Mən sözsüz şeirlər yazmaq istərəm,

Təkcə səslər olsun, kəlmələrsə yox.

Öz doğma dilimdən səda, nidalar,

Yabançı lisandan gəlmələrsə yox.

 

Qınayan olacaq, qoy olsun nolar,

Söyən də lap söysün, danlasın məni-

Hər kəsin öz haqqı, öz hüququ var,

Təki bir, ariflər anlasın məni.

 

Ən böyük mənalar səslər arası

İstərəm gizlənsin fasilələrdə.

Diqqətli oxucu fikir arasın

Misradan-misraya vəsilələrdə.

 

İlk sözdən öncəki azad mühitdə,

Hüdudsuz fəzada yaranıb şeir.

Sən dayan, sükuta bir qulaq kəsil,

Ən gözəl şeiri səssizlik deyir.

 

Ölçüdən öncəki ölçüsüzlükdə

Gizlənib poeziya röyalar kimi.

Çıxsan bu dünyanın cazibəsindən

Dinəcək ilahi dualar kimi...

 

                                   Fevral-2017

 

 

 

***

 

Ha baxdım yayındı çox şey gözümdən,

Yetmədi zərrəcə dada zərrəbin.

Gah tapdım, gah qopdum özüm-özümdən

Qazanc bir olanda çəkdim zərər min.

 

Fələk tolazlasa qoşadır zəri,

Qoynunda zər-ziba bürünmüş pəri.

Buzladı alnımın peydərpey təri,

Dü-birdi mən atan eyzən zər, Rəbbim.

 

Nəzər cəlb eyləyən həzər nakəsdən,

Zər qədri bilməyən məzar nakəsdən.

Yüz zina nakəsdən, azar nakəsdən

Bir sığal ummadım, aldım zərbə min.

 

 Nə savaş, nə cəngdir şair sənətim,

Mən zənlə hər kəsi qardaş zənn etdim.

Sevdalı qəlblərdir zəngin sərvətim,

Naxışı zinətdir zərgər zərbimin.

                                   Avqust-2016

 

 

 

***

 

Tərəzi ərazi ölçüsü

 

                        olsaydı əgər,

 

Görən Qarabağın

 

                 çəkisi nə gədər gələrdi ?!

 

Qafanı, Gorusu

 

                        qapana yıxsaydıq,

 

bir Govşadlı, Qorqan qədər

 

                        gələrdi görən?

 

Vicdan məsafə

 

                        ölçüsü olmadı mən bilən,

 

                        olsaydı əgər

 

İrəvan Xankəndi arası,

 

Ötüb keçmədən Xan Arazı,

 

Neçə olmayan vicdan gələrdi görən.

 

Tutalım, qeyrət

 

                        görüləcək iş miqdarı,

 

                        həcm ölçüsüdür; yəni

 

nə qədər sökülməli, tikilməlidir.

 

Bəs, tökülməli

 

                 daşnak qanının qədəri necə,

 

neçə qadir qeyrət qədərdir?

 

Vaxt, zaman məncə,

 

                 kilometr, millərlə ölçülür.

 

Kor qoyulacaq

 

                        düşmən gözlərinin sayı

 

 

 

ellikcə silaha sarılmış.

 

Şirvan, Muğan, Millərlə,

 

Süngü, qıyıq, millərlə ölçülür.

 

Dedilər, səbir, dözüm

 

                        zaman ölçüsüdür.

 

İşğal torpaqlarında

 

Çöl göyərçinlərinin nəsli kəsildi,-

 

ac dığalar tutub yedilər.

 

Heç deyən olmadı göyərçinlər

 

sülh, barış elçisidir...

 

Bəs səbrin, dözümün

 

                        ölçüsü nədir? - soruşdum.

 

Tələsmə dedilər,

 

Hövsələ elə, hövsələ.

 

Səbir, dözümün

 

Ölçüsü tapılmayıb hələ...

 

                                   Aprel-2017

 

 

 

***

 

İlahi düzənlə yaranıb həyat...

Günəş gün yerində, Ay ay yerində.

Göylərdə gördüyün ulduzlu büsat

Saymaqla bitməz, ha say, say yerində.

 

Milyard səyyarəni demirəm hələm,

 

Elə hey fırlanıb-dolanır aləm.

Bir üzü güləşdir, bir üzü ələm,

Toy-bayram yerində, vay vay yerində.

 

Heyranam yaranış şəcərəsinə.

