A.Həsənlinin özü
və sözü haqqında düşünəndə
Şair-publisistin 65 yaşına
Oqtay Abbas,
pedaqoji elmlər
üzrə fəlsəfə doktoru, şair.
Şabran-Çaraq-Bakı
Ağacəfər Həsənlini ədəbi tənqid
və şeirsevər oxucular birmənalı şəkildə
yaxşı şair kimi tanıyırlar. Hələ tələbə
ikən çap etdirdiyi "Nəsimiyə" şeiri ədəbi
tənqidin diqqətini sürətlə ona tərəf
yönəltdi. Maraq doğuran bir də bu idi ki, kənddən
yenicə ədəbi mühütin
"aşıb-daşdığı" şəhərə
gəlmiş Ağacəfərin "Nəsimiyə"
şeiri dövrün nüfuzlu "Azərbaycan gəncləri"
qəzetində dərc olunmuşdu. Azərbaycan
Kommunist Partiyasının siyasi orqanı olan bu qəzetdə
belə gənc yaşında yer ala bilmək, özü də
şeirlə, demək olar ki, görünməmiş hadisə
kimi qiymətləndirilirdi. Amma həm Nəsiminin
yubileyinin geniş şəkildə qeyd olunduğu vaxta
düşməsi, həm də daha çox şeirin cazibəsi
ona bu nüfuzu qazandırmışdı. "Nəsimiyə"
şeirinin yaranmasından 45 ildən çox vaxt keçib.
Bu şeiri qələmə alanda Ağacəfərin
17 yaşı vardı. 2019-cu il Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
"Nəsimi ili" elan olunub. Həmin şeir indi də
estetik və bədii təsirini saxlayır, maraqla oxunur:
Bu gün
ayrılmaram düşüncələrdən,
Bu gün nifrətimi boğmayacağam.
Torpağın
üstündə doğulsam da mən
Torpağın üstünə
sığışmayacağam.
Bir nisgil,
üşütmə düşüb canıma,
Yandırar qəlbimi bu kin, bu kədər.
Atılsam
fikirlər burulğanına-
Gedib çıxacağam Hələbə qədər.
Cəhalət
dünyanı sarsıdan zaman,
Əsri
qabaqlayan az olmayıbdır.
Ədalət
tarixin kar qulağından
Gümüş sırğa kimi asılmayıbdır.
Hərdən
kövrələrəm, xəyalım azar,
Bu bir həqiqətdir, gizlin sirr deyil.
Tarixə
adını əbədi yazan
Tarixin önündə müqəssir deyil.
Hər səhər
Günəştək alışdı, yandı,
Ancaq
qoşulmadı heç vaxt axına...
Elə səsləndi
ki, "Ənəl-həqq" andı
Qorxunu qoymadı gəlsin yaxına.
İllərin
qəddini həsrət əyibdir,
Bu sonsuz ağrıya dözərmi ürək?
Harda haqq
nahaqı üstələyibdir,
Orda bir Nəsimi yaşayır demək.
Bəzən
belə də olur: Bir də görürsən müyyən
zaman kəsiyində parlayan, diqqəti çəkən və
gələcəyi haqqında gözəl fikirlər söylənən
bir gənc yox oldu. "Bir atım
barıtı" varmış, deyirlər belələri
üçün. Amma Ağacəfərin
istedadı yerin dərinliklərindən süzülüb gələn
bulaq suyu kimi uzunömürlü oldu. Onun
şeirlərinin mətbuatda yer alması "dövri"
olmadı. Tanınmaq üçün
çox da böyük olmayan zaman ərzində
yaradıcılığı "yaxşı poeziya nümunələri"
kimi qəbul edilidi. M.Dilbazi, B.Vahabzadə,
M. Araz, N.Həsənzadə kimi fikir, söz sahibləri diqqəti
Ağacəfərin şeirlərinə yönəldərək
ədəbi mühitə istedadlı bir gəncin gəldiyini
qeyd edirdilər.
Artıq indi, yetkinlik dövrünü
yaşadığı zamanda A. Həsənlini bir-birindən
maraqlı şeir kitablarının müəllifi kimi
tanıyırıq. Bu barədə çox yazılıb.
