“HƏR ŞEYİ OLDUĞU KİMİ...” DEMƏK... BU, VİCDAN İŞİDİR

 

Jurnalistikada hər zaman aktual olan, müasir səslənən bir mövzu var: Anadilli mətbuatımızın yaranması və inkişafı prosesləri. Bu mövzunun özü də çoxistiqamətlidir. Bu istiqamətlərin hər biri ayrıca tədqiqat predmetidir. Milli oyanış dövrü, xalqın qəflət yuxusundan ayılması, savadsızlığa qarşı mübarizə, yeni üsullu, dünyəvi məktəblərin açılması, xeyriyyə cəmiyyətlərinin yaranması və fəaliyyət istiqamətləri, maarifçiliyin ictimai şüura təsiri, mədəniyyət və incəsənətin təşəkkülü... Cümhuriyyətdən əvvəl və Cümhuriyyət dövründə, Sovetlər hakimiyyətində maarifpərvər qadınların təhsilimizin tərəqqisi yolunnda fədakar çalışmaları, eləcə də onlarının cəmiyyət həyatındakı yerirolu, mənəvi dəyərlərin qazanılması, gender bərabərliyi... bu sıradan bir çox məsələlərin tədqiqi və inkişafında milli mətbuatımızın rolu misilsizdir.

Bu mövzuların tədqiqatçılar tərəfindən mərhələlər üzrə işlənməsi Azərbaycan mətbuatının inkişafında böyük əhəmiyyət kəsb edir. Eləcə də araşdırmalar nəticəsində meydana gələn mükəmməl monoqrafiyalar, publisistik əsərlər milli mətbuatımızın tarixini başqa bir aspektdən tədqiq edən yeni nəsil tədqiqatçılardan ötrü səhih mənbə, özlərindən əvvəlki fikrə istinad etmək üçün istiqamətverici məxəzlərdir.

Bir tədqiqatçının isə adıçəkilən mövzunu qeyd etdiyimiz istiqamətlərin hər birində tarixi ardıcıllıqla, sistemli şəkildə əhatə etməsi böyük, çox böyük zəhmətdir. Görülən işlərin zaman-zaman, ardıcıl olaraq monoqrafiyalar, ensiklopedik toplular, publisistik kitablar kimi işıq üzünə çıxarılması da tədqiqatçının malik olduğu elmi təfəkkürünün, peşəkarlığının, prinsipiallığının, milli təəssüb hissinin bariz göstəricisidir. Həmçinin, Azərbaycançılıq məfkurəsini ruhunda, əməli fəaliyyətində vicdanla, böyük sevgi ilə yaşaması və çoxlu sayda əsərlərində yaşatması da tədqiqatçının heç bir maddi sərvətlə müqayisəyə gəlməyən mənəvi qazancıdır.

Bütün bunları xatırlatmağım əlbəttə, səbəbsiz deyil və mən bu fikirləri nəzərə çatdırmaqla həm də uzun illər elmi-ədəbi fəaliyyətini müşahidə etdiyim bir şəxsiyyəti, tarix elmləri doktoru, tədqiqatçı jurnalist, ləyaqətli ziyalı Sabir Gəncəlinin fəaliyyətini, elmi-ədəbi məhsullarını göz önünə gətirirəm.

Sabir Gəncəli (Məmmədov) 60 ilə yaxındır ki, bir qədər əvvəldə qeyd etdiyimiz sahələrdə bütün əziyyətlərə qatlaşaraq, səylə, səbr və təmkinlə, inadkarlıqla, eyni zamanda böyük həvəslə tədqiqatlar aparır, tarixin qaranlıq səhifələrinə işıq salır. Ən əsası da iki yüz ildən də çox tarixi bir dövrü araşdıran, milli oyanış dövrünün təbəddülatlarına, xalqın ictimai həyatında baş verən bütün hadisələrə özünün elmi araşdırmaları ilə cığır açan Sabir Gəncəli elmi-ədəbi yaradıcılığını özünəməxsus orijinallıqla inkişaf etdirmişbu güneyni həvəslə tədqiqatlarını davam etdirir. Bütün bunlar Sabir müəllimin yaradıcı axtarışlarının məhsulu olan 30-dan çox kitabında – monoqrafiyalar, ensiklopediyalar, tədqiqat xarakterli publisistik əsərlərində cəmləşib. Mən bu kitabların əksəriyyəti ilə tanışam. Hər biri də ideyası, elmi-bədii xüsusiyyətləri ilə mükəmməl olan bu kitabların sırasında müəllifin səmimimiyyət, inam, etibar ifadə edən avtoqrafı ilə bəndənizə bağışladığı "Qadın, gözəllik və ülviyyət”

