Tofiq Nurəli: Ən qəmli şairi mənəm
bu yurdun
Görəsən,
dünyanın kədəri çoxdur, yoxsa sevinci?
Kədəri özünə dost, dərdinə dərman bilənlər olub. "Bir dərdim var ki, çox dərmandan artıqdır mənə, Qoy dərdimlə məni, eyləmə dərman, var, ey həkim”. Birbaşa həkimə üz tutub. Canımız ağrıyanda ümid yeri bildiyimiz loğmana. Beytlər, yəqin bilindi, Füzulinindir, böyük Məhəmməd Füzulinin. O dəqiqə şübhələr baş qaldırır: Necə yəni dərdimə əlac eyləmə? Yada düşür "Dost, həmdəm” olan dərdin mahiyyətini başa düşməyə can atırsan- "Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib”. Bu dərd insanların qaçdıqları,ən azı, həmişə qaçmağa çalışdıqları dərdlərdən deyilmiş. Cana məlhəmmiş. Görəsən nə üçün? Yəqin sevdiyini həmişə yada saldığına görə. Bəlkə bu da yalandır. Bəlkə də yalanın başqa biçimdə ortaya çıxmasıdır. Kədərin tənhalıqla güclə sezilən, amma əbədi bir dostluğu var: Həkim-şair Tofiq Nurəli yazır:
Axtaraq
axşamın bu qərib çağı,
Nələr itirmişik
ömrün yazında.
Sən uca göylərdə təksən,
tənhasan,
Mən də ki qapının
astanasında.
(Parla,ey
axşamın mavi ulduzu)
Yalan
dedim, yadıma mərhum professor-filosof Aslan Aslanovun Kami Qəzviniyə
istinadən yazdığı epizod düşdü.Epizodda
göstərilir ki,ərəb ədəbiyyatında
cahiliyyə dövrünün görkəmli şairlərindən
sayılan Həssan müsəlman olduqdan sonra onun şeiri
islamiyyətdən əvvəlki zirvəsinə qalxa bilmirdi. Oxuyanların ona marağı azalırdı. Rəvayətə
görə,Həssanla söhbətdə
biri ona ,- ey Əbdül-Həssan, sənin şeirin artıq
qocalmışdır, söyləmişdir.Həssan isə ona
cavabında demişdir: Ey mənim oğlum və
qardaşım, şeirin lətafəti, incəliyi ondadır
ki, şair hər hansı bir sahədə söz deyərsə,
mübaliğəyə yol verib, yalan, doğru, lazım
olanı şeirində verə bilsin. İndi isə
islamiyyət yalan yazmağa qoymur. Bunun nəticəsidir
ki, şeirim əvvəllər malik olduğu səviyyədə
deyil.
Elə bilirəm Tofiq Nurəli islamiyyətdən qabaq da
yaşasaydı, yenə istədiyini yazacaqdı-hər
hansı bir ideologiya onu istədiyini yazmamağa məcbur edə
bilməzdi.
İndi olduğu kimi: Ürəyini titrədən, qəlbini
təlatümə gətirən nə var, yaxşı-yaman,
onun şeirlərində özünə isti guşə
tapır. Ona görə də Tofiqin şeirləri
gözəl olaraq qalır.
Kədər var, səni qarabaqara izləyir. Sanki əlindir,
qolundur-itirsən dözməzsən. Elə
kədər də var qalıb arxada, keçmiş zamanda.
Amma surəti, halı, xasiyyəti ürəyinə
köçüb. Bəlkə də
ürəyində yox, genində, sehirli sandığa bənzəyən
gen yaddaşında məskən seçib. Təzələnəndə, xatırlananda
çevrilir səni izləyən kədərə. Nə vaxt baş qaldırır, bilmək olmaz.
Sadəcə, onu bilmək olur ki, öz kədərindir,
qaçmağa çalışsan da, zaman etibarı ilə nə
qədər arxada qalsa da, bütün acısı, şirini
ilə sənindir, özünündür, keçmişinin kədəridir,
keçmişindən gələn kədərdir:
Nə vaxtsa dağlara
yağışlar yağar,
İldırım yandırar
bir şax palıdı.
Bir qoca kədərlə dillənər
yenə:
Hə. Hə... Tofiq idi
o gəncin adı.
(Nə vaxtsa dağlara
yağışlar yağar)
Bunlar "yola verilə bilən” nəsnələrdir. Qorxulusu gözləmədiyin,
gələcəyində oturub səni pusan
kədərdir. Necəliyini bilə bilməzsən,
nə vaxt gələcəyi də məlum deyil. Keçmiş kədərindən nəticə
çıxarırsan, bütün gücünlə
mübarizə aparırsan. Gələcək
kədər tamam başqa bir şeydir. Bəzən
düşünəndə o qədər üşüyrsən
ki, hətta "kaş gələcək gəlməyəydi”
deyirsən. Bilirsən ki, gəlməyini
istəmədiyin kədər təkcə kədər gətirməyəcək.
