Bənzərsiz söz dünyası
(Görkəmli
şair Fəxrəddin Ziyanın “Şeiriyyətim, şeirim”
kitabı haqqında düşüncələr)
Fəxrəddin Ziyanın poetik təfəkkürünün
fəlsəfi tutumu, yaradıcılıq fərdiyyətinin rəngarəngliyi
həqiqi sənət müstəvisində böyük sənətkarlıq
faktorudur. Zəngin söz aləmi, bədii predmetə
yanaşma özəlliyi, təfəkkür genişliyi, cəmiyyətə
münasibəti, həyəcan, duyğu və
düşüncələrin təbiiliyi şairin poetik
özünəməxsusluğunu şərtləndirir.
Poeziya şairin məxsusi, fərdi
yaradıcılığının ehtiva olunduğu ruhani məkandır. Hər bir
şairi düşündürən önəmli cəhətlərdən
biri də əsərlərinin əbədiliyinin cövhərini
tapmaq üçün fenomenal istedad sərgiləməsidir.
Bu arzunun, istəyin çin olması
üçün sənətkarın özünəməxsus
üslubu, yaradıcılıq fərdiliyi vacib elementdir.
Zaman sübut edib ki, şairin üslub fərdiyyəti
yaradıcılığının başlıca indeksi olmaqla
bərabər, həm də bədii nümunənin, bədii əsərin
uzunömürlü olmasını təmin edən əsas
amillərdəndir.
Fəxrəddin Ziyanın
yaradıcılığında bədii fikrin inkişaf mərhələlərini
əyaniləşdirən bir vasitə kimi, onun fərdi
üslubu, həm də şairin gerçəkliyin obyektiv təsvirində,
dünyanın poetik dərkində, qavrayışında
hansı sənətkarlıq prinsiplərinə əsaslandığını,
nəticədə onun mənsub olduğu yaradıcılıq
metodunu da ehtiva edir. Çünki şairin yaradıcılıq məxsusiyyəti,
poetik obyektin inikas üsulu, bədii detala yanaşma prinsipləri,
dünyagörüşünün fərdi duyumunun istiqamətləri
məhz fərdi üslubun araşdırılması zamanı
üzə çıxır.
Görkəmli söz ustasının zəngin
yaradıcılıq imkanları ictimai həyatın
bütün sahələrinə nüfuz edir, bədii
ümumiləşdirmədə, poetik obyektin dəyərləndirilməsində,
obrazlarla təsvirində canlı müşahidələrə,
predmetə yaradıcı müdaxiləyə əsaslanır. "Şeirim”
bədii nümunəsi poetik faktların zənginliyi,
düşüncə orijinallığı ilə
yanaşı, həm də şairin poetik manifesti,
yaradıcılığının leytmotivi kimi yadda qalır.
İçimdən
püskürən vulkan kimidir,
çəkir batinimi zahirə şeirim.
Gizlində
yaranır, xəlvətcə gəlir,
təp-təzə, yep-yeni, bakirə şeirim.
O da
yaranışdır Tanrı yanında,
canlıdır, yaşadır sözü canında.
Ruhuma
güc verir yoldan olanda
kamilə,
arifə, mahirə şeirim.
İşıq
sürətidir, xəyal adında,
dolanır Meracı göz qırpımında.
Çox
vaxt qılınc kimi susar qınında,
dönər hərdən qorxunc bir şirə şeirim.
Beləcə
uzanır açdığım cığır,
hər yeni
duyğumdan bir misra doğur.
Bu cür
vurğunluqla məni də axır,
Döndərdi deyəsən şairə şeirim.
Bu misraları irnfan elemetləri zənginləşdirən
Fəxrəddin Ziya dünyası poetik detalın təravəti
ilə seçilən sənətkarlıq məziyyətini əyaniləşdirir. "Beləcə
uzanır açdığım cığır, hər yeni
duyğumdan bir misra doğur” bədii-fəlsəfi qənaəti
möhtəşəmdir.
Bu misradakı obrazlı düşüncənin
ekvivalenti əbədiyyətdir. Şeirlərində əbədiyyətin
poetik kodunu bənzərsiz bədii detallarla təqdim edir Fəxrəddin
Ziya.
Onun zəngin poeziya aləmini yüksək bədii təsvir
və ifadə gözəlliklərinin, səmimi və təbii
duyğuların əks olunduğu poetik tablolar qalereyası
adlandırmaq olar. Bu dəyərli nümunələrdə
milli-mənəvi dəyərlərin sənət müstəvisində
bədii inikası, ədəbi-ictimai düşüncənin
sanbalı, forma və məzmununun vəhdətindəki modern
özünüifadə bacarığı poetik idrakın
orijinallığına dəlalət edir.
