Naxçıvanın sirlər
dünyası
(əvvəli
ötən sayımızda)
Orta əsr qaynaqlarında F.Nəiminin Təbriz, Şiraz, Astrabad və Məşhəddə doğulması haqqında fikirlər vardır. Görünür, F.Nəimi hələ erkən vaxtlardan sufizmin mərkəzinə çevrilmiş Xorasan vilayətinin Məşhəd şəhərində anadan olmuş və ya orada təhsil alaraq kamilləşmiş, sufizm ideyalarını mənimsəmiş və öz ideyalarını yaymaq üçün Azərbaycana gəlmişdir.
Teymurilər tərəfindən təqib olunduğundan Naxçıvanda Miranşah tərəfindən tutularaq Əlincədə edam edilmişdir. Tərəfdarları isə onun cənazəsini Əlincəqalanın yaxınlığında dəfn edərək qəbrini ziyarətgaha çevirmişlər. Yerli əhali isə qəbri onun gəldiyi yerin adı ilə "Xorasanlı Şeyxin qəbri", "Xorasandan gəlmiş Şeyxin qəbri" kimi tanımışdır. Sonralar isə bu ad dəyişilərək "Şeyx Xorasan" şəklinə düşmüşdür. Məşhur alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin 2001-ci ildə nəşr etdirdiyi "Korpus gpiqrafiçeskix pamətnikov Azerbaydjana" kitabının III cildində üç ədəd mərmər kitabə parçaları haqqında məlumata rast gəlirik. Alim yazır ki, bu kitabə parçaları vaxtilə filologiya elmləri namizədi Ə.Hüseyni tərəfindən Əlincəqala ətrafında qeydə alınmışdır. Mərhum Ə.Hüseyni bu kitabə parçalarının hürufilik təliminin banisi F.Nəimiyə məxsus başdaşının parçaları olması fikrində olmuşdur. Sonralar Bakı Şəhər Tarix-Memarlıq Abidələrinin Bərpası və Mühafizəsi İdarəsinin əməkdaşları bu kitabə parçalarının fotosunu tarix elmləri doktoru M.Nemətə təqdim etmiş, o isə həmin kitabələri oxuyaraq nəşr etdirmişdir. Kitabə bütöv olmadığı və bir hissəsi itdiyi üçün onun mətnini tam oxumaq mümkün olmamışdır. Süls xətti ilə ərəb dilində həkk edilmiş kitabənin mətni belədir: "Hər kəs ölümü dadacaqdır! ("Qurani-Kərim" XXIX - 57). Bu bağça mərhum, günahları bağışlanmış, kamil və fəzilət sahibi alim, təriqət yolu ilə gedənlərə ("salik əl-məsalik") doğru, aşkar yol göstərən, dinin Günəşi (Şəms əd-Din), padşahg - Allah onun qəbrini nurlandırsın - çərşənbə axşamı günündə öldü..."
Kitabənin tarixi qalmamışdır. Mətndə mərhumun adına əlavə edilən və sufi təriqəti başçılarına, xanəgah rəhbərlərinə verilən "Şeyx" titulu, həmçinin kitabədə qeyd olunan "təriqət yolu ilə gedənlərə (salik əl-məsalik) doğru, aşkar yol göstərən" sözləri mərhumun görkəmli sufi şeyxi olduğunu söyləməyə əsas verir. Heç də hər bir təriqət başçısının bu mərtəbəyə yüksələ bilmədiyini, eyni zamanda qaynaqların da təsdiq etdiyi kimi, F.Nəiminin çoxlu ardıcılı - müridi olduğunu nəzərə alsaq, başdaşının mərhum Ə.Hüseyninin F.Nəimiyə aid olması fikrindən yayınmaq olmur.
Xanəgah kompleksinə daxil olan türbə-məscidin mehrabının baş tərəfində irihəcmli daşa həkk edilmiş kitabə vardır. Ərəb dilində iki sətirdə incə və gözəl xətlə həkk edilmiş kitabənin mətni belədir: "Bu məqbərə mükəmməl, kamil, fəzilət sahibi alim, şeyx, hacıların və hər iki müqəddəs yerin (Məkkə və Mədinə) iftixarı, xalqlar içərisindəki tayfaların mürşidi, Allahı tanıyanların şeyxi Hacı Lələ Məlikindir. Tikinti kəramətli, əzəmətli xatun Xond Bikə xatunun - onun isməti artıq olsun - səyi ilə doqquz yüz birinci ildə tamam oldu".
