Qayğanaq, sonra da çolpa
çığırtması
Akif Cabbarlı
Bu əhvalat
sovet dönəmində dağətəyi kəndlərimizin
birində baş verib. Həyat yoldaşı Bakıya, nəvələrinə
baş çəkməyə getdiyindən bütün
işlər Qafar kişinin özünün boynuna
düşmüşdü. Mal-qaraya baxmaq, həyət-bacanı
səliqəyə salmaq, özünə də qulluq eləmək
təklikdə ləzzət eləməsə də, bir təhər
yola verirdi. Üstəlik, təsərrüfat briqadirinin
ara-sıra verdiyi tapşırıqları da şərəflə,
əsl kommunist kimi yerinə yetirirdi.
Günlərin
birində Qafar kişi işlərini başa
çatdırıb iri bir tavada, özünün də dediyi
kimi vicdanlı bir qayğanaq bişirdi. Çil toyuğun
yumurtası, sarı inəyin yağı ola, indi gör
qayğanaq necə olur da. Ürəyindən keçdi ki,
çıxsın darvazanın ağzına,
tay-tuşlarından hansı girinə keçsə, dəvət
eləsin nahara. İllər boyu tək-tənha yeməyə o
qədər də alışmamışdı.
Çıxdı. Elə bu vaxt kənd sovetinin sabiq katibi Əmralı
kişi yoldan keçirdi. O da elə bil himə bənd
imiş, həyətə keçib tut ağacının
kölgəsində buğlanan samovarın böyründəcə
əyləşdi. Qayğanağı yedilər, üstündən
də pürrəngi bir çay içdilər.
Sağollaşanda darvazanın tuşunda kəndirlə
bağlanıb qarşısına qarışıq yem
qoyulmuş iri bir cöngə Əmralının sual obyekti
oldu.
-Yaxşı
heyvandır, quruya bağlamısan, hə?
-Hə,
ay Əmralı kişi, gədənin əsgərlikdən gəlməyinə
bir şey qalmayıb axı, ayağının altında kəsəcəyəm,
İnşallah.
-İnşallah,
kəsərsən – deyə Əmralı cöngəyə
iştahla baxa-baxa həyətdən çıxdı və
kolxoz idarəsi tərəfə addımladı.
İdarənin
qənşərində xeyli adam
yığışmışdı. Tanımadıqları da
vardı. Rayon mərkəzindən gələn zəhmli bir
kişi kolxoz sədrini sözün əsl mənasında
divara dirəmişdi.
-Mən
bilmirəm, katibə özün cavab verərsən. Ət planınız xeyli geri qalıb. Gör neynirsən.
Sədr də gözlərini döyür, cavab tapmırdı. Belə vaxtlarda camaat
köməyinə çatır,
həyətdə bəslədikləri
mal-qaradan planı doldurmağa heyvan ayırırdılar. İndi də
kiminsə qapısına
getməyə üzü
qalmamışdı.
Məsələdən agah olan Əmralı
sədri kənara çəkib qulağına
nə isə pıçıldadı. Sonra sədr
və rayon mərkəzindən
gələn qonaq, arxalarınca da Əmralı üz tutdular düz Qafar kişigilə. Sədr əlini Qafarın çiyninə şappıldadıb
cöngəni ətliyə
göndərməyi xahiş
elədi. Amma bu xahişin mayasında bir təpinmək havası da vardı.
-Aparın, bir halda ki, gərəyinizdir,
qurbandır sizə - dedi Qafar kişi. Sonra üzünü Əmralıya
tutub asta-asta dilləndi:
-Hə, deməli belə, çuğul qardaşım. Sabah günortaya yaxşı bir çolpa çığırtması bişirəcəm.
Gələrsən bizə,
başının dəstəsi
ilə...
Axırıncı xəbərdarlıq
Əslən
Ağdamdan olan qələm dostlarımızdan birinin
danışdığı maraqlı əhvalatı yazı
mövzusu hesab elədim. Deməli, dostumun doğulub
boya-başa çatdığı kənddə sovet
dövrünün termini ilə desək, zəhmətkeş
bir ailənin üç yeniyetmə oğlan uşağı
el adəti üzrə qoyun-quzunu növbə ilə (çox
yerdə bu qayda “nobat” adlanır) otlağa aparır, axşam
da hər kəsinkini həyətlərinə
ötürüb geri qayıdırmış.
Bu
uşaqlardan biri qardaşlarından fərqli olaraq çox
cığal imiş. Hər şeyi bəyənməz,
bütün deyilənləri tərsinə yozarmış.
Valideynləri də Vəlişin xasiyyətini yaxşı
bildiklərindən üstünə çox getməzlərmiş.
Qardaş da axşam-səhər dava salmağa, səs-küy
qaldırmağa bir bəhanə gəzərmiş. Hər dəfə
nobatdan qayıdanda süfrə başında mütləq mərəkə
qopardarmış. Qarşısına qoyulan yemək dolu
boşqabı kənara itələyib
qışqırarmış:
-Bu nədir,
hərəniz iki boşqab yemək yeyib, mənə cəmi
bir qab saxlamısınız? Daha güdüyə-zada gedən
deyiləm.
Növbəti
dəfə ana ərköyün oğlunun qarşısına
iki boşqab yemək qoyur. Bu dəfə də qaqaş
möhkəm çığırır:
-Hə,
özünüz üç boşqab yeyib, mənə cəmi
iki tarelka verirsiniz? Olmaz belə, daha məndən gözünüzü
yığın.
Dinmirlər,
oğlanı bir təhər sakitləşdirirlər. Günlərin
birində güdükdən qayıdan dostumuzun qənşərinə
bir qazan qoyurlar ki, bax, hamısı buradadır. Ye, nə qədər
istəyirsən, qalsa, biz də dadarıq.
Cığal
qardaş bu dəfə də qazanı geri itələyib
ucadan qışqırır:
-Hə,
deməli, iki qazanı özünüz
boşaltmısınız, mənə birini
saxlamısınız? Olmaz, axırıncı dəfə
deyirəm, bir də belə eləsəniz, nobata-zada gedən
deyiləm, dədə canı.
Ədalət.-2019.-6 iyul.-S.10.