Qafar Cəfərlinin nəsri
haqqında bəzi qeydlər
Mənim
üçün maraqlı
imzadır, ona görə yox ki, tanışlığımın tarixçəsi elə də uzaq deyil. İstedadlı şair və
filoloq-alim Elşad Səfərli qiyabi tanış
etmişdir. Haqqında xoş sözlər
demişdir. Ona görə marağımı özünə
çəkdi: Qafar Cəfərli imzasının məsuliyyətində
orijinal üslublu, zəngin dilli və obrazlarının
psixolojisində "davranan" bir yazıçının ədəbi
hisslərini duydum. Mən hər yeni ədəbiyyat
cəbhəsinə ayaq basan şairə, yazıçıya
sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl,
uzaq bölgələrdə, o cümlədən Lənkəranda
yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.
Qafar Cəfərlinin "Saatın 61-ci dəqiqəsi"
hekayələr və povestlər kitabını əlyazma
halında oxuyanda, nə gizlədim, püxtələşmiş
bir yazıçının nəsr
dünyagörüşünü duyub yaşadım. Və mənə
elə gəldi, yazıçılıq psixologiyasına xas
keçirilən hisslər qabaqcadan "xəbər"
verir, fantaziyaya "ilişir". Yazıçı Xuan
Rulf bu məsələyə toxunaraq yazmışdır ki, hər
hansı hekayənin, yaxud kitabın çap edilməsi o deməkmidirmi
həmin kitab artıq öldü, yazıçı bir daha
onun barəsində düşünməyəcək; bunun əksinə,
kitab çap edilməzdən, tamamlanmazdan əvvəl isə
yazıçı yazmaq istədiyini beynindən bir an belə
çıxarmayacaq.
Maraqlı
fikirdir, oxuduğum, məndə yüksək təəssürat
oyadan bu əsər hətta gələcək müsbət
proqnozlarıma bir əsas verdi. Q.Cəfərlinin hekayələri (eləcə də
novellaları) ilk öncə diqqətimdən yayınmadı.
Bu janr nəsrin ən ərköyün və tordan
çıxmağa çalışan balıq
çılğınlığını xatırladır:
böyük fikir, konkret süjet və təsvir
qısqanclığı, "üçlük"! Gəl, müəllif, oxucunu razı sal. İrihəcmli əsərdə yazıçı
hansı məqamlarda "cızığından"
çıxdığını bilir və üzərindən
adlayır, boşluğu doldurur, hekayə isə o qədər
təmizdir ki, müəllifi qarabaqara izləyir. Təcrübəli yazıçı beynində
bişirdiyi mövzunu (hekayəni) tamamladığını
(yoxsa əksini), yəqinləşdirdiyini, nəyin yerində
olub-olmadığını idrak edəndən sonra qələmilə
"mübarizəyə" yox, "sülhə"
razılaşır. Demək, hekayə
janrı müəllifə öncədən "səhvlərini"
görmək, düşünmək, işə başlamaq
şansı verir. Mən Qafar Cəfərlinin
hekayələrində xarakterlərin davranışını
gördüm, bunun isə müəllifin süjet qurmaq fərdiliyini,
yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim.
"Qəbir yeri" hekayəsini yazıb və oxumazdan əvvəl
bu hekayəni sona saxlamağı qərarlaşdırdım, nə
gizlədim: İlk təəssüratım məzarla
"toqquşmasın" və fəhmlə ürəyimdən
keçdi ki, bu gün qəbir yeri tapmaq insan
doğuluşundan qat-qat çətinləşibdir,
çün günbəgün qəbristanlıqda yerlər
azalır. Amma başqa bir mənzərəylə üzləşdim
hekayədə: İnsanın fiziki faciəsindən daha
çox onun mənəvi taleyi önə keçir. "İlanı yuvasından çıxaran dilə"
malik Musa kənd qəbristanlığında ürəyi tutan
yeri özü üçün bələdləyir, hətta
hasara alır (neçə illərdir bu iyrənc istək rəsmiləşmişdir).
