Moskvadakı “Azərbaycan” pavilyonu
Heydər Əliyev Fondunun dəstəyi ilə
bərpa olunur
Moskvanın Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun
dəstəyi ilə bərpa işləri aparılır.
AZƏRTAC
xəbər verir ki, bərpa işləri binanın eksteryer və
interyerini əhatə edir. Burada orijinal rənglər saxlanılmaqla,
naxışlar, şəbəkə pəncərələr dəqiqliklə
yenidən qurulur, pavilyonun zalları yenilənir.
Qeyd
edək ki, əvvəllər SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi, 1992-2014-cü illərdə isə
Ümumrusiya Sərgi Mərkəzi adlandırılan bu məkan
dünyanın ən böyük sərgi komplekslərindəndir.
XTNS-nin ərazisi Sovet
dövründə yaradılan memarlıq abidələri ilə
zəngin olub. “Ostankino”
parkı ilə birləşdirildikdən sonra
onun ümumi ərazisi
325 hektardan çoxdur.
XTNS-nin incilərindən
olan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Layihənin müəllifləri olan memarlar Sadıq
Dadaşov və Mikayıl Hüseynov II dərəcəli Stalin mükafatı
ilə təltif olunublar. Pavilyon Azərbaycan milli
motivləri ilə zəngindir. Bina düzbucaqlıdır,
divarlar mərmərlə
işlənib. Fasad Azərbaycan
naxışları, qızılı
rəngdə üzüm
ornamentləri ilə,
pavilyonun pəncərələri
isə vitraj-şəbəkə
ilə bəzədilib.
Pavilyonun
ekspozisiyası Azərbaycan
SSR-in sənaye, heyvandarlıq,
ipəkçilik, bitkiçilik,
kənd təsərrüfatı,
mədəniyyət, sənət
və məişət
sahələrində nailiyyətlərini
əhatə edirdi.
2016-cı ildə pavilyon
rəsmi olaraq Azərbaycana təhvil verilib və burada bərpa işlərinə başlanılıb.
Pavilyonda yeni sərgi mərkəzinin yaradılması
nəzərdə tutulur.
Yenilənmiş pavilyonun konsepsiyasının
əsas ideyası Azərbaycanın zəngin
tarixə malik qədim, eyni zamanda, sürətlə inkişaf edən bir dövlət olduğunu nümayiş etdirmək üzərində
qurulub.
“Azərbaycan inciləri” sərgi zonasında qonaqlar Azərbaycanın xalçaçılıq ənənələri,
zəngin musiqi tarixi ilə tanış ola bilərlər. Burada, eyni zamanda, arxeoloji
qazıntılar zamanı
aşkar olunan və Azərbaycanın qədim tarixini əks etdirən eksponatlar, milli geyimlər, xalq sənəti nümunələri
nümayiş etdiriləcək.
Pavilyonda, eyni zamanda, müasir
Azərbaycan, ümummilli
lider Heydər Əliyev, Azərbaycanın
tanınmış ziyalıları
barədə müxtəlif
materiallar, foto və videolarla tanışlıq mümkün
olacaq.
Mühazirə və konfranslar, musiqi proqramları üçün müxtəlif
zalların yaradılması,
turizm zonasında Azərbaycanın turizm marşrutları barədə
məlumatların təqdimatı
nəzərdə tutulur.
“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim ediləcək, eyni zamanda, burada
milli suvenirləri əldə etmək mümkün olacaq.
Pavilyonda, həmçinin Azərbaycanın
tarixi və müasir həyatına, müxtəlif sahələrə
dair kitablar da nümayiş olunacaq. Burada, eyni zamanda,
əyləncə zonalarının
yaradılması nəzərdə
tutulur.
Ədalət.-2019.-
2 iyul.- S.8.