Fuad Cəfərli: "Qadın güclü olmasa belə
xoşbəxtdir..."
Bu səfər suallarım gənc müəlliflər arasında öz təmkini və kübarlığı ilə diqqət çəkən Fuad Cəfərliyə yönləndi. "Xalq” qəzetinin də əməkdaşı olan Fuad Cəfərli qısa müddət əvvəl oxuculara ilk şeirlər kitabını təqdim etmişdi.
- "Latın sükutu” adlı
şeirlər kitabını çap etdin. Kitab necə qarşılandı? Bu kitabdan nə gözləyirdin,
nə qazandın?
-
"Latın sükutu" kitabını əvvəlcə mənim
ədəbi zövqüm maraqla qarşıladı. Çünki bu kitabı
3 il idi ki hazırlayırdım. Əvvəlcə
şeirlər ədəbi zövqümə cavab
verməliydi. Sözün doğrusu, qeyd
elədiyim zaman kəsiyinin
yarısından azacıq çoxunu
şeirlər aldı. Şeirlərdə toxunulan
mövzular istər şairlərin, istərsə
də oxucuların düşüncəsinin təsadüfən
kölgəsindən keçsə belə, yanaşma
standart, yəni manaton
olmamalıydı. Bunun üçünsə
istedad və zəhmət tələb
olunurdu. Lakin bildiyin kimi hər nəsnənin
ismi onun həyatında
önəmli rol oynayır. Qeyd elədiyim zaman kəsiyinin
qalan hissəsini isə kitabın ismi aldı. İstər
tanıdığım istərsə də
tanımadığım ədəbiyyatçılardan bir başa olmasa
da, kənardan xoş
münasibət gördüm. Kitab ədəbi
tənqidlərdən uğurla
çıxdı. Mətbuatda kitab
haqqında məqalələr yazıldı. Və bu məqalələrin çoxu
gözləmədiyim ədiblər tərəfindən
yazıldı. Kitaba haqqında ciddi imzalardan münasibət
gözləyirdim. Gözlədiyimi aldım. Məhdud sayda kitab nəşr olundu və təlabat təklifi üstələdi.
Yəni məqsədimə nail oldum.
- "Şair
obrazı” deyilən bir anlayış var. Səncə
şairin bir obrazı
olmalıdırmı?
Olmalıdırsa da bunu
necə təsəvvür edirsən?
-
Açığı bilmirəm nə dərəcədə
doğrudur, amma mən obraz sözünü eşidəndə
personaj sözü yadıma düşür. Axı kim özünü personaj kimi qəbul elətdirər
və ya özünü
bir obrazın çərçivəsinə
salar. Əgər belə adamlar
varsa, onlara sadəcə
azacıq həyat arzulayıram. Mənə görə şairin heç bir obrazı olmamalıdır. O, istədiyi kimi geyinə, istədiyi tonla
danışa bilər. Fikir vermişəm
şair obrazını filimlərdə, teatrlarda rejissor və
senarisstlər özünəməxsus göstərməyə
çalışmışdır. Və bu
da onlarda elə də
uğurlu alınmayıb.
- Həyat və ölüm
haqqında düşünəndə ağlından nə
keçir?
- Həyat
haqqında düşüncələrim fərqli olduğu qədər
də oxşardı. Mənə görə
həyat qarışqa gücü olduğu qədər elə həmin
qarışqanın gücsüzlüyüdür.
Üfunət qoxusunun kölgəsində bir barama qurdunun
əslində gözəlliyə xidmət eləməsidir.
Ölüm haqqında isə qəbul eləsən
də, eləməsən də sənin "Dantenin
ağrıları” şeirini bildirərdim.
Bilirsən, Ulucay, mənə görə ölüm həm də əkdiyini biçməməkdir.
Bax bu çox
kədərlidir.
- Şairin həyatdan nə kimi
gözləntiləri ola bilər?
- Şairlər həyatdan nə umur. Şairlər daha həyatdan
heç nə ummur. Küsür, amma ummur. Ummamaq
almadığına görə deyil, sadəcə
yorulduğuna görədir. Axı onlardan kimsə xahiş eləməyib
ki bəşəri mövzuda
gözəl şeir yazsın. Sadəcə
şair gözəllik ərsəyə gətirmək
istəyib və bunu edib.
Bilirsən, Ulucay, qiyməti yüksək olan nəsnəni yalnız zənginlər ala bilər.
- Ədəbi mühitin indiki
durumunu necə qiymətləndirirsən bəs? Kim nə edir? Kim nəyi səhv edir, kim nəyi düz edir?
-
İndiki ədəbi durumu mətnlər baxımından
yüksək qiymətləndirirəm. Vəzifələrinin
öhdəsindən məharlətlə gələnlər var . Hər il az olsa belə ciddi ədəbi numunələr işıq üzü görür. Bir az az
danışıb çox işləsək,
daha yaxşı olar.