(2001), "Nəsillər, ailələr, talelər” (2006), "Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi” (2017), "İşıqlı ömürlər, kövrək talelər”, "Tarixlə üz-üzə, hər şeyi olduğu kimi” (2018) kitabları xeyli vaxtdır ki, masamın üstündədir. Artıq onları oxumuş, haqqında xeyli təəssürata malik olmuşam. Əzəl başdan onu deyim ki, yaradıcılığı boyu tədqiqat işinin ağır əziyyətlərinə qatlaşaraq araşdırmalar aparan düşüncə, təfəkkür sahibinin gördüyü işlərdən heyrətlənməmək olmur.

Mübaliğəsiz və tam səmimiyyətlə deyirəm ki, Sabir Gəncəlinin bütün kitabları Azərbaycançılıq ideyalarının təşəkkülü və formalaşması, ictimai fikir tarixini, xalqın inkişafı prosesini izləyən tədqiqatçıların, ailə dəyərlərinə önəm verən, milli mənsubiyyətimizi, kimliyimizi öyrənməyə maraqlı olan hər bir ziyalının, tədqiqatçının masaüstü kitabı olmağa layiqdir. Ən ümdəsi o səbəbdən ki, Sabir müəllimdən əvvəl bu məsələlərlə bağlı arxivlərdə, kitabxana, muzey, şəxsi fondlarda qərinələrin, əsrlərin yadigarı olan qovluqları, sənədləri əhatəli şəkildə və geniş prizmadan tədqiq edən olmamışdır. Odur ki, S.Gəncəlidən sonra bu sahələrdə araşdırma aparanlar ilk mənbə kimi məhz onun tədqiqatlarına söykənir, onlardan bəhrələnir və iqtibaslar edirlər. Adətən, böyük həcmli, əhatəli bir işi görüb-başa çatdıran tədqiqatçı üçün deyirlər ki, bu adam bir İnstitutun görə bilmədiyi işin öhdəsindən ləyaqətlə gəlib. Sabir Gəncəlinin fundamental əsərlərini göz önünə gətirir və düşünürəm: məgər, bu qədər ictimai, milli-mənəvi-əxlaqi, dünyəvi mahiyyətə malik əhatəli işlərin öhdəsindən təkbaşına gələrək xeyli sayda sanballı əsərlərin ortada olması bir İnstitutun uzun illər gördüyü işlərin nəticəsində ərsəyə gətirdiyi bir əsərdən azmı əhəmiyyət kəsb edir? Əsla yox! Sabir Gəncəli o alimlərdəndir ki, kimsədən quruca bir "sağ ol” belə gözləmədən qəlbən bağlandığı, sevdiyi sahənin işini bu güneyni həvəs və inadkarlıqla davam etdirir.

Onilliklər boyunca bu istiqamətlərdə araşdırmalar aparan tədqiqatçı alim üçün salnamə xarakterli zəngin tərcümeyi-hala malik olması, həyatını xalqın təhsili, elmi, mədəniyyəti, ailə dəyərlərinin təbliğinə həsr etməsi, əslində onun ictimai fikir tariximizdə mükəmməl bir səhifə açması deməkdir.

