Sənət fədailəri və ya unudulmağa məhkum olanlar
(aktyor Zakir Şahbazovun əziz
xatirəsinə)
(doqquzuncu yazı)
Elə səhnə
ustaları var ki, onlar haqqında
yazmaq bir qədər mürəkkəb
olur. Çünki onların yaradıcılıq
yolları vaxtında lazımınca araşdırılmayıb
və bu səbəbdən də onlar haqqında araşdırma aparmaq da müşgülə cevrilir. Bu tip aktyorlar
isə sözün əsl mənasında unudulmağa məhkum olunur. Həyat və yaradıcılıqları
sanki qaranlıq bir zirzəmidən öz kölgələrinin
işığı qədər
boylana bilir. Zaman keçdikcə isə bu işıq şöləsi də sönür və sanki heç yoxmuş kimi unudulur. Ancaq elə səhnə
ustaları da var ki, sənət
məziyyətləri, səhnədə
aktyor ifası bu gün də
onu tanıyanların qəlbində nəsillərdən-nəsillərə
ötürülür. Sözün əsl mənasında unudulmayacaq bir sənətkar kimi öz həmkar dostlarının və yaxınlarının qəlbində
yaşayır. Aktyor Zakir
Şahbazov tək.
Zakir Cəni
oğlu Şahbazov
1902-ci ildə Göyçayın
Şıxlı kəndində
anadan olub. Orta məktəbdə
oxuyarkən Göyçaydakı
dram dərnəyində fəaliyyət
göstərib. 1924-1928-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı
Türk Teatr Məktəbində təhsil
alıb. Tələbəlik illərində həmçinin
Akademik Milli Dram Teatrın səhnəsində
bir sıra tamaşalarda epizodik rollarda çıxışlar
edib. Təhsilini
başa vurduqdan sonra altı il Akademik
Milli Dram Teatrında çalışıb. 1934-cü ilin noyabr ayının
16-dan 1940-1941-ci il mövsümünə kimi
isə İrəvan teatrının truppasında
fəaliyyət göstərib.
Daha sonra Gəncə Dövlət Dram Teatrına
gəlib. Ömrünün sonuna kimi də
bu teatrda çalışıb. Aktyor Gəncə
Dövlət Dram Teatrının
səhnəsində tamaşaya
qoyulan əksər pyeslərdə daha çox ikinci dərəcəli rollar ifa edib. O, realist aktyor məktəbinin yetirməsi olub. Əsasən
tipik-psixoloji və kiçik xarakterli obrazlar yaradıb. Səhnədə olan maraqlı
ifa tərzi sadəliyi və səmimiyyəti ilə hər zamanseçilə bilib.
Gəncə
Dövlət Dram Teatrının səhnəsində Cəfər
Cabbarlının "Aydın”da Cavad, "Solğun
çiçəklər”də Əbdül, "1905-ci ildə”də
Ocaqqulu, Bahadur bəy, "Nəsrəddin şah”da Mirzə Ələsgər
xan, Mirzə Fətəli Axundzadənin "Lənkəran
xanın vəziri”də Xacə Məsud, Nəcəf bəy Vəzirovun
"Hacı Qənbər”də Molla Səfi, Əbdürrəhim
bəy Haqverdiyevin "Pəri cadu”da Təlxək, Cəlil Məmmədquluzadənin
"Ölülər”də Hacı Kərim, Süleyman Sani
Axundovun "Eşq və intiqam”da Piri baba, Səməd
Vurğunun "Fərhad və Şirin”də Azər baba,
Sabit Rəhmanın "Nişanlı qız”da Çeşməkli
kişi obrazları aktyorun Azərbaycan klassik
dramaturgiyasının maraqla izlənilən səhnə əsərlərində
yadda qalan obrazları silsiləsinə daxildir.
