"Azğınlaşmış Ermənistan
bizə torpaqlarımızın hərbi yolla azad
olunmasından başqa alternativ buraxmır"
"Prezident
İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatlarda,
yüksək səviyyəli müxtəlif sammit və
konfranslarda, görüşlərdə böyük diplomatik
ustalıqla Azərbaycanın milli maraqlarını qətiyyətlə
ifadə edir, qoruyur, xarici siyasət, diplomatiya və beynəlxalq
hüquq sahəsində bugünkü nailiyyətlərində
onun böyük xidmətləri danılmazdır"
Bu il
müstəqil Azərbaycanımızın müstəqil
diplomatiyasının yaranmasının 100 ili tamam olur. Azərbaycan
Xalq Cümhuriyyəti qurulan kimi gənc müstəqil ölkəmizi
tanıyan dövlətlərdə təmsilçilərimiz,
diplomatlarımız fəaliyyətə başladılar. 100
illiyini qeyd edən Azərbaycan diplomatiyası ağır və
şərəfli yol keçib. Bu şanlı
tariximizi vərəqləmək, ADR dövrünün və
ikinci dəfə müstəqilliyimizi bərpa etdiyimiz
müasir dövrdəki diplomatiyamızla bağlı ölkəmizi
3 ölkədə - Serbiyada, Monteneqro, Bosniya və Herseqovinada
təmsil edən səfir Eldar Həsənovla müsahibədə
iyulun 9-da 100 illiyini təntənə ilə qeyd edəcəyimiz
Azərbaycan Diplomatiyasının keçdiyi şanlı yola
nəzər salınıb:
- Eldar müəllim, dövlətçilikdə
diplomatiyanın aparıcı və əsas rolu nədən
ibarətdir?
-
Bildiyiniz kimi, diplomatiyaya sonradan gəlmişəm, lakin bu sahədə
20 illik fəaliyyət təcrübəmə söykənərək
suallarınızı cavablandırmağa
çalışacağam. Diplomatiya anlayışı
beynəlxalq münasibətlər sahəsində bəlkə
də ən sadə və eyni zamanda mürəkkəb
anlayışlardan biridir. Bir qayda olaraq, diplomatiya dövlətin
xarici siyasət vasitəsi kimi qəbul olunur. Müstəqil
dövlətin diplomatiyası beynəlxalq aləmdə
maraqların müdafiə edilməsi, onun mövqeyinin möhkəmləndirilməsi,
təbliği, təmsil edilən ölkənin yaxından
tanınması, danışıqlar yolu ilə beynəlxalq əlaqələrin
qurulması, səfərlər və beynəlxalq konfranslarda
iştirak, xarici dövlətlərin
nümayəndələrinin qəbulu, səfərlər vasitəsi
ilə diplomatik fəaliyyətin həyata keçirilməsi,
maraqlara cavab verən beynəlxalq və regional təşkilatlara,
konvensiyalara qoşulma, onlarla əməkdaşlıq,
müqavilə-hüquq bazasının genişləndirilməsi
məsələlərini vəzifə olaraq
qarşısına məqsəd qoyur. Azərbaycan
“Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana
Konvensiyası”, BMT nizamnaməsi, beynəlxalq hüququn
ümumtanınmış norma və prinsipləri, beynəlxalq
təşkilatların qəbul etdiyi sənədlər,
ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, eləcə
də 2001-ci il “Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının
Qanunu” əsasında milli və dövlətçilik
maraqlarına uyğun olaraq xarici siyasət strategiyası
üzrə öz diplomatik fəaliyyətini davam etdirir. Məmnuniyyətlə
bildirmək istərdim ki, hazırda diplomatik xidmət
haqqında yeni qanun layihəsinə baxılır, yaxın
zamanlarda tezliklə bu qanuna əlavə və dəyişikliklər
qəbul olunacaqdır.
- Azərbaycan diplomatiyası və
onun tarixi haqqında nə deyə bilərsiniz?
