Hamı sussun, görək
kim sinidə gətirib bizə Qarabağ verəcək?
Siz,
Azərbaycan məmurunun kalibirindən asılı olmayaraq
Qarabağ haqqında istər siyasi baxımdan, istər həssas
ovqata köklənib hansısa bəyanatını oxumusunuz,
eşitmisiniz? Vəzifədə olanda, bəlkə də nədənsə
çəkinib, hərçənd işğal olunmuş vətəndən
danışmaqdan niyə çəkinmək lazımdır,
amma heç vəzifədən çıxanın da dilindən
Qarabağ haqqında yaddaqalan bir təsirli söz eşitməyib
bu camaat. Məmurlar bir tərəfə, heç son on ildə
Azərbaycanda ziyalı kimi tanınan, qəbul edilən şəxslərin
də Qarabağ haqqında heç bir yazısını, cəmiyyətə
təsir edəcək bir çıxışını, tələbini,
mövqeyini bu xalq görməyib, eşitməyib. Ən
uzağı, yemək süfrəsi arxasında əttökən
sağlıqla Qarabağ yad edilib. Ona görə də bu
gün Qarabağdan ötrü xalq ayaqda deyil. Təəssüf...
Yox, təəssüfü xırda məsələlərdən
ötrü edərlər, bu təəssüfedici məsələ
deyil, bu faciədir. Biz, bütöv toplum olaraq Qarabağ məsələsində
elə acınacaqlı durumdayıq ki, buna yadlar təəssüf
edə bilər, yeddi biyana yad təəssüf edər. Amma,
biz özümüzü heç nə olmamış kimi
aparırıq. Məmurun da, ziyalının da, sıravilərin
də gündəmində hər şey var, Qarabağdan
başqa. Axı nə etməliyik? Bu söhbət olanda ən
çox verilən və ən mənasız sual da budur. Bu
sualı içində vətən, Qarabağ sevgisi olmayan
insanlar verir. Bu sualı bəzən qeyd etdiyimiz məmur və
ziyalı təbəqəsi də verir, cavabdan yayınmaq
üçün 80-ci illərin sonunda meydan hərəkatından,
o vaxt yazdığı şerdən, məqalədən
danışıb işini bitmiş hesab edənlər də
var.
Birbaşa
Qarabağ münaqişəsi ilə məşğul olan məmurların
da standart cavablarından, bəzən isə tam yanlış bəyanatlarından
başqa nə eşitdik ki? Nadir hallarda bəzi keçmiş
məmur mütəxəssislər, ekspertlər istisna olaraq nəsə
deyirlər, o da, jurnalist sual ünvanlayanda.
Nədən
bu vəziyyəti xüsusi vurğulamaq məcburiyyətində
olduq? Biz məğlub vəziyyətdə
olan dövlətik, xalqıq. Biz böyük bir ərazimizi itirmişik
və onun geri
qaytarılması, azad edilməsi uğrunda daha çox, hər gün
danışmalı və iş görməliyik.
Amma, əksinə proses
baş verir. Qalib
düşmən daha çox
iş görür, Qarabağ problemini gündəlik
olaraq müzakirə edir,
nəinki Dağlıq Qarabağın, hətta bütün işğal olunmuş Qarabağ
torpaqlarının Azərbaycana qaytarılmayacağını
hər gün xalqının beyninə yeridir. Həm də təkcə özlərinin
deyil, bütün
dünyanın şüuruna,
düşüncəsinə yeridirlər və buna demək olar ki, nail olublar.
Qeyd etdiyimiz kimi bu işdə
düşmənin bütün təbəqələri
fəaldır, Paşinyandan tutmuş Kəlbəcərdə məskunlaşan
Yervanda qədər.
