Sirli Örənqala
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
O, torpaq altındakı şəhərdir
(əvvəli ötən
sayımızda)
Tarixin dərinliklərinə, yəni bizdən uzaq əsrlərə üz tutduqca təkcə zamanın özünün fonunda xalqımızın keçdiyi yolun möhtəşəmliyi Azərbaycan adlı məkanın, onun insanının nələrə qadir olduğunu, nələri sübut etdiyini açıq-aşkar göstərir. Bax, bu mənada Örənqala özünün mövcud olduğu tarix ərzində böyük dünyanın ticarət yolu üzərində özünün tərəqqisini təmin edə bilmişdi.
Arxeoloqların
ilk dəfə 1933-cü ildə qazıntılara
başladığı Mil düzü ərazisində, yəni
Örənqala şəhərinin yerində tapılan maddi-mədəniyyət
nümunələri, qala divarının qalıqları buraya
böyük bir maraq yaratdı və bunun ardınca 1966-cı
ildə Azərbaycan ailmi, tarixçi-arxeoloq Ə.Ələkbərov
Örənqalada ikinci dəfə qazıntılar aparmağa
başladı. Artıq tapılan mis pullar, dulusçuluq
nümunələri, saxsılar, şüşə qalıqları,
bişmiş kərpic və sairə
artıq sübut edirdi
ki, bu şəhərdə
ticarət xüsusi bir
maraq mərkəzində imiş.
Eləcə də 1951-ci ildə yenidən
arxeoloqların ixtiyarına verilən Örənqala qala kompleksi AMEA-nın Tarix İnstitutunun əməkdaşları
tərəfindən daha geniş
şəkildə öyrənilməyə başlandı.
Vurğulamaq
yerinə düşər ki, 3 hissəli Örənqala şəhərində
tapılan maddi-mədəniyyət nümunələri belə
bir fikrin formalaşmasına səbəb olmuşdu. Həmin
fikir də bundan ibarətdir
ki, XII-XIV əsrlərdə, yəni səlcuqların
və monqolların Azərbaycana yürüşlərindən
öncə Örənqala özünün
çiçəklənmə dövrünü
yaşamışdı.
Alimlərimizin
gəldiyi qənaətə görə, Örənqala bir
şəhər olaraq həm də Azərbaycanın ticarət
mərkəzlərindən biri olubdu. Yəni burada tapılan mis pullar şəhərə müxtəlif
ölkələrdən tacirlərin, müsafirlərin gəldiyini
göstərən faktlardan biridir. O da
maraqlıdır ki, şəhərin
varlılar məhələsində evlər daha
möhtəşəm olubdu. Bunu həmin evlərin qalıqları da sübut edir.
Bu
gün təkcə Azərbaycan tarixçiləri,
arxeoloqları deyil, eləcə də Örənqala ilə
bağlı faktları öyrənən, araşdırmalar
aparan digər ölkələrin alimləri də bu qənaətdədilər
ki, Örənqalada sənətkarlıq, eləcə də
dulusçuluq daha çox inkişaf etdirilmişdir. Və
bir də maraqlı məqam ondan ibarətdir ki, örənqala
şəhərinin Kiçik Şəhər
hissəsində Əmir Teymur
dövründə qala divarı inşa edilmişdir.
Ümumiyyətlə,
Örənqala ərazisindəki müəyyən yüksəkliklər,
yəni təpə kimi yerlər arxeoloqlar tərəfindən
öyrənilərkən burda 7 ədəd dulus kürəsi,
üstü ortülmüş su kəməri və XII-XIII əsrin
əvvəllərinə aid təsərrüfat əhəmiyyətli
çox böyük bir kompleksin qalıqları üzə
çıxmışdı. Bu tikinti
qalıqlarının da
yaxınlığında müəyyən qəbir yerləri
də aşkarlanmışdı. Müsəlman qəbirləri
olan həmin ərazidə 4 künc türbə və onun
yaxınlığında isə aşkarlanmış 4 qəbirdən
müxtəlif bəzək əşyaları,
eləcə də buradakı türbənin içərisində
mozaikalı, boyalı rəsmlərlə bəzədilmiş
8 guşəli türbənin də qalıqları üzə
çıxmışdı. Həmin ikinci
türbənin mehrab yerində müəyyən
yazı qalıqları da aşkarlanıb
ki, bu da
alimlərin böyük marağına
səbəb olmuşdu. Bu
maraqlı türbənin ətrafında da
iki müsəlman qəbrinin olduğu müəyyənləşmişdi.