- Tarix boyunca Azərbaycan diplomatiyası suveren dövlətin əsasları və nüfuzunun möhkəmləndirilməsi prosesində formalaşma mərhələlərindən keçib və bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycanın layiqli yer tutması, düşünülmüş, milli maraqları nəzərə alan xarici siyasət aparması bilavasitə diplomatiyanın xidmətlərinin nəticəsidir. Azərbaycan diplomatiyası zəngin bir tarixə malikdir. Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin xarici siyasət fəaliyyəti Azərbaycan diplomatiyasının şanlı səhifələrindəndir. Qeyd etmək lazımdır ki, mühüm geosiyasi və strateji mövqeyi, habelə tarixi böyük İpək yolu üzərində yerləşməsi Azərbaycanı hər zaman müxtəlif dövlətlərin maraqlarının toqquşduğu və onların gərgin mübarizəsinin aparıldığı meydana çevirmişdir. XV əsrdə, bu gün də olduğu kimi, Azərbaycan Uzun Həsənin Ağqoyunlu dövlətinin hakimiyyəti illərində Şərq və Qərb arasında strateji körpü rolunu oynamışdır. O zamanlar bütün Şərqdə yeganə qadın diplomat – Uzun Həsənin anası Sara Xatun bu prosesdə əvəzolunmaz xidmətləri ilə seçilmişdir. Uzun Həsənin anası Qərbdə də tanınırdı, xarici ölkələrin səfirləri ona hər zaman hörmət və ehtiramla yanaşırdılar.
O zaman diplomatik fəaliyyət göstərən Azərbaycan ərazisindəki xanlıqlar təəssüflər olsun ki, müxtəlif səbəblərdən vahid dövlət kimi birləşə bilmədilər. Ağır da olsa, sonralar Azərbaycanın məcburən çar Rusiyasının tərkibində olduğu dövrdə müstəqil diplomatik fəaliyyətin həyata keçirilməsi mümkünsüz olmuşdur.
- Ölkəmiz ötən il Azərbaycan
Demokratik Respublikasının yaranmasının, bu il isə AR
Diplomatik Xidmətinin 100 illik yubileyini qeyd edir. Bu böyük
bir tarixi hadisə barədə nə deyərdiniz?
-
Əlbəttə. Bu bizim şərəfli və tarixi
yubileylərimizdəndir. Ötən il biz Şərqdə ilk
demokratik dövlətin – Azərbaycan Demokratik
Respublikasının (ADR) yaranmasının 100 illiyini qeyd etdik.
Zaqafqaziya Seyminin dağılması nəticəsində ADR 28
May 1918-ci ildə öz müstəqilliyini elan etdi. Yalnız
bundan sonra diplomatik fəaliyyət bərpa edildi.
Qısamüddətli mövcudluğuna baxmayaraq, məhz həmin
dövrdə əsas dövlət qurumları, o cümlədən
Xarici İşlər Nazirliyi yaradıldı.
Azərbaycan
diplomatiyasının 100-cü ildönümü deyəndə,
biz dövlətimizin peşəkar diplomatik xidmətinin 9 iyul
1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Xarici
İşlər Nazirliyinin yaradılmasına dair qərarın
qəbul edilməsindən ötən müddəti nəzərdə
tuturuq. Bu tarixi fakt əsasında Azərbaycan
Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Fərmanı
ilə 9 iyul Azərbaycan diplomatlarının peşə
bayramı elan edilmişdir. Bu münasibətlə
dünyanın mütləq əksər ölkələrində
istər diplomatik nümayəndəliklərimiz, istərsə
də diaspora təşkilatlarımız tərəfindən
təntənəli yubiley tədbirləri həyata
keçirilir.
