Güllələyin şairləri!

 

Noldu birdən-birə, Mixail Yuriyeviç,

İndicə gülürdünüz?!

İndi qəbir tüfəng lüləsitək dar,

Elə bilirdiniz hamının Allahı var?

 

Diz çökün, cənab Martınov, diz çökün!

Fələyin zülmü çox, Allahın mərhəməti!

Diz çökün! Bir şair söndü -

Sevdalar yaşılı, ocaq kösöyü,

Üstündə Allahı, üstündə göyü.

Gözlər hədəqədə, ölüm sinədə,

Alın yazısına, qara günə ,

bazarda soğanın qiymətinə ,

bir bəhanə gərək, bir bayıs gərək

Güllələyin şairləri! Sonra diz çökün!

 

Kimin günahı var, kimin ahı var,

Dünyanın qədər pis sabahı var.

Hamsına, hamsına şairlər bayıs!

Güllələyin şairləri! Sonra diz çökün!

 

Güllələyin qulaqları, oxşamayan təzə sözü,

Güllələyin damarlara sığmayan təzə qanı!

Güllələyin lirikanı, Lorkanı, Nerudanı!

Güllələyib güllələnmək əsridi,

Güllələyib güllələnin!

 

Qəbristanlıqlar ölüyə həsrət!

Dəlixanalar dəliyə həsrət!

Güllələyin şairləri!

 

Koroğlu zəncirdə, Qıratı darda,

Dəlləklər gəzirlər karetalarda.

İndi ağlayanlar güləcək gorda,

Gorda ağlayanlar güləcək harda?

Güllələyin şairləri! Onsuz da

Şairlər ölürlər yaz yağışından,

Arvad qarğışından, qız baxışından,

Dünyanın tələsik yır-yığışından,

Günahlı, günahsız şairlər ölür.

 

Güllələyin şairləri!

Ancaq tövbə gecəsi əynində soyxa,

qorxa-qorxa

Puşkinin yarasın öpməyə yüyürsün Dantes,

bir kilsə qapısında səhərəcən

böyürsün Dantes;

Bir yol verin, yol verin cənab Martınova

yıxılan Lermontovu qucaqlamağa...

 

Ədalət.-2019.-9 iyul.-S.1.