50 İLDƏN SONRA GÖRÜŞ

 

Tələbə qızlarımıza

 

Sizi tanıyıram qüburunuzdan,

Rəngləri soluxmuş qızıl güllərim.

Keçə bilmirsiniz qürurunuzdan,

Gözləri doluxmuş qızıl güllərim.

 

Biçilmiş sünbültək necə də dən-dən,

Ömrün dəyirmanı üyüdüb bizi,

Baxan həsrət ki var gözlərinizdən,

Böyüyə-böyüyə böyüdüb bizi.

 

Gün vurub qurumuşəllərinizdən,

Tuturam, gedirəm ötən illərə.

Xatirə söyləyən dillərinizdən,

Nur düşür yadımda bitən illərə.

 

Payızda sarıya, yaşıla çalan,

Telləri görünən yarpaq kimisiz.

Əkilib-biçilib, dincini alan,

Məhsul vaxtı keçən torpaq kimisiz.

 

Təsəvvür eləyə bilmirəm sizi,

Kiminsə anası, nənəsi kimi.

Sıxaq qədəhlərə ürəyimizi,

Bu dəfə, gəlin, nar dənəsi kimi.

 

Qədəhlər toqquşsun baxışlar kimi,

İşıqda bərq vuran naxışlar kimi,

Dərisi, qabığı soyulub gedən,

Çölündən, içindən oyulub gedən,

Kökü pöhrələyən ağac eşqinə

Tutaq qəlbimizi başımız üstə!

Əl verib inama, imana, dinə,

Gedək, yallı gedək yaşımız üstə!

 

Bərk tutun, bərk tutun qürurunuzdan,

İşıqtək saçılın, qızıl güllərim!

Sizi tanıyıram qüburunuzdan,

Açılın, açılın, qızıl güllərim!

 

Sinif otağında söhbətlər çox maraqlı oldu.Hamı özü haqqındaqısa məlumat verirdi.Ən maraqla qarşılanan Səlahəddin Həbibullayevin məlumatı oldu. Səlahəddin orta məktəb illərində ən yaxşı oxuyan, əlaçı şagird idi. Hazırda isə o, Azərbaycan Aviyasiya Akademiyasının professorudur. Çoxlu sayda elmi əsərin, kitab və məqalələrin müəllifidir. Müəllimlərimizdən Sabir müəllimin bir sözü yadıma düşdü. O, bir atalar məsəlini Səlahəddinə məktəb illərində demişdi. "Fərli cücə yumurtasında cibbildəyər”. Səlahəddin öz biliyi, savadı, əxlaqı və mədəniyyəti ilə həm müəllimlərin həm də valideynlərinin etimadını doğrultmuşdu.

 

Sonra sinif yoldaşlarımızdan Xalidə Məmmədovaya söz verildi. Qüdrətlə Xalidə sinfimizdə ilk məhəbbətlərinə sadiq olub ailə quran yeganə cütlük olublar.Çoxları özünün ilk məhəbbətini talehin ixtiyarına buraxıb. Mən də elələrindən biriyəm. Tanrı isə bəxt yazanda elə yazıb ki, sevgililərin hərəsi ölkənin bir tərəfinə düşüb. Bu yerdə Məmməd Araz yadıma düşdü:

 

Biz, talehin əllərində cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin, dünya mənim, dünya heç kimin!

 

Vaqif Aslan isə "İlk məhəbbətim,, şeirində belə deyib.

 

 

İLK MƏHƏBBƏTİM

 

Bulaqsan, gözümdən axırsan mənim,

Tüstüsən, təpəmdən çıxırsan mənim,

Dustaqsan, könlümdən baxırsan mənim,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

 

Sən-ciyər yanğısı, sən-sinəmdə dağ,

Yaxşısan, yamansan, mənimsən ancaq,

Üzümə çırpılan şillə, şapalaq,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

 

Sən gah sevinc oldun, gah fəryad, gah ün,

Kaş ki, dağılaydı mən doğulan gün,

Sən-cavan ömrümə vurulan düyün,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

 

İlk dəfə heyrətdən çatılan qaşım,

Oşalanan qolum, əyilən başım,

Sən-vaxtsız yıxılıb qalan başdaşım,

Ay ilk məhəbbətim, ilk məhəbbətim.