O
zaman milli hakimiyyətin möhkəmlənməsi, dövlət
strukturları və nizami ordunun yaradılması ilə
yanaşı, gənc Azərbaycan hökumətinin
qarşısında duran ən vacib diplomatik vəzifə –
Birinci dünya müharibəsində qalib gəlmiş
müttəfiq dövlətlər tərəfindən təşkil
olunan Paris sülh konfransında iştirak etmək və Azərbaycan
dövlətinin dünya birliyi tərəfindən
tanınması idi. Nəhayət, böyük çətinliklərdən
sonra Xarici İşlər naziri Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə
heyəti Paris sülh konfransında iştirak etmək
hüququnu qazanmışdır. Habelə 1920-ci ilin 11
yanvarında Paris Sülh Konfransında Azərbaycan
diplomatiyası özünün ən vacib uğurunu əldə
etmişdir – Versal Ali Şurasını təşkil edən
müttəfiq ölkələr yekdilliklə Azərbaycan
dövlətini tanımışdır. Azərbaycan
Demokratik Respublikasının müstəqilliyinin Paris Sülh
Konfransında tanınması Azərbaycan hökumətinin, Məmməd
Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan
bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Məhəmmədhəsən
Hacınski, Yusif Vəzir Çəmənzəminlinin, xüsusilə
də Azərbaycan nümayəndə heyətinin uğurlu
xarici siyasəti sayəsində mümkün olmuşdur.
Dövlətin
tanınması Azərbaycanın nümayəndə heyətinə
Versal Ali Şurasının müxtəlif, o cümlədən
hökumət başçıları səviyyəsində
keçirilən iclaslarında rəsmən iştirak etmək,
öz hüquq və ehtiyacları haqqında
danışıqlar aparmaq imkanını vermişdir. Azərbaycan nümayəndə heyəti o
dövrün beynəlxalq səhnəsində həlledici təsirə
malik olan məşhur siyasi xadimləri – Lloyd Corc, Klemanso, Lord
Kerzon, Çörçil, Foş, Vilson və digərləri
ilə Paris Sülh Konfransının Ali Şurasının
iclaslarında müzakirələr aparmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri və məharətli
diplomatları öz fəaliyyətləri ilə Azərbaycan
tarixinin ən parlaq səhifələrini yazmışlar.
Azərbaycan
diplomatiyası ilk addımlarını atarkən – 1919-cu ildə
Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ,
Böyük Britaniya, Fransa, İtaliya, İsveç,
İsveçrə, Belçika, İran, Polşa və
Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət
göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın
Gürcüstan, İran, Türkiyə, Ukrayna və başqa
ölkələrdə diplomatik nümayəndəlikləri və
baş konsulluqları mövcud idi.
1919-cu ilin ortalarında yaranmış beynəlxalq vəziyyət, eyni zamanda, bolşeviklərin Rusiyada təsirinin güclənməsi Azərbaycan hökumətindən çevik xarici siyasət aparmağı tələb edirdi. Bu zaman Azərbaycan hökuməti aparıcı dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurmaqda maraqlı olduğunu nümayiş etdirir, onlar tərəfindən ölkənin müstəqilliyinin tanınması üçün ciddi cəhdlə çalışırdı. 1918–1920-ci illərdə aparılan xarici siyasət Azərbaycanın dünyada sivil, demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Təəssüf ki, Azərbaycanın müstəqilliyinin tanınması məqsədilə diplomatik səylər göstərilən bir dövrdə bolşeviklərin tədricən güclənməsi məsələni daha da çətinləşdirirdi. 1920-ci ilin yanvar–aprel aylarında çar Rusiyasının Azərbaycana etdiyi ardıcıl müdaxilə, təzyiqlər və həmlələr vəziyyətin mürəkkəbliyindən xəbər verirdi. 1920-ci ilin aprel ayının sonlarında Azərbaycanda siyasi vəziyyət olduqca gərginləşdi. Ermənilərin müsəlman kəndlərinə silahlı hücumları, Sovet Rusiyasının Qırmızı Ordusunun cənub istiqamətində hərəkəti göstərilən müqavimətə baxmayaraq böhrana gətirib çıxardı ki, bunun nəticəsində də aprel ayının 28-də AXC bolşeviklər tərəfindən zorla ələ keçirilərək süquta uğradı.
Azərbaycanın
SSRİ-nin tərkibinə daxil edilməsi ilə
diplomatiyanın tarixində tənəzzül dövrü
başlandı. Müəyyən
formallıqlar istisna olmaqla, 1991-ci ilədək Azərbaycanın
müstəqil diplomatik fəaliyyəti olmadığından,
bu barədə şərhə ehtiyac qalmır. Sovet
dövründə də Azərbaycanın Vəfa Quluzadə,
Ramiz Abutalıbov, Elman Araslı, Hüseynağa Sadıqov, Vəhdət
Sultanzadə və digər tanınmış diplomatları
var idi.
