KOR
Hekayə
Gi de MOPASSAN
(Fransa)
Günəş doğandan bəri bu şadyanlıq hardandı belə? Yer üzünə
düşən bu işıq nə üçün qəlbimizi
fərəh hissi ilə doldurub? Səma mavi-mavi, bütün evlər ağ, ətrafdasa
hər şey yaşıl dona bürünüb. Ruhumuzu oxşayan
bu rənglər həyat eşqimizi artırıb. Qol götürüb
oynamaq, qaçmaq, şənlənmək, oxumaq
arzusu ürəyə
hakim kəsilib. İç dünyamızda
xoş arzular baş qaldırıb və belədə günəşi öpmək
istəyi adamı heç cür tərk edə bilmir.
Qapıların kandarında əyləşmiş
kor adamlar isə ətrafda baş verənlərə
biganədirlər. Onlar bir qayda olaraq
bu şad-xürrəm
həyatın əhatəsində
özlərini rahat
hiss edirlər. İş-gücləri
əllərindən qopub
qaçmağa can atan
itlərini sakitləşdirməkdən
ibarətdir.
Günün sonunda qaş qaralanda isə yaşca kiçik qardaşlarının və
ya qızcığaz bacılarının əllərindən
tutub evə dönən korların onlara ünvanlanmış
"Bu gün necə
də gözəl hava idi!" sözlərinə cavabları
da adi olur:
-Hə, düz deyirsən, mən bunu dərhal hiss etdim. Çünki Lulunun sevinci
yerə-göyə sığmırdı.
Mən bu cür insanlardan birini yaxşı tanıyırdım. Onun bütün həyatı
ağır və məşəqqətli keçmiş,
başına olmazın
müsibətlər gətirilmişdi.
O, kəndli olub, Normand fermerinin oğlu idi. Nə qədər ki,
ata-anası yaşayırdı,
onun qayğısına
azdan-çoxdan qalan vardı. Yalnız fiziki qüsuruna
görə əziyyət
çəkən oğlanın
həyatı valideyinlərinin
vəfatından sonra dözülməz həddə
çatmışdı. Bacılarından biri ona öz yanında yer vermişdi. Amma fermadakıların demək
olar ki, hamısı oğlana başqalarının tikəsinə
göz dikən avara kimi baxırdı.
Elə ki, ortaya yemək gətirilərdi, hər kəs az
qala yediyi tikəni onun burnundan gətirir, sərki verib, təmbəl adlandırırdı.
Atasından kor oğlana
qalan mirası isə kürəkən ələ keçirmişdi.
Amma acından ölməsin deyə, onu süfrənin artığı
ilə yedizdirmək məcburiyyətində qalmışdılar.
Korun üz-gözü çox
solğunlaşmış, iri
gözləri həb kimi ağarmışdı.
Ünvanına səslənən giley-güzarlara əsla əhəmiyyət vermirdi.
Özünə elə qapılmışdı
ki, sanki ətrafında baş verənlərdən xəbərsiz
idi. O, qayğıkeşliyin
nə olduğunu ümumiyyətlə bilmirdi.
Hətta
anası da hələ sağlığında
ikən onunla həmişə əzazilcəsinə
rəftar edərdi.
Yazıq
oğlan heç vaxt ana sevgisinin
nə olduğunu bilməmişdi. Bir də
ki, kənddə bütün vecsiz, yararsız adamlar yalnız əl-ayağa dolaşanlar kimi qəbul olunurdu; əgər hər şey kəndlilərin özlərindən asılı
olsaydı, onlar da toyuqlar kimi
dimdiyi ilə özlərindən zəif
cücələrin başından
vurub aradan çıxarardılar.
Kor oğlan şorbanı yeyib qurtarandan sonra yayda evin
kandarında, qışda
isə sobanın yanında əyləşib,
ta axşam düşənə kimi heç yana
çəkilmirdi. Belədə o, heç bir jest, hərəkət-filan etməz,
sadəcə hansısa
əsəb gərginliyindən
qaşlarını tərpədər,
bu zaman çuxura düşmüş
gözlərindəki bəyazlıq
daha da artardı.
Korun ağlı vardımı, düşünməyi,
fikirləşməyi bacarırdımı,
öz həyatı barədə hər hansı bir təsəvvürə malik
idimi - bax, bunu heç kim deyə
bilməzdi.
Beləcə daha bir neçə il
ötüb keçdi.
Amma əvvəl-axır korun heç bir işə yaramadığı,
həmçinin ətrafdakılara
qarşı soyuqqanlılığı,
özünəməxsus təmkinliyi
onun qohumlarının
zalımlaşmasına gətirib
çıxardı. Oğlanın korluğundan ilhamlanan qohumlar nahar zamanı müxtəlif növ şən zarafatlar icad etməyə başlamış,
vəhşi rəftarları
ilə bu şikəsti özlərinin
əyləncəsinə çevirmişdilər.
Çox keçmədi ki, şən tamaşalar qonşu evlərin sakinlərini də özünə cəlb etmişdi. Fermanın mətbəxi gündən-günə
insan axını ilə dolurdu.
Qeyri-insani tamaşa isə
belə qurulmuşdu: korun yediyi şorba
kasasının qarşısına
pişik və ya it əyləşdirirdilər.