Bu
gün aktyor Zakir Şahbazovdan söz düşərkən
dramaturq Nüşabə Məmmədli onun haqqında öz
xatirələrində söyləyir: "Biz Zakir
Şahbazovun ailəsi ilə bir evdə-Gəncə şəhərində
yerləşən Aktyorlar evində yaşayırdıq. Bu evdə
mənim mərhum qaynatam və qaynanam olan respublikanın xalq
artistləri Əşrəf Yusifzadə və Rəmziyyə
xanım Veysəlova da yaşayırdı. Zakir müəllim
burada hər zaman hər kəs tərəfindən
böyük hörmət və sevgi ilə
xatırlanırdı. Yaxşı xatırlayıram ki, həyat
yoldaşı olan Züleyxa xanım Babayeva da onu həyatında
daha çox sevirdi. Hətta xatırlayıram ki, Züleyxa
xanım 5 sentyabr 1979-cu il tarixində vəfat etməzdən əvvəl
vəsiyyət etdi ki, onu dəfn edərkən həyat
yoldaşı Zakir Şahbazovun şəkili ilə birlikdə
məzara dəfn etsinlər. Belə də oldu. Biz Züleyxa
xanımı Zakir Şahbazovun fotoşəkli ilə birlikdə
dəfn etdik. Bir faktı da deyim ki, Züleyxa xanım Babayeva mərhumazərbaycanlı
milyonçu, mesenat, Hacı Zeynalabdin Tagıyevin ailəsinə
bağlı insan idi. Qohumluq əlaqələri vardı.Ancaq
bu barədəo zamanlar heç kimə bir kəlmə də
demirdi.Züleyxa xanım çox kubar və dünya
görüşlü, savadlı qadın idi. Biz aktyorlar evində
sanki bir ailə üzvləri idik. Zakir Şahbazov Gəncənin
Səbiskar qəbristanlığında dəfn olunub. Məzarını
hər zaman ziyarət edirik. Allah hər iki dəyərli
insanlara rəhmət etsin.”
Söhbət
elə Züleyxa xanım Babayevadan düşmüşkən
qeyd etməliyəm ki, o da aktrisa olub və İrəvan
teatrında çalışıb. Züleyxa xanım bu
teatrın səhnəsində Mirzə Fətəli Axundzadənin
"Lənkəran xanın vəziri”də Pəri xanım,
"Müsyö Jordan və dərviş Məstəli
şah”da Xanpəri, Zülfüqar bəy Hacıbəylinin
"Aşıq Qərib”də Ağca qız, Sabit Rəhmanın
"Xoşbəxtlər”də Sənubər, Süleyman
Rüstəmin "Qaçaq Nəbi”də Fatma xala, Uilyam
Şekspirin "Otello”da Biankovə başqa maraqlı səpgidə
obrazları ilə çıxışlar edib.
Aktyor
Zakir Şahbazov Gəncə Dövlət Dram Teatrının səhnəsində
həmçinin çağdaş milli dramaturqların əsərlərində
də maraqlı obrazlar qaleriyası yaradıb. Həmçinin
onun bu teatrın səhnəsində əcnəbi müəlliflərin
pyeslərində yaratdığı obrazları da maraqla
baxılıb. Belə ki, İsgəndər Coşqunun
"Komsomol poeması”da Şirəli, Ənvər Məmmədxanlının
"Şərqin səhəri”də İngilis zabiti,
Süleyman Rüstəmin "Qaçaq Nəbi”də Alı
kişi, İlyas Əfəndiyevin "Sən həmişə
mənimləsən”də Qoça kişi, "Bahar
suları”da Bədəl kişi, İslam Səfərlinin
"Göz həkimi”də Əmir əmi, Bəxtiyar Vahabzadənin
"Vicdan”da Abdulla, Uilyam Şekspirin "Otello”da Zabit, Jan Batist
Molyerin "Jorj Danden”də Lyüben, Lope de Veqanın "Kələkbaz
sevgili”də Kapitan Bernardo, Nikolay Qoqolun "Evlənmə”də
Stepan, Nazim Hikmətin "Kəllə”də Naşir,
Riçard Şeridanın "Aldanmış adaxlı”da
Fransisko, Rəsul Həmzətovun "Dağlı
qızı”da Birinci qoca və başqa obrazları onun
çox məharətlə oynadığı surətlərindəndir.
Aktyor
Zakir Şahbazovun Gəncə Dövlət Dram Teatrının
səhnəsində maraqlı surətlərindən biri də
Cəfər Cabbarlının "Solğun çiçəklər”
pyesində yaratdığı Əbdül əmi surətidir.
Bu pyesin Gəncə Dövlət Dram Teatrında səhnəyə
qoyulması 29 noyabr 1949-cu ilə təsadüf edir.