- Müstəqilliyin bərpasından
sonra Azərbaycan diplomatiyası necə inkişaf etmişdir?
- XX əsrdə müstəqillik yolunda apardığı mübarizə nəticəsində, o cüm-lədən sovetlər birliyinin dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycanın qarşısında dövrün tələblərinə cavab verən xarici siyasət kur-sunun müəyyənləşdirilməsi və onun həyata keçirilməsi üçün diplomatik fəaliyyətin əsaslandırılmış konsepsiyasının formalaşdırması məsələsi dururdu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz dünya dövlətləri tərəfindən tanındı və Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və başqa beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu. Həmin dövrdə Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyət çox gərgin idi, XX əsrin əvvəllərində olduğu kimi, ölkənin müstəqilliyi yenidən daxildən və xaricdən ciddi təhlükələrlə üzləşmişdi. Belə bir mürəkkəb və-ziyyətdə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı və dəstəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün strukturlarının, o cümlədən Xarici İşlər Nazirliyinin milli və müstəqil dövlət maraqlarına söykənən aktiv xarici siyasət fəaliyyəti başlandı. Azərbaycanın xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi. Geosiyasi reallığı dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasının işlənib hazırlanmasına birbaşa rəhbərlik etdi: bu, milli maraqları aydın və dəqiq müəyyənləşdirmək; qarşılıqlı faydalı əməkdaşlıq və daxili işlərə qarışmamaq prinsipləri əsasında qonşu dövlətlərlə və dünya ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərini qurmaq; uzunmüddətli uğurlu diplomatiya həyata keçirməklə enerji və nəqliyyat infrastrukturlarının davamlı inkişafına nail olmaq; xarici siyasətin manevr imkanlarını və strategiyasını genişləndirmək; ən başlıcası Ermənistanın Azərbaycana təcavüzü və işğalı məsələsini beynəlxalq müstəviyə gətirmək, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqlərin artırılmasına nail olmaq, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin etməkdən ibarət idi. Azərbaycan öz inkişafında dünya sivilizasiyasının ümumi qəbul edilən dəyərlərini rəhbər tutur. Ona görə də ölkəmizin xarici siyasəti dünya birliyi dövlətləri ilə bərabərlik və qarşılıqlı faydalı münasibətlərin qurulmasına, həmçinin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəldilib. Bu gün Azərbaycan davamlı inkişaf edən, iqtisadiyyat, enerji, nəqliyyat və infrastruktur sahələrində uğurlara nail olmuş sabit bir ölkədir.
Bu
gün Azərbaycan Respublikası da öz xarici siyasətində
qonşu dövlətlərlə və bütövlükdə
dünya birliyi ilə ikitərəfli və çoxtərəfli
əsasda dostluq münasibətlərinin inkişaf etdirilməsini,
regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin
gücləndirilməsini xarici siyasətinin təməl məqsədlərindən
biri kimi müəyyən edib. Ölkəmiz xarici əlaqələrinin
coğrafiyasını əhəmiyyətli dərəcədə
genişləndirmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaşa
çevrilmişdir. Azərbaycan ətrafında xoşməramlı
regional əməkdaşlıq mühitinin yaradılması,
regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın
təşviq edilməsi kimi məqsədlərə xidmət
edir.
Azərbaycan
öz milli maraqlarını həyata keçirmək
üçün iqtisadi və siyasi imkanlarından məharətlə
istifadə edir, həmçinin regional və qlobal mövqelərini
möhkəmləndirir. Ölkəmiz
bütün regional məsələlərdə və
regiondakı strateji əhəmiyyətli layihələrdə
mühüm və həlledici söz sahibidir. Müstəqil
Azərbaycanın dövlət başçısı tərəfindən
müəyyənləşdirilən xarici siyasəti həyata
keçirən Azərbaycan Xarici İşlər Nazirliyi
olduqca dinamik fəaliyyət göstərən bir quruma
çevrilmişdir. Azərbaycan mürəkkəb bir regionda
yerləşir, həll edilməmiş münaqişəyə
malikdir və bütün bunlar bir sıra məsələlərdə
Xarici İşlər Nazirliyinin diplomatlarına olan tələbləri
daha da artırır.
