“Babamla söhbət” –
mənəvi dəyərlər toplusu
Hər bir kitabın
işıq üzü görməsi
müəlliflə, həm də oxucularla
yeni görüş,
ünsiyyət körpüsüdür. Eləcə
də oxucunun bir ədəbi
şəxsiyyətin, vətəndaş ziyalının mənəvi
aləminin işığında, vəsf etdiyi
gözəlliklər qoynunda
duyğulanması, özünü həyatın
uca məqamlarında hiss
etməsi, görməsidir. Onda da ola bu kitabın ədəbi-bədii məhsulları
özünün ali məqsəd
və ideyası, mənəvi-əxlaqi dəyərlərimizin
yaşadılması, həyatımızın gerçəkliklərini
güzgü kimi əks
etdirməsi ilə ictimai fikir
tariximizin yaddaşında hifz
olunmaq haqqına, hüququna
malik olsun. Belə
kitablar qədərincədir və heç şübhəsiz, işıq təki,
nur timsalında doğulan
hər bir əsər də
düşüncəmizdə yeni dəyər
və mənaların yaranmasına özünün
təsirini göstərir.
Bu günlərdə şair Hacı Firudin Süleymanoğlunun yenicə çap olunmuş “Babamla söhbət” kitabı ilə tanışlıq indicə ifadə etdiyim fikirlərin doğulmasına rəvac verdi. İlk olaraq qeyd edim ki, şairin bu kitabında ədəbi-bədii yaradıcılığından nümunələr toplanıb tərtib olunub. Burda kitab tərtibi haqqında bir neçə məqama diqqət yönəltmək istəyirəm. Bəzən göz önündə olan belə kitabların ərsəyə gəlməsində tərtibçinin zəhmətini nəzərə almayan, bunun asan bir iş olduğunu düşünənlər də olur. Guya əsərlər necə gəldi, kitaba daxil edilərək çap olunur. Əslində bu belə deyil. Tərtib-kitabın öz ölçüləri var. Tərtibçinin də bu meyarı gözləmək, izləməklə yanaşı, özünün işə yanaşma prinsipi, təkrarçılıqdan kənar fərqli iş manerası, daxili qayda-qanunları mövcuddur. Burda tərtibçinin səliqə-səhmanı, intizamı, kitaba daxil olunacaq nümunələri ideya-fikir ardıcıllığı ilə təqdim etmək səriştəsi başlıca rol oynayır. Dediklərimiz tərtib-kitabın məziyyətini artıran xüsusiyyətlərdir, bunlar həm də kitabçılıq mədəniyyətində əsas nüanslardan hesab olunur.
“Babamla söhbət” kitabının tərtibçisi və redaktoru Kəmalə xanım Mirzəyevanın bu sahədə təcrübəsi, haqqında söhbət açdığımız kitabın böyük səriştə və zövqlə tərtib olunduğunu göstərir. Yeri düşmüşkən, “Poeziyada vətən və el təəssübü” məqaləsində Kəmalə xanımın şairin yaradıcılığını milli təəssübkeşlik, vətəndaşlıq mövqeyindən xarakterizə etməsi də kitabın dəyərini artırır. “Söz adamından danışmaq çətin olsa da” başlıqlı “Ön söz”ün müəllifi yazıçı-publisist Bəxtiyar Qaracanın ilk söz kimi, Hacı Firudin Süleymanoğlunun həyat və yaradıcılığına qısa, həm də mükəmməl ekskursiyası da oxucunu kitabı oxumağa və ondan dəyərlər əxz etməyə istiqamətləndirir. İlk baxışda kitabın adı bizdə maraq doğurdu: Niyə məhz “Babamla söhbət”… Əsərlə tanışlıq tədricən bu marağa aydınlıq gətirdi. Əslində Hacı Firudinin bütün yaradıcılığı bu mənbədən – həyat görmüş müdrik bir atanın, babanın yaşam tərzindən, görüb-götürdüklərindən, şahidi olduğu, müşahidə etdiyi hadisələrdən, onların yaddaşdan süzülən işığından qaynaqlanıb.
Müəllifin
yaradıcılığından toplanmış nümunələr
də maraqlı bir formada bölmələrə
ayrılıb. Bu bölmələr
“Şeirlər”, “Qəzəllər”, “Poemalar”,
“Lətifələr” və “Rəylər” olmaqla
beş hissədə
qruplaşdırılıb. Beləliklə, şairin
bütövlükdə yaradıcılığı tərtibdə
öz əksini tapıb. Başqa
sözlə, oxucu müəllifi hərtərəfli,
özünün bədii təfəkkürünün
işığında tanımağa, dərk etməyə imkan qazanıb. Mövzularına gəlincə,
deməliyik ki, Hacı Firudinin
yaradıcılığının mayasında doğma yurdu, onun kəndləri, şəhərləri,
adamları, təbiəti var və
sadaladıqlarımızın fonunda Vətən
sevilərək vəsf olunur. Ulu Naxçıvandan, Şahtaxtı kəndindən
başlayan Vətən bütün
Azərbaycanı əhatə edir. O, təkcə bu gözəlliklərdən
zövq almır, onun
dərdləri, ağrıları, vətənimizin
işğalından doğan acılar da müəllifi narahat edir, düşündürür.
Şairin əsərlərində
Naxçıvanın, Göyçənin, Qarabağın dərdləri
dil açır, müəllif bu dərdlərdən danışmaqla sanki, unutmayaq, azad edək elimizi, yurdumuzu deyərək, haray
çəkir.