Heyvan sanki qarşısındakı insanın
gücsüzlüyünü hiss edib dərhal kasadakı yeməyi yeyərək, sonra da hürməyə başlayırdı. Yazıq
kor qaşığı
qaldırıb heyvanı
vurmaq istədiyi təqdirdə, o dərhal
bunu dərk edib yana
çəkilirdi. Nəticədə korun cəhdləri boşa çıxır,
bu isə tamaşaçıların gülüşünə
səbəb olurdu.
Sağ əli ilə yeməyinə davam edən kor sol əli ilə kasanı qorumağa cəhd göstərirdi.
Adamlar onu ağac qabığı, yarpaq, hətta natəmiz şeylər belə yeməyə məcbur edirdilər. Yazıq kor
isə qabına tökülənlərdən baş
çıxara bilmirdi.
Müəyyən müddətdən sonra bu zarafatlar
da hamını usandırdı. Özündən çıxan kürəkən
koru qabağına qataraq
döyür, ona olmazın əzab-əziyyət
verirdi. İndi başqa bir
oyun - şapalaq döyüşü icad olunmuşdu. Arabaçılar, işçilər, qulluqçular
koru yerə yıxaraq
sifətinə fasilə
vermədən şapalaq
endirir, o isə yalnız gözlərini qıyırdı. Yazıq bilmirdi
ki, qaçıb harada gizlənsin, daim uzana qalmış
əlləri ilə zərbələrdən yayınmağa
çalışsa da,
cəhdləri boşa
çıxırdı.
Sonradan onu əl açıb dilənməyə məcbur
etməyə başladılar. Bazar günlərində yolda dayanan kor addım
səslərinin ona yaxılaşdığını hiss edən kimi dərhal şlyapasını
uzadaraq donquldanırdı:
-Allah eşqinə, mərhəmət
edin...
Amma kəndlilərin
ürəyini belə
asanlıqla ələ
almaq müşkül
məsələydi. Nəticədə isə kor günlərlə
evə bir qəpik də gətirə bilmirdi.
Bu isə ona olan münasibətin - əsl nifrətin, amansızlığın, çaşqınlığın
daha da dərinləşməsinə
səbəb olurdu.
Korun ölüb
canını qurtarması
isə belə bir şəraitdə baş vermişdi.
Qışda yerin üstü qarla örtülmüşdü,
şiddətli şaxtalar
hökm sürürdü. Bir dəfə
kürəkən koru dilənməkdən
ötrü daha uzaq yerə - böyük yola aparmış, bütün
günü onu orada saxlayaraq, axşam düşəndən
sonra isə arxasınca getməmişdi.
Evdəkiləri isə
koru tapa bilmədiyinə
inandırmışdı:
-Daha onun barəsində
narahat olmağa dəyməz. Yəqin ki, kimsə
şaxtada donmasın deyə özü ilə aparıb. Ona heç nə olmaz. Elə günü sabah
şorbasının ardınca
gələcək. Amma səhəri
gün kordan xəbər-ətər çıxmadı.
Uzun müddət gözləyəndən
sonra soyuqdan tir-tir əsən kor donacağını
hiss edərək getməyə
qərar verdi.
Qar örtüyünə bürünmüş
yolu, izi ayırd etmədən o, yıxılıb-durur, daldalanmağa
yer tapmaq ümidiylə səssiz-səmirsiz
getməkdə davam edirdi.
Şiddətli şaxta koru irəliləməyə
daha qoymurdu. Ayaq üstə durmağa tab gətirə bilməyərək
o, yolun ortasındaca yerə oturdu və bir daha
ayağa durmadı.
Bəyaz qar fasilə vermədən korun üstünə tökülüb
onu görünməz
edirdi. Bir müddət sonra
isə cəsəd qar kütləsinin altında qalaraq tamamilə itdi.
Qohumlar özlərini
elə göstərirdilər
ki, guya bütün həftə boyu koru gəzib axtarıblar. Onlar hətta ona
yas tutub ağlamışdılar.
Qış gözlənildiyindən də
sərt keçmiş,
havalar çox gec istiləşməyə
başlamışdı. Bir dəfə
nahar fasiləsinə çıxan kəndlilər
böyük bir qarğa dəstəsinin qara yağış kmi eyni yerə
gah endiklərinin, gah da havaya
qalxdıqlarının şahidi
oldular.
Növbəti həftədə də bu çirkin quşlar qara kölgə kimi göy üzünü bürüyərək yenə
də dəstə ilə səs-səsə verib işıq saçan qarda eşələnməkdə davam
edirdilər.
Bir oğlan qarğaların nə etdiyini öyrənməkdən ötrü həmin yerə yollandı və korun yarıyacan didilib parçalanmış cəsədi ilə rastlaşdı. Qarğalar dimdikləri ilə onun ağ gözlərini ovub çıxarmışdılar.
Günəşli günlərin canlı sevincini hiss edərkən mən artıq yazıq kor haqqında kədərli xatirələrdən heç cür ayrıla bilmirəm. Ömür boyu kasıb yaşayan bu adamın qorxunc ölümü onu tanıyanların hər birinə rahatlıq gətirmişdi.
Tərcümə
edəni:
Ağaddin BABAYEV
Ədalət 2019.- 28 fevral.- S.8.