Ötən
28 il ərzində Azərbaycan dünyanın 181 ölkəsi
ilə diplomatik əlaqələr qurub və hazırda ölkəmizin
59 səfirlik, beynəlxalq təşkilatlar yanında 6 daimi
nümayəndəlik, 9 diplomatik ofis, 9 baş konsulluq və 13
fəxri konsulluğu fəaliyyət göstərir. Hazırda
Bakıda 64 səfirlik, 4 konsulluq, 12 fəxri konsulluq və beynəlxalq
təşkilatların 16 daimi nümayəndəliyi fəaliyyət
göstərir. Xaricdə Azərbaycan Respublikasının
diplomatik nümayəndəliklərinin daha da genişləndirilməsi
işi davam edir. Bunun son nümunəsi Bakıda bu il
Monteneqronun diplomatik nümayəndəliyinin
açılmasıdır.
Tarix
və obyektiv təhlil göstərir ki, hər ölkə
suverenliyi qorumaq və müstəqil xarici siyasət aparmaq
qabiliyyətində deyil. Azərbaycan suveren dövlət
olaraq, müstəqil xarici siyasət yürüdür. Ölkəmiz
heç bir hərbi-siyasi bloka qoşulmayıb. Nəticədə
Azərbaycan regionda təhlükəsizliyi yaradan və onu
qoruyanlardandır. Bu fakt aydın və aşkardır. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatlarda,
yüksək səviyyəli müxtəlif sammit və
konfranslarda, görüşlərdə böyük diplomatik
ustalıqla Azərbaycanın milli maraqlarını qətiyyətlə
ifadə edir, qoruyur, xarici siyasət, diplomatiya və beynəlxalq
hüquq sahəsində bugünkü nailiyyətlərində
onun böyük xidmətləri danılmazdır. Bu fəaliyyət
sayəsində beynəlxalq təşkilatlarda Azərbaycanın
mövqeyi nəzərə alınır, hörmətlə
yanaşılır və dəstəklənir, Ermənistanın
təcavüzünü təsdiqləyən sənədlər
qəbul edilir.
- Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
diplomatiyanın rolunu necə qiymətləndirirsiniz?
-
Şübhəsiz ki, Azərbaycanın xarici siyasətinin əsas
prioritetləri arasında ilk yerdə Ermənistan–Azərbaycan
münaqişəsinin ölkəmizin suverenliyi, ərazi
bütövlüyü, sərhədlərin
toxunulmazlığı çərçivəsində beynəlxalq
hüququn norma və prinsipləri əsasında ədalətli
həlli məsələsi durur. Eyni zamanda, Azərbaycan
bu mövqeni danışıqlar prosesində əsas tələb
kimi irəli sürur. Bu gün Azərbaycan diplomatiyası
sivil üsullardan istifadə etməklə, beynəlxalq
münasibətlər sisteminin qaydalarına riayət edərək
fəaliyyət göstərir. Danışıqların
ilk günlərindən etibarən münaqişənin həlli
ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz
qalır. Ölkəmiz bu münaqişənin həllində
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz
çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren
hüquqlarının bərpası, məcburi
köçkünlərin öz tarixi yurdlarına qaytarılması,
Dağlıq Qarabağda kommunikasiyanın bərpası və
sosial-iqtisadi inkişaf üçün şəraitin müəyyən
edilməsi, ölkənin hərtərəfli iqtisadi
inkişafı çərçivəsində sülhün bərqərar olmasını təmin edəcək bir
statusun yaradılması, yəni hüquqi və demokratik proses
çərçivəsində Azərbaycan
Respublikasının tərkibində muxtariyyət əldə
etməklə, Dağlıq Qarabağ regionunda erməni və
azərbaycanlı icmalarının sülh şəraitində
birgəyaşayışını təmin etməkdən
başqa yol görmür. Dağlıq
Qarabağın öz müqəddəratını təyin
etməsi yalnız etnik təmizləmələrə məruz
qalan azərbaycanlıların öz doğma torpaqlarına
qayıtmasından sonra və yalnız Azərbaycanın tərkibində
mümkündür. Azərbaycan öz ərazi
bütövlüyünü heç vaxt müzakirə obyekti
etməyəcək və heç kimə öz
torpaqlarının bir qarışını da verməyəcəkdir.