Üç pərdəli melodramanın quruluşçu
rejissoru, respublikanın əməkdar incəsənət xadimi
Həsən Ağayev, rəssamı isə Süleyman
Hacıyev olublar.4 pərdəli, 7 şəkildən ibarət
olan bu pyes 1949-cu ilin quruluşu olaraq rejissor, respublikanın əməkdar
incəsənət xadimi Hüseyn Sultanovun traktofkasında
1954-cü ildə eyni aktyor heyyəti ilə yenidən bərpa
olunub. Aktyor Zakir Şahbazov yoxsul, yazıq, lakin alicənab, həqiqi
bir insan olan Əbdül əminin zülümkarlar
dünyasına bəslədiyi nifrəti, Saraya(respublikanın
xalq artisti Ətayə Əliyeva)göstərdiyi səmimiyyəti
və qayğıkeşliyi inandırıcı bir şəkildə
və realist boyalarla ifa etməsi ilə hər zaman diqqət mərkəzində
olmağı bacarırdı. Onun digər bir surəti olan
İslam Səfərlinin "Göz həkimi” pyesində
oynadığıƏmir əmi obrazı da maraqla baxılan
surətlərindən biri hesab edilir. 5 pərdəli, 10 şəkilli
dramın rejissoru, respublikanın əməkdar incəsənət
xadimi Hüseyn Sultanov, rəssamı Nüsrət Fətullayev,
bəstəkarı Andrey Babayev, rejissor assistenti isə, xalq
artisti Məhəmməd Burcəliyev olublar. Tamaşadaaktyorun
ifasında klinikanın qapıçısı olan bu
balaça və sadə geyimli adamın ürəyi xeyirxah əməllərlə
döyünür. O da İvanovun taleyi ilə maraqlanır.
İvanovun Bakıya gələn həyat yoldaşı Lyubov
Petrovnaya mehribanlıq, səmimiyyət göstərir. Aktyor
duzlu, şirin danışığı, mülayim, təbii hərəkətləri
ilə təmiz və nəcib qəlbə malik olan sadə bir
adamın obrazını məharətlə yarada bilirdi.
Adi
bir təsadüf nəticəsində Zakir Şahbazovun
yaxın qohumu olan Alov Səfərəliyev ilə sosial şəbəkə
vasitəsilə tanış oldum. O, mənə Zakir
Şahbazov haqqında maraqlı bir faktı yazdı: "Zakir
Şahbazov bizim kənddə, yəni Göyçayın
Şıxlı kəndində doğulub. Həmin kəndi mənim
Qazağın Şıxlı kəndindən gələn ulu
babalarım salıb. Kifayət qədər varlı
olduqlarından böyük ərazini pulla ala biliblər. Həmin
ərazidə indi beş kənd yerləşir. Zakir
Şahbazovun atası erkən vəfat edib və onun
anasını ata babam ikinci həyat yoldaşı kimi alıb.
Zakir Şahbazova isəöz övladı kimi baxıb.
Babamı kommunistlər 1934-cü ildə güllələyib.
Atam danışırdı ki, Zakir Şahbazovu axrıncı dəfə
təqribən 1942-cü ildə Gəncədə
görüb. Atam ailəni dolandırmaq üçün 15-16
yaşlarında Gəncə vağzalında yük
daşıyıb. Qazandığı pula həm
bacı-qardaşlarını saxlayıb, həm də müsadirə
olunan evlərini Sovet hökumətindən geri alıb. Həmin
illər atam bəzən Zakir Şahbazovgildə
yaşayıb.Zakir Şahbazovun həyat yoldaşı
haqqında atam da çox xoş sözlər deyirdi. Sonralar
müəyyən səbəblərdən əlaqə
itirilib. Atam dünyasını dəyişməmişdən əvvəl
mənə iki işi tapşırıb, vəsiyyət etdi.
Babamın haqsız güllələndiyini sübut etməyi və
bir də Zakir Şahbazovun məzarını tapıb, onu ziyarət
etməyi. Qismət olsa yaxın vaxtlarda Gəncəyə gəlib
bu vəsiyyəti həyata kecirəcəm.”
Zakir Şahbazov
28 may 1968-ci ildə Gəncədə vəfat
edib və buradakı qədim Səbiskar qəbiristanlığında
dəfn olunub. Bu gün
təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,
Zakir Şahbazovun vəfatından
51 il ötməsinə baxmayaraq
onunla bağlı heç
bir dövrü mətbuatda
geniş formada
yazılar dərc edilmir və ya xatirə verilişləri belə
hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi
üçün yaşadığı
binanın önündə Gəncə şəhərində
yerləşən Aktyorlar evinin
qarşısında belə xatirə-baralyef lövhəsi yoxdur. Görəsən böyük
bir sənət məktəbi keçən
və sözün əsl mənasında özünün möhtəşəm sənət
məktəbini yarada bilən bu kimi sənət fəadilərinin
unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas
səbəbi nədir?
Bəlkə
də elə biz, özümüzük!
Anar Burcəliyev,
Teatrşünas
Ədalət.- 2019.- 2 iyul.- S.6.