Qarabağda bu günlərdə səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Artsax xalqının qətiyyətindən” məmnun qaldığını söyləyir. Vaşinqton görüşündən sonra Qarabağa baş çəkən nazir görünür perspektiv sülhməramlılar, hansısa ərazilərin geri qaytarılması barəsində dediklərinin süngü ilə qarşılandığını hiss edəndə bu qənaətə gəlib. İrəvandan gələn məmura sərt cavablar verilib. Onlar bu sərtliyi illərlə aparılan təbliğatdan və bizim susqunluğumuzdan ilhamlanaraq nümayiş etdirirlər. Qarabağın təhlükəsizlik məsələləri üzrə eksperti hesab edilən Raçya Qalstyanın Mnatsakanyana cavabına diqqət edin.
"Nə sülhməramlılar, nə ərazi qaytarmaq? Yerevan ictimaiyyəti (biz yox ha, özləri!) bizim qalib gəldiyimizlə barışmalıdır. Qalib olmağa alışın və XXI əsrin təhlükələrinə və çağırışlarına hazır olun. XX əsrdən qalma bir işimizi də başa vurmalıyıq, Miatsum prosesini bitirmək lazımdır. Erməni dövlətçiliyi arasındakı bölücülüyü, aranı ləğv edib, Birləşmiş Ermənistan yaradılmalıdır”.
Bu, bir separatçı erməninin mövqeyi deyil, buna ”əşşi, erməni qələt eləyir, nə olsun deyib” kimi mənasız yekəxana (əslində bacarıqsızlığın sığortası) əl yelləmək də lazım deyil. Sovet dönəmindəki respublika rəhbərləri də başlarını işlətmək əvəzinə əllərini yellədib Kremlin başında yanan ulduzu özünə mayak bilib Qarabağı bu günə qoydular. Məsələdən xəbərdar ola-ola, heç bir real iş görmədilər.
Və erməninin "qalib
olmağa alışın” deyiminin arxasında böyük
siyasət dayanır. Ona görə ki, hər gün onun ziyalısı, məmuru bunu
onların şüuruna yeridib.
25 ildir biz bu mövqeyin tam tərsi olan "məğlub
olmağa alışın”durumu ilə
üz-üzəyik.
Açığı, Qarabağ məsələsinin həllinə yanaşmada Qarabağ erməniləri ilə İrəvan ermənilərinin mövqeyində üst-üstə düşməyən məqamların olduğu məlum idi və güman etmək olardı ki, bizim keçmiş vətəndaşlarımız hansısa keçmiş münasibətləri yadda saxlayıb barışığa meyilli olarlar. Tam əksi imiş. Onlar indiki duruma alışıblar və burda ən çox bizim rolumuz var. Rolumuz susqunluğumuzdur.
Separatçı rejimin keçmiş məmuru da
"nə işimə qalıb” fəlsəfəsindən uzaq olduğunu nazir Mnatsakanyana
çatdırıb. Qondarma rejimin (özümüzə verdiyimiz
təsəlli terminlərinə bax...) keçmiş xarici
işlər naziri Arman
Melikyan təkcə Yerevan
rəsmisini yox, bəzi tərəddüd
keçirən yerli erməniləri də
hədəf götürür. "Bəziləri
düşünür ki,
ərazi güzəşti olmasa necə olacaq? Biz nəsə verməliyik
ki, nəsə də alaq.
Bu kommersantlar üçün
olan yoldur. Bizim problem kommersiya
vasitəsi ilə həll olunmur. Ticarətçilər anlamaz ki, diplomatiyada nəsə almaq üçün ən yaxşısı heç nə verməməkdir”. Bu da, keçmiş məmurun fəlsəfəsi.
Bütün həyat fəlsəfəsini maddiyyat
üstündə quran
keçmiş, indiki məmurlarımızın mövqeyi
qolda iki milyonluq saat taxmaqdan o yana
deyil. O saatı taxanın, o pulları oğurlayanın yadına
Qarabağ hardan düşsün?
Hamı
sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?
İlham İsmayıl
Ədalət.-2019.-9 iyul.- S.2.