Məəttəl qalmışam macərasına.

Hərdən bir çıxsa da öz məcrasından

Dəniz öz yerində, çay çay yerində.

 

Nə qədər ki, vardı dizimdə taqət,

Cəzb etdi, özünə çəkdi təbiət.

Gör neçə din gördüm, neçə təriqət,

Yaxşı öz yerində, zay zay yerində.

 

Təbiət söylədim, qışı, yazı var,

Buna da ilahi, ali yazı var!

Qışda ki, istidir istək-arzular

Yetişib yer tutar yay yay yerində.

 

Sevdim torpağımın hər dörd fəslini,

Bu yurdun məskunu insan nəslini.

İstərdim ən çoxu yarın vəslini,

Mart-aprel bir ayrı, may may yerində.

 

Hər şey yerbəyerdir söylədik bir bax,

Dünəni dünəndir, sabahı sabah.

Bəs necə nızamdır, bu qadir Allah

Oturmaq bilməyir hay hay yerində.

 

Tökülən qan qalmaz yerdə heç zaman,

Analar döşündən halal süd əmən

İgidlər verməzlər yağıya aman,

Qalacaq leşləri lay-lay yerində.

 

...Şair, bu çabalar de, nə vəd edir?

Yazırsan, pozursan gör nə vədədir

İnsanlıq karvanı baş alıb gedir,

Gədəsi gədədir, bəy bəy yerində.

 

                                   Mart-2017

 

 

 

Südabə xanıma

 

İlin rəngi qırmızıdır, sarıdır...

Mənim yarım hələ cavan qarıdır.

Çeşmək taxıb mərci, düyü arıdır.

Mərc gəlirəm, nəzəri mən sarıdır.

 

 

 

Hara getsəm gözü məni izləyir,

Pul kisəmi güya qəsdsiz gizləyir.

İşdir, evə balaca gec qayıtsam,

Qaşqabaqla səssiz-sözsüz bizləyir.

 

Elə sanır yenə həmin Çingizəm,

Qasırğayam, yenə coşqun dənizəm.

Xəbərsizdi, bilmir ki, ta mən yazıq

Aydan arı, sudan duru, təmizəm...

 

...İlin rəngi ha qırmızı, ha sarı,

Abır itər bassa əgər his arı.

Sadiq qarım, tək yarımdı qəlbimin

Tükənməyən səs-nəvası, hisarı...

 

                                   Yanvar-2017

 

***

 

Ağaca ağız aç, əlac edəcək

Ağca çiçəyilə, alca gülüylə.

Çox da ki, sən onu sonra yandırıb

Oynarsan qaraca, bomboz külüylə.

 

Ağrı-acımızın canlı şahidi

Ağaca ağız aç, bir əlac tapar.

Yaşam savaşının dilsiz şəhidi

Əvəzsiz loğmandı, sən pənah apar.

 

Yanıb orman-orman... tükənmir bu cəng.

Eşidən olubmu giley səsini.

Ağaclar köklərlə sarınıb bərk-bərk,

Orbitdə saxlayır Yer kürəsini.

 

Köklər damar-damar, bax, sinir simi,

Bu tellər qucmayan səhralar kardır.

Səmada sayrışan bürc, ulduz kimi

Hər kəsin öz tale ağacı vardır.

 

Bədmüşk birinindir, üvəz birinin,

Bəxtə-bəxt qismətdir, şirin ya acı.

Ardıc birinindir, vələs birinin,

Birinin qisməti şeytan ağacı...

 

Nəfəsə pay verən yaşıl pinardı,

Hər ağac, hər kolla bağrıbadaşam.

Mənim öz ağacım dədə çinardı,

Nahaqmı çinarla yarıadaşam.

 

Qəsd edən qəsdində, bir bax, çaşıbdı,

Çaşdırıb bağrımdan ucalan ağac.

Mənimlə birənti cavanlaşıbdı,

Mənimlə bir yerdə qocalan ağac...

...O ki, nə çəkinir, nə də utanır,

Daş da yox, kəsəkdir köksündə ürək.

Baltanın sapını baltatutanın

Kəsib biləyindən yonasan gərək.                 

 

                                   Fevral-2017

 

 

Binə qondar, ev ucalt

 

Ucalığı xəbər alma alçaqdan,

Hər zərbədən xilas umma qolçaqdan.

Ağ mərmərdən yapammasan dər-divar,

Kəs kərpici palçıq-saman-qılçıqdan.