"Kim
idin, kim oldun” şeirində insanın
daxilindəki təəssüf hissinin ifadəsində yeni rəng
çalarlarının təravətli, orijinal bədii ifadə
vasitələri ilə təqdimatı heyranlıq doğurur.
Sən
gözümdə bar-bəhərli,
sıx
kölgəli ağac idin.
Quruluqdan,
təkəbbürdən
xəzəl olub töküldün.
Sən
könlümdə bir möhtəşəm
məbəd idin, inanc idin.
Nadanlığa
qurşanandan
kərpic-kərpic söküldün!
Bu poetik nümunənin dəyərini şərtləndirən
sənətkarlıq məziyyətlərindən biri də hər
misrada bədii fikirin dolğunluğudur. Belə zəngin
poetik detallar hər qələm sahibinə nəsib olmur.
Fəxrəddin Ziyanın vətənpərvərlik
mövzusunda qələmə aldığı əsərlər
də bədii-fəlsəfi və poetik səciyyəsi ilə
yaradıcılıq uğurudur.
"Hardan başlanır Vətən” şeiri sənətkarlıq
elementləri, düşüncə zənginliyi, poetik təravəti
ilə yaddaqalan bədii nümunədir.
Ayaq
basdım bu müqəddəs torpağa,
məzarıstan, müşk-ənbərə batan yer.
Vətən
oğlu, getmə burdan uzağa,
bu məkandır
əcdadımız yatan yer,
deməmişkən, burdan başlanır Vətən.
Bir tilsim
var torpağında, daşında,
vurulmuşam kələ-kötür hüsnünə.
Ovucla, qoy
ürəyimin başına,
ovucla,
qoy gözlərimin üstünə,
deməmişkən, burdan başlanır Vətən.
Axıtdıqca
qanımızı torpağa,
ruhumuzu
çəkənlər var sınağa.
Qan
qardaşım, canım sənə sadağa,
qoyma onu
yad tapdağı olmağa,
deməmişkən, burdan başlanır Vətən!
Bu nümunədə vətənpərvərlik
duyğularının özünəməxsus ifadəsi və
bədii ümumiləşdirmənin möhtəşəmliyi
böyük maraq doğurur.
Fəxrəddin
Ziyanın "Mənim doğulduğum kənd” şeiri də
ədəbi-bədii və ictimai səciyyəsi ilə fərqlənir.
Bütövlükdə bədii siqləti və
poetik dəyəri ilə seçilən bu şeirdə
orijinallıq şairin yurd sevgisi ilə yanaşı,
narahatlığını da ifadə edir. Bir neçə
bənddən nümunə:
Mənim
doğulduğum uzaq bir kənd var,
orda hər
qarış yer mənə əzizdir.
Kəndin
qabağından kiçik çay axar,
suyu
bulaq kimi safdır, təmizdir.
Yaxud:
Bu sıx
meşələrdə hərdən azardıq,
gəlib
yığılınca bulaq başında.
Dırmanıb
bıçaqla adlar yazardıq,
dəmir
ağacının budaqlarında.
Və
yaxud:
O qədər
qaçardır ocaq başında,
yanağı yanardı neçə uşağın.
Bir
göz qırpımında gümrahlaşardıq,
içəndə suyundan "Böyükbulağ”ın.
Və
yaxud:
Heyf, o
meşələr qırılır yaman,
daha nə
çimən var, nə də oynayan.
O
çayın suyu da azalıb tamam,
dəyişib təbiət, dəyişib zaman.
Bədii-ictimai mündəricəsi ilə yanaşı,
bədii etnoqrafik elementlərlə də zəngin olan bu qəbildən
olan sənət nümunələri məktəb dərsliklərinə
salınmalıdır. Şeirin bədii ümumiləşdirməsi
çağdaş günümüzlə səsləşən
mahiyyət daşıyır.
Bədii əsərin əbədiyaşarlığını
şərtləndirən başlıca məziyyətlər
sırasında obrazlılıq həlledici fakt olaraq
qalmaqdadır.
Obrazlılıqdan kənar yüksək sənət
əsərini qəbul etmək mümkün deyil. Obrazlı fikrin qaynaqları xalq ruhunda
süzülüb gələn ən təsirli ifadə vasitələrindən
bəhrələnəndə zəngin ədəbi material
yaranır.
Fəxrəddin Ziyanın ənənəvi üslubla
yanaşı, modern üslubda yazdığı şeirlər
də yüksək sənət nümunəsi kimi diqqətəlayiqdir.