Münaqişənin həlli üçün
hüquqi və siyasi əsaslar BMT Nizamnaməsində, Helsinki
Yekun Aktında, BMT Təhlükəsizlik Şurasının
822, 853, 874 və 884 saylı qətnamələrində, eləcə
də ATƏT, Avropa İttifaqı, Avropa Şurası və
İƏT-in müvafiq sənədləri və qərarlarında
əks olunmuş beynəlxalq hüquq normaları və
prinsiplərinə söykənir. Bütün bu sənədlər
Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünü, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığını təsdiqləyir. Azərbaycan
münaqişənin sülh yolu ilə həllinə sadiqdir və
münaqişənin ədalətli və davamlı həlli
istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun olaraq işini davam etdirəcəkdir. Bununla
belə, sülh prosesinin uğurla başa çatması erməni
tərəfinin də bu prosesə
bağlılığından və konstruktiv yanaşmasından,
eləcə də beynəlxalq ictimaiyyətin ATƏT-ə
üzv olan bütün ölkələrin, xüsusilə
Minsk qrupuna sədrlik edən ölkələrin düzgün,
obyektiv və ədalətli fəaliyyətindən
asılıdır. Təəssüflə qeyd etmək istərdim
ki, ATƏT-in Minsk qrupu ötən illər ərzində
münaqişənin həlli istiqamətində heç bir irəliləyişə
nail ola bilməyib.
Eyni
zamanda, Ermənistanın çoxsaylı təxribatlarına,
tez-tez dəyişən və qeyri-konstruktiv yanaşmasına
baxmayaraq, Azərbaycan sülh kursundan hələ ki, geri
çəkilməyib. Uzun illər boyunca
xaricdə formalaşmış erməni diasporunun öz
xalqının taleyinə guya yaxından kömək etməsi,
əslində isə əksinə olması, onun sabit, təhlükəsiz
yaşamasına, iqtisadiyyatına, demoqrafik inkişafına,
Ermənistanın regionda həyata keçirilən
irimiqyaslı enerji layihələrindən kənarda qalmasına,
təcridinə yönəlmiş dağıdıcı fəaliyyəti
erməni xalqına böyük zərbə vurur. Həmçinin qatı millətçi təfəkkürünə
malik, tarixi ərazilərimizin işğalında birbaşa
iştirak edən, əli qana bulaşmış Ermənistanın
siyasi hakimiyyətinə rəhbərlik edən canilər,
münaqişənin kökləri, ağır nəticələri
və bu illərdə aparılan sülh
danışıqlarından məlumatsız olan indiki baş
nazir sülh prosesinin mahiyyətini hələ də
düzgün dəyərləndirə bilmir, bu
danışıqların baş tutmasını müxtəlif
bəhanələrlə, uydurmalarla bilərəkdən
uzadır. Sülhə nail olunması Ermənistanın regiona
inteqrasiyasına, erməni xalqının sosial rifahına,
qonşu ölkələrlə əməkdaşlıq
münasibətlərinin qurulmasına əsaslı töhfə
verə bilər. Bununla yanaşı, Ermənistanın
işğalçı, məkrli siyasətinə havadarlıq
edənlər, “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın
daxili işi deyil” deyənlərin Ermənistan–Azərbaycan
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllində
maraqlı olması və onların səmimiyyəti haqqında
ciddi şübhələr doğurur. Azərbaycanın
işğal olunmuş tarixi torpaqlarında yaşayan
müharibə məfkurəsinə malik hər bir erməni
onu da bilməlidir ki, artıq 90-cı illər deyil. Bu gün Azərbaycan müasir hərbi texnika və
avadanlıqlarla təchiz edilmiş, yüksək milli ruh,
döyüş hazırlığı olan nizami orduya,
güclü iqtisadiyyata, ciddi siyasi iradəyə malik
xalqdır, dövlətdir! 2016-cı ilin aprel
döyüşləri dediyimin bariz nümunəsi deyilmi?!