 

Kimdən ötür sərvət, seçir kimini...

İş o deyil mat qoyasan hamını.

Saray olsun, daxma olsun, dam olsun,

İş ondadır, düz qoyasan himini.

 

Alçaq ev var çox ucadan ucadır,

Alçaqsansa uca cəhdin bicadır.

Dövrana bax, dərsini al dünyadan,

Qoca dünya xocalara xocadır.

 

Qonşuları sən seçməsən bəxt seçər,

Yamanları zəli kimi qan içər.

Yaxşı olsan günahından yaxşılar

Olan işdir, boş ver deyib tez keçər.

 

Bir şey üçün hər qapıya yüyürmə,

Ağız açan olsa ağız əyirmə.

İstəsən ki, sirr qapıdan çıxmasın,

Asta danış, heç vaxt evdə böyürmə.

 

Balalara dərsdi evin havası...

Dərd ondadır, tükənməsin davası.

Diləsən ki, qada-bala yan ötsün,

Dinclikdir hər dərdin əlac-davası.

 

Evdən sudu, şamdı, kibrit, duz-əppək

Əksilməsin il uzunu heç gərək.

Xoş üz göstər hər qapına gələnə,

Büdrəyənə, yıxılana ol dirək.

 

Çıxsın deyə rasta işin avandı,

Boş saxlama evdə tabaq-tavanı.

Dəxli yoxdur yağdı, baldı, yavandı,

Ruzi edir evdə uca tavanı.

 

...Nə qaldı ki, daha səndən uması,

Evlərin də insan tək var siması.

Boz-bulanıq gün də sənə bayramdı,

Açıqdırsa öz evinin səması...

 

                                   Dekabr-2016

 

***

 

Sevgili payızım, zalım payızım,

Payızım, ayazım, qızıl, bəyazım,

Sənin tərifini mən necə yazım,

Şəninə yaraşsın havam, avazım?                                                     

Qayalar tilində, zirvədə izim,

Tülünə bürünüm, çənində azım.

Bulaqlar təbilim, cığırlar sazım,

Bəmində bircə xal, zildə yüz yazım.

 

Heyrətdən dilim də tutulur bəzən,

Sən bürün altuna, qızıla bəzən.

Sənin vurğununam, bazın a zalım

Mən çoxu görmüşəm, sən qalan azım.

 

Azımda çoxumun qəm qalığı var,

Nə xoş ki, payızın xoş qılığı var.

Hələ murazımın qamqalağı var,

Alışar payızın çınqısı ilə.

 

Ömür bir varaq da qapadıb-örtür,

Payızı yaşayan nə xoşbəxt kəsdir!

Payız son deyil ki, sona uvertür,

Möhtəşəm mis cingdən müjdədir, səsdir.

 

                                   Sentyabr-2016

 

 

 

İstedad

 

Bu da belə bir zaddır:

Təbiət ki, hakimdir,

Kim də ki yox, azaddır,

Kim də ki, var, məhkumdur.

 

Özgə taleləri də

Yaşamağa məhkumdur.

Başqasının dərdini

Daşımağa məhkumdur.

 

Bu hürriyyət aşiqi

Azad olmur heç zaman.

Halına bir yanan yox,

Ha çoxdur ondan uman.

 

Bir qarnı ac, biri tox,

Quruca qüruru var.

Çox vaxt hara üz tutsa

Yolunu kəsər divar.

 

Qibtə, həsəd, paxıllıq...

Düşmənidir bu üçü.

Neçə çabadan keçir,

Bir gün qələbə üçün.

 

Axır düşür cığıra,

Bu da uzun tarixdir.

Əl ki, çatdı uğura,

Hamı ona şərikdir.

 

Bir vaxt ətini yeyən,

Şöhrətinə şərikdir.

Ardınca ağız əyən

İzzətinə şərikdir.

 

İstedad qanunuyla

Yaşayan qəlb genişdir.

Bilir axı, bu həyat

Gah yoxuş, gah enişdir.

 

Hamını əfv eyləyir,

Qınamayır dünyanı.

Bağışlayır kinlini,

Qucaqlayır duyanı.

 

Qələmindən çıxanı

Çalış isti-isti dad.

Üstündür zamanından,

Ucadır çox istedad.

 

Üstün ism, üstün ad...

Fərqli rənglər, üstün dad.

Qatıb eyzən bozluğa

Ustad olur istedad.

 

                        Oktyabr-2016

 

 

Şair olmağın

mən bilən yolu

 

Ovxarlı saxla təbini...