 

Təbiidir ki, bu şeir ilk məhəbbət həsrəti ilə yaşayanlara aiddir. Qüdrətlə Xalidə xanım Allahın xoşbəxt bəndələridir, onlar heç vaxt həsrət acısı dadmayıblar. Mən onların hər ikisinə və övladlarının ailələrinə bol-bol xoşbəxtlik arzulayıram.

Xalidə xanım Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsinin məzunudur və mənim ən hörmətli kolleqamdır. Xalidə xanım bir təklif etdi. Dedi ki, bizim orta məktəb yoldaşlarımızdan və müəllimlərimizdən dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Hamımız hörmət və ehtiramla onların xatirəsini yad etdik. Onların arasında rəhmətlik Əlihüseynin faciəli ölümü məni həmişə yandırır. Bu anda Türk dünyasının böyük şair oğlu, əslən Qax rayonunun Oncallı kəndindən olanvə həmin kəndin ,,Oğuz,, qəbristanlığında dəfn edilən Yunus İmrənin 700 il qabaq yazdığı şeirdən bir bəndi xatırladım:

 

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun.

Bizdən ötrü xeyir-dua

Qılanlara salam olsun.

 

Mənə elə gəldi ki, biz belə yad etməklə onlarla salamlaşdıq, ruhları çox şad oldu və onlar da bizə salam verdilər.

Sonra şəhərimizdə tanınan müəllimə qızlarımız hazırda Şəki təhsil şöbəsinin baş metodisti Firəngiz İbrahimova, çox hörmətli, yüksək səviyyəli tarix müəllimi Esmira Həmidova, Fransız dili müəllimi Mehriban Əsgərova, məşhur İngilis dili müəllimi Cavahir Mehdiyeva, hazırda Bakıdakı 80 nömrəli məktəbdə Rus dili müəllimi işləyən Liza xanım Nəsrullayeva öz həyatları, ailələri haqqında məlumat verdilər. Bizim sevimli, xüsusi istedadı olan müəllimimiz, həm də o vaxt məktəbin tədris-hissə müdiri olmuş Paşa Həmidovun oğlu, sinif yoldaşımız Mahir Həmidov, şəhərimizin bir nömrəli musiqiçisi, tar, saz və qitara ifaçısı Vaqif Mustafayev, məşhur fotoqraf Vaqif Paşayev, ali savadlı, təcrübəli mühəndis Oqtay Abbasov , sadə peşə adamı, ömrü boyu əlinin zəhməti ilə halal çörək qazanan, soyuducular və bir çox elektrik avadanlıqlarının təmiri ustası işləyən, uzun illər Rusiyada yaşayan və məxsusi olaraq bu görüşə gələn Sabir Səlimov öz həyatları və ailə vəziyyətləri haqqında məlumat verdilər. Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Qüdrət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşəkar, təcrübəli tikinti mühəndisi Məhərrəm Nemətov,hazırda Mingəçevir şəhərində yaşayan və orada elektrik yarım stansiyasında mühəndis işləyən Yusif Abdullayev öz həyat yolu və ailələri haqqında maraqlı epizodlar danışdılar. Onu da qeyd etmək istəyirəm ki, bizim bəzi yoldaşların tapılmasında Məhərrəm Nemətovun da çox zəhmətləri olub.

Mənim iki oğlum, iki qızım var. Ziyafət xanım danışana qədər elə bilirdim məndən çox övladı olan yoxdur. Amma Ziyafət Rəhimova danışanda qeyd etdi ki, 5 övladı, 10 nəvəsi var. Bu bizim sinifdə hələlik və yəqin ki, həmişəlik rekord göstəriciolacaqdır. İnanmıram ki, bundan sonra kimsə bu rekordu təzələyə bilsin. Olsa da nəvə sayında artım ola bilər. Bu isə övladların fərasətindən asılıdır.

Bizim sinif yoldaşlarımızın arasında Dilarə xanımın söhbəti daha səmimi və orijinal oldu. O, böyük məhəbbət həsrəti ilə yaşayanlara elə bir mətinlik, mübarizlik dərsi dedi.