Məni bir həmkar, ədəbiyyatşünas, publisist kimi ən çox razı salan budur ki, Sabir Gəncəli əzəl gündən elmi-ədəbi yaradıcılığında bir istiqamət seçib, bir ideyaya, məsləkə xidmət edib. Bir sahənin problemlərinin həlli yollarını çözməyə çalışıb. Bu sahənin müxtəlif qolları isə bütövlükdə bir ideologiyaya - Azərbaycançılıq məfkurəsinə gətirib çıxarıb. Müəllifin bütün əsərləri bütöv bir amal uğrunda mübarizə aparan, hədəfləri sərrast nişan alan ideoloji silah kimidir. Buna görə də onun ictimai həyatımıza, mənəvi aləmimizə təsiri böyükdür. Elə götürək "Qadın, gözəllik və ülviyyət” ensiklopedik toplusunu. Müəllif ilk səhifədə məqsədini açıqlayaraq bildirir ki, "bu kitabda qadınlıq aləmində olan ən maraqlı, ibrətli hadisələr, qadın məsələsi, qadın azadlığı ilə bağlı fikirlər, dünyanın ən görkəmli qadınları haqqında bəhs edir, qadın və qızları dşündürən, maraqlandıran suallara savablar və məlumatlar” verilir. Müəllif qədim dövrlərdən başlamış, dünya cəmiyyətində qadına münasibət, anaya ehtiram, ülviyyət hissinin bütün zamanlardan keçdikcə formalaşması və inkişafını tədqiq etmiş, məhz bu prosesləri izləyərək, müqəddəs kitabımız olan "Qurani-Kərim”ə söykənib, xalqımızın tarixi keçmişinin aynası olan "Kitabi-Dədə Qorqudda, sonrakı dövrlərdə, müasir zamanda qadının ailədə, ictimai həyatda rolunu işıqlandırıb. Və deyim ki, həyatımızın elə bir sahəsi yoxdur ki, orda mədəni inqilab edən cəfakeş, çalışqan, yeni düşüncəli qadınlarımızın həyat yolu, yaradıcı, elmi fəaliyyəti kitabda öz əksini tapmasın.

Burda bir vacib məqamı xatırlatmaq istəyirəm. Ötən əsrin əvvəllərindən üzü bəri maarifpərvər qadınlarımızın cəmiyyət həyatında apardıqları maarifçilik hərəkatında iştirakı, savadsızlığın ləğv edilməsi, qızlarımızın təhsil alması, dünyəvi məktəblərin açılması, xeyriyyə cəmiyyətlərinin yaradılmasında fədakar çalışmalarını tədqiq edərkən, ixtiyar çağlarında ya ya onların özləri, ya övladları, nəvələri, qohumları ilə birbaşa ünsiyyətdə olmuş, nəticədə yeni, orijinal formada yazılar hazırlayıb dövri mətbuatda dərc etdirmişdir. Və müəllifin monumental əsərləri də bundan sonra meydana gəlmişdir.

Qadın ailə dəyərlərinin əsasını qoyan ali bir varlıqdır, nəslin yaradıcısıdır. Bu əzəməti məhz Azərbaycan ailəsində üzə çıxarmaq, gələcək nəslə örnək kimi yadigar qoymaq Sabir müəllimi həyatı boyu düşündürmüş, yeni axtarışlara sövq etmişdir. Nəticədə "Nəsillər, ailələr, talelər” kimi möhtəşəm bir ensiklopedik toplunu ərsəyə gətirmişdir. Ailə dəyərlərini yeni ənənələrlə formalaşdıran, yaşadan qoşa qanadlarata-ana nümunəvi ailənin təməl daşlarıdır. Bəllidir ki, bünövrə möhkəm olarsa, o ailənin birliyinə zaval yoxdur. Xalq üçün, vətən naminə, onun inkişafı yolunda, ən başlıcası da vətəndaş cəmiyyətinin yaradılmasında roluyeri olan vətəndaşların yetişdirilməsində belə ailələrin dəyəri misilsizdir. Sabir Gəncəlinin "Nəsillər, ailələr, talelər” kitabı da bu dəyərləri arayıb-axtarıb bir yerdə cəmləyərək, onların xarakterini, həyat təcrübəsini tədqiq, təbliğ edərək yenidən Azərbaycan ailələrinin özünə bəxş etmişdir. Burda da müəllif eramızdan əvvəlki dövrlərə ekskurs edərək, yenə də böyük zəhmət tələb edən tədqiqat axtarışlarına üz tutmuş, qədim Azərbaycan ailələrini təqdim etmiş, ağıllı, müdrik, tədbirli qadınlarımızın, analarımızın şücaətini, nəsil, şəcərə adını ləyaqətlə hifz etməsini tarixi faktların işığında üzə çıxarmışdır. Müasir dövrdə isə ulu öndər Heydər Əliyevin ailəsindən başlamış, Azərbaycanımızın bütün guşələrində özlərinin ailə dəyərlərini yaradaraq qoruyan, ürəkaçan nəticəsilə nümunə olan neçə-neçə ailələri fotolarının müşayəti, sözünün aydın, cazibədar ifadəsi ilə təqdim edir.

"Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi”, "İşıqlı ömürlər, kövrək talelər” kitablarında da bu ideyalar çoxşaxəli şəkildə, həm də maraqlı bir forma və məzmunda davam etdirilir. Bu "kiçik ensiklopedik toplu’da və "sənədli hekayələr, publisistik məqalələr, tarixi oçerklər və sənədli povest”də müəllif əvvəlki əsərlərindən fərqli olaraq çağdaş dövrümüzdə baş verən hadisələrin içərisindədir. Özünün müşahidələri, araşdırmaları, tanınmış şəxsiyyətlərlə söhbətləri, həyatının demək olar ki, bütün məqamlarının xalqın yetişməsi, böyüməsi, inkişafı prosesləri ilə bağlılığı bu kitabların əsas mahiyyətini təşkil edir.

Sabir Gəncəlinin hələ ki, sonuncu - axarıncı kitabı olan "Tarixlə üz-üzə, hər şeyi olduğu kimi...” məqalələr toplusu, eyni ideyanın davamı olaraq, həm də ictimai-ədəbi həyatımızın müxtəlif sahələrinin, məqamlarının əks-sədasıdır. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illiyinə töhfə olan bu kitab elə cümhuriyyətə gedən yolda xalqın vətənpərvər oğlunun mübarizəsindən, şanlı döyüş yolundan bəhs edir. Müəllifin "Gəncədə türk ordusunun qarşılanması”, "Azərbaycan Xalq Cümhuriyyəti qadınlarımızın taleyinə işıq saçdı”, "O zaman qadınlar cəmiyyətin ön sıralarında idilər”, "Cümhuriyyətə qədərki dövrdə Azərbaycan qadınlarının fəaliyyəti”... məqalələri çox qiymətli faktları, hadisələrlə zəngin materialları müəllif fəxarət və məhəbbət hissilə təsvir edir. Kitabda ictimai həyatımızda baş verən mühüm hadisələr, tarixi şəxsiyyətlər, XIX əsrin sonları, XX əsrin əvəllərində xalqın milli oyanışına təkan verən dərgilərin rolu, onların aşıladığı ideya, hər birinin məktəb statusunda olması, tarixi şəxsiyyətlərin həyat və yaradıcılıq yolu ilə bağlı tədqiqat xarakterli publisistik yazılar ("Füyuzaf’ın 100-cü sayı, "Əkinçi” qəzetinin ənənələri” "Uşaq mətbuatımızın şəfəqləri”, "Hər sətirdə bir tarix”, "Nərimanov "necə varsa, eləcə”, "Elm və mədəniyyət xadimlərimiz Mələk kimi” "Ustad”... ) öz əksini tapmışdır. Eləcə də müxtəlif vaxtlarda Sabir müəllimin kitabları, mətbuat tariximizin araşdırılması ilə bağlı əsərləri haqqında sanballı məqalələr yer almışdır. Bu məqalələrin müəllifləri də Azərbaycanın elm və mədəniyyət tarixində tanınmış şəxsiyyətlərdir. Prof. Teymur Əhmədov, prof. Zemfira Verdiyeva, prof. Ofelya Bayramlı, fəlsəfə doktoru Zemfira Məhərrəmli və başqalarının Sabir Gəncəlinin ədəbi axtarışlarına verdikləri dəyərli fikirlər gözümüzün qarşısında Sabir müəllimin zəhmətkeş, istedadlı tədqiqatçı-jurnalist obrazını canlandırır. Bu kitabın, ümumən digər əsərlərinin məzmun və mündəricəsi, aşıladığı dəyər o qədər güclü, genişəhatəlidir ki, onların hər birinin üzərində dayanmaq bir məqalənin həcminə sığan deyil. Belə olduqda müəllifin həmin kitablarını əldə edib oxumaq, ondan bəhrələnmək olduqca vacibdir. Həm də o səbəbdən ki, Sabir Gəncəlinin adını çəkdiyimiz və tədqiqat işlərinə başladığı ötən əsrin 50-ci illərindən qələmə aldığı əsərləri, monoqrafiyaları mövzu ilə bağlı araşdırmalar aparan tədqiqatçıların yolunun üstündə bir mayakdır.