Sadə həyatını yaşayan Məxmər arvadın
oğlu son nəfəsini yaşayır və vəsiyyət
edir ki, atasının yanında dəfn olunsun, ana da belə
bir hisslə gəlirsə sərt qarşılanır: "Ay
arvad, axı mən sənə cavab göndərmişəm. Məgər "sənə yer qəhətdir, o
boyda ərazidə yer tapa bilmirsən?" - cavabından sonra ana yalvarırsa da faydası
olmurg Müəllifin dediyi kimi, hadisələr sürətlə
dəyişir, itkilər baş verir. Musa isə
içkili vəziyyətdə maşınında qəzaya
uğrayır və üç aydan sonra ölür, hasara
aldığı boş yerdə onun özünü
basdırırlar. Bu, qəzavü-qədərdimi,
yoxsa Tanrının diqtəsidir? Hər ikisi! İnsan başına nə gələcəyini
az-çox proqnozlaşdırmalı, son aqibətini fikirləşməlidir;
yoxsa hökmünü ortaya qoymamalıdır, necə ki, bu
gün də nə Allahı, nə bəndəni, nə də
qanunu saymayan məmurlar sürüsünə gəlib dirənmişik.
Qafar Cəfərli cəmiyyətin bu incə,
lakin sosial əksiklik yaradan problemin bədii həllini
vermişdir. Yazmadığı, amma oxucuda
aşılamaq istədiyi: insan başına nə gələcəyini
bildiyi üçün öz xeyirxahlığını
anlamağa borcludur. Hekayədə (bir qədər
də novellavari), kiçik süjetdə hadisələr
obrazların aqibəti kimi tez sona çatır. Musa cavanlığında necə
yaşamışsa, on yeddi ildən sonra da əvvəlki xasiyyətindən
qaça bilmir, gen məsələsinə işarələr
vurur.
"Qumru" hekayəsi gözlənilməz süjetin
daşıyıcısıdır, əhvalat biz
islamçıların adətinə rəğmən olsa da,
təbii hisslərin əvvəl pıçıltısı,
sonra ucadan səslənməsidir; bu mənada sevgi gözlənilməz
vurğunluqdur, bir başıbəlalı vaqeədir. Elşad həkim tələbəlikdən
dost olduğu, canbir hesab etdiyi Rüstəm mühəndisin dul
qalmış bir oğul anası Qumrunu sevirmi, yoxsa aşiqmi
olur - bu, çətin sualdır - haradan gəldi, axı ailəvi
münasibətlərdə onlar arasında sevginin heç bir əlamətləri
baş verməmişdi, bəlkə - mən belə yozuram -
ortada dostu Rüstəm dururmuş (hekayədə bu,
görünmür)! Rüstəmin faciəli həlakından
sonramı yaranmışdı? Əlbəttə,
sevgi isti, yaxud qəfil görüşün diqtəsi, səssiz
gəlişi olur. Elşad həkimin
ötmüş yaşında necə təsir oyadar
çılğın sevgi? Hərçənd, sevginin
anatomiyasında bu hal təbiidir, gözləniləndir, ürəyin
hansı guşəsindəsə boş qalan o yeri
tutmalıdır, qəlb (ürək) dünyanı sevgisiz tərk
etməz!
Qumru isə Elşad həkimə məhrəmanə
sığınır, sevgi hissini ağılına belə gətirmir. Bəs haradan
qasırğa hökmüylə gəldi, lazım idimi bu?
Düzdür, Elşad həkim bu addımı məqbul
saymır, etiraf edir: "Allahım, bu nə hissdir
yaşayıram? Yaşımın bu
çağında bu, nə deməkdir? Qumrunu
görəndə niyə ürəyim əsir, bədənim
titrəyir? Bu qız niyə məni
yandırıb-yaxır, niyə hisslərimlə oynayır?