Oxu, axtar məktəbini.

Axtala saxta təbini,

Qəlp mədhiyyə yazılmasın.

 

Xəyanəti bağışlama,

Xain xəbis alqışlama.

Dəftəri nahaq xışlama,

Söz sahmanın pozulmasın.

 

Şeir yazma dəmdən-dəmə,

İlhamını qoyma dəmə.

Heç vaxt mən şairəm demə,

Qürrələnmə, söz olmasın.

 

Şan-şöhrətə çox can atma,

Şər atıb günaha batma.

Kişi ol, kölgədə yatma,

Od-atəşin azalmasın.

 

Olma ayaq altı qazan,

Çalış hörmət-izzət qazan.

Qaynasın asdığın qazan,

Çömçəndə pay az olmasın.

 

Xalq dərdini gətir dilə,

Bacar, əlac becər elə.

Öz elinlə ver əl-ələ

Əlin əldən üzülməsin.

 

Eyzən elin dilində yaz,

Bir əldə tar, birində saz.

Qoy eyləsin gözəllər naz...

Nə şairdir baz olmasın!

 

Əyir sözü, dara iptək,

Geydir atlas, qumaş, ipək.

Söz başına, bax, az turp ək,

Çılpaq olsun, bez olmasın.

 

Hisslərini toz almasın,

Hey pardaxla söz almazın.

Söz də bardır, söz alması

Heç soluxub-sözalmasın.

 

Səs şıltaqdı, söz perikən...

Yaşarısan söz piriykən.

Bax ha, gözlə, sən diriykən

Bir gün qəbrin qazılmasın!...

 

                        Noyabr-2016

 

***

 

Ay insafsız, yolunu

Sal bircə kəs qoynumdan!

Bir cüt bəyaz qolunu

 

Çələng et, as boynumdan.

Sənsiz günüm qəhr olsun!

Nolar, insaf et bir az.

Öpüşlərə qərq olsun

O şümşad boyun-boğaz.

 

Bircə dəfə toxunsun

Bu dodaq o dodağa.

Könlüm quşu oxusun

Qonub yaşıl budağa.

 

O şivərək əndamın

Ağuşumda gərilsin!

O qoşa nar çiçəyi

Dişlərimlə dərilsin.

 

Necə parlaqdı, Tanrım,

Dişlərinin incisi!

Dişləyim dil-dodağı,

Nə dil, nə ləb incisin.

 

Titrək əllə xışlansın

Ətək naxış-tumacı.

Tumar çəkim xoşlansın

Xəlif topuq yamacı.

 

Ağ buxağın səfası

Dəyər yüz cənnətinə!

Xoşdur cövr-cəfası

Aşiqlər millətinə.

 

Başda şəvə haləsi,

Qaşda zülmət şələsi.

Gözdə Kəbə şöləsi,

Zülm etsin... mən köləsi...

 

Qəsd edib ölləm qəsdən...

Puçurrasın qan-tərim.

Nəfəsimlə nəfəsdən

Təki bircə ah dərim!

 

Ahını bal tək udsam,

Qorxunc deyil uçurum!

...Dəli istək-umudsan,

Havalanıb uçuram...

 

                        Dekabr-2016

 

 

 

***

 

Mənim qəlb ağrımın öz həkimi var,

Yüz təbib tökülə dilini tapmaz.

Bu gizli bölgəmin öz hakimi var,

Başqa fərman, dərman bir əlac yapmaz.

 

Bürünüb çöhrəsi bax elə nura,

Sehrilə canımda ağrım azalır.

O gəlib eləcə kənarda dura,

Candan çən kürünür, duman sozalır.

 

Dirilir əzalar, azar-bezar nə,

Ecazkar loğmandır, quşa dönürəm.

O mübhəm dəryadır, sirli xəzinə,

Üzünü döndərsə daşa dönürəm.

 

Nə bilsin zəlili, divanəsiyəm,

Hərdən, bir şahanə gülüş lütf edir.

O şamdır, teylənən pərvanəsiyəm,

Hüsnünü görəndə ürəyim gedir.

 

Mən ona ta bundan yaxın getmərəm,

O uca bir məqam, dərin ümmandır.

Bu eşqi heç zaman bəyan etmərəm,

Yüz aşkar aşiqdən biri pünhandır...

 

 

Çingiz Əlioğlu

                                      

Ədalət.- 2019.- 2 iyul.- S.5.