Sətirlərin müəllifi də Ağacəfərin
şeir yaradıcılığı haqqında bir neçə
məqalə çap etdirib. Yazıma
Ağacəfəirn şairliyindən başlasam da, bunu bir
giriş kimi qəbul etməyinizə sevinərdim. İndiki məramım başqadır. Bu
yazıya məni həvəsləndirən Ağacəfərin
2018-ci ildə "Təknur" nəşriyyatında
çap etdirdiyi 276 səhifəlik "Qu quşunun nəğməsi
kimi..." adlı kitabındakı bədii-publisistik
yazılar oldu. Vallah, heç bir şişirtmə
yoxdur. Bu yazılar mənə elə
poeziya nümunələri kimi təsir etdi. Gördüm ki, Ağacəfərin publisistik
yazıları da elə şeirləri qədər uzun ömrə
malikdir. Ağacəfər ixtisasca müəllim
olsa da, çörəyi həmişə qələmindən
çıxıb. Tələbəlik illərindən
başlayaraq bizim üçün doğma olan, Respublika
Televiziya və Radio Verilişləri Şirkətində
maraqlı yazılarla çıxış edib. Mən özüm də həmin yolu keçdiyimdən,
bilirəm ki, bu yazılara yaxşı qonorar verirdilər.
Xüsusilə bölgələrdən
hazırlanmış oçerklər, reportajlar yüksək
qiymətləndirilirdi. Nə məqsədlə
getməyimizdən asılı olmayaraq bölgələrə
yolumuz düşəndə səsyazan götürür,
fürsət tapıb, radio-ssenarilər
hazırlayırdıq. Bölgələrdən
hazırlanmış yazıların üstünlüyü təkcə
qonorar baxımından deyil, növbəsiz efirə verilməsinə
görə də bizim üçün faydalı idi.
Başqa bir səbəb də vardı: Radio və
televiziyanın müxtəlif şöbələrində
Rafiq Savalan, Eldar Baxış, Oqtay Şamil ,
Rəfiqə Əliyeva, Mailə Muradxanova, Dəmir Gədəbəyli
və Fəridə Aslanbəyli kimi insanlar
çalışırdılar və bu adamlar istedadı olan hər
kəsə qayğı göstərməyi özlərinə
borc bilirdilər. Onların yazılarının
vaxtlı-vaxtında efirə getməsi üçün əllərindən
gələni edirdilər.
Nə isə, sözümün canı bundadır ki,
istedaı olan, zəhmətdən qorxmayan gənclərə həmişə
diqqət və qayğı ilə yanaşan ana televiziya və
radiomuzda Ağacəfər bu ölçülərə
uyğunluğuna görə qısa bir vaxtda yaxşı
nüfuz qazandı. Şübhəsiz, radio və televiziya
onun və onun kimi onlarla gəncin həm formalaşmasında,
həm də maddi vəziyyətinin
yaxşılaşdırılmasında böyük rol
oynadı. Sonra, artıq Ağacəfərin
ədəbi mühitdə tanınması, publisistik
yazılarının sevilməsi nüfuzlu qəzet və
jurnallarda işləməsinə yol açdı. Ağacəfər "Azərbaycan"
jurnalında, "Sovet kəndi" və "Azərbaycan"
qəzetlərində çalışdı. Həmişə də geniış əks-səda
doğuran yazıları ilə ictimaiyyətin, o cümlədən,
müvafiq qurumların diqqətini yazılarında
qaldırdığı problemlərə cəlb etməyi
bacardı. İndi Ağacəfər
özü də jurnal redaktorudur. Baş
redaktoru olduğu "Mars" jurnalı bir xeyli müddətdir
ki, bəyənilən, sevilən jurnallar sırasında
özünə yer tutub.
Deməli, iş stajı müstəvisindən yanaşsaq, qətiyyətlə
deyə bilərik ki, publisistika və poeziya yaradıcılığı
Ağacəfərdə paralel davam edib. "Qu
quşunun nəğməsi kimi..." adlı kitabı da belə
bir vəhdətin nəticəsində yaranıb. Əslində bu kitabı müəllifin özünə,
dostlarına, cəmiyyətə bir hesabatı kimi də qəbul
etmək olar. Burda onun təkcə son illərdə
yazdığı əsərləri deyil, xeyli əvvəllər
qələmə aldığı yazılarından da bəzi
nümunələr daxil edilmişdir.