Ermənistan rəhbərliyi açıq və
aydın şəkildə dərk etməlidir ki, Dağlıq
Qarabağ Azərbaycanın əzəli, əbədi
torpağıdır və Azərbaycan xalqı bu
işğalla heç zaman barışmayacaqdır. Əgər
sülh danışıqları bir nəticə verməzsə,
o zaman Azərbaycan BMT nizamnaməsinin 25 və 51-ci maddələrinə
uyğun olaraq, suveren hüquqları əsasında
bütün hüquqi və faktiki vasitələrdən istifadə
edərək öz tarixi torpaqlarını qısa bir müddət
ərzində düşməndən azad edəcəkdir.
Vurğulamaq
lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev işğal olunmuş ərazilərimizin
geri qaytarılması, davamlı sülhə nail olunması
istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun olaraq, ölkəmizin milli, dövlətçilik
maraqlarına söykənən cəsarətli siyasət
yürüdür. Lakin Ermənistanın ələlxüsus
son dövrlərdə sərgilədiyi qeyri-konstruktiv və
dağıdıcı mövqeyi danışıqlar prosesinə
ciddi zərbə vurur.
Hazırkı
peşəm sülhü və dialoqu təşviq etməyi tələb
etsə də, danışıqlar səmərə vermədiyindən,
işğal olunmuş tarixi ərazilərimizdə Ermənistanın
son azğınlaşmış, nümayişkaranə,
saymazyana hərəkətləri və davranışları
bizə torpaqlarımızın yalnız və yalnız hərbi
yolla azad olunmasından başqa, alternativ buraxmır.
- Azərbaycan xarici siyasətini
hansı yeni çağırışlar gözləyir?
- Qlobal iqtisadi böhranın dərinləşməsi və neft qiymətlərinin aşağı düşməsi vəziyyətində dövlətimiz Azərbaycan diplomatiyası qarşısında yeni vəzifələr qoyub. Konkret olaraq, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, istehsal, ixracatın daha da genişləndirilməsi, yeni bazarlara çıxışın təmin edilməsi, xarici yatırımların ölkəmizə cəlb edilməsi, enerji layihələrinin vaxtında başa çatdırılması və istismara verilməsi, nəqliyyat dəhlizlərindən uğurla istifadə olunması nəticəsində ölkəmizin dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsi, tranzit əhəmiyyətinin artırılması nəzərdə tutulur.
Bu hədəflər enerji və nəqliyyat
layihələri ilə milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılmasını və yeni bazarlara
çıxışın əldə edilməsini təmin
edir.
- Müasir Azərbaycan
diplomatiyasının ən mühüm uğurları
hansılardır?
- Bu
illər ərzində Azərbaycan diplomatiyası böyük
uğurlar qazanıb. Həyata keçirilən daxili və
xarici siyasət nəticəsində Azərbaycan dünya
miqyaslı layihələrin təşəbbüsçüsü
və iştirakçısına çevrilib. Bu gün Azərbaycan
bütün istiqamətlərdə öz fəallığı
ilə seçilir. Son 10 il ərzində Azərbaycan əhəmiyyətli
beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkə rəhbərliyi
və diplomatik korpus ən mürəkkəb vəzifələrin
həlli istiqamətində yorulmadan çalışır.
Diplomatiyamızın şübhəsiz, uğurlarından biri 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub. Bu onu göstərir ki, Azərbaycanın fəaliyyəti dünyada bəyənilir və hörmətlə qarşılanır. Ölkəmiz, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib və eyni zamanda, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan “Qoşulmama Hərəkatı”nın üzvüdür və ona 2019–2022-ci illərdə sədrlik edəcəkdir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi töhfələr verərək fəaliyyət göstərir və həmçinin anti-terror koalisiyanın fəal iştirakçısıdır.
Azərbaycanın təşəbbüsü ilə “Bakı prosesi”, Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu və Bakı Humanitar Forumu keçirilir. Bu, Azərbaycanın multikulturalizm, beynəlxalq və dinlərarası dialoq, tolerantlıq dəyərlərinə nə dərəcədə əhəmiyyət verdiyini nümayiş etdirir. Bu dəyərlər bir millət olaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilmişdir və biz bundan qürur duyuruq.