Sualın ikincini hissəsinə isə cavab vermək çətindir.
- Oxucu azlığı sadəcə
nəşriyyatların "işi” və kitab sənayəsinin
yoxluğu ilə əlaqəlidir, yoxsa başqa səbəb də
var?
-
Oxucu azlığının çox səbəbi var. Biz daha qəbul etməliyik
ki, nə biz əvvəlki
şairlərik, nə də oxucu əvvəlki
oxucudur. Oxucu indi daha dinamikdir,
zamanını həyatına görə qiymətləndirir. Oxucu indi bizə
yaradıcı şəxs kimi deyil, market və ya butik kimi
baxır. Mənimlə çox adam razılaşmaya bilər, ancaq
müşahidələrim bunu deyir. Oxucu az
zaman və az maddiyyat xərcləyərək çox almaq istəyir.
Maddiyyatı anlaya bilərəm, ancaq az zamanı
anlamıram. Torpağa bir
buğda verirsən, o
isə sənə qat-qat çox
məhsul verir. Fəqət bu geri dönüş
müəyyən zaman kəsiyindən sonra baş verir. Yəni oxucu birinci əyləşib əlində kitab gözləməyi bacarmalıdır. Burda kitab sənayesinin yoxluğundan isə danışmaq istəmirəm,
çünki bunu
hamımız çox yaxşı bilirik. Təklifimi isə bilmək istəyirsənsə,
sənayeyə marketoloji yanaşmanı
mütləq dəyişmək lazımdır. Bir var baqqal,
bir də var tacir. Bizim kitab
sənayemiz 95 faiz "baqqal
prinsipi” ilə işləyir.
- Sənətin hansı sahələrində
poeziya ilə görüşürsən?
- Sənətin
bir çox sahəsinin nümayənədləri vasitəsi
ilə poeziyayla görüşürəm. Musiqidə
Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Emin
Sabitoğlu, Strauss, Paqanini, Çaykovski, rəsmdə
Modgliyani, Pikasso.
Filmlərdən
ən çox isə Cüzeppe Tornatorenninin "Malena” filmində
dəhşətə gəlmişəm. Film
müharibədən bəhs edir lakin bir güllə belə
atılmır, qəhrəman Malenanın isə bir "A4” kağızı qədər sözü yoxdur. Çox gözəl ədəbiyyat var o filmdə.
- Gənc müəlliflərdən
bəyəndiyin imzalar kimlərdir?
- Gənc
müəlliflərdən bəyəndiyim müəlliflər
çoxdur. Üzünə demək olmasın, elə biri sən. Mənə görə sənin ədəbi
nəfəsin hələ indi
açılıb. Bu qənaətə son zamanlar
yazdığın şeirləri oxuyandan sonra gəldim və çox
sevindim. Cənublu şairimiz
Ümid Nəccari çox
gözəl yazır. Tural Turan
şair kimi istədiyini
edib. Yəni təsdiq mərhələsini
çoxdan adlayıb.Rəvan Cavid, Orxan Həsəni Emil Rasimoğlu, Emin Pirinin şeirlərini
qeyd edərdim. Həm də Günel Eyvazovanı, Çinarəni. İtiqam Yaşarı, Nicat
Həşimzadə, Nemət Mətin, Fəridə Uğur, Səmayə Bayramova.
Tural Mevsim imzası var ki, onun da
çox gözəl,
postmodern, ilahi şeirləri
var. Bir də Nəcəf Əsgərzadə
kinomatoqrafiyanı gözəl
bilir. Bəyəndiyim müəlliflərdən xatırladığım ismlər
bunlardır. Yəqin ki,
xatırlamadıqlarım da
var.
- Ədəbi
prosessdəki durğunluğun
səbəbini nədə
görürsən?
- Mənə görə ədəbi durğunluq yox, həvəsin zəiflədiyi məqamlardayıq.
Çünki bəzi
dostlar hələ qərar astanasındadılar:
sənət sənət
üçündür, yoxsa
oxucu izdihamı? İkincini seçənlər yumuşaq
desək azacıq həvəsdən düşüblər.
Birincilər isə ilk gün
yaşadıqları həyəcanla
yollarına davam edirlər.
- Son olaraq bir suala da
cavab verməyini istəyərdim. Səncə qadın güclüdür,
ya ədəbiyyat?
- Bütün qadınlar sonda yazıçı masasında ədəbiyyata
çevrilir.
Məncə ədəbiyyata çevrilən
qadın güclü olmasa belə xoşbəxtdir...
Söhbətləşdi:
Ulucay AKİF
Ədalət.- 2019.- 4 iyul.- S.8.