Onun bətnində şirinlər, arzuların
reallığa çevrilməsi toxumları olacaq.Deyirlər
ki, bir şirinə görə yüz acını udarlar.
Amma gələcəyi gözlənilən, gələcəkdən
gələn kədər o acılardan deyil. Birbaşa əzilmiş,
yaralanmış, dişlənmiş yerdən qəbul olunan zəhər
kimidir- amansız, insafsız!Bu kədərdən
sevinməyə vaxt qalmır. Öz hayında
olursan, onu unudursan. Xilas yolu axtarırsan.
Təbii, tapmaq çətindir. Çünki onun haradan gəldiyi, nə
üçün"təşrif” gətirdiyi bilinmir. Gələcək sirlərlə doludur. Belə
də olur: Gələcək gəlir, amma sən bu gələcəkdə
olmursan:
Niyə doğulmuşam mən
bu dünyaya?!
Özüm də bilmirəm kiməm,
nəçiyəm.
...Uçun, nəğmələrim,
uçun könlümdən,
Mən ölsəm, sizi də
öldürəcəyəm.
(Hərdən düşünürəm
öləcəyəm mən)
Özün yoxikən necə görürsən? Qəribə
gəlir adama. Amma sənin yoxluğun bizim
üç ölçülü şüurumuzda
formalaşmış yoxluqdur. Əslində bu qədər
mükəmməl və qeyri-adi yaranmış insan yox ola bilməz. Sözdən yaranan
nə varsa, əbədidir. Elə bilirəm
insan da sözdən yaranıb.Onun Yer insanının dərk
etmək gücündə olmadığı bir formaya
keçməsi mümkündür. Bu, bəlkə
yaxşıdır, bəlkə də pisdir-bilinməz. Bilinməzlər, naməlumlar həmişə təhlükəli
olur. Məlum azaldır qorxunu, təhlükəni.
Məlumda çıxış yolu var. Naməlum
qaranlığa açılır, məlum işığa.
Qaranlıq nə qədər yaxşı olsa
da, işıqdan pisdir. O qədər pisdir ki,
qaranlıqdan baş çıxarmaq üçün bəlkə
də çox duyğusal, qızılgül ləçəyi
qədər incə, bir bakirə baxışı qədər
ilıq olmalısan getdiyin yerlərə qayıtmaq
üçün:
Budur, qayıtmışam, səninəm
yenə,
Bu dərdi, kədəri yu
ürəyindən.
Yaman darıxmışam
yağışlar üçün,
Ağla, gözlərinə
qurban olum mən.
(Ağla, gözlərinə qurban
olum mən)
Onda nə yağışa, nə işığa ehtiyac
qalmaz. Qaranlıqda da işıqdakı kimi müdrik olmaq
mümkündür-belə müdriklərin sayı kifayət
qədərdir. Onlar varlığı
ürəklərinin titrəyişləri ilə dərk edirlər.
Özü də işıqda dərk edənlərdən
daha yaxşı başa düşürlər dünyanı.
Bəlkə onlar M.Füzulinin "Hikməti-dünyəvi
mafiha bilən arif degil, Arif oldur ki, bilməyə hikməti-dünyəvi
mafiha nədir” sirrinin möcüzələrini aça,
aydınlaşdıra bilərlər. T. Nurəli belə
düşünüb bir zamanlar:
Böyüdüm, nənə,
böyüdüm,
boyumu görə bilmədin.
Diplomumu,
toyumu görmədin.
Bəxtəvər günlər!...
Səni tapa bildilərmi
Bir cüt qız nəticən?!
Ayaq açıblarmı,
dil açıblarmı?
(Böyüdüm, nənə,
böyüdüm)
Tofiq Nurəlinin
şeirlərini oxuduqca "xəyalım dolanır
bütün aləmi”. Xəyal onsuz da bir yerdə
dayanmağı, durmağı sevmir. Tofiqin şeirləri
xəyallaraqanad verir,insan zəkasının
ölçüsüzlüyünü bir daha anladır adama.
Bir andaca Tofiqə qoşulub gedirsən şair-həkimin
doğulduğu, boya-başa çatdığı Yerfiyə-
Quba rayonunun Yerfi kəndinə. Səkkiz uşağa
qol-qanad vermiş, uçmağı öyrətmiş, indisə
kədərlə dolu ev anbaan canlanır
gözlərin qarşısında:
...O boş qalmış evimizə
qayıtdım,
Nə istiymiş bu sor-soyuq divarlar!
