmır...
Tərcümə
edəni:
Ağaddin BABAYEV
Ədalət 2019.- 27 fevral.- S.8.