“Ürəyində arzu
tut” – Gəncədə
Bu
günlərdə İrəvan Dövlət Azərbaycan Dram
Teatrının yaradıcı kollektivi Sevinc Elsevərin
“Ürəyində arzu tut” birpərdəli faciəsi ilə Gəncədə
qastrol səfərində oldu. Öncə deyim ki, tamaşaya
maraqla baxmağa getdim. Pyes 1992-ci ilin 26 fevralında erməni
şovinistlərinin Xocalıda törətdiyi
soyqırımının xronoloji təqdimatından ibarətdir.
Azərbaycan xalqının qan yaddaşının, zaman-zaman
başımıza gətirilən müsibətlərin
unudulmaması və gənc nəsillərə
çatdırılması baxımından bu kimi pyeslərin
səhnə həyatı qazanması təqdirəlayiqdir.
Tamaşa
haqqında danışmazdan əvvəl İrəvan Dövlət
Azərbaycan Dram Teatrının tarixinə qısa nəzər
salmaq istərdim. Bu sənət ocağı 1882-ci ildə fəaliyyətə
başlayıb. Həmin ilin aprelində İrəvanda azərbaycanlı
teatr həvəskarları tərəfindən Vasaq Mədətov
Nəzminin “Tamahkarlıq düşmən qazanır” pyesini
tamaşaya qoyması barədə tarixi faktlara rast gəlirik.
1885-ci ildə İrəvana gələn Qori
seminariyasının məzunu Firidun bəy Köçərli
1886-cı ildə Mirzə Fətəli Axundzadənin “Müsyö
Jordan və dərviş Məstəli şah”
komediyasının tamaşasını təşkil etməklə
İrəvan əhalisinin həyatında böyük bir mədəni
hadisənin canlanmasını təmin edib. 1895-ci ildə
Firidun bəy Köçərli İrəvanı tərk
etdiyindən teatra Yunis Nuri rəhbərlik edib və o, 1945-ci ilə
kimi İrəvan teatrının tarixində unudulmaz izlər
qoyub. 1909-1916-ci illər ərzində teatrın
repertuarında bir-birindən maraqlı pyeslər təqdim
olunub. 1918-ci ildə daşnakların qətliamları nəticəsində
teatrın yaradıcı kollektivi yerindən-yurdundan didərgin
düşərək İranın Xoy şəhərində
məskunlaşıb. 1922-ci ildə kollektiv geri dönüb.
Bu illər ərzində Bala Əfəndiyev, Əkbər
Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf
Yusifzadə, Yusif Ziya, Nəsib Əfəndiyev kimi milli mədəniyyət
təəssübkeşləri İrəvan teatrının inkişafı
naminə əvəzsiz xidmətlər göstəriblər.
1928-ci ildə teatra dövlət statusu verilib, 1935-ci ildən
isə bu sənət məbədi görkəmli dramaturq Cəfər
Cabbarlının adını daşıyıb. 1948-ci ildə
İrəvan və onun ətraf rayonlarında yaşayan
soydaşlarımızın Azərbaycana deportasiyası nəticəsində
1949-cu ildə yaradıcı kollektiv Göyçə
mahalının Basarkeçər rayonuna
köçürülüb. Bir ildən sonra isə
teatrın fəaliyyəti dayandırılaraq əvəzində
həmin bazanın əsasında xalq teatrı təşkil
olunub. Nəhayət, 1967-ci ildə Yunis Rzayev və Şıxəli
Qurbanovun ciddi səyləri nəticəsində Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram
Teatrı yenidən yaradılaraq paytaxt İrəvan şəhərinə
köçürülüb. 1988-ci ildə isə növbəti
dəfə İrəvan (və bütün Ermənistan) ərazisindəki
azərbaycanlılar kimi, yaradıcı kollektiv də tarixi
yurd yerimizdən didərgin salınaraq Azərbaycana pənah gətirib...