Firudin Süleymanoğlunun bütün yaradıcılığında – şeirlərində, publisist qeydlərində bir xatirə nisgili var. İndi ondan uzaqda olan həyatda, ürəyinin qatlarında yer eləmiş xatirələrdə bir yaddaş işığı közərir. Xatirələrin də ki, şirini şirin, acısı da bal dadır, deyib aqillərimiz.
Bəzən xatirələr qucur
keçmişi,
Atamın ocağı yadıma düşür.
Anamın
lavaşı, aşı, bişmişi,
Nənəmin
qucağı yadıma düşür.
Yayda
bağımızın bal ərikləri
Laləzar
örüşü, boz gədikləri,
Yovşanı, soğanı, bol
məmikləri ,
Çobanın yığmağı yadıma düşür.
F.Süleymanoğlunun
şeirlərində dünyaya xitabən
söylədikləri bizi
düşünməyə sövq edir. Müəllif təbiət hadisələrinin
özündə belə, insana adi görünən, vərdiş etdiyimiz hərəkətlərə əslində
ağrılarla başa gələn hadisələr
kimi rəng verir: Buludun canı gedər Dönüb
yağış olunca… Çayda
suya çevrilib,
Çöldə qamış olunca…
Şair
oğlu ilə etdiyi söhbətlərində həyatda
yaşadıqları çətinlikləri dilə gətirir,
əziyyətlərə qatlaşmağı, bununla elə həyatın
qədrini bilməyi, oxuyub, yetişib adam olmağı, nəsihət
edir. Onun şeirlərində poeziyamızın nəhəngləri
Hüseyn Cavidə, Məmməd Araza, kamanın ustad
ifaçısı Habil Əliyevə yazdığı
ithaflar bu şəxsiyyətlərə qoyulmuş ədəbi
abidədir.
F.Süleymanoğlunun
poetik yaradıcılığında qəzəl janrı da
mühüm yer tutur. Doğma yurdun gözəllərinin ətri gələn
bu qəzəllərin leytmotivini
pak, ülvi sevgilər
təşkil edir. “Tutasan”,
“Xoşdur”, “Nədir ayrılıq”, “Eyləsən”,
“Deyirəm”… qəzəllərində eşqin,
hicranın, vüsala yetməyin həsrəti
közərir…
Kitaba şairin
3 poeması daxil edilib. “Salamnamə” poeması müəllifin yaradıcılığına xas
olan bir üslubda qələmə
alınıb. Əhli-Şahtaxtını,
doğmaları, yaxınları,
onların timsalında
bütün insanları
salamlayan müəllif
özünün ibrətamiz
söhbətləri, xatirələri
ilə böyük mətləblərə aydınlıq
gətirir. Bu təsvir-vəsflərdə fikir-ideyanın
dərinliklərinə getmək,
bu yerlərin və insanların bədii obrazını yaratmaqdan ötrü bədii vasitədir.
“Ümid” poemasında
isə yaddaşının
etibarına güvənən
müəllif yenə
keçmişə boylanır,
ululara, müdriklərə
minnətdarlığını poetik düşüncəsindən
axıb gələn sözün qüdrəti
ilə vəsf etməklə bildirir.
Söhbət yenə də
xatırladığı məqamlar
üstə köklənir.
Poemanın içərisində müəllif sözünə
söykək kimi haşiyəyə çıxır,
elinin maarifpərvər
ziyalılarını, igid
oğullarını xatırlayır.
10 məqam, 4 haşiyə, 3 rəvayət
formasında yazılmış
bu poema özünün keçmişi,
şərəfli tarixi,
bədii təsvirlərin
gözəlliyi, üslub
yeniliyi ilə diqqəti çəkir.
Mövzunun söhbət, məqam,
rəvayət, haşiyə
formasında işlənməsi
əsərə bədii
forma verməklə yanaşı,
həm də dilin axıcılığı,
lakonikliyi ilə düşüncədə həzmini,
qavranmasını asanlaşdırır.
“Babamla söhbət”də
babalarımızın bizə
əmanət qoyduğu
halallıq, namus, qeyrət kimi ali keyfiyyətləri
nəzmə çəkən
şair sonacan poemaya hakim olan tər-təzə bir üslubda ahəngi saxlayaraq bir övlad məhəbbəti
ilə bu nadir keyfiyyətləri öz həyat-yaşam tərzində
qoruduğundan qürurunu
ifadə edir.
Kitabda yer alan “Lətifələr”,
“Rəylər” həm
Hacı Firudin Süleymanoğlunun geniş
yaradıcılıq potensialına
malik olduğunu, eləcə də həyatına, ədəbi
irsinə bələd
olan ziyalıların müəllifin yaradıcılığı
haqqında fikirlərini
öyrənməyə imkan
yaradır. Şairin bir ədəbi şəxsiyyət kimi tanınmasında bu rəylər də kitaba bütövlük verir.
Təəssüf ki, yığcam təqdimat xarakterli bir yazıda, şeirlərindən çoxlu
sayda nümunələr
təqdim etmək mümkün olmadı. İnanırıq ki, həmin əsərlərin ifadə
etdiyi mənəvi ucalığın fövqündə
olmaq, illərin sınağından çıxmış
deyimləri, bir sözlə, şairin poetik inciləri ilə tanışlıq,
onları sevərək
oxumaq, zənnimizcə
oxucuda mənəvi zövq yaradacaq. Bu mənada Hacı
Firudin Süleymanoğlu
“Babamla söhbət”də
gerçək həyatda
yaşadıqlarını sözün
bədii qüdrətilə
ifadə edə bildiyindən onun oxucu sevgisi ilə
qarşılanacağı mütləqdir.
Şəfəq Nasir,
yazıçı-publisist
Ədalət.-2019.-6 iyul.-S.12.