Mən həkiməm, deməsə də
anladım
Evimizin ürəyində
ağrı var.
Bu həyətdə solmuş otlar
sızıltı,
Pilləkəni, taxdabəndi
ağrıyır.
Pəncərələr gözün
qırpmır ağrıdan,
O gərəksiz su səhəngi
ağrıyır.
Mən bilirəm həsrət nədir
dünyada,
Bu həyətin rəngi niyə
sarıdı?!
Kədərə bax, mən
qapını açanda
Elə bil kibütün həyət
zarıdı.
Suvaqların qopub düşən
yerindən
Anladım ki, altda daşlar
ağrıyır...
Tirlər boyu göbələklər
deyir ki,
Ağrılardı, indi
qübar bağlayır.
(Ağrı)
Bir insan kədərinin ictimai ifadəsi olan bu şeir həm
də bədii-estetik təsiri ilə diqqəti çəkir. İfadə tərzi, bənzətmələr
tamamilə yenidir, orijinaldır, məzmunla bağlıdır,
orada deyilməsi nəzərdə tutulan fikirləri bir
inanılmaz incəliklə oxucuya
çatdırır.Çoxdan örtülmüş
qapının açılanda çıxardığı səsin
(cırıltının) "bütün həyətin
zarıması” kimi ifadə edilməsi, köhnə tirlərin
bağladığı göbələklərin insan ürəyinin
qübarı kimi verilməsi qeyri-adi tapıntı kimi qiymətləndirilməlidir
vəbunlar həm də"texniki inkişafın”
yaratdığı sözün qüdrəti ilə
bağlı şübhələrə son qoyur. Bu şeir daha incə bir məqamın- maddi olanla mənəvi
olanın vəhdətinin ifadəsidir. Pəncərələrin
ağrıdan qırpılmayan gözlərə bənzədilməsi,
arxada qalmış o günlərdə bumbuz suyu ilə ürəklərə
sərinlik gətirən səhəngdən tökülən
suyun yaratdığı assosiasiya dörd bəndlik şeirin
yaratdığı insani düşüncələrin pıçılltısı
kimi qəbul edilir:
Tənha bir qüssəni çəkib
başıma
Yenə şəkilləri
töküb qarşıma
Sığınıb
ömrümün sevda yaşına
Sənin ad gününü
keçirəcəyəm.
Yəqin,
oxucu inanmaz, amma çox istərdim inansın, inanmaz ki, bu
fikirlər bir qədər mücərrəd və boz rəngə
bürünmüş dünyamızda bəlkə də
M.Füzulidən sonra dünyanın ən "qəmli”
şairi olan Tofiq Nurəlinin şeirlərini oxuyanda ortaya
çıxıb. Maraqlıdır, məhz bu dəfə
Tofiqi oxuyanda bu fikirlər məni "dami-ğəmə” (qəm
tələsinə) salıb. Əvvəllər
də oxumuşdum yazılarını, xüsusən bir-birindən
kövrək şeirlərini. Tofiqlə
tez-tez görüşürük. Yaxın
qonşuyuq. Doğulduğumuz kəndlər,
ayrı-ayrı rayonlarda, Şabranda və Qubada yerləşsə
də, məsafəcə bir-birindən o qədər də
uzaq deyil, aranı dağlar kəsir. Kefinin
bir vaxtında, bu vaxt da az-az olur, Tofiq şeirlərindən
yavaş-yavaş, bir qədər bariton səslə deyir.
Onda da görürsən ki, əhvalının
necəliyindən asılı olmayaraq, dediyi şeirlər bir
həzin qəmlə örtünüb. Bu
örtüyün altındaartıq haqq dünyada olan nənəyə
qovuşmuş bir cütbalasının niskili də var:
Oyuncağı torpaq, oyunu torpaq,
Aldı sənə verən
boyunu torpaq.
İndi özü edər toyunu
torpaq,
Torpağın altında
yatan Günayım.
Məndə
belə bir inam var ki, bu cür "əbədiyaşar” qəm-kədər
təkcə şəxsi həyatla bağlı ola
bilməz. Həkimdir axı. Ömrünün bu gününə qədər
minlərlə insanın ağrısının şahidi olub.
Təkcə şahidimi? Qətiyyən
yox. Bu ağrıları yaşayıb, lap
özününkü kimi qəbul edib onları.