Deyiləsi dərd deyil, vallah, heç bu
söhbəti dilə gətirmək olar, eşidən nə
fikirləşər? Deməzlər ki, ay bişərəf,
ahıl yaşında hələ iyirmi beş
yaşı olan gənc bir qadına necə bu cür hisslər
bəsləyə bilirsən?" Suallar, suallar.
Mən bu suallara mütləq mənada
yanaşmıram, yazıçının öz fikri, yozumu
vardır ki, hekayəni bu anlam üzərində qurmuşdur.
Bəlkə demək istəmiş - sevgi cilovsuz
atdır, sahibinə məhəl qoymadan o yerəcən
qaçır ki. Bəlkə demək istəmiş
- sevgi yalnız insan məxluqu üçündür, gözlər
bir-birini tutur, o yerəcən ki. bəlkə
demək istəmiş - sevgi modelləşdirilmiş hissin
inikasıdır və gözləniləndir. Bu qəlibi bəlkə
müəllif qəlb-dost modelindən çıxarsın? Sual mənə - oxucuya məxsusdur. Ortada yazıçı yozumu olur və ona müdaxilə
etməzdim.
Hekayələrində Qafar Cəfərlinin ana obrazı
həzin məcrada gedir, övlad istəyinin istisində və
intizarında.
Necə ki, "Qəbir yeri"ndə Məxmər arvad,
"Bir udum hava"da Səhranə, "Altıncı
barmaq"da Xoşbəxt xanım. Övladları
heç də düzgün yola düşməmişlər,
bu addımda özləri və mühit əsas amildir. Yazıçı humanizmi həm sosial ədalətsizliyi,
həm də qəhrəmanlarını katarsiz (təmizləmə)
süzgəcindən keçirir. Bu məsələdə
Qafar Cəfərli antik filosof Aristotelin məşhur nəzəriyyəsilə
birləşir. Və ədalətli vəkil
Rəhimli, polis zabiti Zaminli yardımçı olurlar, demək,
dünyada hələ insanlıq hissini itirməyən,
qanunların aliliyinə hörmətlə yanaşan
ziyalılarımız yaşayırlar.
Yazıçı
Qafar Cəfərli, eləcə də oxucular təsəvvürlərinə
gətirməzlər ki, hekayələrin qayəsini sadə
süjetlərdə həll olunmasını
vurğulayıram, özüm də az-çox qələm əlimdə
işləndiyi üçün belə düşünürəm,
əsla! Ümumiyyətlə, olmayan, mücərrəd
(anlaşılmaz) nəsnələrdən
danışmağı xoşlamıram. Qafar
bəy duymadığı, birbaşa yaşamadığı
hadisələrdən yazan yazıçı deyil,
gördükləri, canlı mühitin böyük və
kiçicik adamların hərəkətləri, amalları
(pis və yaxşı) onun yazıçı intiusiyasında
formalaşır. Yazıçılıq oradan
başlayır ki, şəxsi fikirlərini yazmaq müstəvisinə
çıxarmaq mərhələsində özünü
müdrik aparmalı, hətta filosofluq etməlidir; ona görə
ki: ədəbi məqsədi oxucusunu yazdığına
inandırmaq, cəmiyyət, mühit, böyük dairədə
bəşəriyyət haqqında düşündüklərini
çatdırmaqdır. Yazıçını
da xoşbəxt edən bu deyilmi?
Qafar Cəfərlinin hekayə və novellalarını
oxuyanda heç də yanılmadığımı kəsdirdim. "Saatın
61-ci dəqiqəsi" hekayəsini ruhla oxudum. Qarabağ savaşının (hələ müharibə
həddinə çatmamış) ilk illərinə təsadüf
edir hadisələr. Gənc Hünərlə cavan
Leylanın sevgi dəyanəti süjetə bir toxdaqlıq gətirsə
dəg insandakı daxili mərhəmət və vətənpərvərlik
hissləri macəraçılığa gətirib
çıxarır: Tələbə ikən bir-birlərini
sevən iki cavanın taleyi gətirmir (detalları
sadalamağa ehtiyac duymadım), lakin dəyanət, sözə
bütövlük onları birləşdirir - atası Vasim
müəllim ciddi etiraz etsə də - onlar həmkəndlisi
(Hünərin) Teymara qoşulub Rusiyaya üz tuturlar. Az keçmir, maddi durumları yetərli olsa da
hər iki azərbaycanlı Vətənə, Qarabağ
müharibəsinə dönürlər. Teymur
bir zabit, Hünər bir əsgər kimi.