Yazılarda publisistika nümunəsi kimi diqqəti cəlb
edən, onlara marağı artıran xüsusiyyətlər
çoxdur. Hansılardır onlar? Hər
şeydən əvvəl, səmimiyyət. Səmimiyyət kitabda toplanmış
yazıların hər birinin canında, qanındadır.
Bu isə ilk növbədə müəllifin
haqqında yazdığı insanları yaxşı
tanımasından irəli gəlir. Bu hisslər müəllifin
"Portret cizgiləri"ni oxuduqca baş
qaldırır, insan münasibətlərindəki səmimilik
həm də gözəl əsərlərin yaranması
üçün bünövrəyə, stimulverici amilə
çevrilir: Ağacəfər Həsənli yazır:
"Düz 48 ildir ki, tələbə
yoldaşlığımız dostluğa çevirilib,
xeyrimiz-şərimiz birdi. Bu təmənnasız
dostluqdan heç kəs heç nə ummayıb, sağlam
köklərimizi bir-birimizə yaxınlaşdırıb.
Onun həyat yoldaşı Kifayət xanım
bizim ocaqda, mənim ömür-gün yoldaşım
Gülbahar dəfələrlə Oqtaygildə olub. Şənliklərdə, bayramlarda, ad günlərində
və bir də insanın heç vaxt qaça bilmədiyi
yas-hüzn məclislərində."
Yazdığı
adamı, oçerkinin qəhrəmanını yaxşı
tanımaq, onun ömür yolundan xəbərdar olmaq Ağacəfərin
publisitikasını maraqlı edir, oxuyub başa çatanda səndə
belə bir hiss yaranır ki, qəhrəmanı sən də
tanıyırsan, zamanın hansı məqamındasa onunla
oturub-durmusan, sevincinin, kədərinin şahidi olmusan.
Xaricdə
təhsil alan tələbələrə
münasibət Ağacəfər Həsənlinin fəaliyyətində
xüsusi yer tutur. Başqa ölkələrə,
daha çox da Rusiyaya gedəndə onlarla görüşməyi,
söhbətləşməyi özünə borc bilir, bu tələbələrin
meydana çıxan problemlərinin aradan qaldırılmasına
kömək etməyə çalışır. Elə problemlər olur ki, bunlara Ağacəfərin
gücü çatmır, şair çiyinləri bu
ağırlıqlara dözmür. Nə
edir? Geri çəkilir? Yox, belə hallarda xaricdə yaşayan, orada
çalışan "ürəkli və səxavətli"
dostlarına üz tutur. Azərbaycanlıları
axtarıb tapır, əlaqə saxlayır. Çətinliyə düşmüş tələbənin
problemləri barədə məlumat verir. Onlar da məmnuniyyətlə
Ağacəfərin səsinə səs verirlər.-Sağ
olsunlar,- bunu da Ağacəfər deyir,-
köməklərini əsirgəmirlər. Xaricdə
yaşayan azərbaycanlılar burada təhsil alan
tələbələrlə əlaqə saxlamağı,
onlara dəstək verməyi, dayaq olmağı özlərinə
borc bilirlər. Bilirlər ki, bu tələbələr sabah Vətənə qayıdıb, təhsil
illərində əldə etdikləri bilik və
bacarıqlardan istifadə etməklə Azərbaycanın daha
da çiçəklənməsinə öz tövhələrini
verəcəklər. Onda Ağacəfərin bu əlaqəni
yaratmaqda payı olmasından bir məmnunluq hissi keçirməyə
haqqı olacaq.
