Bir müəllim tanıyıram
Yəqin
mən ona görə müəllim sənətini həmişə
belə sevmişəm, əziz tumuşam, müqəddəs
bilmişəm ki, rəhmətlik anam da müəllim idi. Anama
olan sonsuz istəyim müəllim adını mənə
ikiqat yox, beşqat-onqat doğmalaşdırıb. Həmçinin,
atamın bizim tərəflərdə ciddi, təcrübəli
bir pedaqoq kimi tanınması da bu duyğularıma
körük çəkib...
Mən
həm yaşıma, həm də peşəmə görə
indiyə qədər çox müəllimlərlə
rastlaşmışam, bacardığım qədər onlara səmimi
hörmətlə, doğma adamlarım kimi yanaşmağa
çalışmışam.
Onlardan
biri də bizim Züleyxa müəllimdir. Özünüz
görəcəksiniz, mənim bir ifadəni işlətməyə
haqqım çatır. Çünki az qalır qırx il
olsun ki, yaxın qonşuyuq, bir binada yaşayırıq. Mərhum
həyat yoldaşı, istedadlı alim Tofiq müəllimlə
də yetərincə mehriban münasibətlərimiz olub.
Züleyxa xanımla bizim külfətin də neçə illərdir
sözləri-söhbətləri, dərdləri-sərləri,
sevincləri-fərəhləri birdir. Övladları, necə
deyərlər, gözümüzün qabağında
boya-başa çatıb. Bunları söyləməkdə
fikrim, məqsədim odur ki, bu ləyaqətli, nəcib insan
haqqında demək istədiyim söz görün neçə
vaxtdır ürəyimdə yol gəlir...
Züleyxa
xanım Bakının istisinin, qızmarının yerə-göyə
meydan oxuduğu bir vaxtda, 1948-ci ilin iyulun 8-də həyata
göz açıb. Ailədə pərvazlanan altı
uşağın ən kiçiyi olsa da, heç zaman ərköyünlük
nə olduğunu bilməyib. Fidan vaxtlarından zəhmətsevər
olub. Evdə əlindən gələn işi görüb,
anasına kömək edib. Böyüklər onun işini tərifləyəndə
sevincindən az qalıb qanad açıb uçsun. Bir də
elə həmin illərdən bu qızcığazın qəlbi
şirin, kövrək arzularla ləbələb idi, həssaslığı,
mehribanlığı onu tanıyanların hamısına
ürəkdən sevdirirdi.
Züleyxa
Abdullayeva 1966-cı ildə Bakının 156 saylı məktəbində
təhsil alıb. Hələ unudulmaz məktəb illərinin
ilk siniflərindən oxuyub-öyrənməyə həvəsi,
zəkası, fəal həyat mövqeyi, davranışı
ilə seçilirdi. Bu təhsil ocağında yaxşı
oxuyan, öncül şagirdlərdən biri kimi
tanınırdı. Ömrünün yeniyetmə
çağlarından müəllim olmaq, özü də
mütləq ibtidai siniflərdə dərs demək istəyində
idi. Əlinə ilk dəfə çanta alıb məktəbə
gələn, elmin zirvələrinə gedən yollarda ilk qədəmlərini
atan balalarımızın sabahına işıq salmaq onun xəyallarının,
arzularının bəzəyi idi.
Züleyxa
Abdullayeva 1973-cü ildə N.Tusi adına Azərbaycan Pedaqoji
Universitetinin (keçmiş APİ) Ibtidai Təhsilin Metodikası
və pedaqogika fakültəsini bitirib.Bakıdakı 42
saylı tam orta məktəbdə əmək fəaliyyətinə
başlayıb. Qırx ildən artıq bu tanınmış
təhsil ocağında şərəflə, yüksək zəhmət
eşqilə, əsl fədakarlıqla
çalışıb. Züleyxa müəllim həmişə
dərslərlini özünəməxsus üsullarla
keçib. Əyani və texniki vasitələrdən uşaq
təxəyyülünə, düşüncələrinə
uyğun istifadə edib. Dərs prosesində keçirilən
mövzuları daha çox həyati faktlarla, misalllarla izah etməyə
səy göstərib. Ömrünü-gününü
damla-damla dərs dediyi məktəblilərin yolunda əridən
bu bacarıqlı, səriştəli pedaqoq, nəcib insan
onlara təkcə müəllim olmayıb, bir ana tək, bir
doğma insan kimi onların nazını çəkib,
qayğısına qalıb, uşaqlarla bir svinib,
gülüb. Züleyxa müəllim şagirdlərinə
elm, bilik öyrətməklə yanaşı, onlara vətənpərvərlik
ruhu aşılamağa çalışıb. Ana torpaq,
doğma vətən, Azərbaycanın mərd
oğullatrının doğma yurdun qorunması uğrunda
göstərdikləri şücaətlərindən yetirmələrinə
ətraflı məlumatlar verib. Əsl müəllimlik keyfiyyətlərinə
malik Z.Abdullayevanın qazandığı uğurlar,
adı-sanı yalnız çalışdığı
pedaqoji kollektivdə deyil, valideynlər arasında da ildən-ilə
artırdı. Təsadüfi deyildir ki, bir çox valideynlər
öz uşaqlarının məhz Züleyxa müəllimin
sinfində oxumasını istəyirdilər.