Gözləmək
olardı (ilkində mən də yozdum ki, bir qıçı
dizdən aşağı kəsilmiş protezdə gəzən
Hünər döyüşdən almışdır
ağrı-əzabı), amma tamamilə başqa bir şəraitdə
baş vermişdir: O, bir erməni uşağının
qışda çaya düşüb boğulduğunu
görüb onu xilas edir, özü isə
sağlamlığını xilas edə bilmir və danlaq
qarşısında qalır, qınaq subyektinə
çevrilir. Hekayənin kulminasiya nöqtəsi məhz bu məqamdır:
düşmən uşağını azəri-türk
balası ölümün pəncəsindən alır. Bu yerdə,
heyrətimi gizlətməyi bacarmadım: - Bu,
yazıçı üçün nə risqdir? - dedim, sakitləşmək
istədim. - Nə fikirdir yazıçı üçün?
Nə yaxşı bu məqamda yaddaşımda dahi Viktor
Hüqonun sözlərini təkrarladım: "Harada fikir
varsa, orada qüdrət də vardır, fikir də qidadır,
fikirləşmək qidalanmaq deməkdir". Böyük
rəsam E.Delekrua da o qənaətdə idi ki, fikri nizamlamaq vərdişi
insanı xoşbəxtliyə aparan yeganə yoldur.
Yazıçı
Qafar Cəfərli fərdi yox, bəşəri fikirdən
doğan ali humanizmə gəlmiş ki,
xeyirxahlıq xislətilə siyasətdən çox-çox
uzaq olan erməni oğlan uşağının (müəllif
bu tifili qız kimi də verə bilərdi, görünür,
bəzi nüansları qabaqlamışdır) gələcəkdə
kimlərə güllə atıb-atmayacağı bəlli
deyil. Azəri türkü ta qədimlərdən
yıxılanın qolundan yapışıb, ac-yalavaca
çörək verib, soyuqdan donanı ocaq başına gətirib.
Ona görə də Allah həmişə bizi
qorumuşdurgözümüzdən qabaq!
Mən bu hekayənin dəyərini yüksək qiymətləndirirəm. Yazıçının
təsvir edəcəyi hadisələrə fərdi münasibəti
şəksizdir və qəhrəmanları sosial şüura
malikdir, istehsal-peşə fəaliyyətlərindədirlər,
ailə-məişət dairəsində yaşayırlar.
Qafar Cəfərlinin "Hippokratın vəsiyyəti"
hekayəsi də belə bir prizmadan yanaşanda mövzunun təyinatını
bu dəfə sağlam-xəstə-adam
"üçlüyü"nə gətirmişdir. Mövcud cəmiyyətin (eləcə də Sovet
dönəminin) "adamı" olmayan Nadir müəllimin
ağır xəstəliyə düçarlığı və
ölümü. İnsan xəstələnəndə
ümidlə yaşamağa adət etmiş əzəldən,
axı "çıxmayan cana ümid çoxdur"
demişlər. Nadir müəllim də
istisna deyil. Lakin müəllifi başqa bir nüans
düşündürür: birisi odur - xəstəyə
hansı ümidləri aşılamaq, ruhunu qaldırmaq, digəri
"Hippokrat andı"nın alt
qatında nə gizlənmişdir: yalanmı, həqiqətmi?
Qafar Cəfərli birincinin timsalında Boris həkimi,
köhnə tanışını görür.