Qaynaqlar təsdiq edirlər ki, orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən sufi təriqətlərinə rəhbərlik edən adamlar içərisində sufilikdə ən yüksək məqama çatmış şəxsiyyətlər də olmuşdur. Belə şəxsiyyətlərdən biri kitabədə adı xatırlanan Şeyx Hacı Lələ Məlikdir. Kitabədə adına əlavə edilən titullar təsdiq edirlər ki, Şeyx Hacı Lələ Məlik sufiliklə ən yüksək məqama yüksəlmiş, bir müddət Əlincəçay sahilindəki xanəgahda fəaliyyət göstərən dərvişlərin rəhbəri - şeyxi olmuş, onlar vasitəsilə mənsub olduğu təriqətin ideyalarını yaymışdır.
Təriqət başçıları, xanəgah rəhbərləri olan şeyxlər ailə üzvləri ilə birlikdə Xanəgah komplekslərinə daxil olan xüsusi yerlərdə yaşamışlar. Bu faktı əsas götürərək ehtimal etmək olar ki, ölümündən sonra onun xatirəsinə belə möhtəşəm bir türbə - məscid inşa etdirən Xond Bikə xatın Şeyx Hacı Lələ Məlikin arvadı olmuş və onunla birlikdə xanəgahda yaşamışdır.
Keçən yüzilliyin 70-ci illərinin əvvəllərində xanəgahda bərpa işləri aparılarkən kompleksin şərq divarının yanından, torpağın altından dörd ədəd sənduqətipli qəbirüstü xatirə abidəsi aşkar edilmişdir. Bu abidələrin üzərində həkk edilmiş kitabələrin sayəsində xanəgahda yaşamış və fəaliyyət göstərmiş bir neçə sufi şeyxinin, onların ailə üzvlərinin adları aşkar olunaraq elmi dövriyyəyə daxil edilmiş, qeyd olunan ölüm tarixləri əsasında yaşadıqları dövr müəyyənləşdirilmişdir.
Xanəgahın ətrafında abadlıq işləri aparılarkən aşkar edilən digər üç sənduqətipli qəbirüstü xatirə abidəsi Naxçıvan Dövlət Tarix Muzeyinə gətirilmiş və orada mühafizə edilir. Xanəgahın divarlarında qalan və ətrafda vaxtilə dəfn olunmuş təriqət mənsublarının qəbirləri üzərində qoyulan xatirə abidələrinin üstündə həkk edilən məzar kitabələri burada sufi təriqətinin fəaliyyət göstərdiyini birmənalı şəkildə təsdiq edirlər.
Xanəgahda bərpa işləri aparılarkən torpağın altından bir ədəd inşaat kitabəsi aşkar olunmuşdur. Ağ mərmər lövhə (50 x 37 x 12 sm) üzərinə üç sətirdə nəsx elementli gözəl süls xətti ilə ərəb dilində həkk edilmiş kitabə, əsasən, salamat vəziyyətdə qalmışdır.
Xanəgah kəndinin qərb tərəfində, Əlincəqalanın ətəyində son illərdə gözəl bir türbə aşkar edilmişdir. Türbənin içərisində irihəcmli daşa (83x41x7 sm) dörd sətirdə süls elementli nəsx xətti ilə ərəb dilində həkk edilmiş kitabə saxlanılır.
Göründüyü kimi, Culfa bölgəsinin mərkəzində yerləşən və orta əsrlər zamanı yaradılmış tarix-mədəniyyət abidələri ilə çox zəngin olan Xanəgah kəndi həm də Naxçıvanda sufi ideyalarının çox geniş yayıldığı yaşayış məskənlərindən olmuşdur. Xanəgah kompleksində fəaliyyət göstərən təriqət mənsubları dərvişlər Naxçıvan bölgəsinin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamış, xalq kütlələri ilə sıx təmasda olmuşlar. Onlar xüsusilə XIV yüzilliyin sonlarında ərazidə Teymurilərə qarşı baş verən narazılıqlara rəhbərlik etmiş, bu mübarizənin ön sırasında dayanmışlar.
Sonrakı yüzilliklərdə də bu xanəgah öz fəaliyyətini davam etdirmiş, Səfəvi dövləti hökmdarlarına xidmət göstərərək onların ideyalarının yayılmasında mühüm rol oynamışdır. Əldə olunan epiqrafik faktlar bu xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyini tam qətiyyətlə söyləməyə əsas verir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2019.- 4 iyul.- S.7.