İrəvan
Dövlət Azərbaycan Dram Teatrı bu illər ərzində
hər zaman milli dramaturgiyamıza, dünya ədəbiyyatı
klassiklərinə, eləcə də müasir müəlliflərə
müraciət etməklə repertuar zənginliyini qoruyub
saxlayır. Gəncə teatrsevərləri
qarşısında teatrın baş rejissoru, Əməkdar
artist Sərvər Əliyevin quruluşunda təqdim olunan
“Ürəyində arzu tut” tamaşası da bunun təzahürüdür.
Pərdə
açılarkən sadə görünüşlü,
yataqxana təəssüratı yaradan bir otaqda iki qadın
baş verənləri danışmaqla Xocalıda hadisələrin
necə cərəyan etməsindən söhbət
açır, yaşanan zülmü dilə gətirirlər. Xatirə
obrazında Əməkdar artist Xatirə Süleymanova və
Şirin obrazında aktrisa Ruhiyyə Eyvazovanın
yaratdıqları surətlər bir-birindən fərqli, ancaq
baş verən hadisələrə biganə qalmayan azərbaycanlı
qadını kimi vəziyyətlər halına uyğun olaraq
təqdim olunur. Xatirə Arzunun Xocalıda itkin düşməsindən,
sonra əsirlikdə olması xəbərindən sarsılsa
da, onu daha bu evin gəlini kimi görmür.
Erməni
vəhşiləri tərəfindən əsirlərə
hansı işgəncələr verilməsini əsas
götürərək oğlu Murada da onu unutmağı
aşılayır. Qırmızı Xaç Cəmiyyəti
vasitəsilə Arzu tərəfindən yazılan məktubun
oxunuşu ilə başlanan hadisələr sonradan rejissor
traktovkasında daha dolğun bir formada aktyor ifasında
tamaşa boyu təqdim olunur.
Şirin
obrazında aktrisa Ruhiyyə Eyvazovanın ifası isə bu
hadisələri kənardan seyr edən, hətta ara-sıra
dili dinc dayanmayan atmacalı sözləri ilə aranı sakitləşdirmək
əvəzinə daha da yanan odun üstünü
alışdırmaq bacarığının nümayiş
olunması da maraqla izlənilir. Murad – gənc aktyor Bəhruz
Hikmətoğlunun təqdim etdiyi bu obraz bir qədər sakit təbiətli,
baş verən hadisələri soyuqqanlılıqla
qarşılamaqla ailə üzvlərinə də vəziyyətdən
çıxış yolunun heç də qınaq obyekti
olmadığını bildirməsi ilə diqqəti cəlb
edir. O, Xocalıda baş verənlərə görə Arzunun
günahkar olmadığını anlatmağa
çalışsa da, anası Xatirəni fikirlərindən
daşındıra bilmir. O, məcburən öz sevgisindən
əl çəkməklə yeni bir ailə həyatı
qurmaq məcburiyyətində qalır. Arzu. Xocalı faciəsinin
və dəhşətlərinin canlı şahidi. O, əsirlikdən
gəlib. Erməni şovinizmi onun gəncliyini məhv edib.
Aktrisa Şəbnəm Cəbrayılovanın ifasında bu
obraz ilk gəlişindən dəhşət saçan
Xocalı harayını özüylə səhnəyə gətirmiş
olur. Onun görünüşü və hərəkətləri
məhz hadisələrin burulğanında məhv olan bir azərbaycanlı
qızının və azərbaycanlı ailəsinin
harayı, hayqırtısı kimi təqdim olunur.
Başına gətirilən olmazın müsibətlərini
söylədikcə aktrisa vəziyyətləri düzgün
ifadə etməklə tamaşaçını inandıra
bilir. Onun səhnədə əzablı günlərinin
şahidi oluruq və bir an belə halına acımamaq
mümkünsüzdür. Gənc aktrisanın ifası maraqla
qarşılanır.