Züleyxa
müəllim deyir ki, onun pedaqoji fəaliyyətində
unudulmaz məqamlar, yaddan çıxmayan təəssüratlar
az olmayıb, amma bir vaxtlar əlindən tutub hərfləri
yazmağı, saymağı, oxumağı öyrətdiyi
şagirdlərinin illər sonra ali təhsil alıb mənimlə
eyni tədris müəssisəsində çalışanda
elə bil dünyanı mənə
bağışlayırdılar. Həmin yetirmələrimdən
Leylanın, Nərminin az müddət ərzində
qazandığı pedaqoji nailiyyətlər qəlbimdə
sonsuz xoş hisslər yaradıb.
Uzun
illər bu insanın əməksevərliyi, öz sənətinə
olan böyük sevgisi, təşəbbüskarlığı,
dərs dediyi balalara solmaz məhəbbəti heç vaxt əvəzsiz
qalmayıb. Həmişə yetərincə diqqət mərkəzində
olub, ünvanına saysız-hesabsız təriflər, xoş
sözlər söylənib, bir sıra mükafatlara, fəxri
fərmanlara layiq görülüb.
Züleyxa
Abdulayeva artıq neçə illərdir təqaüdddədir.
Amma yenə coşqun həyat eşqi onun ürək dostudur.
Bu gündə dünyamızın, həyatımızın rəngarəngliyi,
gözəllikləri onu qəlbən sevindirir, mütaliə
etməkdən, musiqi dinləməkdən yorulmur.
Züleyxa
xanım enişli-yoxuşlu, acılı-şirinli bir yol
keçib. Hərdən büdrəsə də yıxılmayan,
üzü xoş gələcəyə inamla addımlayan,
qarşısına çıxan maneələri dəf etməyi
bacaran, şərəfli, mənalı bir ömrə imza atan,
ömür kitabının səhifələrini ancaq
yaxşı əməllərlə yazan bir insandır. O,
öz amalına, məqsədinə doğru həmişə
mətinliklə irəliləyib, heç vaxt ruhdan
düşməyib, iradəsini, inamını, ümidini itirməyib.
Bir cəhəti də ciddi məsuliyyət hissi ilə deyirəm
ki, Züleyxa xanımda ən yaxşı məziyyətlər,
xarakterindəki ən ülvi duyğular özünü onda məhz
ana kimi büruzə verir. O, işinin çoxluğuna, gərginliyinə
baxmayaraq, ömrü boyu balalarının tərbiyəsinə,
qayğılarına həssaslıqla yanaşıb.
Onların hətta ani sevinci, kədəri, adi tələbləri
də onu dərindən düşündürüb.
Çalışıb ki, övladları həyatda səhvlərə
yol verməsin, öz gələcəklərini uğurla
qursun. Balaları da valideynlərinin zəhmətini itirməyib,
həyatda öz layiqli yerlərini tutublar. Züleyxa müəllim
həyatda Tofiq müəllimlə əl-ələ,
çiyin-çiyinə verib iki övlad böyüdüblər.
Oğlanları Mehman Respublikamızın tanınmış həkimlərindən
biridir. O, özü də üç oğul atasıdır.
Nicat orta mətəbi bu il bitirib, ali məktəbə
hazırlaşır. Mehdi orta məktəb şagirdidir.
Sonbeşik Mustafanın isə hələ dörd yaşı
var.
Qızları
Mehriban isə Azərbaycan Neft və Kimya Universitetinin məzunudur.
Bu
günlərdə, ömrünün müdriklik,
ağbirçəklik çağında qərar tutan
Züleyxa Abdullayevanın yaşının üstünə
daha bir yaş gəlir. Bu yazıma da mən uzun illərdən
bəri tanıdığım, çox hörmət bəslədiyim
bir insana həmin münasibətlə etdiyim kiçik bir hədiyyədir.
P.S.
İş elə gətirdi ki, bu məqaləni çapa verməmişdən
əvvə dostum, şair-publisist, Prezident təqaüdçüsü
Vaqif İsaqoğlu yazınmı oxudu və bir gün sonra
Züleyxa müəlliməyə üç bəndlik
şeir həsr etdi. Mən də yazımı elə bu
şeirlə də tamama yetirirəm.
Bu
yazını şair dostum Vaqif İsaqoğlunun Züleyxa
müəlliməyə yazmış olduğu şeirlə
tamama yetirirəm
Bizim dünyamızda bir damia nursan,
Fəxrsən, ümidsən, həm də qürursan.
Harda qaranlıq var işıq saçırsan,
Həmişə düşürsən sən yada, müəllim!
Özün bir dünyasan, dünyada müəllim!
Yazıb-oxumağı səndən öyrəndik,
Haqqı danışmağı səndən
öyrəndik.
Necə
yaşamağı səndən
öyrəndik,
Həmişə düşürsən sən yada, müəllim!
Özün bir dünyasan dünyada, müəllim!
Necə
qayğıkeşsən, sən
mehribansan,
Gözəl ziyalısan, gözəl insansan.
Ana tək doğmasan, canımda cansan,
Həmişə düşürsən sən yada, müəllim!
Özün bir dünyasan dünyada, müəllim!
Nizami Rəhmanlı,
Prezident təqaüdçüsü
Ədalət.-2019.-6 iyul.-S.10.