Sabir Gəncəlinin "Tarixlə üz-üzə, hər şeyi olduğu kimi...” məqalələr toplusununun son səhifəlrində yer almış "Bir-birinə oxşayan, qəribə səslənən mövzular” məqaləsi isə məni düşüncələrə qərq etdi. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, qocaman tədqiqatçı taleyindən keçən illərini, qısaca panoramını verdiyimiz mövzularının geniş, əhatəli şəkildə tədqiqinə həsr edib. Özüvicdanla, vətəndaşlıq məsuliyyəti ilə işləyib, atalar demiş, iynə ilə gor qazıb. Nə edibsə, bu millət üçün onun mətbuat, mədəniyyət tarixi üçün edib. Gələcək tədqiqatçıların üzərində işləməsi üçün bol material verib. Səd heyif, son zamanlar müəllif təəssüf hissilə yazır ki, bir çox müəlliflər mənim əsərlərimdən istifadə edərkən mənbəni göstərmirlər... Müəllifin sözünə qüvvət, burda mən də bir hadisəni xatırlayıram.

Ötən il Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi münasibətilə Milli İrsi Mədəni tarixi Araşdırmalar Fondunun (MİMTA) təşəbbüsü ilə "Cümhuriyyətə işıq saçan qadınlar” yazı müsabiqəsi keçirildi. Münsiflər heyətinin üzvü kimi mən də müsabiqəyə təqdim olunmuş 98 adda yazıları diqqətlə oxudum. Nəticədən heyrətə gəldim! 60-70 faiz yazılardakı faktlar, tarixi hadisələr tarixçi alim, tədqiqatçı-jurnalist Sabir Gəncəlinin əsərlərindən köçürülmüşdür. Yaxud da Sabir müəllimdən köçürən ilk "tədqiqatçının” adı mənbə müəllifi kimi qeyd edilmişdir. Bu fakt məni çox ağrıtdı...

Sizcə, yaşam boyu həyatda rahatlığın nə olduğunu bilməyən, bütün ömrünü arxivlərdə, kitabxanalarda keçirən, dəmir rəflərdəki qovluqlarda qurumuş, saralıb-solmuş kağızların tozunu uda-uda tarixin dərin qatlarında elmi araşdırmalar aparan və çəkdiyi zəhmətdən təsəvvürə gəlməyəcək fərəh hissi ilə zövq alan tədqiqatçılarımız çoxdurmu? Əlbəttə yox! Bu gün belə tədqiqatçılar barmaq sayına gələ biləcək qədər azdır. Amma tədqiqat işinin əziyyətlərinə tab gətirməyən, bununla belə "müvəffəqiyyətlərinə” asan yolla nail olanlar bu gün yağışdan sonra çoxalan göbələklər kimidir. Əlbəttə, onları həqiqi mənada tədqiqatçı hesab etmək düzgün deyil. Nə yaxşı ki, tarix bütün zamanlarda hər şeyi öz nizam-tərəzisində tarazlayır. Necə deyərlər, "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!” (M.Ə.Sabir)...

Bunları yazdıqca onu da düşünürəm ki, bizim yaradıcı dahilərimiz, Nizamidən başlamış... Mirzə Şəfi Vazehə... Səməd Vurğuna... və digər söz-sənət xiridarlarına qədər, yaxşı bağban olublar, amma bağlarının yaxşı qarovulçusu ola bilməyiblər. Çünki, onların məqsədi yalnız gözəl, dəyərli əsərlərlə ədəbiyyat, mətbuat tariximizi yaratmaq, zənginləşdirmək, yeni nəsli tərbiyələndirmək olub. Səməd Vurğun da əsərlərindən riyakarcasına oğurlayanlara hədə-hücumlardan uzaq olan usta bir etik davranışla, humanistcəsinə deyirdi ki: Qucaq-qucaq oğurlasın sözümü dostlar, Barı sənət qüdrətimi onlar danmasın... İndi nəinki oğurlamaq, hətta buna qanuni don geyindirmək istəyənlər də sanki bir-birinin bəhsinə durmadan artırlar...

P.S. Ömrünün 60 ilə yaxın dövrünü mətbuat tariximizin araşdırılmasına, maarifpərvər qadınlarımızın həyat yolunun işıqlandırılmasına, ailə dəyərlərimizin qorunması və təbliğinə həsr edən qocaman mətbuat işçisinin – Sabir Gəncəli Məmmədovun hələ də dövlətimiz tərəfindən fəxri adla mükafatlandırılmaması məni çox təəssüfləndirir...

 

 

Şəfəq NASİR,

Filologiya üzrə fəlsəfə doktoru.

 

Ədalət.- 2019.- 9 iyul.- S.7-8.