Pyes
boyu Xocalı boyda bir ağrını daxilində yaşayan Həsrət
kişi obrazını aktyor Məhərrəm Musayev ifa edir. O,
hadisələri ağsaqqal müdrikliyi və
dözümü ilə qarşılasa da, sonda Arzunun əsirlikdən
azad edilərək gətirilməsinə və onun halına
biganə qala bilmir. Həsrət kişi səhnədə diz
çökməklə sanki zamanın gərdişinin
qarşısında insan zülmünün, əzablarının
məhvinə hayqırır. Bacısı qızı Arzunun və
doğma övladı olan Muradın qarşısında bir
valideyn olaraq məsuliyyətinin
ağırlığını göstərməklə
baş verənlərə qarşı isə aciz, əlacsız
və miskin görünür. Aktyor öz ifası ilə
obrazın daxili aləminin təqdimində erməni vəhşiliklərinin
unudulmayacağını göstərə bilir.
Aktrisa
Sevinc Hüseynovanın ifasında həkim Şəfayət
xanım obrazı Arzunun yenidən həyata qovuşması,
fikir və arzularının reallaşması və müalicəsi
üçün var qüvvəsi ilə çalışan,
xeyirxah və alicənab bir qadın surəti olaraq diqqəti cəlb
edir. O öz məsləhətləri ilə Arzunu yenidən həyatda
qüvvətli və qürurlu bir qadın olmağa səsləyir,
müəyyən anlarda ona yardım edir. Bütün bu
sadalananlar aktrisanın ifasında maraqla baxılır.
Aktyor
Niyaməddin Səfərəliyevin oynadığı Yusif
obrazı isə hər zaman hadisələrə soyuq
baxışlarla baxan, söz danışmaqdan qorxan və
çəkinən bir surət olaraq təqdim olunur. O, hətta
həyat yoldaşı olan Şirinin hərəkətlərinə
nəzarət etmək istəsə də, əslində bunu
bacarmır və onun bir baxışından belə
sözünün kəsərinin olmadığını
göstərir.
Maraqla
izlənilən surətlərdən biri də Azaddır. Bu obrazı
aktyor Arzuman Tanrıverdili ifa edir. Azad əsirlikdən qayıdan Arzunu sevir. Ancaq onun
Xocalı faciəsində
əsir düşən
və olmazın zülmünü görən
bir qadın olmasından xəbərsizdir.
O öz sevgisini bildirmək üçün
Arzunun evinə gəlir. Hadisələr bu zaman daha
da şiddətlənir.
O, baş verənlərdən
xəbər tutan zaman aldandığını
söyləyir. Arzunu qınamaqla sanki bütün həyatını
və varlığını
qınayır. Azadın bu hərəkəti
sonda Arzunun intiharı ilə nəticələnir.
İntihar
səhnəsi maraqlı bir detalla tamaşaçıya təqdim
olunur. Onun əlində olan ağ rəngli kəlağayı
paklıq rəmzi olaraq göstərilməklə boynunun
ölçüsünə gətirilir və aktrisa Şəbnəm
Cəbrayılova bu ölçüdən qarşı tərəfə
boylanmaqla sanki gələcək arzularına baxır. Bu
arzuların isə heç də uğurlu bir tale qisməti
olaraq yaşanmadığı tamaşaçıya təqdim
edilir.
Quruluşçu
rejissor Sərvər Əliyev səhnə traktovkasında cərəyan
edən hadisələri bir məkan çərçivəsində
sadə bir formada təqdim edir. O həm də bununla aktyor
ifasına geniş meydan verir. Sadə bir mizanla dolğun fikirlərin
formalaşmasının nə qədər çətin
olduğunu anlayan rejissor bununla da səhnədə aktyorla
tamaşaçı arasında olan səddi aradan götürməyə
müvəffəq olur.
Son
olaraq bir daha qeyd etmək istərdim ki, Sevinc Elsevərin
“Ürəyində arzu tut” pyesi Azərbaycan xalqının qan
yaddaşının yaşadılması baxımından ən
uğurlu əsərlərdən biri kimi qiymətləndirilməlidir.
Anar BURCƏLİYEV,
Teatrşünas
Ədalət.-2019.-9 iyul.-S.8.