“MƏMMƏD KOXA”

 

Sizə təqdim etmək istədiyim kitabı şair Əyyub Paşa mənə təqdim edib. Aftoqrafla bağışlanmış bu kitabın müəllifi də elə Əyyub Paşadı. Açığını deyim ki, Əyyub Paşanın yaradıcılığına müəyyən qədər bələdəm. Və onunla olan bir neçə atüstü görüşlərimizdən də bilirəm ki, sözə, şeirə həssaslıqla yanaşan Əyyub Paşa doğuldiği bölgənin, yəni Qazaxın digər şair ruhlu insanları kimi poeziyaya xüsusi diqqət və sayğıyla yanaşır. Sözü sözdən seçməyin, sözün laylarına məharətlə nüfuz etməyi bacarır. Bax, bu mənada "Məmməd Koxa” kitabı da elə Əyyub Paşanın söz məharətinin yaxşı bir nümunəsidir. Necə deyərlər, bu yerdə adamın yadına ataların müdrik bir kəlamı düşür. Əgər xatırlayırsınızsa, dilimizdə "koxanı gör, kəndi çap” kəlamı var. Yəni bu kəlamı ona görə diqqətə təqdim edirəm ki, Əyyub Paşanın "Məmməd Koxa”sını oxuyan hər kəs onun poeziyasını, şeriyyətini görə və qiymətləndirə bilər. O ki, qaldı Məmməd Koxaya...

Kitabdakı gedişdən məlum olur ki, poemanın qəhrəmanı Məmməd Mahmudov 1069-cu ildə Qazax mahalının Daş Salahlı kəndində doğulub. Mahalın sayılıb-seçilən kişilərindən olan Mahmud Mahmudovun ailəsində dünyaya gələn Məmməd 18 yaşında artıq hamı tərəfindən sayılıb sayqı və sevgiylə qarşılanırdı. Onun təşkilatçılığı ilə böyük xeyriyyə tədbirləri gerçəkləşdirilirdi. Ona görə də artıq 18 yaşında Məmməd kəndə koxa seçilmişdi. 1917-ci ildə isə dövrünün sayılan ziyalılarından biri olan Cahangir bəy Şıxlinskinin namizədliyi ilə Məmməd Mahmudov qubernator seçilir. Rusiyada baş verən hadisələrin təsir dairəsi genişləndikcə əyalətlərdə də vəziyyət nəzarətdən çıxırdı. Məhz belə bir vaxtda Gürcüstandan Azərbaycana qarşı iddialar artır, pozucu və işğalçı meyllər güclənirdi. Gürcü menşevikləri dəfələrlə Qazaxa işğalçı basqınlar təşkil etmiş, kəndləri çapıb talamağa, əhaliyə işgəncələr verməyə başlamışdılar. Təbii ki, onların arxasında imperiya dayanırdı. Belə bir vaxtda qubernator kimi Məmməd Koxa könüllülərdən ibarət dəstə ilə ərazini qorumağa çalışırdı. Lakin onun qəhrəmanlıqları böyük güclər qarşısında bütün istəkləri gerçəkləşdirə bilmədi. Oktyabr inqilabından sonra isə, yəni 1920-ci ildə ən yaxın silahdaşları ilə birlikdə Türkiyəyə gedən Məmməd Koxa 1926-cı ildə vətəni Qazaxa qayıdır. Xalq düşməni kimi həbs olunub Sibirə sürgün edilən Məmməd Koxa 1933-cü ilə kimi sürgündə qalır. Həmin il cəza müddəti başa çatıb yenidən Qazaxa dönən Məmməd Koxa doğma kəndində dünyasını dəyişir və öz kənd qəbiristanlıqlarında da dəfn edilir. Poemanın müəllifi Əyyub Paşa bir şair və bir eloğlu təəssübkeşliyi ilə Məmməd Mahmudovun bədii-sənədli obrazını yaratmaq üçün tarixi faktlara istinad edib. Həmin tarixi faktlara bir az da bədiilik qatan müəllif poemanın oxucu marağının oxucu sevgisini əhatə dairəsinə çıxara bilibdi. Poemanı oxuduqca sanki Məmməd Koxanın bütün həyatını izləmiş olursan.

Mən poemanın əsas məğzini diqqətə çatdırmaqla xüsusi vurğulamaq istərdim ki, bu əsər həm də bir tarixi şəxsiyyətin ucaldılan söz abidəsidir. Ona görə də qubernator olmağına baxmayaraq, səfərdə ordu başçısı kimi də elin igidlərini bir araya gətirən yurdu, dinc sakinləri qorumaq üçün ölümdən qorxmayan bir Azərbaycan oğlunun şücaəti qibtəediləcək marağa yol açır. Həm şeir dili, həm də qəhrəmanın bəlli cizgiləri poemanın uğurlu alınmasına səbəb olur. Həm də bu poemada sapı özümüzdən olan baltaların da "xidmətləri” bəlli olur.

Əyyub Paşanın vəsf ediyi "Məmməd Koxa”, onun "Dilboz” atı, eləcə də doğulduğu məkan elə ifadələrlə oxucu yaddaşına köçürülür ki, bundan ancaq məmnun olmaq mümkündür. Məsələn:

 

Aylar keçib dolansa il,

Vətən yaddan çıxan deyil.

Ey vətəndən küsən cahil,

Anar səni, anar Vətən!

 

Və yaxud:

 

Vətənsiz olmasın çiçək də, daş da,

Etibar görəydi qardaş qardaşda.

Əvvəlsiz, axırsız olan savaşda

Mən necə yaşayım, qocalım, Dilboz?

Mənsizdi el-obam, mahalım Dilboz.

 

Və yaxud:

 

Yadigarı "Qara bulaq”,

Yola saldı neçə qonaq...

Başına buxara papaq,

Ürəyi pak, qəlbi yuxa –

El igidi Məmməd Koxa!

 

Sonda bir daha xatırlatmaq istərdim ki, beş fəsildən ibarət olan bu poema Əyyub Paşanın Azərbaycanın bir xalq qəhrəmanına ucaltdığı abidə kimi söz dünyamızda yaşayacaqdı. Axı deyilən söz yadigardı. Bu mənada Əyyub Paşanın "Məməd Koxa”sı mübarək olsun!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2019.-9 iyul.-S.6.