Humanitar kollecdə Xocalı günü

25 fevral 2019-cu il tarixində "Tarix və ictimai elmlər" fənn birləşmə komissiyasının müəllimi Nadir Axundovun IB "Texnologiya müəllimliyi" ixtisasında "Azərbaycan tarixi" fənnindən 26 ferval Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş açıq dərsi keçirildi.

İlk öncə Kollecin direktoru dosent Ruslan Həmidov çıxış edərək Xocalı soyqırımında eləcə də vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Direktor qeyd etdi ki, bu soyqrımın 27-ci ildönümü ilə əlaqədar Kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmış, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxılmışdır.

Direktorun açılış nitqindən sonra söz Kollecin tarix müəllimi Nadir Axundova verildi.

O, öz məruzəsində bildirdi ki, gecə mühasirəyə alınan, bombalanan Xocalıda qalmış təqribən 2500 nəfər Xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi.

Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib soyqırımın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımı münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Xocalı Soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir.

Bu sıraya həmçinin Xatın, Xirosima, NaqasakiBosniyada müsəlmanların qırılması daxildir. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş, bu, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Daha sonra tələbələrin çıxışları dinlənildi.

"Texnologiya müəllimliyi" ixtisasının IB kurs tələbələri Nərminə Talıbova, Fidan Əzizzadə, Nurlanə Səfərova bu soyqırıma öz mövqelərini bildirdilər. Açıq dərsdə Kollecin direktoru dosent Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Pedaqoji şöbə müdiri Bəyəli Rüstəmov, tədris hissə müdiri İlahə Əyyubova, metodist Gülayə Talışxanova, psixoloq Zülfiyyə Əliyeva, tarix müəllimlərindən Əbdül Hüseynov, Qətilə Şükürovat.ü.f.d. Cəmil Quliyev iştirak edirdilər. Sonda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirildi.

Cəmil Quliyev

LDHK-nın müəllimi, t.ü.f.d.

Ədalət  2019.- 27 fevral.- S.4.