Bədii siqlət, ictimai-fəlsəfi dərinlik, milli
ruhun poetik mündəricəsi bu şeirlərin bənzərsiz
olmasına zəmanətdir. Poetik zərifliyi ilə diqqət
çəkən misralar:
Sən hələ
ləçəklərinin şehi
qurumamış çiçəksən
ətri,
təravəti ətrafını
məst
edən çəməndə.
Sən hələ
duyğusu oyanmamış
bir sakit
ürəksən…
Şeirin ruhundakı intonasiyanın təravəti poetik
düşüncənin, bədii fikrin ifadəliliyinə məxsusi
bir ovqat aşılayır. Milli ruhumuzun, mental dəyərlərimizin
müqəddəsliyinin poetik kodunu zəngin və bənzərsiz
sənətkar qüdrəti ilə əyaniləşdirən
böyük şairin təxəyyülünün, bədii
idrakının sərhədsizliyinin şahidi oluruq. Bədii ümumiləşdirmənin
orijinallığının poetikası bənzərsizdir.
Gözüm
bir yarpağı tutub haçandı,
bu yarpaq
qəlbimə yatıb haçandı.
Bu yarpaq
bir kiçik tumurcuq idi,
Maşallah, böyüyüb, artıb haçandı.
Gör, nə
tez qol açıb bir budaq qədər,
böyüyüb anbaan, saatbasaat.
Dartınıb
Günəşə sarı hər səhər,
bir
yarpaq ucunda yaşanan həyat.
Bu yarpaq
meyvəyə mühafizəçi,
bu yarpaq
yağışa, küləyə çəpər.
Yayın
yer yandıran bürkü vaxtında
ətrafa
canından sərinlik səpər.
Bu misralar bədii fikrin alt qatındakı qan
yaddaşının, milli ruhun poetik hənirtisidir.
Bu şeirdə poetik obrazın daxilindəki fəlsəfi
dəyərin, lirik ovqatın, əhvali-ruhiyyənin xalq poetik
təfəkkürünün dərinliklərindən gələn
obrazlılıqla qovuşmasının uğurlu təzahürünü
görürük.
Daha bir bədii
nümunəyə diqqət edək:
Oturmuşam
sakit bir otaqda,
tək-tənha
Dörd
yanım
sənsizlikdən doğan xiffətlə dolu.
Bu sayaq
yaşamaqdan bezikmişəm,
dözə bilmirəm daha.
Durub, sənsizlikdən
qaçmaq istəyirəm,
Qapımla,
pəncərəmlə birgə
məni
sənli hisslərimə qısqananlar
xəyalən kəsirlər yolu.
Yaman
darıxıram,
çatışmır havam.
Təngiyir
nəfəsim,
boğulur səsim.
Bu şeirin irfani mətləbinin ümumiləşdirilməsi
obrazlı və orijinaldır.
Sən
demə, məni ağrıdan
havasızlıq yox, sənsizliyinmiş.
Nə
deyim, yəqin
duyğusu olmayan
sevgi ilə
yaşamayan
insanlar
çətin məni anlayar,
çətin!
Dəqiq poetik detallarla çəkilmiş lirik-psixoloji
durumun təbiiliyi valehedicidir. Burada poetikanı
sözlərin deyil, düşüncənin içində
axtarmaq daha vacibdir. Şeirin sonuncu
misrası qeyri-adi poetik enerjiyə malikdir. Modern
təfəkkürün, novator düşüncənin fərqli
məfkurəsi poetik məzmuna dəyərli sənət
cövhəri qatır.
"Bir məzar daşına yazı” şeiri də təsirlidir.
Sən
bir nazlı xanım idin,
qədd-qamətli, nəcabətli.
Sən
bir müdrik qadın idin
kövrək qəlbli, səxavətli.
Sən
hamıdan məhrəm idin
qohum,
qonşu, dost içində.
Sən həmişə
doğma idin
yaxın
üçün, yad üçün də.
Yoxluğundan
yananların
gəlir
indi güzarına.
Səni daim
ananlardan
salam
olsun məzarına.
Bu poetik misralarda insan ömrünün, insan taleyinin fəlsəfi-psixoloji
məğzi çox yığcam bədii ümumiləşdirmə
kimi əyaniləşir. Poetik məqamın səmimi və təbii
boyalarla, sənətkar məharəti ilə canlı təsviri
Fəxrəddin Ziyanın poetik nəfəsinin bənzərsizliyinə
bir vəsilədir.
Bəzən bir misra şairin poetik qüdrətini,
yüksək sənətkarlıq bacarığını
sübut etməyə yetərli olur, bəzənsə cild-cild
kitabların bu bədii həqiqəti təsdiq etməyə
gücü çatmır, başqa cür desək, nəfəsi
yetmir.