Başqa necə ola bilərdi ki, 20-30 il əvvəl
müalicə etdiyi xəstələri indi də kömək
üçün ona müraciət edir, dərdlərinə əlac
istəyirlər. Bəlkə də aşağıda verdiyimiz
nümunə ağrılarının son anlarını
yaşayan xəstənin hisslərinin ifadəsidir:
Beş kəpənək, on kəpənək,
Gəl əlimə qon, kəpənək.
Soyuğumdan don, kəpənək,
Mən ölüm
ayağındayam...
Qaldır məni ağuşuna-
Üzümü ay
işığına...
Qon anamın göz yaşına
Mən ölüm
ayağındayam.
Gümüşü bir arzu ilə,
Qanadının tozu ilə
Sil alnımın yazısını-
Mən ölüm
ayağındayam.
(Beş kəpənək, on kəpənək)
Tofiq Nurəli tanınmış şairdir, sozün nəbzini
tutmağı, onu yerli-yerində işlətməyi
bacarır. Oxucu diqqətini, rəğbətini tez cəlb edib.
Ədəbi tənqid birmənalı şəkildəonun
şeirlərini yüksək qiymətləndirmiş,
müasir poeziyanın ən yaxşı nümunələri
kimi dəyərləndirmişdir.Tofiqin şeirlərindən
hansısa sözü çıxarmaq, yaxud, başqa sözlə
əvəz etmək mümkün deyil
Oxuduğunuz yazıının T.Nurəli
yaradıcılığının məzmunu ilə
bağlı bədbin fikirlər yaratmasını heç istəməzdim. Əvvəla,
dünyanın bir üzünün rəngi ağdırsa, digərinin
qaradır. Acı-şirin,sevinc-kədər,
isti-soyuq-bu ifadələri istənilən qədər
artırmaq olar. Bunlar hər an
rastlaşdığımız reallıqlardır.
Aydındır ki, bədii ədəbiyyathəyatı, onun
yaratdığı əhval-ruhiyyəni ifadə etmək vasitəsi
kim də qiymətləndirilə bilər.
Deməli, təkcə sevincin deyil, qəmin də
həmişə ona isti münasibət bəsləyən
Tofiq kimi şairlərə ehtiyacı var. Bu öz yerində.
Amma onu da qeyd etmək vacibdir ki, Tofiq
yaradıcılığı təkcə qəmin ifadəsindən
ibarət deyil. Əksinə, məzmunca T.Nurəlinin
daxili aləmi qədər zəngindir. T.Nurəlinin
şeir yaradıcılığından yurd yerinə, tarixi
keçmişimizə, milli dəyərlərimizə, adət-ənənələrimizə,
ailəyə münasibət qırmızı xətlə
keçir. Tanınmış cərrah, tibb elmləri
doktoru,Azərbaycan Tibb Universitetinin
professoru Cabbara-böyük qardaşına həsr etdiyi
şeir də gözəl nümunələrdən biridir.
İstəyirəm səhiyyə işçilərinə həsr
etmək istədiyim, lakin iş prosesində bir başqa istiqamət
almış yazımı da, günahım bir qədər
azalsın deyə, Tofiqin "Cərrah qardaşım Cabbara”
adlı şeirlə tamamlayam. Bu həm də həyatlarını
müqəddəs peşəyə, həkimliyə həsr
etmiş insanlar bir təbrik olsun:
Yaman dəcəl idim uşaqlıqda
mən,
Sən isə mülayim, həlim bir
uşaq...
Böyüdük, taleyin qismətlərindən
Mənə qələm
düşdü, sənəsə bıçaq!
Ürəksiz, duyğusuz yaza bilmirəm,
Bir köntöv
baxışdan misra laxlayır.
...Duyan, duymayan da yeri gələndə
Sənin
bıçağına ümid bağlayır.
Neçə ümidsizin həyat
eşqinə
Sən öz ürəyindən
işıq çəkmisən.
Amansız ölümün lap
boğazına
Cərrah əllərinlə
bıçaq çəkmisən.
Çoxunuun gözünü qan tuta
bilir,
Qan tutan gözlərə dünya
oyuncaq...
Cərrah əməlləri, cərrah
dünyası
Qan ilə, qan ilə
açılır ancaq.
Özünə görədir hərənin
səhvi,
Səhvi düzəldəsən-böyüklük
odur...
Amandır, qardaşım,
ehtiyatlı ol,
Cərrah səhv edəndə
fəlakət olur.
P.S. 4 iyul – T.Nurəlinin ad
günüdür. Bu münasibətlə həkim-şairi
şeirsevərlər və sağlamlığını ona
etibar edənlər adından ürəkdən təbrik edirəm!
Oqtay Abbas,
yazıçı-şair,ADU-nun dosenti
Ədalət.-
2019.- 4 iyul.- S.6.