Mehribanlıqlarını saxlayan hər ikisi səmimidir:
"Dostum, xoş gəlmisən, nə var, nə yox, necəsən?
Sən hara, buralar hara? Evimi
necə tapdın? Bir ağac yol gəlib məni
tapa bildinsə əhsən olsun. Yeri gəlmişkən
bir ağac yeddi kilometr uzunluğundadır, - deyə Boris hər
ikimizi (hekayə birinci şəxsin dilindən
danışılır) kənardan-kənara zəndlə
süzərək güldü". Müəllif birincinin
nümunəsində Boris həkimi görür: müayinəsində
hiss etdiyi fəsadın anatomiyasını xəstəyə
bildirmək, bəs hansı prizmadan? Xəstənin
üzünə həqiqəti pıçıldamaq nə dərəcədə
düzgündür? Bu var ki, xəstə
davranışını qaydasına salar, rejimini gözlər.
Əzəldən naməlum saniyələrin
qurbanı olar. Amma. Xəstə
var ölümünə çarə
tapılmadığını həkimdən eşidəndə
intihara da əl atar, düşmənini də qətlə
yetirər. Ona görə də islamda belə
"düzgün" diaqnoz qadağandır, yolverilməzdir!
Boris həkim rusdur milliyyətcə, yəni
xristiandır, həqiqəti deməkdən çəkinmirlər,
etiraf edək. İkincinin təmsilçisi
İlyas həkimdir, Nadir müəllimi düzgün müayinə
edir, yaxşı sözlərin müşayiətilə.
Xəstəni ruhlandırır, pafosla təsəlli verir, Nadir
müəllim həkimin boynuna sarılır, üz-gözündən
öpür, yaşamağın əvəzolunmaz dəyəri
budur! İlyas həkim çox təmkinlə, inamla deyir:
"Heç bir dava-dərman lazım deyil. Bir həftə,
on gündən sonra kimisə göndərərsən
müayinənin cavabını götürsün. Hər şey yaxşıdır. Pəhrizə gəldikdə isə ürəyin nə
istəyir yeyərsən, amma miqdarında". Nəhayət,
Nadir müəllim az sonra
dünyasını dəyişir. İlyas həkimin
etirafı: "Rəhmətlik yanımda olanda son günlərini
yaşadığını bilirdim. Əslində
bütün müayinələrdə buna işarələr
var idi. Amma neyləyək, Hippokrat bizə
vəsiyyət edib ki, xəstənin ürəyini ələ
alıb razı yola salmalısan".
Yazıçı-müəllif üslubuna xas manera ilə oxucusunu dilemma qarşısında qoyur: Hansını seçməli? Hansı həkim haqlıdır? Hippokratın dünyada zərb-məsələ çevrilən andı özünü bu gün doğruldurmu? Hippokratın zamanında həkimlər necə, hansı məişət durumunda yaşayırdılar? Mən yaşım müqabilində həm Sovet, həm də indiki dönəmdə həkimlərin nüfuzunun şahidiyəm və pis yaşamırdılar. Bu gün gəlin etiraf edək ki, həkimlərin sırasından bir nəfərini belə tapmaq çətindir ki, rüşvət almasın (müəllif buna çox düzgün işarə vurmuşdur); bir cərrahiyyə əməliyyatı üçün iki yol var: ya yetərli rüşvət verməlisən, ya da ölməlisən. Səhiyyəmizi idarə edənlərinin gözü qabağında bu iyrənc prosesin şahidiyik!
Hekayənin qayəsinin "açılması"nı müəllif oxucunun öhdəsinə buraxır və özümə sual verdim: - Hansı haqlıdır? Susmağa qərar verdim...
(ardı gələn
sayımızda)
Allahverdi Eminov,
Ədəbiyyatşünas-tənqidçi,
fəlsəfə
doktoru, dosent, pedaqoq
Ədalət 2019.- 28 fevral.- S.5.