Fəxrəddin Ziyanın istənilən misrası onun
poetik qüdrətinin, orijinal istedadının aynasına
çevrilə bilir. Məncə bu fakt hər bir istedadlı
söz adamının, illah ki, şairin ruhunu qanadlandıran
xoşbəxtlik anının ətridir. Bu
ətrin qoxusunu duyanlar poeziyanın yaşıl kitabına imza
atan azsaylı böyük sənətkarlardır. Fəxrəddin Ziya belə möhtəşəm
söz ustasıdır.
Görkəmli şairin poetikasındakı ictimai, mənəvi,
əxlaqi bütövlük onun
yaradıcılığında geniş yer tutur. Bu önəmli
məziyyət şairin dünyagörüşünün, bədii-estetik
idealının müəyyənləşməsində,
formalaşmasında dəyərli əhəmiyyət
daşıyır.
Elə şeirlər vardır ki, onlar ilahi vəhylə
yazılır.
Burada şairin bədii texnikası, sənətkarlıq
səriştəsi heç yada düşmür. Çünki belə poetik nümunələr
insanı elə əfsunlayır ki, hətta nəfəs
çəkməyə belə taqət qalmır. Şeirdə insanın fərdi
ağrısının bəşəri ağrıya
çevrilməsinin, hədsiz dərəcədə təbii
və səmimi ifadəsinin ehtivasını və bu poetik ifadənin
haqlı həqiqi sənət möcüzəsi kimi təzahürünün
şahidi olursan. Ana haqqında saysız
şeirlər yazılıb. Lakin Fəxrəddin
Ziyanın bu mövzudakı bu şeirlərinin bədii
enerjisi ilə yanaşı, mətnin poetik intonasiyası, ritmi
heyrətamizdir.
Çəkib
ürəyinin şəhd-şirəsini
südünə qatıbmış mehriban anam.
Bizə
laylasında şeir öyrədib
mənim
şair anam, qəhrəman anam.
O bir huri
idi, nurlu, aybəniz,
qəlbi
qaynar bulaq, nitqi tərtəmiz.
Həyatda
ilk şeir müəllimimiz
mənim
şair anam, qəhrəman anam.
Doqquz
övlad doğub başa yetirdi,
evi ocaq
idi, məzarı pirdi.
Dünyaya
üç şair oğul gətirdi
mənim
şair anam, qəhrəman anam.
Ömrümün,
günümün mənası idi,
hissimin,
duyğumun aynası idi.
İlham
ümmanımın sonası idi
mənim
şair anam, qəhrəman anam.
Və yaxud, "Bağışla, can ana” şeiri də
çox kövrək və orijinaldır.
Bu qədər
yaxınmış ölüm, bilmədim,
sonam,
anlamadım, gülüm, bilmədim.
Ayağın
altında ölüm, bilmədim,
bağışla, can ana, bağışla məni.
Görüb
ətrafında yurddaşlarını,
gözün gəzib məni, qardaşlarımı…
Saxlaya
bilmirəm göz yaşlarımı,
bağışla, can ana, bağışla məni.
Nə səsim
çatmayır, nə ünüm sənə,
o
dünya vardısa, qoy dönüm sənə.
Nə
dua, qurbandır hər günüm sənə,
bağışla, can ana, bağışla məni.
İndi məzarındır
müqəddəs yerim,
o soyuq
daşları qucar əllərim.
Allahmı
Kərimdir, ya sənmi Kərim?!
Bağışla,
can ana, bağışla məni,
bağışla, can ana, bağışla məni.
Bu şeirin möcüzəsi odur ki, hamının
taleyinin poetik güzgüsüdür. Səmimi, poetik, heyrətamiz! Sənət
möcüzələri belə olur, sadə və dərin!
Fəxrəddin Ziyanın poeziyası ədəbiyyatımızı
zənginləşdirən sanballı sənət xəzinəsidir. Onun əsərləri poetik
obrazların zənginliyi, insan xarakterinin psixoloji qatlarına
nüfuz etmək bacarığı, bədii idrakın tarixə
və müasir dövrə münasibətinin yeni aspekti,
yüksək vətəndaşlıq qayəsi, mənəvi
və əxlaqi yetkinliyin dolğun nümunəsi kimi
böyük ədəbi səciyyə daşıyır.
Şairin yeni kitabını sanballı sənət
uğuru kimi dəyərləndirmək olar. Görkəmli sənətkara
can sağlığı və yaradıcılıq nailiyyətləri
arzulayıram!
Balayar Sadiq
Ədalət.- 2019.- 2 iyul.- S.6.