Dilarə xanım müstəqil həyatının ilk illərinin çətinliklərindən danışdı. Dedi ki, ,,-İlk və son məhəbbəti olan indiki həyat yoldaşı ilə aralarındakı sevgi yüksəldikcə problemlərlə qarşılaşırdıq. Sevdiyim oğlanın heç tam orta təhsili yox idi. Atam isə Şəkidə tanınan, nüfuzlu, imkanlı, ağır xasiyyətli bir kişi idi. O, məni belə təhsilsiz oğlana verməyə razı olmurdu. İlham öz üzərində işləyib, hazırlaşıb texnikuma daxil oldu. Sonra ali təhsil də aldıvə hətta bundan sonra İqtisadiyyat Universitetində müəllim də işlədi. Azərbaycanın müstəqillik illərində öz işgüzarlığı, böyük həyat təcrübəsi ilə Hacı İlhamın işləri sürətlə inkişaf etdi. Biznes fəaliyyətini ildən- ilə təkminləşdirdi. "Billur İlham” hazırda ölkəmizdə tanınan bir sahibkardır və hörmətli bir ziyalıdır. Biz onunla qarşılıqlı sevgi, inam və etibarla hər şeyə nail olmuşuq. Bu gün övladlarıma, nəvələrimə, tanışlara tövsiyyə edirəm ki, harda qarşılıqlı sevgi, hörmət, ehtiram varsa, orada ən çətin işin öhdəsindən layiqincə gəlmək olar və sizin hamınıza,əzizlərinizə sevgi ilə yaşamağı arzulayıram.,,

Hamı onu alqışladı.

Yenə şair dostum Vaqif Aslanın bir şeiri yadıma düşdü.

 

Məhəbbətdən artıq dövlət, var olmaz,

Dövlət əmanəti, var əmanəti.

Sevməyən adamda etibar olmaz,

Yar bilir ki, nədir yar əmanəti...

 

Sinfimizin ən hörmətli qızlarından biri, həm əlaçı, həm də yüksək səviyyəli əxlaqı, mədəniyyəti olan Talehə xanım və onun özü kimi ləyaqətli, qeyrətli əri olan Əli bəy , Firəngiz Ağayeva və onun həyatyoldaşı Ələsgər haqqında da geniş məlumat aldıq. Belə uyğun olan cütlüklər hər zaman alınmır. Mən həmişə özümə bacım bildiyim Talehə xanıma və qızlarımızın hamısına ən yüksək səviyyədə xoşbəxtlik arzulayıram. Tanrıya şükürlər olsun ki, onlar belə xoşbəxt həyat yaşayırlar. Allah onları-həyatını sevgi ilə yaşaya bilənləri pis gözlərdən qorusun.

Təxminən 4 saata qədər məktəbdə olduq. Heç kim xatirələrlə dolu olan sinif otağından çıxmaq istəmirdi. Axırda Dilarə xanım dedi ki, ay uşaqlar ,,Narın Qala,, da bizi gözləyirlər, durun gedək söhbətimizi orada davam etdirək. Biz maşınlara əyləşib Şəkinin şimalına ,,Narın Qala,,ya getdik. Orada gölün kənarında çay süfrəsində söhbətimizi davam etdirdik. Sonra ikinci mərtəbədəki böyük zalda yemək süfrəsi başına yığıldıq. Sözümüz –söhbətimiz yenə məktəb illərindən oldu. Sinif yoldaşımız Fatma Kərimova da gəlib çatmışdı.

Görüşümüz çox faydalı, mənalı oldu. Həmin gün biz bu dünyanın dərdindən, kədərindən bir qədər uzaqlaşıb uşaqlaşdıq, həm də özümüzün ömür yollarunu nəzərdən keçirib xeyli kamilləşdik. Uşaqlıq, gənclik illərimizi yada saldıqca məsunlaşıb kövrəldik. Bu düşüncələr arasında öz həyatımızı kino lenti kimi gözdən keçirib edə bilmədiklərimizi, səhvlərimizi anladıq. Heyf ki, ömür insana bir dəfə verilir. Bir daha əmin olduq ki, insanı yaşadan sevgidir. Uzun ömür sürüb xoşbəxt yaşayanlar ancaq sevgi ilə yaşayanlardır. Mən bu günlərdə onun bir daha şahidi oldum.

 

 

Çingiz Ənvəroğlu.

,,Qızıl Qələm,, mükafatı laureatı.

Şəki, 28 iyun 2019-cu il

 

Ədalət.- 2019.- 9 iyul.- S.5.