Azərbaycan tamhüquqlu üzv
olduğu regional təşkilatlar – ATƏT, Avropa
Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq
Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə
fəal əməkdaşlıq edir, Şanxay Əməkdaşlıq
Təşkilatında isə dialoq üzrə tərəfdaş
statusuna malikdir. Həmçinin, Aİ ilə əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi ölkəmiz
üçün mühüm əhəmiyyət kəsb edir və
bu təşkilat ilə strateji tərəfdaşlıq
sazişinin imzalanmasında maraqlıdır.
Azərbaycan, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mühüm beynəlxalq layihələrin təşəbbüskarıdır. Bu gün böyük İpək yolu üzərində yerləşən Azərbaycan Respublikası Avropa və Asiya, islam və xristian dünyaları arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli etibarlı bir körpüdür. Müasir dövrdə beynəlxalq ictimaiyyətin belə körpüyə çox ehtiyacı vardır. Eyni zamanda, Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz, “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri olan TANAP və TAP layihələri, həmçi-nin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və bütövlükdə Avrasiya məkanı üçün vacib sayılan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Şərq–Qərb nəqliyyat dəhlizinin tərkib hissələri kimi, Bakı–Tbilisi–Qars də-mir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi beynəlxalq layi-hələrin təşəbbüskarı və əsas iştirakçısıdır.
Bütün
bunlar Azərbaycanın xarici siyasət sahəsində
böyük uğurlar əldə etdiyini təsdiqləyir. Azərbaycan dövləti tərəfindən biz
diplomatlar qarşısında qoyulan yeni hədəflər və
vəzifələr müstəqil Azərbaycanı yeni gələcəyə
apa-rır. Əminəm ki, sıralarında çoxsaylı
peşəkar, bacarıqlı, təcrübəli diplomat
ordusu olan AR Xarici İşlər Nazirliyi bütün bu
vəzifələri layiqincə yerinə yetirəcək.
- Bu gün Azərbaycan
diplomatiyasının peşəkarlığını,
hazırlıqlı kadr potensialını necə dəyərləndirirsiniz?
-
Şübhəsiz ki, hazırda ölkəmizin savadlı,
bacarıqlı, yüksək peşəkarlığı ilə
seçilən çoxsaylı diplomatları vardır. Müstəqil dövlətin müstəqil milli
diplomatlarını yetişdirmək üçün Azərbaycan
Diplomatiya Akademiyası (ADA
Universiteti) bu sahədə böyük nailiyyətlər
əldə etmiş, yüksək hazırlıqlı gənc
diplomatlar yetişdirməklə kadr korpusunu
formalaşdırır. Artıq təcrübəli
diplomatlarımızla yanaşı, bu dünya standartlarına
cavab verən elm ocağının məzunları da ölkəmizi
ayrı-ayrı dövlətlərdə ləyaqətlə təmsil
edirlər. Bununla yanaşı, Azərbaycan Xarici
İşlər Nazirliyi tərəfindən mütəmadi
olaraq, peşəkar kadr hazırlığını yüksəltmək,
xarici dilləri bilən bacarıqlı gəncləri ciddi
müsabiqələri keçməklə işə qəbul
edilməsi, müxtəlif ixtisasartırma kurslarının təşkil
edilməsi, habelə Nazirliyin strukturunun və
normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi
istiqamətində mütəmadi tədbirlər
görülür.
Bu
gün Xarici İşlər Nazirliyinin əməkdaşlarının
böyük əksəriyyətini gənclər təşkil
edir. Gənclərin diplomatiyaya maraq göstərməsi
çox sevindiricidir. Diplomatlarımız fərqli mədəniyyəti,
ənənələri, iqlimi və siyasi mühiti olan müxtəlif
ölkələrdə Azərbaycanı layiqincə təmsil
edirlər. Bu bir daha dövlətimizin diplomatiyaya
ayırdığı xüsusi diqqət və dəstəyin
təzahürüdür.
Ədalət.- 2019.- 9 iyul.- S.3.