Bu
gün Azərbaycan arxeoloqlarının diqqət mərkəzində
saxladıqları həmin Örənqala şəhərinin ərazisi
sirlərlə doludur. Təbii ki, zaman-zaman bu sirlər çözüləcək və
Azərbaycanın tarixinə, keçmişinə,
xalqımızın özünə böyük
sevgisi olan
araşdırmaçı övladları bu
sirli dünyanın hər layını
öyrənib onu həm xalqa,
həm də elmi ictimaiyyətə
çatdıracaqdı. Bunun üçün kifayət qədər
savadlı tarixçi arxeoloqlarımız
var və onların sırası hər gün daha da
artır, kamilləşir. Bu da bizə imkan verir ki, öz
tariximizə daha dərindən sahib çıxaq.
O ki,
qaldı Örənqalada aparılan və nə qədər
elmə məlum olan faktlara, şəhər ərazisində
tapılan ocaq yerləri, kürələr, işlənmiş
alətlər, ümumiyyətlə, tikintiyə, sənətkarlığa
dair nümunələr onu deməyə əsas verir ki, bu
şəhərin yerləşdiyi ərazinin mədəni təbəqəsinin
qalınlığı burada tarix boyu baş verən dəyişiklikləri
izləməyə şərait yaradır, imkan verir. Ona görə
də arxeoloqlar şəhər ərazisini
bir neçə qazıntı sahəsinə
ayırıblar və hər sahə üzərdə əldə
olunan, tapılan nümunələr həm
ayrılıqda öyrənilir, həm də müqayisəli
şəkildə. Həmin nümunələrin əsasında
çıxarılan qərar, daha doğrusu, qənaət də
bundan ibarətdir ki,
istər Azərbaycanın, istərsə də Cənubi Qafqazın
tarixində özünəməxsus rol
oynamış Örənqala şəhəri həm iqtisadi, həm də mədəni həyatı
ilə həmişə diqqət mərkəzində olubdu. Tarixçi alim Q.Əhmədovun fikirlərilə söylədiklərimizi
ifadə etsək, onda deyə bilərik ki, "xüsusilə XII-XIII əsrin əvvəllərində
burada çox böyük canlanma olmuşdu. Bu şəhər
təxminən özünün on əsrlik mövcud olduğu dövrdə Azərbaycanın və
bütün Cənubi Qafqazın iqtisadi və mədəni həyatında mühüm rol
oynamışdı".
Bəli, bu gün Beyləqan rayonunun Kəbirli kəndi ərazisində yerləşən Örənqala şəhərinin həm adı, həm burada tapılan maddi-mədəniyyət nümunələri böyük maraq doğurur. Və bu maraq da alimləri həmin o ünvana tələsdirir. Bunun da bir səbəbi ərazinin Azərbaycan tarixi üçün bir əsaslı mənbə, fakt üçün böyük önəm kəsb etməsidi. Ona görə də AMEA-nın Tarix İnstitutunun arxeoloqları digər ərazilərimiz kimi son dərəcə sirli və maraqlı olan Örənqalanın alt qatlarına işıq salmağa çalışırlar. Düşünürük ki, aparılan axtarışlar öz faydasını verəcək və bu da tariximizin zənginləşməsində, özümüzün özümüzü tanımağımızda, düşəmənə tutarlı cavab verməyimizdə əsas faktlardan, silahlardan biri olacaqdı.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2019.- 9 iyul.- S.7.