Maraqlıdır ki, hərdən Ağacəfər Azərbaycanda olanda da ona müraciət edirlər. Bu yaxınların söhbətidir: Mən, şair dostlar Ağacəfər və Tofiq Nurəli görüşüb çay içir, olandan, keçəndən söhbət edirdik. Şirin söhbət etdiyimiz məqamda Ağacəfərin telefonuna zəng gəldi. Zəng edənlə danışığı başa çatandan sonra bir müddət dinmədi, fikrə getdi, sonra kiməsə zəng vurdu. Xeyli danışdı. Telefon danışığı başa çatdı. Bizim marağımızı görüb, dedi: Ukraynada təhsil alan bir tələbə idi. Universitetdə oxuyur. Ailəsi ilə əlaqə saxlaya bilmədiyindən, mənə zəng vurub ki, əlaqə saxlayıb, deyim ona pul göndərsinlər. Sonra da təbəssümlə əlavə etdi: Bəlkə də əlaqə saxlayıb, amma imkanları olmadığından mənə zəng vurmağa məcbur olub. O ailəni yaxşı tanıyıram, imkanları elə də yaxşı deyil. Ona görə fikirləşdim ki, Ukraynada yaşayan bir iş adamı dostum var, ona deyim. Dedim. Sağ olsun, tələbəyə kömək edəcəyinə söz verdi.
Ədalət naminə deyək ki, tələbələrimizin problemləri təhsillə bağlı olmur. Başa düşürlər ki, elindən-obasından uzaq düşüb, çətinliklərə qatlaşırsansa, gərək yaxşı oxuyasan, Vətənə yüksək səviyyəli mütəxəssis kimi qayıdasan. Çətinliklər, adətən, maddiyyatla bağlı olur ki, bu da hər bir insanın başına gələ bilər. Bir həqiqət də var. İnsanlar nəhayət, qərara gəlməlidirlər ki, gözlənilməzliklərlə dolu gözəl dünyamızı pisliklərdən ancaq və ancaq xeyirxahlıqla xilas etmək mümkündür. Planetimizn ən varlı insanlarından olan milyonerlərin məmnuniyyətlə "Xeyriyyəçi milyonerlər hərakatı"na qoşulmalarını, var-dövlətlərinin böyük bir hissəsini xeyriyyəçiliyə ayırmalarını təsadüf saymaq olarmı? Əlbəttə, yox, saymaq olmaz. Ağılları, zəkaları, bacarıqları ilə sərvət sahibi olmuş insanlar bəşəriyyətin xilası naminə indi də bu təşəbbüsün sahibi olmalarını bir xəbərdarlıq kimi, vara-dövlətə münasibətin dəyişdirilməsi zəruriliyini ortaya qoyan çağrış kimi qəbul etməyin vaxtı çatmayıbmı? Ədalət naminə qeyd edək ki, xeyriyyəçilik ötən əsrdə yaşamış azərbaycanlı milyonerlərin də əsas keyfiyyətlərindən olmuşdur. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi milli burjuaziyanı təmsil edən varlı-karlı insanlar təkcə qazanmaqla yox, qazandıqlarından xeyriyyə işlərinə nə qədər ayırmaları ilə fəxr etmişlər. Bu cəhətdən yanaşanda gərək hələ milyoner olmamış, amma nə əldə edə biliblərsə ondan kiməsə kömək etmələrini, xüsusilə xaricdə təhsil alan tələbələrimizə dəstək olmalarını alqışlayaq...
Belə-belə işlər. Tələbəlikdən
üzü bəri, az qala qırx ildən çoxdur ki,
Ağacəfərlə əlaqə saxlayırıq. Əlaqələrimiz
dostluğa rəvac verib, səmimi münasibətlərə
çevrilib. Xeyirimiz, şərimiz bir olub.
Övladlarımız da bir-birlərini tanıyırlar. Dil
açandan onun övladları mənə "əmi" deyə
müraciət ediblər. Mənim də balalrım Ağacəfəri
beləcə, əmi kimi tanıyıblar. Bu doğmalıqda,
şübhəsiz, ikimizin də payımız var. Amma səmimi
deyim: Ağacəfərin rolu, şəxsi nümunəsi daha
çoxdur. İndi- bu yazı üzərində işləyərkən
ötən günlər gözlərim qarşısında
canlanır.
(ardı gələn
sayımızda)
Ədalət 2019.- 28 fevral.- S.5.